Edebiyyat.az » Ədəbi tənqid » AZAD QARADƏRƏLİ - QÜRUB DÖVRÜNÜN CƏNGAVƏR ƏDİBİ

AZAD QARADƏRƏLİ - QÜRUB DÖVRÜNÜN CƏNGAVƏR ƏDİBİ

AZAD QARADƏRƏLİ - QÜRUB DÖVRÜNÜN CƏNGAVƏR ƏDİBİ
Ədəbi tənqid
nemət
Müəllif:
18:47, 17 aprel 2020
1 715
0
AZAD QARADƏRƏLİ - QÜRUB DÖVRÜNÜN CƏNGAVƏR ƏDİBİ

  








 KORONA VİRUS GÜNLƏRİNDƏ OXU                   

 

                               

                                               

(Bu gün – 17 aprel  böyük ədib Sabir Əhmədlinin anım günüdür, qarşıdan isə onun 90 illik yubileyi gəlir)

 

 

 

 

            Hər yazıçı – söhbət adi kitab çıxardıb yazıçı adı qazanan və iddiası olmayanlardan getmir təbii – özü boyda bir sözdür, cümlədir, mətndir, hekayədir, romandır. Yəni, yazıçı sözdür, söz adamıdır, sözün yetirməsidir, sözə boyun əyəndir, sözün boyuna sevinəndir.

            Heç yadımdan çıxmaz. Bir dəfə Sabir Əhmədlinin kabinetində oturmuşduq. Qəzetin işçilərindən biri mənim “Əstal” adlı hekayəmi ustada təqdim edəndə “qəhər”  sözünün üstündən xətt çəkmişdi. (Cümlə belə idi: “Qış qəhər gəlmişdi.”) Əsəbi halda soruşdu ki, niyə bu sözün üstündən xətt çəkmisən? Bu söz bu hekayədəki bəlkə ən uğurlu sözlərdəndir axı!?

             Sonra məndən bu sözün burdakı yeri haqqında soruşdu. Axı adətən, qəhər sözünü adamın qəhərlənməsi kimi işlədirik. Mən də uşaq ağlım, elə bildim ki, ustad bu sözün burda işlənməsini düzgün saymır. Başladım uzun-uzadı sözün müdafiəsinə qalxmağa. Nələrsə danışdım. O gülümsünüb məni saxladı və o sözü yerinə bərpa elədi. Düzdür, qəzetə yenicə baş redaktor təyin olunan N.Həsənzadə həmin hekayənin çapına mane oldu və sonralar o mətn bir çox yazılarımla bərabər, işğal zonasında qaldı. Yalnız üstündən 30 il keçəndən sonra mən o hekayəni tamam başqa biçimdə işlədim və bəzi saytlarda, eləcə də “Burda yer fırlanmırdı” kitabımda nəşr olundu... 

            Söhbət “qəhər” sözündən gedirdi...

            Yox, söhbət Sabir Əhmədlinin sözün boyunu necə sevməyindən gedirdi...

            Onun romanlarında sözün izzət-nəfsi var. Sözün hökmranlığı var. O, elə-belə, boş söz işlətməz. Axşam əvəzinə qürub yazıbsa, bunun altından hökmən nəsə çıxacaq. Gəlin baxaq.

            “Qürub çağı adamlar kövrəlir. Ürəklər yumşalır, bir səfil, zəlil arayırlar, ona nəzir versinlər, əl tutsunlar.” (“Kef” romanından.)

            Necə dəqiq müşahidədir! Qüruba doğru adamların tarazlığı bərpa olunur, iç savaş bitir, sanki batan günəş timsalı bir gün bu dünyayla vidalaşacaqlarını anlayırlar... Bir də... Hə, sonrası da var. İnsanların bi günlük savaşı, mübarizəsi bitir, gəlir-çıxarlarını bilirlər və o gəlirdən çıxar – sədəqə verməyi borc bilərlər. Bunlar romanın “qürub” kəlməsindən  çıxanlardır...

            ...”Kuma-Manıç çökəkliyi”ndə onun obrazını yaratmaq ağlımın ucundan da keçmirdi. Qapı-bacanı bağlayıb işləyəndə öüzm də bilmədən qəribə hallar keçirdim. Bir də gördüm ki, ustad gəlib iş otağımdadır, üzbəüz əyləşmişik. Yenə qayğılıydı. Siqareti də uzun barmaqlarının arasında. Heç danışmır, eləcə hara isə zilləmişdi baxışlarını...

            ...” -Xoş gördük, cavan oğlan. Gəl əyləş görək... Sən indi Cavanşirsən, ya Baharlısan?

            -Elə ikisinin qarışığıyam, - deyirəm, Sabir müəllimi də güldürürəm, özümü də gülmək tutur. Qəribədir ki, bu kişinin yanında çox sərbəstəm. Elə bil babamın yanındayam. (Yox, babam bir az birtəhər adamıydı, belə saymaz, adama üstdən aşağı baxmağı vardı. Bu kişi isə ayrı aləmdir. Qəti sıxılmırsan bunun yanında) 

            -Sənin “Odlar yurdu”ndakı məqaləni oxudum, xoşuma gəldi. Babana zəng vurmuşdum, fərəhlə dedi ki, nəvəmdir... Sən bəlkə bizim qəzetə də yazasan... Məsələn, baban haqqında, yaxud Baharlılar barədə... Dayan görüm, babanın bir qohumu olub, 37-də güllələyiblər...

            -Yapon Səməd, - mən onun fikrini tamamlayıram.

            -Ay sağ ol səni! Yapon Səməd... Bax, o kişi haqqında bir şey yaz... Babanı danışdır, dediklərini yaz... Məsələn, ona niyə Yapon Səməd deyiblər-filan...”(“Kuma-Manıç çökəkliyi”)

            O, həqəqətən beləydi. “Yapon Səməd” kəlməsinə bir romançı baxışı ilə nəzər salmağı gənc qələm adamına elə deyərdi ki, buna inanmamaq mümkün olmazdı. 

            Yazı sənəti Sabir müəllim üçün bir ayin kimi idi – mütləq gedişat zamanı tələb olunan gələnəklər icra olunmalıydı. Ən, başda həqiqət və inam gəlirdi.

            Yazı Sabir müəllim üçün bir etiqad idi – burada sənin inamınla şübhən çarpışacaqsa, hansı gözün ağır basacağından asılı olmayaraq sən bu çarpışmanı nöqtə vergülünəcən təsvir etməlisən. Hətta sənin əsərlərinin çapına on il qadağa qoyulsa belə, haqqında o zamanın ali orqanının ölüm hökmünə bərabər qərarı olsa belə: “Bu romanda ciddi ideoloji sapıntılara yol verilmişdir.”  (“Dünyanın arşını” barədə Azərbaycan KP MK-nın avqust – 1972-ci il qərarından.)

            Sabir Əhmədli mənsub olduğu dövrün – Sovet cəmiyyətinin qürub dövrünü (yenə qürub!) zərrəbinlə görürmüş kimi elə təsvir edirdi ki, bilmirdin övladı olduğu cəmiyyətin dağılmaqda olduğuna acıyır, ya bunun təntənəsini yaşayır?! Bir romanında köhnə-külüş soyuducunun evi başına götürən zəhlətökən tırıltısı, zarıltısı, başqa bir romanında isə qəhrəmanın səhərlər it abırında olan kömköhnə maşınını işə salmaq üçün min oyundan çıxması, maşının adam kimi can çəkişməsində olması…

            Sanki adi texnikanın  da deyil, Sovet maşınının – onun aparatının idarəedici funksiyasının can çəkişməsində olmasıydı bu… Yazıçı qələminin ustalığı ən xırda detail belə mənalandıra bilir…

            …Deyəsən bu detail bir dəfə hansısa yazımda vermişəm, təkrar olsa, üzürlü sayın. Yeri gəlib, imtina etmək istəmədim. 23 yaşım vardı, bəlkə 24 idi? Nəysə, Bakıya gəlmişdim yaşadığım rayondan və o zamanın sevilən qəzeti “Ədəbiyyat və incəsənət”ə hekayə gətirmişdim. “Əhləd daşı” adlanırdı. İki gün sonar cavab üçün gələndə Sabir müəllim  qolumdan tutub məni baş redaktor Yusif Əzimzadənin yanına apardı. O zaman Zevin küçəsində yerləşən redaksiyada, baş redaktorun otağında uzun bir stolun ətrafında çoxlu stullar vardı. Özü birində oturdu, mənə də işarə etdi ki, əyləş. Stulların çoxluğu məni çaşdırdı, nəhayət, birini geri çəkib əyləşdim. Bunların him-cimindən başa düşdüm ki, deyəsən, hekayəni bəyəniblər. Amma iş gözləmədiyim halda, başqa yerdən pırtladı: Yusif müəllim dedi ki, buyur, hekayədəki qatırın əmələ gəlmə səhnəsi var ha, bax onu danış. Qızarsam da, Sabir müəllimin gözləri ilə “hə, başla” deməsi, məni ürəkləndirdi. Madyanla erkək eşşəyin cütləşmə səhnəsini başladım danışmağa. Yarğan, aşağı, yuxarı və sair, və ilaxı… Və gəldim o yerə ki, son nöqtə qoyulmalıdır: bu cütləşmədən sonar madyan gərək qırx gün qaranlıq tövlədə saxlanılsın. Özü də gərək ayğır atın kırıltısını eşitməsin. Ondan ki, madyan qulun salar, maya tutmaz…

            Pəh! Kişilər bir gülüşdülər ki! Yusif müəllim hələ Bakı ləhcəsiynən indi unutduğum bir söz də dedi və yenə gülüşdülər… 

            (Burada bir heyfsilənim: o qaranlıq tövlə, ayğırın səsi-filan yerləri hekayəyə düşməmişdi çap zamanı. Ustaddan utandım soruşam ki, o cümlənin başına nə iş gəldi? Tərslikdən o əhvalatın üstündən azı qırx il keçib və o hekayə mənim sonrakı kitablarıma düşməyib. Sağlıq olsun, hökmən gələcək çaplarda bunu nəzərə alacağam.)

            Sabir müəllim əsərə qiyməti təkcə özü vermirdi, həm də başqalarını da bu işə şərik edirdi…

            …Başda “Əstal”dan danışmışdım.

            Əstal bir  yaramaz bitkidir, bioloji dillə desək, parazitdir. Bu günkü korona viruslu günün deyimiylə desək, virus kimi bir şeydir. Nə torpaqda, nə suda bitməz. Ancaq və ancaq başqa bir ağacın - nə yazıqlar ki, bu ağac da ibarət olsun palıddan – budağında özünə yer edər və başlayar onu sorub qurutmağa… 

            Hekayənin çapına mane oldular. Yox e, nə mane oldular, qəzetçilərin dili ilə desək, bir üzlü çap olunmuş ottisk variantından sonra, maşının ağzına gedəndə dartıb ordan çıxartmışlar!.. (Sabir müəllim o “ottisk” variantını mənə vermişdi ki, yadigar saxla, gələcəkdə lazım olar…)

            Sonralar, 30 il keçmiş yazdığım tamam başqa bir “Əstal” adlı hekayəyə epiqraf kimi A,Voznesenskinin:

 

                                               “ Amin.

                                              Mən iki poema öldürmüşəm.      

                                               Doğurmadan dəfn etmişəm.

                                              Sən necə də oğlunun şıq gəzməyini,

                                               Düz yeriməyini istərdin! 

                                               -Qalx, ana,

                                                      mən iki poema öldürmüşəm...

                                              Rəhmət diləməyə,

                                                          goruna and içməyə

                                               Əbədi xatirə olsun deyə...”  -

 

misralarını və ustad Sabir Əhmədlinin bu sətirlərini epiqraf vermişdim:

            “ Sındırırlar qapını. Basırlar, mən bu üzdən var gücümlə saxlamağa çalışıram, qapının bir 

taxtası qopur, oradan, yarıqdan onları görürəm. Sir-sifətlərindən qatillik yağır.”(“Kef” romanından.)

 

            S.A.(Söz Ardı)

            1.Sabir müəllimin bu il 90 yaşı tamam olur. O, yeganə yazıçımızdır ki, Sovet ədəbiyyatı zamanında öz qələminə xəyanət etmədi. Həm də müstəqilliyimizin bərpası üçün bir şəxsiyyət kimi qolunu çırmayıb vuruşdu. Eyni zamanda müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaradıcılarından biri kimi özündən sonra gələnlərə örnək oldu. 

            Hə, o, örnək idi. Ədəbiyyatda da, həyatda da.

            2.O həm də bütün sədləri vurub yıxan bir cəngavər idi. Buxovları, yasaqları, olmazları tanımayan cəngavər ədib. 

 

                                                                                                          17.04.2020

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)