Edebiyyat.az » Ədəbi tənqid » Rasim Qaracanın "Zülmətdə bir alatoran" kitabı haqqında

Rasim Qaracanın "Zülmətdə bir alatoran" kitabı haqqında

Rasim Qaracanın "Zülmətdə bir alatoran" kitabı haqqında
Ədəbi tənqid
nemət
Müəllif:
20:17, 18 fevral 2019
2 188
0
Zülmətdə bir alatoran




Ra günəş deməkdir, Rasim,
məgər bu yetərli deyilmi
o kor yarasalara... 


 Rasim Qaracanın “Zülmətdə bir alatoran” əsərini oxuyuram. Acgöz maraqla iki günə 201 səhifəni oxuyub bitirdim. Biz oxuyan gənclərə görmədiyimiz ədəbi mühit həmişə maraqlı olub. Sovet dövrünün sonları, müstəqillik dönəminin başlanğıc illərini Rasim Qaraca gözləri ilə seyr etmək qəribə hisslər yaradır. Pessimist ruhlu şair, modern şeirlər yazaraq paslanmış, köhnəlmiş şairlərdən əlbəttə tərif eşitsə də çap olunmayacaqdı. Çətin illər idi. Ədəbiyyatda monopoliya varsa, orada inkişafdan söhbət gedə bilməz. Neçə-neçə istedadlı gənc batacaq, işıqlar sönəcək, zülmət hər yanı bürüyəcək. Lakin hər zülmətdə bir alatoran olmalıdır. Şairlərin yazdığı yağışdan sonra günəş məsələsi. Başqa bir tərəfdən baxanda demək olar ki, qaranlıq olmasa, işıq var olmaz. O zülmət Rasim Qaraca ruhunda az sayda olsa da döyüşkən, iradəli, əyilməz yaradıcı insanlar yetişdirdi.  

 Kitabda xeyli maraq doğuracaq hadisələr yer alıb. Səməd Vurğunun övladları, Ramiz Rövşənlə, Bəxtiyar Vahabzadə ilə görüş, Elçin, Anar haqqında kəskin tənqidlər, eyni zamanda sovet dövrünün ədəbiyyatımızda gənc sayılacaq ədəbiyyat adamlarının vuruşması dolğun şəkildə göstərilib. 

  Yaltaqlıq elə bir virusdur ki, hər dövrdə olub. Hətta insanlar mağarada yaşayan dövrlərə də gedib çıxır. İradəsiz, ikiüzlü insanlar ovu əziyyətsiz əldə etmək üçün özündən güclü sayılacaq insanlara yaltaqlıq edərək rahat yaşamaq istəyiblər. Ədəbiyyat aləmində də bu cür insanlar az olmayıb. İstər yerli ədəbiyyat aləmi olsun, istər xarici aləm. Rasim Qaraca ədəbiyyata xəyanət edənləri qamçılamaqdan zövq alır, sanki cavanlıqda ona qarşı çıxanlara, onu çap etməyənlərə, qapını üzünə çırpanlara, söz verib aldadanlara öz gücünü göstərir. 

  R.Qaracadan və eyni zamanda digər yazıçı, şairlərdən öyrəndiyimə görə sovet dövründə çap olunmaq mühüm bir hadisə olub. Bir kitabı 30 il gözləyənlər olub. İndi hər şey çox asandır. Pulunu ver (bəzən heç vermə) kitabın çap olunur. Lap çap etmək istəməsən belə, internet dərgilərində asanlıqla dərc olunursan. Az-çox tanınırsan. O dövrdə isə bir şeirin qəzetdə çap olunması hadisə idi. Sözün açığı o dövrdə yaşamaq istəməzdim. Amma digər tərəfdən baxanda çəkişməyən bərkiməz deyiblər. Diogen kimi heykəldən sədəqə ummaq, “yox” cavabına alışmaq insanı güclü edir. Raim Qaraca bir şeirində iki misraya bu fikri sığışdıraraq yazır:

Min illərdir döyülən bu qadın
deyin, necə güclü olmasın?

 Oxucu kitabdan AYB, AYO, Alatron haqqında xeyli məlumat əldə edəcək. Bir çox ədəbi mühit insanlarına başqa prizmadan baxacaq. Təbii ki, razılaşmadığı məqamlar olacaq. İndi ədəbiyyatda qarşı tərəf yoxdur. Ya AYB var, ya da təksən. AYO, Alatoran olanda mübarizə gedirdi. İnkişaf hərəkətə bağlıdır. Bir çox səbəblərdən bizim ədəbiyyat mühitində ayrı-ayrı dövrlərdə durğunluq ön sıralarda olub. Lakin indi böyük işlər görmək olar. Ədəbiyyatımızı inkişaf etdirmək və tanıtmaq olar. Stimul yoxdur. Stimul olmayanda həvəs olmur. Stimul ədəbiyyata aid yarışlardan, puldan, şöhrətdən qaynaqlanır. Martin İden əsərinin hələki əvvəlindəyik. Şöhrət, tanınmaq, dünyaya səs salmaq, pullar qazanmaq lazımdır. “Ədəbiyyat bu deyil” deyib oturmaq olmaz. Üzeyir Hacıbəylinin bir feyetonunda yazdığı fikirlər yadıma düşür. Nərdivanı unuduruq. Siçandan filə gedən yolda, fili qaldırmağa çalışırıq. O da üstümüzə düşüb bizi mundar edir. 

 Rasim Qaraca kitabda yazmaqla uğur qazana bilməyib, iyrənc yollara əl atanları, iki-üç ortabab əsər yazıb sönənləri, vəzifəyə görə ədəbiyyatdan istifadə edənləri, əlində imkan olduğuna baxmayaraq istedadlı gənclərə dəstək olmayanları göstərməklə bərabər, həm də o dövrün ədəbiyyata təsirini göstərir. Təkcə pul qazanmağa görə ədəbiyyatdan uzaqlaşanlara çox üzüldüm. Rasim Qaraca bu hal üçün yaxşı resept təqdim edir. Şair deyir ki, ədəbiyyat sevdasını müvəqqəti dondurub yenidən qayıtmaq olar. Yəni, bir dəfəlik üstündən xətt çəkmək olmaz.
 
  Qanad çalıb uçmaz
  bizim ölkədə quşlar,
  çünki onların
  qəfəsdə dostları var... 

  Rasim Qaracanın gəzdiyi, işlədiyi ölkələr haqqında geniş söhbətləri, Asif Atanın cavab məktubu, Rafiq Tağı şəxsiyyətinin görünməyən tərəfləri “Zülmətdə bir alatoran” əsərini daha da maraqlı edən amillərdi. Rasim Qaraca kitabın sonunda yazır: “...Onsuz da özümdən və 5-10 nəfər dostumdan başqa bu kitabı gözləyən olmadığını bilirəm.”

 Bilmirəm bu fikri təvazükarlıqdan söyləyib, yoxsa pessimist ruhda olub, amma kitabı həqiqətən gözləyən çox insan olub. Çünki o dövrə fərqli baxış ortaya qoyan əsərlər yox dərəcəsindədir. Sərf etmədiyi üçün, mane olduğu üçün gözləməyənlər ola bilər. Hansılar ki, kitab onlar üçün şeytan ayələri kimi ağırdır...

Nemət Mətin
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)