Edebiyyat.az » Poeziya » Ələsgər Əhməd - Gülərik

Ələsgər Əhməd - Gülərik

Ələsgər Əhməd - Gülərik
Poeziya
admin
Müəllif:
23:32, 20 iyul 2020
1 837
0
Ələsgər Əhməd - Gülərik





Balasına yem aparan quşun, 
yuvasını dağıtmaq hissidi intiqam 
Bəlkə sarı saçlarından, 
möhkəmcə yapışmışdı
Bütün pis vərdişlərdən qopmuşdu
Gecənin qaranlığına, 
"ağ ölüm" yazan adam 
37-ci zərbəyə qədər vuruşun
Mən elə şeylər yazıram, 
məni oxumaq üçün 
Səmalardan tələsir guşə 
Düşmən tərəfin qadınları da deyir ki, 
Kaş bizim kitablara əsir düşə
Ağlayıram, 
ruhumdakı qan izlərini yumaq üçün 
Ağrıyıram
İndi qolumun yox,
ürəyimin damarlarını kəsir şüşə  
Gələcəkdən artıq "keçmiş" 
İstifadə vaxtı keçmiş, 
eşidilirəm səsimi duyana
Gecəni 3 yerə bölmüşəm
bir az sən, 
bir az müharibə,
bir az da marixuana 

Çiynimi silkələyəndə,
gözlərim açılmırsa, demək ölmüşəm 
-Necəsən? 
-qəribə. 
Təbəssümüm narahat edirdi,
dişlərimi sökdülər 
Sənə addımlamayım deyə, 
ayaqlarıma beton tökdülər 
Bir qarmaq sürüşkənliyimə,
bir barmaq tətiyə
Bədənimi qucaqlayan,
"graffiti" divar
Güllə, 
sinəmin sağ tərəfinə dəymə,
döşcibində sevgilimin şəkili var
Göyə qalxırsan, 
ovuclarım addımbaaddım ayağındadı səki kimi
Səni görəndən sonra, 
adam sevməyə başlayır məktəbdəki kimi 
İlk sevgi məktubu da xatırlanır 
hüceyrələrinə kök saldımı,
səncə də paradoksaldımı?
Biologiya kitabı ağacdan hazırlanır
Elə bu səhifədən oxuyurdum 
Yanımda "Həsti" adlı qız əyləşdi 
İrandan gəlmişdi 
əli, 
sevgilisinin əlini tutduğuna görə kəsilmişdi
Dəyərdi. 
Əvvəl mənim üstümə qışqırdı
bəsdi! gözəlləşdi
digər məktəbli yuxularında gəzdi 
Müəllim 
kim burdadı əlini qaldırsın deyərdi:
Onun dərsdə olduğunu düşünməzdi.

Dediyim o, sarı saçların
məzarlıqda dalğalanıb, rəng qatacaq məzarıma da
Hələ sən gəlməmişdin
bilməmişdin bir şairi gizlətmək, 
nə qədər çətindi
divarlarında "əsgərin" yazılan kazarmada
Ola bilər, görünüşüm uşaqdı
ya da sənin gözlərin, bətndi
Uşaqlağını yaşamayan adamın, 
böyüməyi- "görüşüb danışaqdı"
Mənə başa salırsan:
yuxarıdakılardan danışsan, 
padvaldakılar susduracaq
Bugündən bəri, 
düşüncəmin də bir addımlığında polis duracaq 
Səsindən aldığım motivasiya 
deyir; 
həqiqəti pıçıldayası səsəm
bədənim şıram-şıram
Göyə qalxarkən
pəncərənizdən sənə baxmaq istəsəm 
neçənci mərtəbədən yıxılaram?

Söz- mərmidirsə
dodağında təkrarlayanın,
beynindən girsə 
tükənməz bazam
Adamı ovuclarında itirmək, 
müharibə şəraitində özünü yetirmək 
bu qədər asanmı?
Mən etiraz etmirəm, 
özüm elə etirazam
Yanımdasanmı?
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)