Edebiyyat.az » Film » Nəcəf Əsgərzadə - Mayak : Ağa və kölə

Nəcəf Əsgərzadə - Mayak : Ağa və kölə

Nəcəf Əsgərzadə - Mayak : Ağa və kölə
Film
Necef Esgerzade
Müəllif:
20:10, 22 yanvar 2020
1 936
0


Sözönü: Lighthouse (Mayak) filmi, rejissor: Robert Eggers, ssnerist: Robert Eggers, Max Eggers

İki nəfər. Mayaka doğru gedirlər. At kimi şahə qalxan dənizin ləpələrinin çiyni ilə gəmi onları düz mayakın yerləşdiyi sahilə gətirib çıxarır. Növbə dəyişikliyi baş verir. Və təkcə növbə dəyişikliyi deyil, buraya düşən insanların həyatı da bundan sonra başqa məcraya doğru axmağa başlayır.

Stefan Sveyqin Şahmat əsəri.

K. adlı obrazı cəzalandırmaq üçün bir otağa salırlar. İlk başda bu cəza deyil, mükafat kimi görünür. Amma biz yanılırıq. Otaqda stul, masa və yataqdan başqa heç nə yoxdur. Pənrəcədən isə sadəcə hasar görünür. İnsan hər gün otaqda olan sadaladığım üç əşya arasında nə vaxta qədər yaşaya bilər? Azadlığı sadəcə bu otaqdakı əşyalarla əhatələnən K.-in get-gedə vəziyyəti gərginləşməyə başlayır. O, dəli olmamaq üçün öz-özü ilə danışmağa cəhd edir.

Mayak filmində azadlığın ərazisi nisbətən böyükdür. Burada dəniz, kömür mədəni və mayak var. Həmçinin içki də içmək mümkündür. Efraim üzərinə düşən Tomas tərəfindən verilən gündəlik tapşırıqları görməkdədir. Hər gün. Monoton şəkildə.

Azadlığın arealı genişlənsə də, məna cəhətdən dəyişməz qalır.

K. bir gün gizlicə bir kitab ələ keçirir. O, elə sevinir, elə sevinir ki, sanki dünyanı ona bağışlayıblar. Onun sevinməyinin bir məqsədi var. Monotonluqdan qurtulmağın yolunu bir müddətlik də olsa tapa bilməsidir. Amma onun keçirdiyi sevinc dolu hisslər müvəqqəti səciyyə daşıyır. Çünki oğurladığı şahmat haqqında balaca kitab olur. O, kitabı nə qədər gec oxumağa çalışsa da, tezliklə bitirir. Bəs bundan sonra nə olacaq?

Efraiminin oxumağa vaxtı və həvəsi yoxdur. O, adaya düşən gündən həyatın sərt şilləsi ilə tanış olur. Yanında işə girdiyi Tomasın ağır sözlərinə it kimi qulluq etməyə məcburdur, hətta Tomasa - ağasına qarşı gəlsə də, sonradan quyruğunu yanına qısan it təki başını aşağı salıb verilən əmrləri hərfi-hərfinə yerinə yetirir. Monotonluqdan qurtulmaq üçün ağası ona şam yeməyində içki içməyi təklif edir. Efraim ilk öncə buna isti yanaşmasa da sonradan içkinin dibinə edir. İçməsən adanın vahiməli səssizliyi sənin başını pambıqla baş kəsən kimi kəsər.

Burada monotonluqdan xilas içkiyə bağlanmaqdır.

K. şahmat kitabında öyrəndiyi qaydalar əsasında xəyali şəkildə öz ilə şahmat oynamağa girişir. Çörək qırıntıları ilə başladığı xəyalı oyunun onun həyatına vurduğu zərbədən yaranan şizofrenik vəziyyətin sonrakı nəticələri dəhşətli şəxsiyyət ikiləşməsinə gətirib çıxarır. Özünün yaratdığı ağa ilə mübarizəyə başlayan K.- ın kölə olmağa niyyəti yoxdur.

Ağa və kölə

Efraim və Tomas. Tomas əmr edir. Efraim yerinə yetirir. Amma bu sonacan belə ola bilməz. Tomas Mayakın ən yuxarı hissəsində dayanaraq Efraimin üzərində iqtidar qurmağa çalışır. Toması həm də ego kimi düşünmək olar. Və bir də digər Tomas var. Cavan Tomas. Efraiminin hərdən gözünün qarşısında peyda olur. Onu narahat edir. Bu iki Tomas arasında necə bir münasibət ola bilər?

Efraim mübarizəyə başlayır. Mayakın yuxarı hissəsində, Tomasın onu buraxmadığı həmin hissədə nə baş verdiyini öyrənmək istəyir.

Mayakın özü başqa bir müzakirə obyektidir. 

Alfred Hitçkok. Vertigo 

Vertigo filmində kilsə var. Son səhnə də yüksəkliyə çıxanda başı fırlanan dedektiv izində olduğu Ester/Judy ilə kilsənin ən yuxarı hissəsinə çıxır. Öz qorxusuna qalib gəlir. Və qadın üzərində iqtidar sahibinə çevirir. 

Alfred Hitçkokun ən çox təsirləndiyi şəxslərdən biri Freyd olmuşdu. Onun psixoanalizlə, yuxulargörmələr bağlı fikirləriylə tanış olan rejissor oxuduqlarını yaratdığı filmlərdə tətbiq edir. Bildiyiniz kimi, yuxularda gördüklərimiz keçmişdən qalan xatirələrlə, gün ərzində rastlaşdığımız insanlar, başımıza gələn hadisələr birləşərək yatdığımız zaman qarışıq kino lenti kimi gəlib qapalı gözlərimiz qarşısından keçir. Vaxtilə basdırdığımız, cəmiyyətdən gizlətdiyimiz hisslər ki var oda bizi yuxuya getdiyimiz andan rahat buraxmır.

Kino öz-özlüyündə rejissorun bizə ötürdüyü sehrli aləmindən bir parça kimidir. Kino rejissorun ayıqkən gördüyü yuxudur. Və yuxunu lentə köçürərək tamaşaçıları da öz yuxusuna ortaq edir.

Freydə görə kilsə kişi penisinin təmsili idi. Hitçkok da Freydə istinad edərək Vertigo filmində bundan istifadə edir. Dedektiv kilsənin ən yuxarı hissəsinə yanında olan qızla birgə qalxaraq öz kişiliyini sübuta yetirir.

Kilsə - mayak çevrilməsi.

Amma burada yaranan situasiya biraz fərqlidir. Vertigo filmində kişi qadın üzərində iqtidar qurmağa çalışırdısa, Mayak filmində iqtidar savaşı iki kişi arasında gedir. Bir kişinin digəri üzərində hakimiyyət qurması olduqca çətindir. Əslində qurmaq asandır. Onu sonacan əldə saxlamaq çətindir. Necə ki, Mayak filminin son səhnələri bunu bizə aydın göstərir.

İki kişi də öz hisslərini basdırdıqca həmin hisslər daha əcayib, eybəcər formada özünü təzahür etdirməyə başlayır. 

Qadınla yaşamaq olmur, qadınsız da. Çexovun bu maraq fikri burada yerinə düşür. Baxın, Efraim və Tomas qadınsızlıqdan əziyyət çəkirlər. Ona görə bir-birilərini quduz it təki qapmağa hazır vəziyyətdə dururlar. Onların dadına sadəcə içki çatır. İçki həm onları monotonluqdan, həm də qadınsızlıqdan qurtarır. Qısa müddətlik də olsa.

Və bir də qağayılar var. Adanın səssizliyini pozan, adamın əsəblərinə toxunan quşların səhər-səhər eşidilən tükürpədici səsi.

Qağayıları öldürmək olmaz. Bu fəlakətə səbəb olar. Tomas inanır ki, burada ölənlərin ruhları adanın tərk etmir, qanadlanıb səmaya qalxır, qağayıya çevrilərək yenidən və bu dəfə azad şəkildə adanın yan-yörəsinə fırlanmağa başlayır. Əgər sən qağayını öldürsən öz quyunu öz əlinlə qazmış olacaqsan. 

Efraim isə buna inanmır. İnanmadığına görə Tomasın sözlərinə rəğmən dəhşətli hadisəyə qol qoyur. Bu isə adada olan tarazlığı dəyişir. 

Bundan sonra adanın üzünü qara buludlar alır. Vaxt artıq onların əleyhinə işləyir. Səssizlik iniltiyə çevrilir. Monotonluq boğaza bıçaq kimi dayanır. Basdırılmış hisslər insanın çöküşünü tezliklə gerçəkləşdirməyə tələsir.

Efraim tərəfindən yerə çırpılaraq qırılan su pərisi heykəlçiyi kişinin qadın, daha doğrusu cinsi hissləri qarşısında acizliyini əyani şəkildə izah edir. 

Hə birdə mayakın zirvəsində gizlədirən sirr var...

Kinoya baxandan sonra oxuduğum analizlər filmi iki yunan tanrısı arasında qarşı-durma kimi xarakterizə edirdi. Efraim Protomey və Tomas isə Poseydonun oğlu Proteus. Proteus sürətlə istənilən cildə girən tanrıdır. Onu anidən, gözləmədiyi məqamda tutsan həqiqəti deyəcək. Protomey isə işığı, əslində biliyi tanrı Zevsdən oğurlayaraq insanlara vermişdi. Və bundan sonra dağın zirvəsində daşa bağlanaraq ciyəri - hər gün ciyər yenidən özünü bərpa edirdi - quşların yeminə çevrilir. Törətdiyi əməlinə görə bu ağır cəzaya məhkum olan Protomey sadəcə Heraklin köməyi ilə xilas ola bilir.

Deməli xilas üçün sadəcə ağıl və cəsarət yetmir, güc də lazımdır.

Amma biz bu məsələləri kənara qoysaq, başqa yanaşma təklif edə bilərik. Gəlin, düşənək ki, biz heç yunan mifologiyasını bilmirik. Onda filmini necə yoza bilərik? 

Əgər bir şeyi, ən əsas da çətin görünən məsələni dərk etmək istəyirsənsə onu kiçik, özünə görə başa düşəcəyin predmetlər çərçivəsinə endir. Buna görə müşahidə və təcrübə şərtdir.

Efraim ilə Tomas arasında olan münasibətin ən kiçik misalı ata və oğul arasındakı münasibətlərə söykənir. Freydin düşüncəsinə görə oğul uşaqları analarına bağlı olur. Və onu elə sevir ki, hətta atasına qısqanır. Onu öldürmək istəyir. Bunun başqa təzahürü yenə yunan mifologiyasındakı Edip obrazına gedib çıxır.

Başqa insana görə Efraimlə Tomas arasında olan savaşı müdir ilə işçi arasında baş verən münasibətlərə bənzətmək olar.

Bir başqasına görə həmin savaşı xalq ilə hakimiyyət arasındakı münasibətlərə bənzətmək olar.

Belə misallar çox çəkə bilərik.

Amma və lakin... Mənə görə bu savaş insan və tanrı arasındadır. 

(Bilirəm bu yanaşma yuxarıda adını çəkdiyim yunan mifologiyasına yaxınlıq təşkil edir. Düzü mən filmə baxanda bu filmin yunan mifologiyasından təsirləndiyini çox az hiss etmişdim. Çünki yunan mifologiyası haqqında bilgim çox azdır.)

Tomas Tanrıdır, Efraim isə insan . Tomas(Tanrı) mayakı- biliyi qoruyur, insanın başını qatmağa çalışır ki, mayakın yuxarı hissəsinə gedib çıxmasın. Qoyulmuş qadağanı pozmasın. 

Efraim digər qaydanı pozur ilk öncə. Öldürmə(!) əmrinə qarşılıq quşu öldürür, sonra öz hissələrinə hakim ola bilmir ( Quşun daxilində yerləşən Efraimdən əvvəl adada yaşayan başqa birisi də bu əmələ uymayıb, quşu öldürmüşdü. Ədəbi tsikl. Təkrarlama).

Efraim ağasına qarşı üsyan etmək istəyir. İçi-içini gəmirir. Ağasını satmaq, aldatmaq, hətta öldürmək bağlı daxilində baş qaldırmış istəkləriylə savaşır.

Efraimin hərdən gözünə göründüyü adam isə ilk insan Adəmdir. Cavan Tomas. Tanrının ilk yaratdığı insan. Cavan Toması biz mayakın yuxarısında görürük. Efraim ona əlini uzadır. Arxadan isə Qoca Tomas Efraimin qolundan tutur. İşıldayan gözləriylə Efraiminin gözlərinə dikir baxışlarını. Tanrı hər şeyi bilir. İnsanın içini görür. Yaradana qarşı üsyan etmək ağılsızlıqdır.

Filmin bir hissəsində isə Efraimlə Tomas dialoqlarda kim-kim olması haqqında polemikaya girişirlər, rollar tez dəyişilir və Tomas Efraimdən ona inanıb-inanmadığını soruşur. Efraim isə inandığını deyir. Amma sonrakı hadisələr bu inam hissini təkzib edir. 

Kimdir tanrı? Efraimmi yoxsa Tomasmı?

Efraim "Tanrı öldü onu mən öldürdüm" devizini əlində bayraq edib mayakın gizli yerinə giriş edir. Artıq o, zirvədədir. Tanrı olmaq istəyir. Əlini uzadır sehirli fənərə. Xoşbəxtdir. Amma bu xoşbəxtlik nəyin bahasına başa gəlir Efraimə? 

Efraim bu qələbəni haqq edirmi? Haqq edirdisə sonacan ona tab gətirməli idi. O, isə Roskolnikov kimi qətli törətdikdən sonra başa düşür ki, Napoleon deyil və heç zaman Napoleon ola bilməyəcək. Bəs Efraim bunu başa düşdümü?

Son səhnə isə Promoteyin başına gələnlərin inikası kimi bizə göstərilir. Hərgah, bu təkcə Promoteyin deyil, özündən böyük daşı qaldırıb dağın zirvəsinə daşımaq istəyən yalançı Siziflərin əvvəlcədən bəlli olan aqibətidir

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)