Edebiyyat.az » Poeziya » Əlibala Əhmədov - Axtarmaq

Əlibala Əhmədov - Axtarmaq

Əlibala Əhmədov - Axtarmaq
Poeziya
Necef Esgerzade
Müəllif:
11:58, 13 fevral 2020
1 521
0


AXTARMAQ

Bəlkə də səhəri gətirə bilərdim,
Üşüyən gecədə
tək - tənha gözlər kimi qalmış işıqların səmimiliyini
Gedən maşınlardan qalan
o fısıltılı qüssəni
Və anidən titrəyərkən sağ tərəfində uzun saplı köhnə yorğan tapmaq bəxtini....
Ruhuma gətirə bilərdim.
 
Yaşantılar bəlkə də ucuna şüşə bağlanmış kağızlar kimi
batmaya bilərdi qəlbimə
Yığılan nərdivan arasında qalmış bir adam kimi sıxılmaya bilərdi ruhum....
Gördüyüm hər şey ölmüşlük parçası tək qəlbimə toxunur.
Yuxunun dərinində ilişmək, itib batmaq
Yox olmaq istəyirəm....

Daş parçaları ya bütöv yaşam - nə fərq edər ki....
Bəlkə də
olmaya bilərdi, bu cür
Böyük bir nəfəs axını itirdiyimi anlayıram
Böyüyüb günəş boyda olan portağalları görmədiyimi
Məhv olduğumu hiss edirəm.....
Amma nə idi o nəfəs
amma kim o portoğalı böyüdəcəkdi, ruhumda....

Məhv olmanın qarşısını kim ala bilərdi....
Faydasız idi....
 
Yaş torpağa ətir səpmək kimi mənasız işdir,
məni xilas etməyə cəhd etmək
Nələri düşünsəm,
Nələrin həsrətini çəksəm,
Dərman kimi görmürəm, onu
Görə bilmirəm....
 
Həyat bir təndir dairəsidir, içinə yağış çiləmiş sərin nəfəslər üçün....
 
İtilirən heçnəyin olmadığını anlayarkən,
Hiss edirəm hər zaman nələrisə axtardığımı....
 
RAHATLIQ
 
Həyatının kiçilməsindən zövq almağa başlayır insan
günlər gəlir - şüurunun gecəli illərində beyninə daraşan əsəb qarışqaları
qüdrətsiz olmağa başlayır
artıq kiçik bir həyat yaşamaq qorxusu yoxdur
solunda addımlayarkən yolun sağ tərəfinə heçbir sevgi duymur qəlb....
 
Qocala bilər saçların
Qocala bilər gözlərin
qocala bilər əllərin və ağappaq hamar dərin
artıq hərkəs tərəfindən sevilən bir dahi olmadan.
Ölə bilərsən
artıq gözləri, bəbəkləri soyumuş, ehtirası ölmüş
içində ilıq kədər daşıyan qoca bir nəfər kimi
hər şeyin sonunda.....

Ürəyin büzüşür, gələn hər dirilik çağırışına....
 
Həyatının kiçilməsi ruhunu sakit etməyə başlayır.
Və hər şey unudulur.
Toyuq qanına bulaşmış dəmir qabları
yumaq
ya yerə dağılan bir sürü karton qutuları yığmaq
tək gerçəyin,
bitirmək istədiyin
tək məqsədə çevrilir.
Unudulur, cırılmış kartonlar içində
ürəyini parçalayan sevgilər,
ruhunun boz torpağında diri qalmış yaşıllıqlar,
ümidlər unudulur.
 
Həyatının hekayələrini istəməyə bilərsən artıq
artıq onları xatırlamaya bilərsən
bütün böyük saydığın şeyləri
yaş palçığı tapdalamaq kimi
əzə bilərsən, rahatlıqla.
 
Artıq həyatının kiçilməsindən həzz alırsan....
Yaşayırsan sadəcə, xırda bir qarışqa kimi....
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)