Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?

Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?

Kənan Hacı  - Bəlkə bizə ədəbiyyat lazım deyil?
Ədəbi tənqid
admin
Müəllif:
23:27, 29 mart 2022
1 310
0
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?



 Bizim yazıçılarımızın dünyagörüşü həddən artıq məhduddur, onlar dünyanı ancaq kitablardan öyrəniblər. Ona görə də masştablı düşünə bilmirlər, çərçivələrdən kənar çıxa bilmirlər, hiss və duyğularını adekvat şəkildə sözlərə çevirə bilmirlər. Yazıçı isə dünyanı gəzməlidir, fərqli mədəniyyətlərlə birbaşa təmasda olmalıdır. Əyalət təfəkkürü yaradıcılığı qısırlaşdırır. Yazıçı öz dilindən başqa, ən azı, iki dil bilməlidir, dünyaya açılmalıdır. Bizim yazıçıları imkansızlıq məhv edib. Səyahətlərə çıxa bilmirlər, kitablarını nəşr etdirə bilmirlər. Oxucu auditoriyası yoxdur, ədəbi əlaqələr sıfır səviyyəsindədir. Fərdi təşəbbüs olmasa, heç bir yazıçıya heç bir nəşriyyatdan təklif gəlmir. Yazıçı qapı-qapı düşüb kitabını satmamalıdır, satanları da qınamıram, çünki bundan başqa çarə yoxdur. Yazıçı ona lazım olan kitabları, dərgiləri alıb oxuya bilmir. Buna onun sadəcə, maddi imkanı çatmır. Kitablar isə həddən artıq bahadır. Yazıçıya heç bir nəşriyyat, qəzet, sayt qonorar vermir. Bu problemlər dövlət qarşısında qaldırılmalıdır. Kitab sənayesi dirçəldilməlidir, sahibkarlar, banklar bu işə cəlb edilməlidir. Yazıçılarımızın əsərləri qonşu ölkələrdə çap edilməlidir. Və bu məsələlər həllini tapana qədər daim medianın gündəmində olmalıdır. 
Gənclər fərdi təşəbbüs nəticəsində çox böyük çətinliklərlə ədəbi dərgilər nəşr edirlər. Məsələn, vaxtilə dəyərli yazıçımız Azad Qaradərəlinin baş redaktoru olduğu “Yazı” dərgisi gənc yazıçı Nemət Mətinin fədakarlığı nəticəsində yenidən nəşrini davam etdirir. Niyə bu istedadlı gənclərə heç bir dəstək göstərilmir? “Ədəbi ovqat” jurnalı şair dostum Rafael Tağızadənin və gözəl qələm sahibi Vaqif Osmanovun öz vəsaitləri hesabına nəşr olunur. Biz ikimininci illərin əvvəllərində indi xaricdə yaşayan yazıçı Samir Sədaqətoğlu ilə minbir əziyyətlə “Sənət qəzeti”ni nəşr edirdik. Şair Kəramət “Ədəbiyyat naminə” qəzetini nəşr edirdi, “Proloq” qəzeti müasir ədəbi prosesdə bir hadisəyə çevrilmişdi. Yafəs Türksəslə nəşr etdirdiyimiz “Yazar” qəzetinin hər sayı ədəbi müzakirələrə səbəb olurdu. Səxavət Sahil “Avanqard” jurnalının yalnız 2 sayını buraxa bildi. Baş redaktoru olduğum “Mücrü” jurnalının cəmi 2 sayını nəşr etməyə gücümüz çatdı. Halbuki, bu nəşrlərin davamlı çapı ədəbiyyatımızın inkişafına təkan verə bilərdi. 
Doğrudanmı bu ölkədə ədəbiyyata dəstək olacaq bircə mesenant belə yoxdur? Gənc istedadlar qayğısızlıqdan, maddi imkansızlıqdan məhv olub gedir. Bizim ədəbi nəsil də bu arada belə məhv oldu. Bu, acı reallıqdır. Ədəbiyyatın gələcəyi sual altındadır. Gənc yazıçılar kitablarını nəşr etdirə bilmir, heç yerdən qonorar ala bilmirlər. Bəs onlar necə inkişaf etsinlər? Doğrudanmı bu haqda heç düşünən yoxdur?!
Bəlkə heç bizə ədəbiyyat lazım deyil?! 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)