Edebiyyat.az » Film » Nəcəf Əsgərzadə - "Gecə" filmi haqqında gecə düşüncələri

Nəcəf Əsgərzadə - "Gecə" filmi haqqında gecə düşüncələri

Nəcəf Əsgərzadə - "Gecə" filmi haqqında gecə düşüncələri
Film
Necef Esgerzade
Müəllif:
14:10, 21 sentyabr 2019
1 849
0

Artıq neçə gündür (gecədir) ki, heç nə yaza bilmirəm. Fikirlərim yaman qarışıqdır. Darıxıram. Yazmaq istədiyim sözlər beynində yaranır, amma onları vərəqə tökmək istəyəndə hamısı qeybə çəkilir.

Niyə belə olur? Heç bir anlam verə bilmirəm. Bəlkə də artıq fikirlərim tükənib. Yeni yazı üsulları düşünməyim yazacağım fikirləri bir-bir öldürür.

Yazmaq istəyirəm. Yaza bilməmək mənə ağır təsir edir. Yazmaq artıq mənim üçün bir ehtiyaca dönüb sanki. Bir yemək kimi, bir su kimi. Təəssüf ki, son günlərdə yaza bilməməyin üzündən fikrimi bir nöqtəyə toplamaqda çətinlik çəkirəm.

Antonioni. İtalyan ekzistensialist rejissor. Təzəlikcə başlamışam onun filmlərinə baxmağa. Soruşsanız ki, onun filmlərini baxmağı sizə məsləhət görərdim? Bilmirəm deyə cavab verərdim. Çünki film elə bir sənət növüdür ki, hər kəs onu seyr etdikdən sonra müxtəlif fikirlərə düşə bilər. Ona görə məndən film tövsiyəsi istəyəndə, düzün desəm hansı növ filmləri məsləhət görməyə həmişə çətinlik çəkmişəm.

Əlaqəsizlik üçləməsi (triologiyası)

Artıq yaza bilmədiyim üçün qərara gəldim ki, film haqqında fikirlərimi danışım. Amma bilmirəm sizin danışdıqlarımı sonacan dinləməyə hövsələniz çatacaq yoxsa yox?
Bu yolu istifadə etməkdən heç bir ziyan gəlməz deyə düşünürəm.

Bir dəqiqə kameranı qoşum. Danışmağa başlayıram.

Haqqında danışacağım filmin adı Gecə (The Night) adlanır. Əlaqəsizlik üçləməsinin ikinci filmi. İndi düşünürsünüz ki, bu üçləmənin birinci filmi yoxdur? Var. Əlaqəsizlik üçləməsinin birinci filmi Məcarə adlanır. 

Gecə filmini seçməyim də səbəb bu üçləmə içində ən çox bu filmi bəyənməyim oldu. Digər iki film bu filmdən heç də geri qalmır. Sadəcə mənə təsir edən film haqqında ilk növbədə danışmaq istədim.

Gecə filmi haqqında gecə düşüncələri

Düzün desəm, danışıq qabiliyyətim yüksək səviyyədə deyil. Fikirlərimi yazıda daha yaxşı ifadə etdiyimi düşünürəm. Artıq yaza bilmədiyimə görə nəql etmək yolunu seçmək məcburiyyətində qaldım. Çünki fikirlərimi mütləq şəkildə çölə çıxarmalıyam. İndi danışmasam, bundan sonra bu haqda danışmağa vaxtım olmayacam. Kursa başlasam, yazmağa vaxtım qalmayacam, belə də ki, artıq hiss etdirəm hər şey mənə qarşı üsyana qalxıb. Yaza bilməmək sindromu da bu üsyanın başlanğıc nöqtəsidir. Nəysə.

Keçim filmə. Nədən başlayım. Baxın, ilk öncə onu deyim sizə film əvvəldən sonacan darıxdırıcı ola bilər. Alt qatdakı mənaya varmaq gərək ki, rejissorun bizə aşıladığı darıxdıcılıq içində filmin nə demək istədiyini başa düşək.

Açılış səhnəsi maraqlıdır. Şəhərdəki binaları görürük. Hündürmərtəbəli binalar. Tikinti işləri. Yeni bir başlanğıc. Sənayeləşmə dövrü. İtaliya üçün başlayıb.

Filmin əsas obrazları Giovanni və Lidiyadır. Giovanni yazıçıdır. İtaliyada məşhurdur. Amma son dönəmlərdə heç yazmır. Daha doğrusu yaza bilməmək sindromuna tutulub. Lidiya isə ona bu işdə yardımçı olmur. Onun üzünə baxanda ifadəsizliyin, mənasızlığın boşluğunu görmək olur. Lidiya və Giovanni bir-birinin yanındadır, fəqət bir-birindən uzaqdırlar həm də. Onların arasında böyük binalar var. Onlar artıq təhnalığın yuxarı mərtəbələrində öz yalqızlıqlarıyla baş-başadırlar. 

Hə bir də Tommasa var. Oda Giovanni kimi yazıçıdır. Həyatının son günlərini xəstəxanada keçirir. Xəstədir. Tutmaları olur tez-tez. 

Giovanni və Lidiya ona baş çəkməyə gedir. Tommaso onları görəndə biraz olsa da sevinir. Anasına dostlarını əsl dostlar kimi təqdim edir. Bəs əsl dostlar deyəndə o nəyi nəzərdə tutur? 

Əsl dostlar süni, maskalanmamış, heç bir maddi maraq güdməyən dostlara deyilir. Giovanni və Lidiya bu əsl dostlar siyahısına düşüb Tommasonun gözündə.

Giovanni məşhurdur demişdik. Onun üçün təşkil edilən kitab təqdimatına Lidiya ilə gedən Giovanni burada tezcə diqqət mərkəzinə düşür. Qadınlar onu əhatə alır. Lidiya buna heç bir münasibət göstərmədən oranı gizlicə tərk edir. Şəhərin küçələrinə atılır. Hara gəldi gedir. Küçələr boyunca tək-təhna dolaşır. Uzaqlaşır kütlədən. Özünə qapanır səssizlikcə. İçindəki narahatlıqdan qurtulmaq istəyir səbrsizliklə. Yeriyir, durmadan yeriyir. Keçmişdə yaşadıqları məhəllələrinə gəlib çatır. Artıq biz müasirləşmiş, sənayeləşmiş şəhəri unudub, köhnə şəhərə daxil oluruq. Uçulub-dağılmış evlər, xərabəliklər keçmişdən xəbər verir. Lidiya buraya gələrək, burda dolaşaraq şəhərin keçmişinə və dolayı yolla öz keçmişinə səyahət eləyir. O, keçmiş üçün darıxır. Yeniləşməyə qarşıdır Lidiya. Çünki yeniləşmə insanları bir-birindən uzaqlaşdırır. Getdikcə bu uzaqlaşmanın sürəti də artmaqdadır. 

Tez-tez danışmıram ki, fikirlərim də biraz pərakəndəlik hiss olunur deyəsən. 

Şəhərin bu kəsimində yaşayan insanların adi həyatları var. Onlar gündəlik işlərlə məşğul olurlar. Əhalinin əyləncəsi göyə atılan fişənglərin insanlarda yaratdığı təəccüb hissindən ibarətdir. 

Lidiya da səmaya atılan fişənglərə tamaşa etmək üçün kiçik insan kütləsinə qoşulur. Onun üzündə ani olaraq sevinc hissləri əmələ gəlib qeybə çəkilir. 

Giovanni isə Lidiyanı axtarır. Onun evə dönməməsinə ilk öncə heç bir anlam verə bilmir. Sonradan isə divana uzanaraq rahatca yuxuya dalır. Aradakı sevgi hissləri itdiyi üçün Giovanni Lidiya üçün çox da narahat olmur. 

Lidiya evə zəng edərək ərini indi olduğu yerə-əvvəllər yaşadıqları əraziyə- çağırır. Giovanni ora gedir. Oda keçmişin arxada qaldığı üçün Lidiyanın keçirdiyi hisslərə oxşar hisslər keçirir. Amma özünü tez də həmin hisslərin əsiri olmaqdan qoruyur. 

İndi danışacağım mövzu isə "Burjuaziya tənqidi" ilə bağlıdır.

Giovanni və Lidiya dostlarının təşkil etdiyi partiyə qatılır. Burada hamı ali zümrədəndir. Giovanni partidə məhəccərin arasında öz kitabı ilə rastlaşır. Əylənməkdə olan insanlar onun kitabını bir köşəyə tullamışlar. 

Materialistlər hər yerdədir. İnsanlar boş-boş gəvəzəlik edirlər. Giovanninin burada da ətrafına toplaşırlar, ona yalançı təriflər yağdırırlar. Yalançı təriflər deyirəm, çünki bir çoxu Giovanninin bir kitabının belə üzünü açmayıblar. 

Giovanni yazıçıdır. O ruhun təmsilçisidir. Onun ruhunu bu parti boyunca məngənə kimi sıxmağa başlayırlar. Özü bunun fərqində olmasa da. 

Lidiyanın isə artıq ruhu zədələnməyə çoxdan başlayıb. Materialist dünya onu öz əsirinə çevrilmək üzrədir. Əvvəl o Giovannini sevsə də, artıq ona qarşı bütün hisslərini itirib. Fəqət bunu qəbul edə bilmədiyinə görə Giovannidən ayrıla bilmir. Düşünür ki, bu ötəridir. Düşdüyü boşluq havası onu gündən-günə boğsa da, o buna müqavimət göstərməyə çalışır. 

Məclis qaldığı yerdən davam edir. Hadisələr məcrasından sıxmağa başlayır. Burjuaziya əxlağının yağış yağmasıyla üzə çıxdığı bu anlarda Lidiya onu məclisdə qarabaqara izləyən biznesmenə qoşulub oranı tərk edir, bu ərəfədə Giovanni isə partini təşkil edən şirkət sahibinin qızı ilə münasibət yaratmağa çalışır. Filmin bir hissəsində Valentinanın(şirkət sahibinin qızı) əlində Giovanninin kitabını görürük. Bu isə bizə onu göstərir ki, Valentina məclisdəkilərdən tamamilə fərqlənir. O, Giovanniyə baş cür münasibət bəsləyir. 

Valentinanın atası Giovanniyə onunla işləməyi təklif edir. Özü də yüksək maaşa. Giovanni isə əvəzində yazıçı olduğunu, bu sahədən qazandığı pul ilə dolana bildiyini deyir. Valetinanın atası isə bizim dildə desək yazıçılığın pul gətirmədiyini söyləyir. 

Burada bir haşiyəyə çıxım icazənizlə. Bir məsələni qoyub, digərinə keçirəm. Danışdıqca ortaya başqa şeylər çıxır. 

Əsla o vaxt İtaliyada mövcüd olan ədəbi mühitlə bizim ədəbi mühiti müqayisə etməyin. Yazıçılar əsərlərini yazıb, çap edib, yazdığı əsərdən pul da qazana bilirdilər. Buna misal kimi Giovanninin yaşadığı evi, getdiyi restoranları, geyindiyi paltarları göstərmək olar. Buradakı vəziyyət sadəcə Giovanninin bundan da çox qazana bilmə fürsətiylə bağlıdır. 

İdealist dünyadan materialist dünyaya keçid mərhələsində Giovanni ona təklif olunan işi düşünür. Bu təklifi qəbul etsə həm yaxşı qazanar, həm də Valentiyaya yaxın olmaq şansı əldə edə bilər.

Yağışın yağmasıyla işıqlar sönür. Burjuaziya əxlaqsızlığı qaranlığa bürünür. Giovanni Lidiyanı axtarır. Sonradan Valentina ilə onun otağında söhbət edir. Valentina burjuaziya ailəsində böyüsə də, bir çox şeylərin fərqindədir. Oda təhnalıqdan əziyyət çəkir. Onun təhnalığı hər şeyinin olmasıyla bağlıdır. Hərəkətverici qüvvəsini itirən Valentina maskalanaraq həyatını davam etdirir. Biz film boyunca Valentinanın uşaq kimi oyun oynadığına şahid oluruq. O, onu sıxan cəmiyyətdən özünü ayrı tutmağa çalışır.

Lidiya yağışın kəsməsi ilə partiyə yenidən dönür. Valentina ona kömək etmək istəyir. Əri ilə Valentina arasında münasibəti bilən Lidiya əvvəl onu acılasa da, sonradan onun köməyini qəbul edir. Hətta ərinin üzünə deyə bilmədiyi sözləri Valentinaya açıqlayır. Bu zaman Giovanni arxadan Lidiyanın etiraflarını eşidir. Valentina isə bu hadisədən sonra onların buranı tərk etməsini istəyir. Tək qalmaq istədiyini bildirir. Biz isə işığın sönməsiylə qaranlığa qərq olan Valentina isə baş-başa qalırıq.

Yorulmamısınız ki, biraz da hövsələnizi sıxa bilsəniz, sona az qalıb. İstəyirsiniz biraz fasilə edək. Su içim gəlirəm indi. Boğazım yaman quruyub. Bu vaxtacan bu qədər danışdığımı xatırlaya bilmirəm. 

Yazıçılıq cəhətdən tükənmə perioduna çatan Giovanni ilə ona özünü həsr edən Lidiya arasında ünsiyyət qopubluğun əsl səbəbi nədir? 

Bütün gecəni malikanədə keçirən Lidiya ilə Giovanni qürub çağı asta addımlarla gedərkən bir ağacın altında otururlar. Bu son səhnədə Lidiyanın çantasından çıxarıb oxuduğu məktub Lidiya ilə Giovanninin bu vaxta qədər münasibətinin qaranlıq tərəflərini gün üzünə çıxırır. Münasibətin pozulma anının hansı nöqtədən başladığını tamaşaçıya bəlli edir.

Son söz: Gecə filmi sənayeləşmə dövrünə qədəm qoyan İtaliyada insanlararası münasibətlərin maskalanmasından, sənayeləşmənin gətirdiyi təhnalıqdan, materialist dünyanın idealist dünyanı üstələməsindən, insan təbiətinin qaranlıq tərəflərindən, burjuaziya əxlağının necə korlanmasından bəhs edir.

İki saatın (gecə saat 11:00- 01:00 arası) sonunda sözümü burada bitirirəm. Film haqqında düşündüyüm fikirləri əlindən gəldiyi qədər danışmağa, nəql etməyə cəhd etdim. Əgər danışdığım bu fikirlərin bir qismini yaza bilsə idim, film haqqında maraqlı resenziya çıxardı. Giovanni kimi yaza bilməmək sindromuna qapılmam artıq film haqqında məni danışmağa məcbur etdi.

İnanıram çəkdiyim bu video kiməsə azdan-çoxdan maraqlı olacaq. Videonu izləyəndən sonra altda rəy bölməsinə fikir və iradlarınızı yaza bilərsiniz.

Sağlıqla qalın. Gələn görüşlərə qədər.

Kamera sönür.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)