Boris Pasternak (1890–1960) - Qış gecəsi
Külək sovururdu, şırımlayırdı
Qarı bu axşam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Yay günü mığmığa, hünü topası
Oda cumantək,
Sovurub çırpırdı qar lopasını
Şüşəyə külək.
Ox-ürək rəsmiylə naxışlanırdı
Şüşə durmadan.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Tavanda kölgələr solğun təlaşla
Titrəşirdilər,
Qol, qıç və talelər çarpazlaşıb da
Cütləşirdilər.
Və bir cüt başmaq da necə düşdüsə
Taqqatan yerə,
Damdı göz yaşıtək paltarın üstə
Mumdan bir gilə.
Sovrulub gedirdi hər nə ki vardı
Bu qarda tamam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Və ehtiras odu, bucaqdan şamı
Vurduqca külək
Sanki xaçabənzər qoşa qanadı
Gərdi mələk tək.
Keçdi bütün fevral qarlı-boranlı,
Tam bir ay müdam
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Çevirəni Mahir N. Qarayev