Edebiyyat.az » Musiqi » Elvin Rizvangil - Qal, sənə qurban

Elvin Rizvangil - Qal, sənə qurban

Elvin Rizvangil - Qal, sənə qurban
Musiqi
admin
Müəllif:
09:59, 05 sentyabr 2022
2 805
0
Elvin Rizvangil - Qal, sənə qurban




 

Elə mahnılar var ki, insan xoşbəxt anında - sevdiyi yanında olanda onu dinləyir, ancaq sözlərinin fərqinə varmır. Əgər sevgilinizdən ayrılmısınızsa, sizi tərk edibsə, yaxın oturun, dinləyib ağlamağa bir mahnı tapmışam sizin üçün.

Yadımdan çıxmaz; 22-23 yaşlarımda gənclik illərimin ən odlu-alovlu sevgilərindən birini yaşayan vaxt qız məndən qəti şəkildə ayrılırdı. Səbəbi dəqiq yadımda deyil, ancaq böyük bir səhv etmişdim. Yalvar-yaxar görüşməyə razı saldım. Evlərindən 100 metr aralı - Sumqayıt Dram Teatrının arxa tərəfindəki parkda yalnız on dəqiqəlik görüşə razı oldu. On dəqiqə ərzində ikimiz də susduq. Durub gedəndə əlindən tutub "getmə, kimsəsizəm, qal sənə qurban. Bu dilsiz, ağızsız lal sənə qurban" dedim. Qız oturub boynuma sarıldı. Ağladı. "Sonuncu dəfə olsun, - xəbərdarlığını etdi və ardınca təşvişlə dedi, - Bacımgilə gedirəm, dur gedək. Evdən çıxanda zəng eləmişdi, dedim evdən çıxıram. Geciksəm, biləcək  səninlə görüşdüyümü, aləmi bir-birinə vuracaq". Üstündən bir müddət keçəndən sonra bağışlama səbəbini soruşdum. Dedi ki, ayağa duranda "Getmə, kimsəsizəm, qal sənə qurban" dedin və bu sözdən sonra getmək vicdansızlıqdır. Əslində, həmin an o sözləri ürəyimdə dediyimi düşünürdüm.

Söhbət məşhur "Qal, sənə qurban" mahnısından gedir. Mahnının müəllifləri haqqında müxtəlif fikirlər var. Yəqin ki, bu haqda məlumatlısınız və bu söhbəti uzatmamaq üçün müəlliflər haqqında heç nə demədən keçirəm əsas mətləbə. Əgər məlumatsızsanız, "GOOGLE" axtarış platformasında mahnının yaranması haqqında geniş məlumatlar ala bilərsiniz.

Mahnıya mən Nəzakət Teymurovanın ifasında qulaq asmışam. Yəni bir sevgiliyə bundan gözəl yalvarış ola bilməz.

 

Getmə, həsrətliyəm, qal, sənə qurban,

Ömürlük həmdəmim ol, sənə qurban.

Mənlə şirin danış, mən şirin gül,

Ələnsin ləbindən bal, sənə qurban

 

İlk bənddə aşiq sevgilisini dilə tutmağa çalışır. Barışacağına inanır. Getmə, həsrətliyəm, qal, sənə qurban, ömürlük həmdəmim ol, sənə qurban. Mənlə şirin danış, mənlə şirin gül, ələnsin ləbindən bal, sənə qurban. Burda işin ciddiyyətinin fərqində deyil və sevgilisini asanlıqla barışmağa razı salacağına inanır. İnanır ki, bu adi inciklikdir. Bu sözlərə məhəl qoymayan qızı görəndə möhtəşəm ikinci bənd gəlir.

 

 

Getmə, kimsəsizəm (uzaqlara), qal, sənə qurban,

Bu dilsiz, ağızsız, lal sənə qurban!..

Mənlə şirin danış, mən şirin gül,

Ələnsin ləbindən bal, sənə qurban!

 

Getmə kimsəsizəm, qal sənə qurba, bu dilsiz, ağızsız, lal sənə qurban!...Bu sözdən sonra getməkmi olar?! İnsan sevdiyinə necə çarəsiz, onsuz necə yazıq və kimsəsiz olduğunu bundan gözəl necə ifadə edə bilər?! Nəzakət Teymurovanın bu bəndi özünəməxsus boğazda oxuması, həqiqətən də, adamı dəli edir. Düşünürəm ki, səbəb nə olursa olsun, bu sözlərdən sonra qalmayıb gedən sevgili vicdansızdır. Peşimanlığın və çarəsizliyin bundan gözəl ifadəsi ola bilməz. Ancaq bu da təsir etmir və tərk edir. 

 

Amandır, düşməsin qəlbinə əğyar,

Yanağında qara xal, xal, sənə qurban!

Əgər üz çevirib getsən uzağa,

Qalmaz aşiqində hal, sənə qurban

 

Bu bənddə artıq diz çöküb yalvarır. Gedən ayaqları qucaqlayıb yalvarır. Bu bənd son çarədir. Əgər bu bənd geri döndərmirsə, bir də dönməyəcək, gələcəyinin hər anını xəyal etdiyi insanı birdəfəlik itirəcək. Amandır, düşməsin qəlbinə əğyar, yanağında qara xal, xal sənə qurban! Əgər üz çevirib getsən uzağa, qalmaz aşiqində hal, sənə qurban. Bu sözlər sonuncu şansıdır aşiqin. Son ümid. Ölüm ayağında  olan yaxınına əlindən gələn son tibbi yardımı etmək kimi bir şey... Bəlkə ürəyi yumuşaldı, səni bağışlamasa da, qaldı. Bu sözlər işə yarayır və geri dönür. Sonuncu bənd isə aşiqin ona bir daha belə şey olmayacaq vədidir.

 

Yamandır hicranın,

Getmə, sevgilim, getmə,

Qəlbimi həsrətli etmə, sevgilim.

Dinsin saf eşqilə, qoy, ürək teli,

Vüsal nəğməsini çal, sənə qurban!

 

Mahnın sözlərinin yazılma tarixçəsini oxuyanda da mənə təsir etmişdi. Bu mahnıya hər dəfə qulaq asanda özümdən asılı olmadan göz yaşımı saxlaya bilmirəm. Bir insan nə böyüklükdə sevməlidir ki, sevgilisinin getməməsi, qalması üçün belə yalvarsın. Elə sevin ki, gedəndə "getsən, kimsəsiz qalaram" deyə biləsiniz.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)