Nargilə Rəhmanın yeni şeirləri
ALİ BAŞ KOMANDANIM
Yetim uşaqlar kimi ağlar qalmışdı millət,
Düşmənin caynağında çəkirdi yurdum zillət.
Anaların fəryadı, körpələrin naləsi
Ərşə çatdı... Dünyasa eşitmədi o səsi.
Dünya bizi nə gördü, nə dedi alçağa dur,
Körpə, yaşlı demədən düşmən saldı vurhavur.
Yağı hər gün, durmadan tökdü hey yurdumda qan,
Bayramdan çox matəmlər qeyd etdi Azərbaycan.
Hardan bilir fransız, əsir-yesir düşmək nə,
Qucaqda körpə ilə çadırlarda bişmək nə...
Qarabağ dönüb oldu bizlərə utanc yeri,
Sınan şərəf,heysiyyət,başlara qaxınc yeri.
Neçə ömrü yarımçıq qoydu düşmən silahı,
Tanrı yerdə qoymazdı məzlumlar çəkən ahı...
Səni məlhəm göndərdi, sildin bu göz yaşını,
Ey mənim xalqmdedin,qaldır, dik tut başını!
Ölmüş ruhun, əzmini bu millətin oyatdın,
Ən yüksək zirvələrdə bayrağını ucaltdın!
Varmı sənin tək məğrur, bir belə əzəmətli,
Düşməninə amansız, xalqına mərhəmətli?
Qədim dövlət üstündə yeni ölkə yaratdın,
Millətə ağız büzən ağızları qapatdın!
Qətiyyətinlə xalqa gətirdin yeni bir can,
Səninlə qürur duyur, fəxr edir Azərbaycan!
Sözlə vəsf etmək səni çətindən yüz qat çətin,
Azadlıq günəşisən bu xalqın, məmləkətin!
Sınıq hər bir könülə əsdin bahar mehi tək,
Ruhumuz təzələndi sübh düşən dağ şehi tək.
Dünya kürsülərinin möhtəşəm bəzəyi Sən!
Yeni Azərbaycanın döyünən ürəyi Sən!
Hər bir sözün, kəlmənlə oyadırsan fəxarət,
Liderlərin lideri!Adın bizə şərafət!
Tanrı nurlu simanda göndəribdir xilaskar,
Milyonlarla insanın duasında adın var!
Sonsuz olsun zəfərin, Ali Baş Komandanım!
Sənin ilə qalibdir daim Azərbaycanım!
Seçdiyini heç zaman Allah darda qoymayıb,
Apar bizi döyüşə!Düşmən qandan doymayıb.
Bilirik ,istəməzdin sən də töküləydi qan,
Amma,torpaq savaşı qana-qandır, cana-can!
İtlərin adətidir, hürər ulduza, aya,
Çaqqalların sürüsü neylər aslana guya?
Qələbələr fatehi! Sənə sevgimiz ölməz!
Ömrün qoy dünya qədər olsun bitməz, tükənməz!
Getməyəcək bir qarış torpaq düşmən badına,
Yazılacaq çox dastan hələ sənin adına.
Adını xalq dilində nəğmə tək əzizləyir,
İlhamlı gözəl günlər , illər bizi gözləyir !
Qəlbimdən keçənləri qələm yazmaqda aciz,
Ali Baş Komandanım, sənə inanırıq biz!
9 oktyabr 2020
Ordumuz
Qoy bayram eləsin yenə bu ellər,
Bizimdir qələbə, bizimdir zəfər!
Dünyaya səs salıb şanlı Ordumuz,
Düşməni susdurub igid ərənlər!
Al bayrağım yerə-göyə düzülsün!
Gözümüzdən sevinc yaşı süzülsün!
Qalmasın yurdumda yağıdan bir iz,
Kəsilsin kökləri , soyu üzülsün!
Gözü yollardadır gözəl Qarabağ,
Şuşanın ürəyi dönüb olub dağ.
Yenilməz, döyüşkən, Polad Orduma
Xankəndi həsrətlə açıbdır qucaq.
İrəli əskərim! Söyləyir hər kəs,
Mübariz əskərim yolundan dönməz.
Şəhid zirvəsindən boylanan igid,
Şəhidlər ölməzdir!Vətən bölünməz!
Xocalı qisasın alsın Ordumuz!
Qələbə marşını çalsın Ordumuz!
Qoy azad olunsun əsir Qarabağ,
Tarixdə əbədi qalsın Ordumuz!
1 oktyabr 2020
ANCAQ QƏLƏBƏ
Dərdimiz Qarabağ, tək dərmanı da
Qələbə, Qələbə , ancaq Qələbə!
Elə dondurub ki həsrəti bizi,
Yeganə qızdıran ocaq-Qələbə!
Ürəkdə gəzdirdik biz bu qubarı,
Didərginə döndük öz elimizdə..
Bu payız müjdəçi, tez eylə barı,
Səhəri səninlə açaq Qələbə!
Təşnəyik illərdir böyük zəfərə,
Saralıb solubdu boş-boş sazişlər.
Ümidimiz cəsur, mərd əsgərlərə,
Onlarındı dövran,bu cağ, Qələbə!
Haqdan verilibdir bizə bu zaman,
Düşmənə bir an da verməyək aman.
Zirvələr fəth edən bayrağımızı
Dünyanın üstündən asaq ,Qələbə!
3 oktyabr 2020
ƏSGƏR
Yağma yağış, dur külək,
Səngərdə əsgərim var.
Sən də durma, vur əsgər,
Qarşıda düşmənim var.
Möhkəm yapış əsgərim,
Silahın tətiyindən.
Yurdumuz azad olsun,
Qoy yağı təpiyindən.
Sən döyüşə girəndə
Aslanlar tək amansız,
Sonuncu ümidin vur,
Qalsın düşmən gümansız.
Tozlu şinelin altda
İşıqlı sabah yatır.
Canımsan ,can əsgərim,
Düşmənin sonu çatır.
Əsgər, sənin tər qoxun
Azadlığın ətridir.
Düşməni yuvasında
Sənin nərən titrədir.
Hədəfdəki hər güllən
Bir körpənin qisası..
Qoy əlin titrəməsin,
Vur, vur əsgər, qısası!
Yorulsan ayaq üstə
Gözünün hovurun al.
Sonra ildırım kimi
Çal, əsgər, gavuru çal!
Vətənin hünər ili,
Haydı, göstər cəsarət,
Qarabağı azad et,
Sona yetsin əsarət!
Qorxutmayıb heç zaman
Soyuq səngər, daş səni.
Vətən şəhid kimi də
Seçib vətəndaş səni!
Ya general, ya gizir,
Kökündə əsgər durur.
Bir düşünüb, bir duyub
Düşmənə zərbə vurur.
Cəbhədən hər xəbəri
Gözlərik yel qanadlı.
Hamısında imza var
Əsgər adlı, soyadlı.
Əsgər, döyüş bayrağın
Ən qiymətli əmanət!
Onu möhkəm qoru ki,
İtsə qopar qiyamət!
Özünü qoru əsgər,
Naqafil güllələrdən.
Dilin marş oxuyanda,
Gözlərinlə gül hərdən.!
Əsgər, quşlar oxuyur
Düz başının üstündə.
Səni bir qız gözləyir
Elçi daşı üstündə.
Düşməndən alınası
Min qisas, öcün durur.
Sag-salamat qayıt gəl,
Qurbanlıq qoçun durur.
Ən qəhrəman əsgərsən
İndi dünya gözündə.
Qoy bir dava qurtarsın,
Görəcəksən özün də!
Uşaq, böyük, hər kəsin
Duasında var adın.
Bilirik, siləcəksən
Bilmərrə izin yadın.
Sən ,vuran əlimizsən!
Sən, görən gözümüzsən!
Ürəyimiz səninlə,
Əsgər, sən özümüzsən!
Gözün dalda qalmasın,
İndi biz bir ailəyik.
Qələbə, Zəfər adlı
Arzu, ümid, diləyik!
Əsgər, tozlu çəkmənin
Düz altından öpürəm.
Qanın düşən hər qarış
Torpağa gül səpirəm!
Bu millət Qələbəyə
Acdır, vallah ac, əsgər!
Şuşaya, Xankəndinə
Bayrağımı sanc , əsgər!
O bizim əsgərdi bax,
Alnıaçıq, üzü ağ!
Vətən sənə güvənir,
Ey əsgər adlanan dağ!
4 oktyabr 2020