Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Antiutopiya, Himn və əzilmiş ədəbiyyat

Nemət Mətin - Antiutopiya, Himn və əzilmiş ədəbiyyat

Nemət Mətin - Antiutopiya, Himn və əzilmiş ədəbiyyat
Ədəbi tənqid
nemət
Müəllif:
13:54, 16 aprel 2019
2 100
0
Nemət Mətin - Antiutopiya, Himn və əzilmiş ədəbiyyat


 
    Edqar Keret ivrit dilində yazan İsrail əsilli yazıçıdır. Məhz onun qısa əsərləri dünyaya tanınandan sonra gənc yəhudi yazıçılara həvəs gəlib.  Postmodernist yazıçının ana xətti absurdizm və ironiya üzərində qurulub. Qısa hekayə ilə tanınmaq çətindir. Romanlarda hər hansı fikri oxucuya dolayı yolla çatdırmaq olur. Hekayədə isə hər şey konkretdir. Qısa və mənalı olmalıdır. Edqar Keret adi bir hadisə ilə böyük mənanı oxucuya göstərə bilir. Məsələn götürək elə "Donuz pulqabı" hekayəsini. Burada yazıçı uşağın psixologiyasını açıb göstərir. Bir uşaq atasına oyuncaq almaq istədiyini bildirir. Atası isə pul yığıb almağı təklif edir. Ona donuz pulqabı alırlar. Uşaq hər gün xırda pulları pulqabına atır. Bir müddət sonra pulqabı dolur. Bu vaxt ərzində uşaq donuzu özünə dost bilir. Onunla danışır, hətta atasından, anasından gizlin donuzu daha çox istəyir. Onu qoruyur, əzizləyir. Pulqabı dolanda atası çəkici gətirib oğluna uzadır ki, vur pulqabını qır. Uşaq mütəəssir olur. Atasının ayağına düşüb bir gün də möhlət istəyir. Guya axırıncı xırda pulu donuz pulqabına atmalıdır. Gecə atası yatanda donuzu evdən qaçırır. Onunla parkda gəzir, sağollaşır. Sonuncu dəfə donuza baxaraq anlayır ki, bir daha onu görməyəcək.
   Edqar Keret dostluğun puldan, hədiyyədən, oyuncaqdan daha vacib olduğunu göstərmək istəyir. Uşağın saflığını, düşüncəsinin necə dərin və səmimi olduğunu oxucuya bildirir. Hətta atasını belə aldatmaqla dostunu xilas edən uşağın nələrə qadir olduğunu bizə göstərir. Əslində uşaqlar böyüklərə baxanda daha cəsarətli olurlar. Yaş artdıqca cəsarəti ehtiyat əvəz edir. Ovod da cavan idi. Selincerin qəhrəmanı da həmçinin. Qreqor Zamza ailəsinə etiraz əlaməti olaraq evi tərk edir. Yeniyetmə insanın yaradıcı gücü daha çoxdur. Çünki ağılla bərabər dəlilik də var. O hərtərəfli düşünmədən özünə güvənir. Hər şeyi nəzərə alanda cəsarət azalır. Sonunu düşünən qəhrəman olmaz - demiş atalarımız.  Ayn Randın "Himn" əsərindəki insanlar sistemə qarşı gizli mübarizə aparırlar. Hərkəsləşməkdən qaçırlar. Daha çox məlumat əldə etmək üçün qadağan olunmuş əlyazmaları oğurlayıb oxuyurlar. O güc, o həvəs, o iradə vacibdir. Gənc insanın həvəsini öldürmək böyük cinayətdir. Səndə alınmayacaq, hələ uşaqsan deməklə böyük işlər görə biləcək şəxsiyyətin yetişməsinin qarşısını alırsınız.
   Antiutopik əsərlər yetişmiş oxucunun marağını çəkir. Onu əldə etmək istəyir. Olmuş hadisənin bədii tərəfdən göstərilməsi bir dərsdir. O dərsi yaxşı öyrənməliyik. "1984", "451 faranheyt", "Himn", "Biz" əsərləri kimi dərin, gözaçan kitablar çox azdır. Yadıma gəlir bir dəfə tək-tük kitab oxumuş bir kəsə Himn əsərini oxumağa vermişdim. Adam 80 səhifəni 3 saata bitirdi. Mütləq oxucuda mübarizə qığılcımları yaradan kitabları təbliğ etməliyik. Bəşər övladı hissiyyata çox qapıldıqca ətrafında baş verən hadisələrə realist yanaşa bilmir. Yaşamaq çətinləşir.  Oxuyun, öyrənin, sizə qiymət verən tapılacaq, zəhmətsiz iş olmaz və s... Bu tip təsəlli xarakterli fikirləri beyninizdə yandırın. Siyasi sferada hər şey tamam başqa cürdür. C. Ourellin "Heyvanıstan" əsərini yadınıza salın. At nə qədər işləsə də sonda gücdən düşür. Eşşək dəyirmanın dövrəsində nə qədər fırlansa da eyni traektoriyanı cızır. Kənara çıxa bilmir. Öz düşüncəsi ilə hərəkət edən insan yeni kəşflər etməyə qadirdir.   Antiutopik əsərlər vaxtı ilə bir çox ölkələrdə qadağan olunub. Həbsxanalarda belə kitabların oxunmasına icazə verilmir. Görəsən səbəb nədir? Bu suala cavab axtarın. Təkcə kitablarda deyil, ürəyinizin içinə də göz gəzdirin.

   Azərbaycan ədəbi mühiti o qədər biyabırçı gündədir ki, oturub yazsan 6-7 cildlik kitaba sığmaz. Hansını deyim, bilmirəm. Qəzetdə çap olunmaq üçün kimlərinsə qucağında oturanlardan yazım, yoxsa 200-300 manata görə bozbaş yazıçı, şair haqqında 10000 işarəlik tənqidi(əslində tərifi) məqalə yazanlardan? Ya haqsızlıq qarşısında susub, səhəri gün azadlıq haqqında uzun-uzadı yazı yazanlardan? Bəlkə vəzifə sahibinin adını öz oğluna qoyanlardan?   Yox-yox ən yaxşısı vəzifəli yazıçının təqdimatında quyruq bulayıb, dil çıxardan, amma kasıb, kimsəsiz yazıçının təqdimatına gəlməyənlərdən yazım. 

   Martin Paj “Yazı və yaşam kitabı” adlı əsərində gənc qələm dostuna yazır ki, sənin kitabın çıxanda iki tənqidçi məqalə yazmışdı...

 Bilirsiniz bu nə deməkdir? İnkişaf budur! Güc budur! Ədəbiyyatın zirvəsi budur! Yoxsa, bizdə necədir? Əgər səni tanımaq istəmirlərsə, lap Tolstoy da olsan, Dostoyevski də olsan, xeyri yoxdur. Öldür özünü, səni görməyəcəklər. Axı, sənin adamın, arxan, köməyin, gücün, dayağın yoxdur. Bir az dilli-dilavər olsan, qorxacaqlar. Ara bir səni tanıyacaqlar. Uzağı bir – iki yazını qəzetə, jurnala verəcəklər. İçirsənsə, içki qonaqlığı, çəkirsənsə, qəlyan məclisi təşkil edəcəklər. Vəssalam. Vay o gündən ki, sakit oldun. İllərlə iş tapmayacaqsan. Dünyaya çıxa biləcək əsər də yazsan kölgədə qalacaq...

İndi-indi yeni üsul tapıblar. Kəşfiyyatçılar yetişdirirlər. Daha doğrusu çuğullar. Bir sığalla qaza gələnlər. Onları yaxşıca təlimatlandırıb, ciblərinə pul qoyurlar. Onlar da öz növbəsində işə başlayırlar. İstedadlı adamın qılığına girirlər. Məlumat toplayırlar. Sənin fikrini öyrənirlər. Həmin kəslər haqqında nə düşündüyünü bilmək vacibdir. Birdən onlara qarşı olarsan. Paho, eşşəyin öldü.

Yunan mifologiyasında bir personaj var. İpəkdən ağılasığmaz xalçalar toxuyur. Baxanlar heyran qalır. Bir gün ilahə ilə mərc kəsir. İlahəni mərcdə udur. İlahə qəzəbdən onu hörümçəyə çevirir. Belə gözəl toxuyansansa, get hörümçək torları toxu. Daha bir mifoloji sürət. Dedal adında bir heykəltaraş olur. Onun əl işlərinə baxanlar valeh olurlar. Sanki heykəllər canlıya çevrilirmiş. Tələbəsi, bacısı oğlu Tal müəllimini ötüb keçir. Usta qəzəblənib onu öldürür. Eynən bizim ədəbiyyata bənzəyir. İstedadlı gənc, fərqi yoxdur, yazıçı, şair əgər onları ötüb keçirsə, istedadları kölgədə qalırsa, onu məhv edirlər. İnsanı tükədirlər, bezdirirlər, görməzdən gəlib parlaq işığı söndürürlər, içizdirib xəstə edirlər... 

Bir də ədəbiyyat məktəbimiz yoxdur. Ədəbiyyat məktəbi olsa, istedadlı gənclər 1 manatlıq çay verilən çayxanalarda mədələrini yumazlar. Əvəzində öyrənərlər, öz üzərilərində çalışarlar. Bunun üçün dərsliklər lazımdır. 

   Ən əsası isə yazıçının, şairin mövqeyi, əqidəsi, azad fikri olmalıdır. Folkner prezidentlə görüşdən imtina etmişdi. Aqutaqavaya nobel verəndə yarı zarafat, yarı ciddi demişdi ki, mən nə yazmışam ki, mükafat da verirlər. Saramaqonu Portuqaliyadan sürgün eləmişdilər. Əqidəsinə xəyanət edənləri çox görürük. Y. Mişimanın xarakiri etməsini onlar heç vaxt anlamazlar. İstedadlı yazıçı, şairlərin kənarda qalmasının bir səbəbi də istedadsız, amma tanışı olan söz adamlarıdır. Hər hansı bir mövzuda bayağı yazı yazıb qəzetdə, jurnalda, onlayn ədəbiyyat dərgisində çap olunmaq istəkləri gözlərini kor edib. Çap olunmayanda varlı, vəzifəli tanışlarına ağız açırlar. Onlar da istedadsız tanışlarını başlarından etmək üçün qəzet, jurnal rəhbərlərinə zəng edib xahiş edirlər ki, sən allah filankəsi çap et, bezdirib məni. 

   Bütün bu saydığım çatışmamazlıqlar aradan qalxsa, əsl ciddi ədəbiyyat nümunələri ortaya çıxar. Yazdığı dövrdən 10 il keçəndən sonra xəbər tutursan ki, sən demə bəhmənkəs yaxşı yazırmış. İti qələmi, geniş təxəyyülü varmış. Azad Qaradərəli bir yazısında qeyd edir ki, vaxtı ilə sovet rejimini tərifləyən yazardan sovet dövründə yazdığı gizli nümunələri istəyəndə yazmadığı bəlli olur. Qorxusundan yazıb sandıqda da gizlətmirdi. C. Ourellin "1984" əsərindəki baş qəhrəman kimi yazmaq inqilabını ötüb keçə bilməmişlər... 

   C. Cabbarlının ev muzeyi dağılır, amma F.Dostoyevskinin ev muzeyində oxucular şam yeməyi yeyəcəklər. Sağlığında qiymət vermədiyimiz yazıçıların ruhlarına belə hörmət etmirik. Puşkin duelə gedəndə kitabxanasıyla sağollaşmışdı. Ədəbiyyatın adını batıranlar bütün kitabları öpüb alnına da qoysa, xeyri olmayacaq. 3-5 manata görə həqiqəti, düz sözü deyə bilməyənlər boş-boş danışırlar. Havadan, sudan yazırlar. Gün çıxdı, ay batdı. C.Məmmədquluzadəyə, musiqi alətlərinə, bir sözlə xalqın zəif damarına toxunurlar. Onları ədəbiyyat tarixi qəbul etməyəcək. Qalaq-qalaq kitabları məhv olub gedəcək və ya kitabxanalarda tozlanacaq.

    Bir dəfə xalq yazıçımızın otağına bir nəfər əzilə-əzilə, büzülə-büzülə daxil olur. Yaltaqlıq qulaqlarından qan kimi axır. İt kimi sadiq gözləri ilə ona baxanda gülümsəyir, təriflər yağdırmağa başlayır. Yazıçı bir cümlə deyir, onunla da məsələ həll olur: 

-Çıx, yenidən kişi kimi içəri daxil ol.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)