Edebiyyat.az » Poeziya » Nikolay Qumilyov (1886-1921) - AZMIŞ TRAMVAY

Nikolay Qumilyov (1886-1921) - AZMIŞ TRAMVAY

Nikolay Qumilyov (1886-1921) - AZMIŞ TRAMVAY
Poeziya
admin
Müəllif:
17:17, 15 sentyabr 2023
365
0
Nikolay Qumilyov (1886-1921) - AZMIŞ TRAMVAY




 

Yad küçədə tək-tənha dolaşırdım bayaqdan,

Qəfil quş çığırtısı qulaqlarımı deşdi –

Bir dütar cingiltisi eşidildi uzaqdan, 

Böyrümdən bir tramvay yel kimi ötdü keçdi. 

 

Özüm də baş açmadım, bilmədim necə, haçan  

Atıldım mindim ona yanımdan adlayınca.

Günün günorta çağı alov saçan, od saçan 

Bir zolaq buraxırdı tramvay öz dalınca.

 

Azıb sonsuz zamanın qaranlıq yarğanında  

Uçurdu yel qanadlı qara qasırğa kimi. 

Saxla bu tramvayı, saxla, Bələdçi, saxla!

Qoyma getsin vaqonu! 

Tez ol, dayandır onu! 

 

Amma gecdi. Divar da arxada qaldı artıq, 

Ötüb keçdik yamyaşıl palma pöhrəliyindən. 

Nildən də, Nevadan da, Senadan da adladıq, 

Gurultuyla adlayıb keçdik hər üç körpüdən. 

 

Elə bu vaxt bir anlıq görünüb pəncərədən

Zəndlə baxdı bir adam vaqonun arxasınca.  

Hə, tanıdım kim idi – Beyrutda bildir ölən 

Dilənçi kökündəki həmin o miskin qoca. 

 

Hardayam mən, hardayam? Cavabında ürəyim 

Həyəcanla döyünür, pıçıldayır astadan:

“Görürsənmi vağzalı? O vağzalda sən yəqin

Bilet tapa bilərsən ruhun Hindistanına”.

 

Nə anladır lövhədə qanla yazılmış elan: 

“Tərəvəz” dükanında guya kələm satılır.

Mənsə yaxşı bilirəm: kələm deyil satılan –

Qutuya kəsilən baş, ölü kəllə atılır. 

 

Qırmızı köynək geyən sallaq sifətli cəllad

Uf demədən mənim də kəsib atır başımı.

Kəlləm ən qıraqdakı qan bulaşıq qutuda

Bir az əvvəl kəsilmiş kəllələrə qarışır.

 

Döngədəki hasar da sınıq-salxaq taxtadan: 

Üçpəncərəli bir ev... otu solmuş çəmənlik... 

Saxla bu tramvayı, saxla, Bələdçi, saxla!

Qoyma getsin vaqonu! 

Tez ol, dayandır onu! 

 

Sən burda yaşayırdın, sən burda oxuyurdun,

Maşenka, indi hanı şux səsin, şux bədənin?

Burda öz adaxlına sən xalı toxuyurdun, 

Gerçək ola bilərmi görən ölməyin sənin?

 

Çıraqban otağında sən özünü didirdin, 

Mənsə bu vaxt başımda pudralanmış ağ parik

İmperatriçəmizin hüzuruna gedirdim...

Və səninlə bir daha rastlaşıb görüşmədik. 

 

İndi anlamışam ki, yalnız o yerdən düşən

Bir işıq zərrəsiymiş azadlığımız bizim.

Planetin heyvanat bağının girişində

Adamlar və kölgələr dayanıbmış müntəzir. 

 

Elə bu dəm sərin meh, xəfif bir külək əsir...

Körpünün yanındaca çatıb məni çığnayır:

Dəmir əlcək geyinmiş bir atlının pəncəsi 

Və qızmış ayğırının bir cüt ağır dırnağı. 

 

Bizi haqqın yoluna yönəldən İsakinin

Mübarək nəzərləri üstümüzdədir yenə.

Gedib dua edərəm Maşenkamın ruhuna,

Həm də yas saxlayaram öz acı qismətimə.  

 

Amma demə ürəkdən dərd-qəm əskilməzmiş heç, 

Yaşamağın nə qədər ağrı-acısı varmış...

Maşenka, ömrüm boyu ağlıma gəlməzdi heç –

Bu cür sevib,  bu qədər kədərlənmək olarmış.

 

Çevirəni Mahir N.Qarayev

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)