Edebiyyat.az » Poeziya » Kənan Hacı - Nəfsin xırmanına od vurmaq

Kənan Hacı - Nəfsin xırmanına od vurmaq

Kənan Hacı - Nəfsin xırmanına od vurmaq
Poeziya
admin
Müəllif:
23:50, 11 fevral 2021
1 460
0
Kənan Hacı - Nəfsin xırmanına od vurmaq





Şeyx Nizaminin ruhuna ehtiramla

2021-ci il “Nizami ili” elan olundu.

Nizamiyə qayıdış ili də demək olar. Zaman bizi Nizamidən uzaqlaşdırdıqca biz Nizamiyə daha da yaxınlaşırıq. Nizaminin ideyaları heç vaxt köhnəlmir, o, bütün nəsillərin müasiri olaraq qalır. Nizami bütün zamanların fövqündə dayanır.

Dünya sürətlə öz sonuna yaxınlaşır; təbii fəlakətlər, pandemiya dünyanın təməlini silkələyir. İnsan nəfsi quduzlaşdıqca dünya yaşanmaz hala gəlir. Dünya cifəsinə uyan insanlar mefistofel kimi hər küncdə-bucaqda şər toxumları səpirlər. Məhəmməd peyğəmbər nəfs üzərində mübarizəni Cihadi-kəbir (Böyük cihad) adlandırırdı. Nəfslə savaş onun üçün din uğrunda döyüşməkdən də əfzəl idi. Nizami necə deyirdi?

Nəfsinin xırmanına od vur, elə bir od ki,
Nəfsin qoy yanıb sönsün suda təbaşir təki.


Yer üzündə bütün müharibələr insan nəfsinin məhsuludur. Bəşər əhli Nizami göstərən təriq ilə getsəydi, yer üzü gülüstana dönərdi. Dünyagirlik bütün insani dəyərlərin üzərindən çalın-çarpaz xətt çəkib. Belə bir zamanda Nizamiyə qayıdış bizim üçün bir xilas yolu ola bilər. Nizamini daha dərindən, dönə-dönə oxumaqda fayda var.

Nizami təkcə aformizlərdən ibarət deyil, onun əsərlərində insana yaşam proqramı verilir. Təsəvvür edin, Nizami dövründə teleskop yox idi, bu planetləri hələ o vaxt heç kəs görməmişdi, onlar hələ elmə məlum deyildi. Yalnız XVII əsrdə Qaliley teleskopu icad etdikdən sonra bu planetlər kəşf edilib. Nizaminin əsərlərində tez-tez rast gəldiyimiz “doqquz fələk” ifadə geosentrik sxem üzərində qurulub.

Nizami səma cisimlərini yalnız vizual müşahidələrlə öyrənirdi. Fələklərin hərəkətindən danışaraq həmişə “gərdişha”, yəni “fırlanmalar” deyir və bu sözü cəm halında işlədir.

Fələkləri yerin başına fırlanan etmiş,
Fələklərin fırlanmasını yer üçün etmiş.

Şair bu uzaq cisimlərin “dolanan günbəzlər”, yəni kürə şəkilli fırlanan cisimlər olduğunu təyin edə bilib.

“Altı tağlı çadır” ifadəsi altı cəhəti ifadə edir: sağ, sol, ön, arxa, aşağı, yuxarı. Nizami aləmə kosmik nəzərlə baxır, kosmik fəzada duran müşahidəçi altı cəhətin hamısında Göy qübbəsini tağ şəklində görür. Şair bütün həndəsi anlayışların maddi cisimlərlə vəhdət təşkil etdiyini bildirmək üçün cəhət məfhumunu peyğəmbərin meracına qədər aparıb çıxarır.

Nizamini oxuduqca məlum olur ki, şair elektrik hadisəsi ilə ibtidai şəkildə olsa da, tanış imiş. Nizami naqillər və elektrik materialları haqda öz fikrini bu cür ifadə edir:

Çoxlu daş və çoxlu gövhər (maddə) var ki, sürtərlər,
Amma nə dəmiri, nə də samanı çəkərlər.

Bu mənada Nizamini gələcəyi görən peyğəmbər adlandırmaq olar. Nizami təbiətşünas, astroloq, musiqinüşas, islamşünas kimi demək olar ki, araşdırılmayıb. Azərbaycanda bu işi görən yeganə alimlərdən biri Əhmədağa Əhmədov olub. O, kimyaçı alim idi, amma həm də Nizamişünas idi. Kimya, fizika elminə bələdliyi ona Nizaminin söz xəzinəsinin şifrələrini açmaqda kömək edirdi. Nizami XII əsrdə zəka atını elmin, fəlsəfənin atişləməz yolları ilə səyirdirdi. Bu mənada onu idrak alpinisti adlandırmaq olar.

Bu gün bəşər əhli məhz Nizami zəkasına möhtacdır. Səhrada azmış insana onun fikirləri xilas yolunu göstərə bilər. XXI əsrin insanı isə düşünmək istəmir. Düşünən insan isə öz idrakını şər qüvvələrə satır. Nizaminin təbirilə desək, bu qədim düşərgənin insanları Allaha bəndəlik etmək istəmir.

Keşik çəkən ilanın xəzinədə gözü yox,
Çünki başdan-ayağa xidmət kəməridir o.


İnsan ilan qədər “xidmət kəməri” ola bilmir. Xəzinədə (dünya malında) gözü olmayan insan Allahın ən sevimli bəndəsidir. Bu qəbil insanlar çoxaldıqca dünya şərin cəngindən xilas ola bilər. Nizaminin fəlsəfəsi başdan-başa bu ideya üzərində qurulub. “Xəmsə”nin hansı əsərini oxusanız, orda Ali İnsan obrazı görəcəksiniz.

Adəm cənnətdən niyə qovuldu? Nəfsinə yenik düşdüyü üçün.

Bu laqqırtı evində tənə vurarlar sənə,
Cahanı satdın deyə bir arpa danəsinə.


Nizami bu beytində Adəmin buğda yeyib cənnətdən çıxarılmasına işarə edir. “Laqqırtı evi” deyəndə dünya evini nəzərdə tutur. Sabirin misraları yada düşür:

Satdı gülzari-behişti iki buğdayə babam,
Satmasam naxələfəm mən onu bir arpayə.

Nəfsimizdən azad olsaq, dünya gülzari-behiştə çevriləcək. Nizamini oxumaqla kifayətlənməyək, onun göstərdiyi təriq ilə gedək. Nicat yolumuz oradadır!

Şeyx Nizaminin ruhu köməyimiz olsun! 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)