Kənan Hacı - Alın yazısı dəyişir (Pol Osterin romanı haqqında)
Gəlin, karantin günlərində oxuduğumuz kitablar haqqında analitik yazılar yazaq. Kim hansı kitabı oxuyur və oxuduğu kitab onun dünyagörüşündə, düşüncəsində hansı izi buraxır? Oxuğudumuz kitablardan hansı mənaları əxz edirik? Mən bir müddət bundan öncə oxuduğum kitab haqqında mülahizələrimi sizinlə bölüşmək istəyirəm. Amerika yazıçısı Pol Osterin “Yüksəklik qorxusu” romanından bəhs edəcəyik.
Pol Oster dövrümüzün yaşayan ən böyük yazıçılarındandır. Onun bioqrafiyası haqqında internetdə yetərincə məlumat var. Yazıçının sənət platforması haqda müəyyən təsəvvür yaranması üçünsə onun yaradıcılığına müraciət etmək lazım gəlir. Modern və postmodern estetikanın sərhədləri arasında gəzişən yazıçı real və irreal dünyanı ustalıqla üzləşdirməyi və onları hissolunmaz dərəcədə bir-birinin içində əritməyi bacarır. Pol Oster zamanı parçalayaraq onların arasında sonsuz məna oyunları qurmağın ustasıdır. “Yüksəklik qorxusu” da bu tipli əsərlərdəndir. Valideynlərini itirmiş, zülmkar dayısının himayəsində yaşayan doqquz yaşlı Valterin başına gələn hadisələr tədricən mistik, ezoterik anlam qazanmağa başlayır. Uşağın gələcəyi qeyri-müəyyəndir, atası qaz zəhərlənməsindən ölüb, anasını küçədə polislər öldürüb, o, küçələrdə səfil həyatı yaşayır və dayısı tərəfindən istismar olunur. Bir gün elə küçədəcə Yəhudi ustayla rastlaşır. Bununla da Valterin həyatı ilk baxışda sanki xilas edilmiş olur. Yəhudi usta uşağı dayısından bir quruş belə ödəmədən alır. Belə deyək, daşürəkli dayı uşağı başından edir. Amma zaman gələcək, həmin dayı uşağı Yəhudi ustadan geri almaq üçün ölüm-dirim savaşına çıxacaq. Buna qədər isə inanılmaz hadisələr baş verir. Yəhudi usta Valteri himayəsinə alır və ona uçmağı öyrətməyə başlayır. İnanılmazdır, bəli. Deyəcəksiniz ki, bu nə deməkdir? Heç insan da uçar? Bəli, insan uçmağı öyrənir və havada süzür. Sanki yerin cazibə qüvvəsini inkar edir.
Deyirlər təyyarələr insanın uçmaq, yuxarıdan yerə baxmaq istəyindən yaranıb. Uçan xalçaları xatırlayın. IX əsrdə yaşamış yaşamış İslam alimi Abbas İbn Firnas hava aləti düzəldərək ilk uçuşunu edəndə, ona baxan insanlar özünə qəsd edəcəyini düşünmüş, o isə bir müddət havada qaldıqdan sonra yerə enmişdi. Abbas İbn Firnas bu ilk uçuşunu 875-ci ildə Kordova məscidinin minarəsindən atlayaraq gerçəkləşdirmişdi. Qədim Yunanda özünə qaz tükündən qanadlar düzəldərək uçan ilk insan İkar (İkaros) əfsanəsindən sonra uçmağı bir alətlə gerçəkləşdirən Abbas İbn Firnas olmuşdur. Ancaq yerə sərt eniş eləmiş və kürəyindən yaralanmışdı. Abbas ibn Firnas uçuş alətinin quyruq hissəsini manevr etmək üçün kifayət qədər dizayn etməmişdi. Dövrünün hökmdarı onu “Həkimül-əndəlus” (Əndəlusun hikmətli adamı) adlandırmışdı. Pol Osterin qəhrəmanı bəzi xüsusiyyətləriylə Abbas ibn Firnası xatırladır. O, insanla təbiət arasında sanki bir körpüdür, bu əlaqələrin yeni təzahür formalarını özündə daşıyır. Onun bu metafizik təlimi təbiətlə dil tapıb fəzada çəkisini saxlamaqla sanki hansısa bir sirri yaxalamaq cəhdidir. Bu da modern estetikanın əsas prinsiplərindən biridir.
Bu həqiqətə inanmaq üçün romanı oxumağınız gərəkdir. Bu qəribə sənəti öyrənmək Valterə heç də asan başa gəlmir, çoxlu işgəncələr yaşamalı olur, usta ona bir çox qadağalar qoyur. Valter nə vaxtsa ayaqlarını yerdən üzüb havada qala biləcəyinə inanmır. Hətta bir gün dözməyib Yəhudi ustanın yanından qaçır. Amma taledən hara qaçmaq olar ki? Yəhudi ustanın uçma dərsləri davam edir. Valter artıq müəyyən uğurlar qazanır, ayaqlarını yerdən üzərək havada bir neçə saniyə qala bilir, getdikcə bu saniyələrin sayı artır. Əsəri oxuduqca fantastik əhvalatlarla rastlaşacaqsınız, amma bu əhvalatlar şüuraltı vaqeələridir, təhtəlşüurda baş verən proseslərin meydana gətirdiyi görüntülərdir. Alber Kamyu Nitşedən sitat gətirir: “Heç bir sənətkar reallığı qəbul edə bilməz”. Sonra özü bu fikrə əlavə olarq yazır ki, “amma heç bir sənətkar reallıqdan tamamilə əl götürə də bilməz”. Pol Oster reallığı inkar etməklə bu reallığa alternativ bir situasiya təqdim edir. Reallıqla utopiya arasında inadkar bir mübarizə gedir. Yəhudi ustanın cəhdləri uğursuzluğa düçar olur, Valterin daxilindəki passionarlıq tədricən zəifləyir. İnsanın özünü öz düşüncəsində yenidən yaratmasının bir macərasıdır bu roman.
Yazıçı bu əsərdə Valterin timsalında yaranışın sirlərinə toxunur. İlkin mifologiyaya görə toxum məhsul verməsi üçün əvvəlcə torpağın altına düşüb ölməlidir. Yenidən doğuluş ölümdən keçir, bu, yaranışın yeni fazasına keçiddir. Valterin havada dayana bilməsi də transsendental bir qata keçidi işarələyir. Yəhudi usta Valteri diri-diri torpağa basdırır, təsəvvür edilməsi belə çətin olan bu işgəncədən sonra insan artıq dünyaya başqa gözlə baxmağa başlayır. Məsələn, şaman seanslarında yeniyetməni torpaqda və yaxud məzarda basdırır, onu qaranlıqla baş-başa buraxıb gedirdilər, yaxud şiddətli fiziki ağrılara məruz qoyurdular. Bu mərhələni adlamış yeniyetmə ölümün yeni başlanğıc olduğunu dərk edirdi. Əsərin əsrarəngizliyi də bundadır, intizarla gözləyirsən ki, görək bu inadkar mübarizənin sonu nəylə nəticələnəcək.
Şamanizmdə bir sirrə çatma məqamı var, buddizmdə nirvanaya yüksəlmə var, sufizmdə çilə çıxarma var. Valter təlim müddətində cismani ağrılarla üzləşir və usta bunu ona belə izah edir: bu, var olmağın ağrısıdır. “Quşlar acı çəkməz, onlar qanadlarını açıb havalanırlar. Bəs niyə bu iş mənim üçün bu qədər çətindir?” Valterin sualına usta belə cavab verir: “Mənim balaca səfehim, çünki sən quş deyilsən, insansan. Sənin yerdən havalana bilməyin üçün cənnəti iki yerə bölməliyik. Bu lənət olunası mərhələnin içini çölünə çevirməliyik”. Yüksəklik qorxusu Valterin həyatının kabusudur. Pol Oster müsahibələrindən birində deyir ki, “mənim yüksəkliklə aram yoxdur, yerə yaxın, həyatla iç-içə olan hər şeyi sevirəm”. Yüksəkliyə qalxmaq heç müəllif üçün də arzuolunan deyil, elə əsərdəki hadisələrin sonluğu da bunu göstərir. Bəlli bir zamandan sonra Valterin enerjisi bu yükü qaldırmağa qadir olmur.
Təbii ki, Valter ustanın bu “qəliz” cavabından bir şey anlaya bilməzdi. Hər bir insanın içində kəşf olunmamış bir cövhər var. Bu roman oxucuya öz içinə, daxili dünyasına baş vurmağı, içindəki möcüzəni kəşf etməyi tövsiyyə edir. Valter Yəhudi ustaya paralar qazandırdığı bir zamanda onun zalım dayısı peyda olur və uşağı ondan geri istəyir. Yəhudi usta Valteri vaxtilə kimsəsiz, dayısının ümidinə qalmış uşaqdan imtina edən bir adam üçün yetişdirməmişdi. Təfərrüatlara varmadan hamınıza məsləhət görərdim ki, bu romanı oxuyasınız.
Bəşəriyyət çətin günlərini yaşayır. Hər birimizin özümüzlə kifayət qədər baş-başa qalmaq, düşünmək, yaşadığımız həyata yenidən nəzər salmaq imkanı var. Bu roman bizi öz içimizə baş vurmağa, orda itirdiyimiz nələrisə tapmağa, nələrisə kəşf etməyə sövq edəcək. Ədəbiyyat yatmış vicdanları səksəndirə bilir. Bacardıqca mütaliə edək, kitablarda bütün sualların cavabı var. Sadəcə, o suallara cavabları axtarmaq lazımdır. Məsələn, özümüzə belə bir sual verək: Dünyamız niyə virusa bulaşıb və bizi kim xilas edəcək? Təkcə bu kitabda deyil, bütün kitablarda cavab axtarın. Bəlkə onda fasiləsiz olaraq zərər verdiyimiz və itirdiyimiz dünyaya yeni nəfəs verməyi bacardıq. P. Oster demiş, “insanın alın yazısı bax belə dəyişir”.
26 mart, 2020