Edebiyyat.az » Poeziya » Əfsanə Rəvan - Vətən-vətən qollarına gəlirəm

Əfsanə Rəvan - Vətən-vətən qollarına gəlirəm

Əfsanə Rəvan - Vətən-vətən qollarına gəlirəm
Poeziya
admin
Müəllif:
00:17, 07 avqust 2020
2 488
0
Əfsanə Rəvan - Vətən-vətən qollarına gəlirəm






Ölsəm varlığında gözüm qalacaq

Dərdinlə ölçmüşəm məsafələri,
Ən uzaq yolumsan, ən doğma yurdum.
Sənə qovuşmağa gün saya-saya ,
Sənli arzuları yıxıb, uçurdum.

Sonra yoxluğuna ibadət edib,
Önündə səcdəyə əyildim hər gün.
Mən sənin ömrünə qonaq gəlmədim,
Mən sənə sığındım yaşamaq üçün.

Bitib, qətrə- qətrə ərimiş canam,
Sınıb, çiliklənsəm tozum qalacaq.
Qayıt batil elə ibadətimi,
Ölsəm, varlığında gözüm qalacaq. 

***

Son nəfəs 

Getmə, intihar edər darıxmağımla illər,
Eşqimiz yarım qalar, saçıma bəyaz düşər.
Həsrətin ağır olar, unutdurar hamını,
Yadıma nə son bahar, nə qış, nə də yaz düşər.

Getsən, döngələr, yollar ağı deyər halıma,
Gedirsənsə, yolların taleyinə yaz məni.
Yoxluğun həyatımı elə günə salar ki,
Sən bir yana, anam da görsə, tanımaz məni.

Getmə, axı gedişin günəşə pərdə çəkib,
Yığıb qaranlıqları başıma ələməkdi.
Getmə, qurban olaram, qadan alım, tələsmə, 
Gedişin həyatımın son nəfəsi deməkdir.

***

Vətən-vətən qollarına gəlirəm

Bir də gördün, yuxuların çin oldu,
Bir də gördün, qaçıb sənə gəlmişəm. 
Bir silimlik suda boğub həsrəti, 
Bir ovucluq sığal dənə gəlmişəm. 

Bilirsən ki balacadı bu dünya,
Bilirsən ki dağ da, dağa rast gələr.
Bir də gördün pəncərədən süzülüb,
Ayaq səsim otağında səslənər.

Neçə vaxtdı gülüşünə, qoxuna, 
Neçə vaxtdır baxışına həsrətəm. 
Mən səninçün tərk edilmiş bir ölkə, 
Sən mənimçün öləcəyim bir vətən. 

Çıx yığışdır küçələrdən həsrəti,
Sevgi döşə yollarıma, gəlirəm. 
Şəhər-şəhər darıxmağı yığmışam,
Vətən-vətən qollarına gəlirəm. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)