Edebiyyat.az » Film » Bütün filmlərində öz həyatını oynayan Takeshi Kitano kinoda necə yaşayır...

Bütün filmlərində öz həyatını oynayan Takeshi Kitano kinoda necə yaşayır...

Bütün filmlərində öz həyatını oynayan Takeshi Kitano kinoda necə yaşayır...
Film
Necef Esgerzade
Müəllif:
21:18, 13 aprel 2019
2 038
0
Keçən həftə - yəni yanvarın 18-də müasir yapon kinosunun ən məşhur rejissorlarından biri Takeshi Kitano-nun ad günü oldu. 

Aktyor, televiziya aparıcısı, yakudza filmlərinin rejissoru, prodüser, rəssam, şair, davakar Takeshi Kitano.
 
Onun filmləri özü haqqındadı – bəziləri tərcümeyi-halıdı, bəziləri dünyaya baxışları, həyat fəlsəfəsi...
 
Ancaq Kitanonun filmlərinə baxan hər kəs təkcə bu aktyor və rejissorla tanış olmur, özü üçün də nəsə tapır.
 
Takesi Kitano Tokionun fəhlə məhəllələrindən birində, 1947-ci il yanvarın 18-də dünyaya gəlib. Valideynləri Takeshi (bambuk deməkdi) adını ona gələcəkdə bütün çətinliklərin öhdəsindən gələ bilsin deyə veriblər.
 
Yarıkoreyalı olan atası, rəngsaz Kikudziro Kitano qumarbaz imiş və evdə nadir hallarda olurmuş. Yeri gəlmişkən, rejissor “Kukidziro” filmində qəhrəmanın xarakterini atasından köçürüb.
 
Takesinin anası isə hərbçi ailəsindən imiş, nizam-intizamı sevirmiş və oğlunun təhsilinə böyük diqqət ayırırmış. Məhz, onun sayəsində Kitano məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri olub. Məktəbi bitirəndən sonra da anasının arzusu ilə Tokioda Meydci Universitetinə, mühəndislik fakultəsinə daxil olub. Ancaq ikinci kursda evi də, universiteti də tərk eləyib. Onu adi məmurluqdan daha çox aktiv həyat çəkirdi özünə. Bəlkə elə buna görə 60-cı illərdə Tokionu bürümüş tələbə üsyanlarının aktiv iştirakçısı olmuşdu. Hərçənd onu siyasət yox, sənət maraqlandırırdı. 
 
                                         
Xüsusilə də cazz sənəti. Vaxtını cazz barlarında keçirən gənc Takeshi yapon anderground kinosunun pionerləri, rejissorlar Kodzi Vakamatsu və Kadzuo Komidzu ilə də orda tanış olmuşdu.
 
Dostunun evində yaşayan və maddi problemləri olmayan Takeshi Kitano daim iş yerini dəyişirdi. Cazz barlarında ofisiantlığı da sınamışdı, küçə satıcılığını da. Fəhləlik də eləmişdi, yük də daşımışdı. Eyni vaxtda aktyor kimi Kodzi Vakamatsunun filmlərində epizodik rollara da çəkilmişdi. Elə həmin rollar da Kitanonun gələcəyi ilə bağlı qəti qərar verməsinə kömək eləmişdi. O, aktyor olmaq istəyirdi.
 

1972-ci ildə Takeshi Kitano Tokioda aktyor sənətinə dərindən yiyələnmək məqsədilə məşhur aktyor və striptiz klubunun art direktoru Sendzaburo Fukaminin klubunda liftçi işləməyə başlayır. Sonralar Kitano özünün memuarlar kitabında həmin günlər haqqında yazanda yapon dramaturqu Hisasi İnouenin onun haqqında “yumor hiss olmayan adam” dediyini xatırlayırdı. Bununla belə kiçik komik intermediyalarda aktyor kimi iştirak eləyir, seçdiyi sənəti təcrübə ilə təkmilləşdirirdi. Nəticədə o öz istedadı, cəsarəti və çılğınlığı ilə müəllimin etibarını və hörmətini qazanır.
 
Lakin Takeshinin entuziazmı tez keçir. Onun ənənəvi mandzay janrında hazırladığı səhnəciklər uğursuz alınır, maddi vəziyyəti də günü-gündən ağırlaşır.
 
Amma bir gün Kaneko Kiyesi ona duet yaratmağı təklif edir. Gənc komiklər barlarda, kabarelərdə çıxış eləməyə başlayırlar. Hərçənd Kitanonun sərxoş auditoriya qarşısında çıxış eləməkdən xoşu gəlmir, buna çox ağrılı rekasiya verirdi. O, gah səhnəyə çıxmaqdan imtina edir, gah da sərxoş halda çıxırdı. Ancaq onların dueti iynəli yumoru və tamaşaçılarla tez-tez dalaşmaları sayəsində tezliklə populyarlıq qazanır. O dərəcədə ki, Kaneki qəsdən tamaşaçını qıcıqlandıran, davaya səbəb olacaq zarafatlar hazırlayırdı. Belə bir ekstremal şəraitdə onların özünəməxsus və sərt yomoru formalaşır, cütlük duetlərinin də adını tərzlərinə uyğun olaraq dəyişib “İki bit” qoyur.
 
Köhnə klassik mandzay janrının çərçivəsindən çıxmağa çalışan “İki Bit” bir müddətdən sonra kifayət qədər məhşurlaşır.
 
Onlar öz yumorlarında küçə leksikonundan, söyüşlərdən gen-bol istifadə eləyir, ənənəvi yapon həyat tərzini tənqid atəşinə tuturdular.

 Duetin uğurları artdıqca istifadə elədikləri mətnlərə qarşı diqqət də artır. Bir müddət sonra “Mandzay” asossiasiyası onlara senzura tətbiq etməyə çalışır, janrın qaydalarına riayət etməyəcəkləri təqdirdə təşkilatdan qovmaqla hədələyir.
 
1976-cı ildə Kitano və Kaneki yapon telekanallarından biri tərəfindən “ən yaxşı komik duet” kimi mükafata layiq görülürlər. Onları tez-tez verilişlərə dəvət eləməyə başlayırlar. Rejissor xatirələrində yazırdı ki, bəzi günlər onu eyni vaxtda yeddi-səkkiz verilişdə göstərirmişlər.



                                                                                                                                                          
1983-cü ildə Naqisa Osimanın “Milad bayramınız mübarək, mister Lourens” filmi ekranlara çıxır. Filmdə hadisələr II Dünya Müharibəsi dövründə Yava adasında cərəyan edir. Kitano bu filmdə serjant Oxaranın rolunu canladırırdı. Psixoloji dram janrı ilə fəlsəfi pritçanın sintezi olan “Milad bayramınız mübarək, mister Lourens” filmi Avropada heyranlıqla qarşılanır. Ancaq Kitanonun qəhrəmanı yapon tamaşaçılarını xeyli təəccübləndirir. Onların sevimli komiki iki saat boyunca bir dəfə də zarafat eləmirdi.
 
Film ziddiyyətli rəylər alsa da, Kitanonun kinoaktyor karyerası üçün uğurlu başlanğıc olur. Takesi Kitano özünün geniş amplualı bir aktyor olduğunu göstərir.
 
Bundan sonra bir-birin ardınca əhəmiyyətsiz rollar gəlir.
 
1989-cu ildə Kitano “Çirkli Harri” filmin yapon versiyasında çəkilməyə razılıq verir, ancaq televiziyadakı gərgin qrafiki ucbatından heç bir rejissor onunla işləmək istəmir. Onda prodüserlər filmin rejissorluğunu Kitanonun özünə təklif edirlər. (Kitano 2007-ci ildə lentə aldığı “Banzay, rejissor” filmində həmin prosesi parodiya edib). Kitano ona təklif olunan işin öhdəsindən bacarıqla gəlir.
 
O, ilk iş olaraq ssenarini yenidən yazır, ora yeni səhnələr əlavə edir.
 
“Problem onda idi ki, mən heç vaxt kino çəkməmişdim və bu sahə üzrə təhsilim yox idi, - deyə rejissor xatırlayır. - Ancaq mənim bu sahədə yaxşı təcrübə toplamış komandam vardı. Onlar qərbdə istifadə olunan bütün texniki fəndləri – hərəkətli kameradan istifadə, fərqli rakurslardan çəkiliş vəs. - əla mənimsəmişdilər. Amma Yaponiyada kameranı sürətlə hərəkət etdirmək olmaz, ən azından ona görə ki, kadra, demək olar ki, həmişə kənar bir detal düşür. Buna görə də hərəkətsiz kamera ilə çəkmək üçün çəkiliş komandası ilə savaşmağa başladım”.
 
İlk filmindən sonra sənədli hərəkətsizlik və amansızlıq rejissor Kitanonun vizit kartına çevrilir.
 
Polis Azumu ilə qatil Kioxoro arasındakı ölümcül qarşıdrmada “yaxşılar” və “pislər” yoxdu. Onların hər ikisi məqsədlərinə çatmaqdan ötrü bütün vasitələrdən istifadə eləyirlər. Finalda Azumu yakudza (yapon mafiyası-red) tərəfindən narkotikə alışdırılan bacısını öldürür.
 
Kitanonun rejissor kimi göstərdiyi novatorluğa rəğmən film soyuq qarşılanır. Onun oynadığı qəddar polis obrazı bütün Yaponiyanın sevdiyi gülməli aktyorla heç cür uyğunlaşmırdı. Kitano televiziya ilə kino arasında seçim eləmək məcburiyyətində qalır və ikincini seçir.
 
1990-cı ildə “Qaynama nöqtəsi” filmi ekranlara çıxır. Film yakudzaya mane olan yeniyetmələrdən bəhs edir. Kitano bu filmdə mafiya başçısına borcu olan amansız yakudza Uexaru obrazını yaradır.
 
"Mən dialoqlardan xəsisliklə istifadə eləmişdim, - rejissor deyir, - çünki kino təbiəti etibarilə lal olmalıdı. Üstəlik mən komik aktyor olmuşam, uzun müddət sözlə işləmişəm. Ona görə də sözün gücü haqqında hər şeyi bildiyimi düşünüb özümə təsəlli verirəm. Mənim fəlsəfəmə görə dialoqların azlığı təkcə vizual ardıcıllığa yox, elə dialoqların özünə də xeyirdi”.
 
1993-cü ildə ekranlara çıxan “Sonatina” filmi rejissoru yapon kinematoqrafiyasının klassikləri sırasına daxil edir.
 
1994-cü ildə avtomobil qəzası keçirən aktyorun üzünün bir hissəsi ömürlük iflic olur. Rejissor deyir ki, o qəzadan sonra dəyişməli olduğumu anladım.
 
1997-ci ildə Kitano ən yaxşı filmlərindən birini - “Atəşfəşanlığ”ı çəkir. Bu filmi tez-tez “Sonatina” ilə müqayisə edirlər, ancaq o, Kitanonun rejissor ustalığı nəticəsində birincidən daha uğurlu alınıb.
 Filmin qəhrəmanı - keçmiş polis Nisi- rejissorun əvvəlki filmlərindəki əsas personajların ümumiləşdirilmiş obrazıdı. Nisi həm mafiya ilə mübarizə aparan qəddar polis, həm də xəstə həyat yoldaşını fədakarcasına sevən kişidi. “Atəşfəşanlıq” filmi polis kinosu janrında etalona çevrilir.
 
Kitano xatirələr kitabında yazır ki, “Atəşfəşanlıq” filminin reklam kampaniyası başa çatanda bu janrdan yorulduğumu anladım: “Mən hiss elədim ki, filmlərimdəki bitməz-tükənməz zorakılıq səhnələri məni boğaza yığıb. Odur ki, tamamilə fərqli bir şey eləmək qərarına gəldim. Bu halı yeməklə müqayisə eləmək olar: əgər hər gün eyni yeməyi yesən, gec-tez ondan iyrənəcəksən. Ağlıma tam təsadüf nəticəsində yaxşı işlər görməyə məcbur olan pis oğlan haqqında bir əhvalat gəldi”.
                                         
Beləcə, 1999-cu ildə Kannda “Kukidziro” filminin premyerası keçirilir. Filmin qəhrəmanı, tüfeyli, at yarışları həvəskarı, çətin vəziyyətlərdə düşünməyə yox, yumruqlarını işlətməyə üstünlük verən Kukidziro anasını axtaran balaca Masaoya yol yoldaşı olmaq məcburiyyətində qalır. Film Kanndan mükafatsız qayıtsa da, öz vətənində XX əsrin sonuncu şedevri statusunu qazanır.
 
2002-ci ildə Takesi Kitano öz yeni şedevri- “Kuklalar” filmi ilə Venesiya festivalında iştirak edir. Üç fərqli sevgi hekayəsi danışan “Kuklalar”, mənəvi təmizlik, tənhalıq, azadlıq axtarışı mövzularını araşdırır.
 
Bu il yetmiş yaşını qeyd eləyən rejissor hələ də uşaqlığı və yapon mafiyası ilə münasibətləri haqqında suallara cavab verməyi xoşlamır. O, bu sualların hamısını filmlərində cavavlandırıb. Onsuz da bütün karyerası boyu bu iki mövzu onun “yol yoldaşı” olub: Zorakılıq və sevgi, ölüm və doğuluş, İn və Yan. Hətta Kitanonun üzü də ikimənalı təsir bağışlayır: yarısı gülür, yarısı həmişə ciddidi.
 
Qəzadan sonra qalan bu travma rejissorun həyat və yaradıcılığındakı dialektikanın əksidi.


Mənbə: azadlıq radiosu

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)