AZAD QARADƏRƏLİ - FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ
birini güllələdilər, o birini zəhərlədilər.
(Gülləli, zəhərli bir esse)
Tələbə vaxtı, gərək ki, birinci kursun ortalarında eşitmişdim Lorka haqqında.
Bir də onu eşitmişdim ki, Lorkanı İspaniyada Aydanamar bulağının yanında faşistlər güllələmişdilər – o bulaqdan adamlar hələ indi də su içməyə qorxurlar – şair qanı qarışmış deyə...
Eldarı isə bir az əvvəl, zavodda fəhlə işləyəndə uzaqdan-uzağa tanımışdım – zavodu yataqxanasına bir dəstə şair görüşə gəlmişdi və yataqxananın birinci mərtəbəsindəki nisbətən geniş foyedə baş tutan o görüşdə digər şairlər nə etdi, nə etmədi, bilmirəm, amma uzun, arıq bir gənc olan Eldar orada bir şeir oxudu, bir şeir oxudu ki, hamının alqışına səbəb oldu – hətta yataqxanamızdakı ruslar, tatarlar belə az-maz anladıqları dildə oxunan şeirdən təsirlənib, əl çalırdılar... Şeirdə belə misralar vardı: “Oğlun yoxdu Ballı qarı... Keçir məni köynəyindən oğlun olum Ballı qarı...” Müharibədən dönməyən oğlunu ağlayan Ballı qarıya həsr olunmuşdu şeir...
İoffe effekti deyilən bir şey var: hər hansı bir əşyanın, məsələn, vərəqin üzərində balaca bir kəsik, qopuq, çat olduqda onu sonradan asanlıqla parçalamaq olur. Bunu məşhur rus akademiki İiffe təcrübədən keçirdib. Mən isə böyük alimimiz Azad Mirzəcanzadənin təcrübələrindən bilmişdim bu effekt barədə...
Bir parça işıq düşdü
çarpayımın üstünə -
işıqdımı,
dişdimi, -
Sən ölümdə dişə bax,
haqq yolunda döyüşdə
ölmək istəyirdim mən,
amma yorğan-döşəkdə
öləcəyəm, işə bax!..
Və ya:
Heybədə rənglər –
rast gəldiklərinizin
fikirlərini boyamaq üçün.
Cibdə iki yaylıq var bu gün –
yaralarımızı sarımaq üçün...
Birinci şeir Eldar Baxışın, ikinci Lorkanındır. Birincini güllələdilər, ikincini güllələmədilər – zəhərlədilər...
Sizə bir şey deyimmi? Lorkanı sevənlər Lorka mənzilli olurlar. Nizami Aydın adlı şəhid şairimiz olub. Lorkanı sevib. Hətta Lorkanı orjinaldan oxumaqçün və dilimizə çevirməkçün ispancanı öyrənməyə çalışıb... Fəqət nə öz şeirlərini doyuncan yaza bildi, nə Lorkanı sonacan oxuya bildi... Qarabağda açılan faşist güllələri sözünü ağzında yarımçıq qoydu. Eynən Lorka kimi...
Eldar da Lorkanı sevərdi. Hətta mənə tapşırmışdı ki, Lorkanın hansısa pyesini bizim radio teatrı üçün səhnələşdirim. Qismət olmadı. Zəhərə tuş gəldi...
Lorka portağal aşiqiydi, şeirlərində də portağal boy verir:
Sübh tezdən
özünlə,
ürəyinlə baş-başa qalasan sən.
Axşam üstü
oxuyasan
bülbül səsi ahəngində.
Könül,
eşqnən yanırsan,
Məhəbbət –
portağal rəngində...
Eldar isə iydə çiçəyini sevərdi. Bu adda bir kitabı da olmalı. Fəqət onun iydələri daha çiçəkləməz:
Oğlan damın üstündən
Qızı papaqlamırdı.
İydə çiçəkləmirdi.
Palıd yarpaqlamırdı...
Lorkanın metaforaları ilə Eldarınki niyə belə bağrı badaşdı, əcaba? Hələ bu sözün deyilişinə bax, sən allah?! Adamın əti çimçəşir. Elə bil bu saat o işıq seli ağacı doğrayacaq, qanı basacaq aləmi?! Kefin oldun, ay Lorka:
İşıq ülgüc kimidi
Ağacın barmağında.
Ürəyimi axtarır
Könlümün budağında...
Hələ Eldara baxın! Onun misralarındakı “quş-qəfəs” deyimi adamı haralara aparmaz?! Sanki qəfəsdəsən, boğularsan, “quruyub qalarsan”, əlin bir yana çatmaz:
Olacaq... olmuşam belə,
Saralıb, solmuşam belə.
Quruyub qalmışam belə,
Dərdim quşdu, qəfəsəm mən...
Lorka ilə bağlı bir gənclik xatirəm var. Lap əlini uzadıb tutacaqmış kimi. “Renessans həsrəti”nin bu yaxınlarda çapdan çıxan 3-cü cildində getmiş:
”Kəndimizdən 7-8 kilometr aralıda, Mincivan qəsəbəsində 9-cu sinifdə oxuyurdum. Bir gün dərsdən sonra xaraba Tərəkəmə kəndinin yanından evə qayıdanda çadırlar qurulduğunu gördüm. Çalğı, oxumaq səsləri də gəlirdi. Qorxa-qorxa çadırlara yaxınlaşdım. Diqqətlə baxandan sonra arada-bərədə gəzişənlərin təhər-töhründən qaraçılar olduğunu anladım. (Biz tərəflərə dəstə ilə gələr, baxıcılıq edər, çalıb-oxuyar, hətta dilənərdilər də. Kəndimizdən yuxarı Qaraçı qışlağı deyilən yer də vardı.)
Birdən iki uzun hörüklü qızın alaçıqdan çıxıb mənə tərəf gəldiklərini gördüm. Biri 8-9, o biri isə 14-15 yaşlarında idi. Böyük qız mənə çatan kimi kobud türkcədə "ovcuma pul qoy, əlini aç, sənə baxım" (əlini aç, bəxtinə baxım anlamında) dedi. Cibimdə cəmi 20 qəpiyim vardı. Utana-utana çıxardıb qıza uzatdım. O, qəpiyi alıb, əlimi açdı, nələrsə söylədi. Onun dediklərindən iki kəlmə yadımda qaldı. "Niyə belə kədərlisən?" və "Payızdan özünü gözlə..." (Mincivandan Naxçıvana, oradan da İravana qatarlar gedərdi və mən hər gün o qatar yolunun kənarı ilə geib-gələrdim. Elə bildim, "poyuzdan - qatardan özünü gözlə dedi. Sonra fikir verib gördüm ki, deyir payız gələndə ağır xəstə olursan...)
O gecə səhərəcən yata bilmədim. Qızın uzun hörükləri çatı kimi boyun-boğazıma dolanır, əlimi tutanda bədənimdən keçən cərəyan payız afatı kimi axırıma çıxırdı - nə bəla idisə hər payızda, həqiqətən bərk xəstələnərdim. Nənəm buna payız afatı deyərdi.
Sonralar uzun müddət o qızı unuda bilmədim. Ta Lorkanı tanıyanacan o qız mənimlə olurdu gecələr.
Keçən payız karona virusa yoluxanda yenə yuxuma gəlmişdi. "Öləcəm?" dedim. Başını bulayıb güldü. Sonra kədərlə Lorkadan oxumağa başladı:
icazə ver
bu əkin yerində
bir doyunca ağlayım...
Bir arzum var. Zəngilana, Qaradərəyə dönəndə Qaraçı qışlağına gedəcəm, oradakı iri daşlardan birinə Lorkanın adını yazacam. O qızın da xoşuna gələr, elə bilirəm.”
Daha bir arzum var. Hökümətin izni çıxsa, Zəngilana gedəndə bir yolumu Qubadlıdan – Müskanlıdan da salacam. Orda, o kəndin xarabalığında bir “Eldar heyyyyyyy!” naləsi çəkib ağlayacam.
Bu sətirlər də yuxarıda adını çəkdiyim kitabdandır: “Eldarla (Baxış) Lorkanın (Qarsiya) arasında qəribə bir oxşarlıq görmüşəm həmişə. İkisi də düzünəqulu adam olub. İkisi də qabağından yeməyib. İkisi də yonulmamış, külçə sözləri sevib. İkisi də gülləyə həris olub. Birini qurşun öldürüb, birini zəhər gülləsi.
Hərdən onların misralarını dəyişik salıram. Elə ölkələrini də. Elə düşmənlərini də... Hə düşmənləri eynidir. Sözün, azadlığın düşməninin milliyyəti olmaz ki!
Mənə qələm veirb bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub yatdığım qələm...
Könül deyir ki, özünü bas yerə, bu iki şairdən bir kitab yaz. Nə olacaq ki?! Biri dostun, biri də ki...
Lorka mənim nəyim düşür, ay ana?
22.06.2022