Edebiyyat.az » Proza » Con Çiver - Təkliyin ləzzəti

Con Çiver - Təkliyin ləzzəti

Con Çiver - Təkliyin  ləzzəti
Proza
nemət
Müəllif:
14:28, 27 fevral 2020
1 232
0
Con Çiver - Təkliyin ləzzəti
 




 Bir axşam  Ellen Goodrich işdən Çelsidəki  evinə  yenicə  qayıtmışdı ki, qapı  yavaşca döyüldü.  Onun şəhərdə  yaxın adamı olmadığından, heç kəsi gözləmirdi. Qapını  açanda dəhlizdə  iki  balaca oğlanın dayandığını gördü. Onun zənnincə, uşaqların 10  -11  yaşı olardı. Paltarları elə  nazik idi ki,  soyuqdan tir-tir  əsirdilər.   -Florence Valle burada  yaşayır?-  deyə  onlardan biri soruşdu. -Belə  adam  tanımıram,  -Ellen dedi.-  Əgər ev sahibəsini soruşursunuzsa o, birinci mərtəbədə  yaşayır. -Biz  yalnız  Florenceni  axtarırıq. O,  bunun  dayısı qızıdır,  -oğlanlardan  biri o birinə  işarə edərək dedi. -Mən onu tanımıram. -Eybi  yoxdur. Bəlkə  o,  buradan köçüb,  -oğlan  dilləndi. Təsadüfi hallarda Ellen  başqasının  halına acıyırdı. Ancaq indi uşaqlar  elə  yazıq görünürdülər ki, Ellenin onlara kömək etmək  arzusu təmkininə  üstün  gəldi. O, hiss edirdi ki, uşaqlar  gözlərini  stolun üstünə  qoyulmuş bir boşqab şirniyyata  zilləyiblər. Ellen onlara şirniyyat götürməyi  təklif  etdi. Onlar  bundan elə  utancaqlıqla, elə  nəzakətlə  boyun qaçırdılar ki, Ellen az  qaldı ki, onları qucaqlayıb bağrına bassın.  Lakin Ellen onlardan otağa keçməyi  xahiş  edəndə  oğlanlar onun  sözündən çıxmadılar və  hətta şirni də  götürüb yedilər. -Mənziliniz  əladır, xanım! -Sizin çox  gözəl otağınız var,  -  o biri oğlan  da  dilləndi. Onların hər ikisi arıq idi,  bətbənizləri saralmışdı,  səsləri də  xırıldayırdı,  ancaq  məğrur  görkəmləri  vardı. -Belə  soyuqda üşümürsünüz?  Məgər paltonuz  yoxdur?-  deyə  Ellen  soruşdu. -Paltomuz  yoxdur,  xanım! -Sizə  soyuq dəyəcək,  -deyə  Ellen narazılıqla  onları sorğu-suala tutdu. Oğlanlar  yaşlarını, həmçinin East Side-da  yaşadıqlarını Ellenə  dedilər. Ellen  özü də  bu xarabalıqdan  keçib gəldiyindən uşaqların necə  baxımsızlıq şəraitində  yaşadıqlarını təsəvvür edirdi. Ellen uşaqlarla danışarkən xatırladı ki, burada  qaldığı  müddət  ərzində  öz otağına  (ev sahibəsindən savayı) girməyə  ancaq  bu uşaqlara icazə  verib. Birdən Ellenin səsinin tonu dəyişdi. O, gözlənilmədən dedi: ―Yaxşı olar ki, çıxıb gedəsiniz.  Görüləsi  işim  var.‖ Uşaqlar şirniyyat üçün təşəkkür etdilər  və  otaqdan  çıxdılar. Gözlənilməz görüş  Elleni  mütəəssir etmişdi.
 Ellen alicənab qadın  deyildi. O, Çelsidə  kirayədə  yaşayırdı, həmişə  də  əmanət kassasında olan pulunun  miqdarını  artırmağa çalışırdı.  Dost tapmaq onun üçün həmişə  müşkül məsələ  olmuşdu.  Son on iki il  ərzində  Nyu-Yorkda tək  yaşayırdı.  Uzun  müddət təklikdən əzab çəkirdi.  İndi isə  bu  əzab unudulmuşdu. Bir dəfə  anası ona  məktub  yazıb xahiş etmişdi  ki,  kiçik  qardaşına borc pul  versin.  Ellen anasına belə  cavab  yazmışdı: ―Məncə Harold ehtiyacın nə  olduğunu başa  düşsəydi, həyatını da  yaxşı qura bilərdi. Yoxsulluğun nə  olduğunu biləndə  pulun  əsl qiymətini anlayacaq. Mənim  əmanət  kassasındakı  cüzi pulum  böyük  məhrumiyyətlər hesabına başa gəlib. Onu  Harolda göndərə  bilmərəm. O, bu pulu istədiyi  yerə  xərcləyəcək. Bir  də  özün  bilirsən ki, sən və  atam  mənə  sərf etdiyinizdən daha çox  Haroldun təhsili üçün sərf  etmisiniz.‖ Həmin vaxt Ellenin  28  yaşı olardı.   Uşaqlar gedəndən bir qədər sonra Ellen paltarını soyunub xalatını geyindi və  şam  yeməyi hazırladı. Bayırda hava  soyuq idi,  külək  pəncərəni döyəcləyirdi. Belə  vaxtda isti,  işıqlı otağın qiyməti  yox  idi. O, boşqabları  yudu  və  pullu kitabxanadan  götürdüyü kitablardan  birini oxumağa  başladı. Hər axşamı  o, beləcə  keçirir və  özünə  təskinlik verirdi ki,  vaxtını  boş  yerə  keçirmir. Ancaq indi  kitab oxusa  da, fikri oğlanların  yanında idi. Ellen onların  məğrur görkəmlərini yadına saldı, belə  soyuq havada  yol getdiklərini düşünəndə  isə  onlara  yazığı gəldi. Bir həftə  sonra qapı  yenidən döyüldü. Qapını  açan Ellen uşaqların  dəhlizdə dayandıqlarını gördü. -Elə  yoldan  keçirdik.... -Fikirləşdik ki, sizə  baş  çəksək, pis  olmaz. -  Yaxşı eləyib gəlmisiniz,  -  Ellen gülümsündü. Birdən ağlına gəldi  ki,  qapısı eyni  dəhlizə  açılan o biri kirayənişinlər  səsini eşidə  bilər. Ellenin hərəkətində  qeyri-adi heç nə  yox idi,  ancaq o istəmirdi ki, qonşuları onun  yad oğlanları evə  dəvət etdiyini görsünlər. Buna görə  də  qapını  içəridən  örtənə  qədər danışmadı.  Ellen onlara oturmağı  təklif  etdi.  Uşaqlar  yerlərində  rahatlandıqdan  sonra italyan olduqlarını  bildirdilər. Bunu eşidəndə  Ellen onların  parmigiana  (makaronlıa yeyilən italyan pendiri)  düzəldə  bilib-  bilmədiklərini soruşdu. Onlar  parmigiana  haqda heç nə  bilmədilər, lakin  başqa italyan xörəklərindən danışdılar. Oğlanlardan  böyüyü  Ellenin bəzək  şeyləri ilə  maraqlandığını bildirdi.   Ellen bəzək  şeylərini  oğlanlara göstərdi. Birdən  yaşca kiçik oğlan  cibindən bir siqaret çıxarıb  yandırdı. -Sənin nə  yaşın var  ki,  siqaret çəkirsən?-  Ellen  soruşdu. Oğlan  yoldaşına baxdı  və  bir-birlərinə  göz  vurub qımışdılar. Ellen pərt oldu. Onların bu hərəkəti onu  qorxutdu. -  Bunlar qurudulmuş balqabaqdır,  -  Ellen divardan asılmış iki balqabağı göstərdi.  Mən onları 1933-cü ildə  Karib  ətrafına səyahət edəndə  almışam. Orada  bundan orkesrtdə istifadə  edirlər.
 Siqaret çəkəndən sonra  oğlanlar özlərini daha  sərbəst hiss edirdilər. Ellen onlardan çıxıb getməyi xahiş etmək istəyirdi, ancaq tərəddüd  edirdi. Kiçik  oğlan  siqaretini söndürdü. Ellen bir söz demədən  onu gözləyirdi. Qız, özü də  başa düşmədiyi  bir şeydən sanki həzz alırdı.  Oğlanlar ona  ailələrindən, ana və  bacılarından söhbət açdılar. Sonra isə  elə ədəbsiz, elə  nalayıq  hekayətlər danışdılar ki,  Ellen onların söhbətini  yarıda kəsməli oldu. Saat  yarımdan sonra oğlanlardan çıxıb getməyi  xahiş etdi. Onlar gedəndən bir az  sonra Ellenə  məlum oldu ki, pulqabı  yoxa çıxıb. Əgər həmin dəqiqə  oğlanlar  əlinə  düşsəydi, Ellen, şübhəsiz ki, onları  öldürərdi. O, hirsindən  stulu götürüb elə  bərk sıxdı  ki, axırda qolları sustalıb  yanına düşdü. ―Gərək  onlar oğurluq etməyəydilər.‖ Ellen  özünü çarpayıya  güclə  yıxdı və  hönkürməyə  başladı. O, polis çağırmaq istədi, ancaq  sonra başa  düşdü ki, onun polislə  danışmağı başqalarına şübhəli görünə  bilər. Ellen vanna  otağına  keçdi,  əl-üzünü  yuyub  məhrəba ilə  sildi. ―Gərək  onlar oğurluq etməyəydilər. Əgər istəsəydilər, özüm  onlara pul verərdim‖-  o, öz-özünə  deyinə  -deyinə otaqda var-gəl etməyə  başladı. Səhər açılanda bu qərara gəldi ki,  oğlanlar  haqqında hər şeyi  unutsun.  Amma pul  qabında olan 15-20  dolları  unutmaq oğlanları unutmaqdan daha asan idi. Adətən Ellen ona  əzab  verən bir hadisəni tez unudardı. İndi isə  bunu  bacarmırdı.   Bir-iki gündən sonra, çərşənbə  günü qapı  yenə  döyüldü.  Ellen qapını  açdı, oğlanlar dəhlizdə  dayanmışdılar. Ellen oğlanlara deyəcəyi  sözləri dönə-dönə  öz-özünə təkrarlamışdı. İndi isə  nə  qədər çalışdısa, fikrini bir  yerə  cəmləşdirə  bilmədi. ―Bura gəlin‖,  -  deyə  nəhayət  o, dilləndi. Oğlanlar onun ardınca  otağa keçdilər. ―Gərək  oğurluq etməyəydiniz.  Bilməliydiniz ki, oğurluq şərəfsizlikdir.‖  Ellen səsini qaldırmışdı. Hirsindən elə  əsirdi ki, axırda divara söykənməli  oldu. ―Əgər pula ehtiyacınız varsa, siz onu  vicdanla qazana bilərsiniz. Keçən dəfə  burada olanda  mənim  pul kisəmi oğurlamısınız, ayıb deyilmi?‖ -Biz heç nə  oğurlamamışıq, xanım! -Biz oğru deyilik. -Mübahisə  edərək burada dayanmağınızın  nə  mənası var?  Çıxın  burdan!-  Ellen qışqırdı. -Bizə  5 dollar verin,  xanım! -Çıxın otaqdan!-  Ellen  təkrar etdi.  -  Nə  qədər  ki, polis çağırmamışam, çıxın burdan! Oğlanlar otaqdan çıxdılar. Ellen qapını bağladı, onların uzaqlaşan addım  səslərini dinlədi. Gecə  yuxuda onları  gördü. Ellen ayılanda  yuxusunu bütün təfərrüatı ilə  xatırlamasa da, təsirlənmiş  və  qorxmuşdu. Həftənin sonunadək bu  yuxu  ona  əzab  verdi. Cümə  günü soyuqladığını hiss etdi,  günorta evə  getməyə  işdən icazə  aldı. Yolüstü kitabxanadan kitab götürdü və  nahar üçün  göy-göyərti  aldı. Həmin gün təklik onun  daha  çox xoşuna  gəldi.   Hava qaralana qədər  mütaliə  etdi. İşığı söndürməzdən qabaq pərdəni  çəkmək üçün pəncərəyə  yanaşdı. Bayırda  möhkəm  qar  yağırdı. O,  yuyundu və  qızdırmalı halda  yatağa uzandı.  Qapının  yüngülcə  döyüldüyünü eşidəndə yarıyuxulu  vəziyyətdə  idi. Qapını  döyən,  güman ki, oğlanlar idi. Ellenin birdən  yadına düşdü ki,  qapının  cəftəsini keçirməyi unudub.  Oğlanlar dəhlizdə  bir  müddət nəsə danışdılar,  qapını  yenidən döydülər, sonra isə  itələyib açdılar. Onlar  Elleni  yataqda görüb yaxına gəldilər, bir  xeyli ona baxdılar. -  Xanım, siz xəstəsiniz? -  Məni  yalqız buraxın.  Çıxın burdan,  -  deyə  Ellen narazılıqla pıçıldadı. -Biz pul istəyirik,  xanım! -Görmürsünüz ki,  xəstəyəm?-  Ellen  səsini  qaldırdı.  -  Çıxın otaqdan...Mənim  pulum yoxdur. Oğlanlardan  biri stolun  üstündəki  pul kisəsini  gördü. Stola sarı getdi,  pul kisəsini götürüb içindəki pulları çıxarmağa başladı.  Ellen  yerindən qalxıb  oğlanı itələdi, ancaq pul  kisəsi artıq oğlanın  əlində  idi.  Ellen pul  kisəsini  onun  əlindən almağa cəhd  göstərdisə  də, məqsədinə  nail olmadı;  oğlan ondan güclü  idi.  Onlar Ellenin  əlindən qurtulub qaçdılar. -Duval xanım! Duval xanım!  -  deyə  Ellen var  gücüylə  çığırdı, lakin cavab gəlmədi. O, birtəhər özünü çarpayıya  yıxdı və  yorulanadək ağladı. Ev  sahibəsi on dəqiqədən  sonra otağa girib  nə  baş verdiyini soruşdu. Ellen ona  dəhlizdə  iki kişi səsinin eşitdiyini söylədi və  xahiş etdi ki, qapının qıfıllarını dəyişsin. Həmin günün səhərisi  Ellen köçmək qərarına  gəldi. Bu, asan iş  deyildi, ancaq  onun başqa çarəsi qalmamışdı. İş  yoldaşlarından biri ona  East Thirty  -seventh Street  -də  kirayəyə  ev verildiyini  bildirdi. Ellen gecə  ora getdi, ev  sahibi ilə  sövdələşdi.  O biri gecə  isə  şeylərini bir taksiyə  yığıb köçdü. Yeni  mənzil  əvvəlki  kimi  rahat deyildi, ancaq  Ellen ora uyğunlamağa  çalışırdı.  Sanki o, yeni bir həyata qədəm  basırdı. O biri axşam işdən  sonra Ellen təzə  kirayə  etdiyi  evə  tələsirdi. Möhkəm  yağış  yağırdı. Madison prospektinə  dönəndə  qəflətən oğlanları gördü: papaqsız  və  paltosuz oğlanları. Ellen Thirty  -fourth Street-ə  döndü  və  oradakı  restorana girib şam  etdi. O, restorandan çıxanda saat  artıq səkkiz idi, oğlanlar çıxıb  getmişdilər. Ellen otağına  gəldi, çətirini yerinə  qoydu, sonra  yaş paltarını  dəyişdi.  Elə  bu vaxt qapı döyüldü.  Ellen qapını açanda oğlanları gördü. -Mənim  burada  yaşadığımı necə  öyrəndiniz? -Əvvəlki ev  sahibəsindən soruşduq.

-Allah xatirinə, çıxıb gedin. Məni  tək buraxın.  Eşidirsiniz? Ellen çətirini götürüb var gücü ilə  kiçik oğlanın çiyinlərinə  zərbə  endirdi. Oğlan  dizi üstə düşdü. Sonra döşəməyə  yıxıldı. Lakin Ellen onu döyməkdən  əl çəkmədi. Bu vaxt o biri oğlan ―Kömək edin! Polis! Polis!‖  -  deyə  elə  çığırdı  ki,  səsi bütün küçə  boyunca  əks-səda verdi. Hekayə  ilk dəfə  1942  ci  ilin yanvar  ayında  “The New Yorker” jurnalında çap olunub. 

İngiliscədən tərcümə  edəni: Sevil  Gültən


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)