Edebiyyat.az » Proza » Könül Nuriyeva - Çıxarılmış dırnaqlar

Könül Nuriyeva - Çıxarılmış dırnaqlar

Könül Nuriyeva - Çıxarılmış dırnaqlar
Proza
nemət
Müəllif:
20:19, 27 mart 2020
1 595
0
Könül Nuriyeva Çıxarılmış dırnaqlar






Biz divarı ucaltmaq üçün çox vaxt sərf edirik. Onun üstündən  tullana bilən  insanlar istəyirik. İnsanları daha üstün  yerlərə layiq bilirik. Amma  insanlar şəxsi   kimliyindən şübhə edirlər, kimsə onlara  başqa biri olduğunu  asanlıqla düşündürə bilir. İnsanlarsız əzabdır, insanlarla ikiqat çətindir.
Adım Rənadır. İyirmi iki yaşım var. Həyatda deyiləm. Sizə,  şüşənin o biri tərəfindən, sizi görərək hekayəmi  danışıram.
Uşaqlığımın çay kolları adlı  sonu görünməyən  qovdu – tutdusu  var. Mən qovurdum,  çay kolları uzaqlaşırdı. Mənə elə gəlirdi ki, əlim dağlara  çatacaq . Təngnəfəs olurdum,  otururdum,  çay yarpaqlarını  donumun cibinə yığırdım. Sonra onları günəşdə qurudub, çay dəmləyirdim. Qırmızı şərab  və çay...
780- ci ildə  ,,Çay adlı risalə” kitabında yazılırdı:  ,,Bərk susayanda bürkülü və isti havada,  baş ağrıyanda, gözlər dumanlananda,  əl-ayaq əzgin olanda , bədəndə süstlük  hiss edəndə, çayı qurtumla içsəniz  yaxşı qırmızı şərabdan az həzz vermir.”
Kənd yolu ilə addımlayıram. Sarı yarpaq sırqalarım,  güllü donum, əlimdəki kitablarım,  ürəyimdəki oğlan və düşüncələrim. Bütün bunlar mənə   ,, həyat indinin hovuzunda çimməkdir” fikrinin həqiqət olduğuna inandırır. Bir neçə gün sonra toyum olacaq.
 
***
Toy günümdə Vüsal istəklərimi  yerinə yetirdi,  məni razı saldı. Cəmiyyətin, məhəllənin  özünə oxşatdığı  adi qızlardan biriyəm;  gəlinlik donu üçün narahatçılıq keçirən,  əllərimin  xına naxışı  əyri – üyrü olmasın deyə  ardıcıl tapşırıqlar verən, saçımın bir teli  dağınıq olmasın deyə səsimi başına atan .
Toyun səhəri gün  anamla qardaşım mübahisə edirdi. Düzünə  qalsa,  onların hayında deyildim,  Vüsalı düşünürdüm.  Gecə yarıdan səhərə kimi onunla susmuşduq, şahidimiz çay kolları, ay və Lakonika idi. Biz bu şəhəri sevirdik. Mən uçurdum, ayaqlarımı torpağa deyil, boşluğa basırdım , xoş ,  həzzverici boşluğa . Ona aşiq idim, mənə aşiq olduğunu bilirdim.
-         Təngə gəlmişəm, sənin qızına cehiz almaqdan! Özümə gün ağlaya bilmirəm. İllərdi alırsan, yığırsan  nə mənası var ?
-         Oğlum, ana qurban adətdi .
-         Bəsdi!!!  Gül kimi savad vermişik! Bax, bu qazan nəyə lazımdı axı, biri olsun, ikisi  olsun, on qazana niyə pul verməliyik?!
-         Oğlum...
-         Başa düş, ana, mənim gecəm – gündüzüm yoxdu,  gecələri  qaravolçu işləyirəm,  gündüzləri tikintidə. Təhsilimi  dondurmuşam  ki, bacımın toyunu edim,  əli dolu yola salım  .  Daha belə olmaz da !!
Anam susdu . Danışmaq istəsə belə  qardaşım ona ağzını  açmağa  imkan verməzdi. Elə əsəbi idi  ki, gözləri qızarmışdı. Bayaqdan əlində tutduğu  qazanı hirslə qapıya tərəf atdı. Nə olduğunu anlamadım. Bu andan etibarən önümə  şüşə sərhəd çəkildi, hamını görürdüm, onlar məni yox.
 
***

Adım Vüsaldır. Uşaqlığımın çay kolları adlı sirri var. Orada oynayan bir qıza vurulmuşdum.  Onunla  hava qaralana, analarımız çay  kollarını təhvil verənə qədər  oynayardıq . Əlimizə keçən torpaq  tikələrini  yarpaqların arasına atıb, gülməkdən  uğunardıq. Tərəzidə ağır gəlirdi axı. İndi  qırx yaşındayam. Artıq nə sirrim, nə xatirələrim, nə dırnaqlarım, nə də o qız var...
Rənanın hədiyyə etdiyi  sarı köynək, imtahanlara hazırlaşmağımın sevinc qarışıq yorğunluğu, Rənalı duyğularım  hardan bilərdim ki, atasının boynuna çıxmış  uşağın şənliyi kimi  qısa sürəcək.
Onun toy gününü yaxşı xatırlayıram. Toydan sonra görüşdük :
-         Vüsal  həyat doğrudan  gözəldi , ya bizə elə gəlir ?
Onu qucaqlayıram,  saçları özündən əvvəl mənə yaxınlaşır.
-         Sənin baxışların, əllərin varsa...
Sözümü dodaqlarımda qoyur.Sözlər deyil, gülümsəmə, sonra öpüş gecəyə yayılır.
Uzun illərdi burda görüşürük, çox danışmırıq, susuruq, kürək - kürəyə söykənib, ulduzları sayırıq, yarpaqları bədənimizə atırıq, gülürük.
-Uşağımız  ağıllı olacaq, bir kəlmədən anlayacaq bizi, qısa danışacaq?
-Hə, sən ona Lakonika haqqında danışacaqsan, söz sənəti haqqında, az söz ifadə edərək , dərin fikir ifadə etməyi öyrədəcəksən .
-Platonun  ,,Protagoras“ adlı dialoqu var. Orda  yazılırdı ki, Spartalıların  az kəlmə istifadə etməsi , onların yetərsiz   ədəbiyyatı  olmadığı üçündür. Özlərini axmaq göstərirlər, başqasının gözündə  yalnız  döyüş cəsarətlisi  kimi görünmək istəyirlər. Hədəfini  tutduran usta nişançılar kimi,  bir kəlmə ilə  həmsöhbətlərində  çaşqınlıq yaratmaq istəyirlər.
-Tarixçiyəm, Vüsal, ixtisasıma toxunma .
O gülümsəyir, həvəslə davam edir :
-Leonidas Spartalıdan döyüşlə bağlı söhbət etməsini istəyir. ,,Bura döyüşməyə gəldim,  ismarıc gətirən  kimi hərəkət etməyə yox ! “ cavabını verir.
Rəna tarix fakültəsini bitirmişdi, mən  əsgərlikdən təzə gəlmişdim.  Bu il universitetə  sənədlərimi vermək istəyirdim.Ailə qurub, Bakıya getmək fikrimiz vardı.

***
Həyatımın yandığı  gün adlandırıram  o səhəri. Hələ də tüstülənir, tüstülənir.
Rəna  qəbristanlıqda özünü yandırıb!
Bütün  məhəllə bu  cümləni yarı dedi – qodu ,  yarı pıçıltı ilə söyləyərək ora qaçırdı. Adi günlərdə kolluqda iylənən, qızlara söz atmaq üçün tində duran, şalvar geyinən  qadınlara şər atıb, söz düzəldən kənd camaatı   ora axışırdı. Adətən  səssiz kəndin bu günkü halı vahiməli idi . İnanmırdım,  kütləyə qoşulub  qeyri – ixtiyari  addımlayırdım.  Məzarlığa çatanda, gözlərimə  inanmadım. Yoxxxx !!! Bu mənim   sevdiyim deyildi , ola bilməzdi! Biz vur – tut on üç saat idi  ayrılmışdıq. Rənav artıq Rəna deyildi. Torpağa yapışmış qapqara cəsəd idi.
Huşumu itirdiyimi polis məntəqəsində  bildim:
-Niyə yandırmısan o qızı ?
-Sevdiyimi?!  Sizcə belə bir hərəkəti...
Sözümü  yarımçıq kəsdilər. Rənanın qırxı çıxana qədər  hər gün sorğu – sual, döymək, hədələmək, təpikləmək,  başımı soyuq suya salıb  boğmaq həddinə  gətirmək heç bir fayda vermədi. Boynuma götürmədim. Həmin günlərdə  özümü hiss etmirdim, sanki bu bədən mənim deyildi. Gözlərimin önündə yanmış cəsəd vardı, qaralmış, balacalaşmış... Polislərin  fiziki zərbələri sanki mənə deyil, yad birinə dəyirdi. Beynimdə hadisəni araşdırırdım, qəbul etmirdim, burdan tez çıxmaq istəyirdim. O vaxta qədər ki, şəhadət barmağımdan qan  fışqıranda ağrının dözülməzliyini hiss etdim, on dəfə eyni əzaba gücüm olmayacağını  bildim.
-Qadın qatilisən! Aylardı zəhləmizi  tökmüsən  gicbəsər inadkarlığınla! Boynuna al ki, sən etmisən. Başqa  işlərimiz var, səninlə artıqlaması ilə məşğul olduq!
Polis bağırırdı. O bir əlimin barmaqlarından qırmızı fəvvarənin işə düşdüyünü  görəndə  :
-Mən etmişəm! Mən etmişəm!
Eyni sözü  dəfələrlə deyərək , yaralı aslan kimi  nərildəyirdim.
 
**
Artıq illər keçib, həbsxanadan çıxmışam. Rənanı axtarıram,  yoxdu, olmayıb elə bil, tapa bilmirəm. Bakıdan vəkil dəvət etmişəm, işi təzədən məhkəməyə vermişəm. Ata mülkümü  satmışam, həqiqətin üzə çıxması üçün xərc tökmüşəm.
Adətən, dırnaqlar  təzədən bərpa olunmalıdır,  müharibə filmlərində görmüşəm  . Məndə əksinə oldu , barmaqlarım topallaşdı , əlimə əşyaları almağa çətinlik çəkdim. Həkim dedi ki , vəziyyətin o qədər ağır olub, orqanizmin  az da olsa belə, fiziki bərpaetməyə  meyli və gücü olmayıb .
Bu gün  çay kolları ilə  söhbət etməyə getdim.  Kənardan  baxan olsaydı  dəli hesab  edərdi . Kolu qucaqlayırdım,  yanaqlarından öpürdüm. Qoxulayırdım, əllərimi yarpaqlarının  üzərində gəzdirirdim.  Rəna ilə son gecəmizi damarlarımdan axırdı elə bil .  Məzarlıq   göründü gözümə, hardasa iyirmi metr uzaqlıqda . Təəccüb edirəm, axı o burda deyil , Rənanın dərs dediyi məktəbin  yanında olmalı idi . İrəlı addımlayıram, yerdə qaralmış bədən görürəm.
Sonrası qorxunc nağıl kimi...
Onun yanında uzanıram. Özünü yandırmaq ?!
Yox , istəmirəm.Çünki, Rəna özünü yandırmazdı  . Oddan qorxurdu, əlinə kibrit almırdı. Evdə heç kim olmayanda, hətta qaz piltəsini yandırmağa məni cağırırdı. O uşaq olanda evləri yanmışdı ,  kül olmuşdu ,   fobiyası yaranmışdı .
Burnuma sevdiyim qadının  ətri deyil , yanıq qoxusu gəlirdi . Özümü xəyalla gercəklik arasında pis hiss etmirəm. Onun saçlarına toxunuram. Günəşdən parıldayan saçlarına . Saçlarını mənim ucbatımdan yığa bilməzdı. Boynundan içəriyə çay kolları atardım, o isə məni  çəyirtikə ilə qorxudardı.
Kimsə çiynimə toxunur. Hava qaralır.Bərk külək əsir. Yaxınlıqdakı gölün suyu  ilə külək nəfəs – nəfəsə dayanıb.  Az sonra göl dalğalanacaq, bu onun küləklə öpüşməsi olacaq. Paxıllıq hissi qəlbimi dağıdır, əllərim əsir, başım dumanlanır. Niyə göl və küləyi bir – birindən ayıran heç bir güc yoxdu , olmayıb indiyədək ? Mən Rənanı mirvari bilirdim. Onu sədəfin içində illərlə qoruyurdum. Qəlbim idi o sədəf .  Gecə, yalnız bir gecə həyatımı , Rənanı , sədəfimi alıb aparmışdı .
Arxaya dönürəm. Çiynimə toxunan əl Prometeydı. Gözlərimi tam aça bilmirəm.Rənanın qardaşıdı, illərdi eyni məhəllədəyik, nədənsə ilk dəfə düşünürəm  , onun adı niyə belə qoyulub .
-Burada olduğunu bilirdim, Vüsal.
Susuram. İçimdə ona qarşı  əsəb, qisas, sorğu – sual etmək istəyi  yoxdur.
-         Məhkəmədən bildiriş gəlib, gedəcəyəm.
Yenə susuram.
-Sən torpağın sümüklərinin  nə olduğunu bilirsən? Daşlardı  onlar, daşlar. Rənanı itirdiyim gündən  ürəyim sümükdü, bədənim torpaq .Daşlaşmışam.
-Adının mənası nədir, Prometey ?
-Uzaqgörən deməkdir. Atam  qoymuşdu , demişdi ki , Rənanı gələcəyi görə bilən qoruya bilər.
-Sənin əfsanəni bilirəm. Epitemey  adlı fərasətsiz  qardaşının ucbatından  çəkmədiyin  dərd qalmadı . Göz yaşı ilə yoğurduğun  palçıqdan  heyvanlar yaratdı .
- Vüsal, düzdü. Gəlib gördüm ki,  insan yaratmayıb, bikef oldum. İnsan yaratmaq  üçün  quş, vəhşi heyvan,  balıq, həşərat  və başqalarının bədənindən bir az qopartdım. Buna görə də   şir kimi cəsarətli, pələng kimi yırtıcı, dovşan kimi qorxaq, qoyun kimi gic, sərçə kimi yelbeyin, cırcırama kimi boşboğaz insanlar yarandı.
-Prometey , minlərlə dərd , bədbəxtlik , xəstəlik  küpün içində idisə, kim onu dünyaya yaydı  ?
-Pandora . Ağılsız , gözəl , ikiüzlü , hər yerə burnunu soxan, yalançı , yaltaq qadın yaydı . Anam !!!
Prometey uca səslə ağladı.
Uzaqdan baxanda Rənanın qəbrinin yanında iki kişi oturmuşdu . Qayaya deyil , başdaşına zəncirlənmişdilər. Rənanın anasının odu qızının donuna necə vurduğunu biri o birindən soruşmadı .
Vusal  qədimdən bəri ilk dəfə Hermes kimi etməyib, Prometeyi qayaya zəncirləmədi . İçi qanayaraq , vicdan  əzabına qatlanaraq onun əzabına razı olmadı . Zevsi – Allahı bu məsələlərə qatmadılar. Pandora – ana yaydığı və törətdiyi bəla kimi  görünməz olmuşdu .
Muza - ədəbiyyat , tarix  , incəsənət , məhəbbət , gözəllik , dürüstlük  yox idi , şüşənin o biri tərəfindən  dünyaya baxırdı . Bilirdi ki , qardaşı onun üçün odu oğurlayıb gətirmişdi  .
Gecə saat dörd idi . Vüsal ilə Rənanın ayrıldıqları gecə  kimi.
Biz hər günümüzü təkrar yaşayırıq . Tarıx  qədim və müasir deyilən  dövrlərə niyə ayrılır ki ?
**
Adım Rənadır.  Qırx yaşındayam artıq .Qardaşım mənə görə təhsilini yarımçıq qoydu. Anam cehiz adlı bataqlıqda ikimizi də batırdı . Əsəb duyğuların ən qarşısıalınmazıdır. Anam qardaşımın həbsxanaya düşməsinə  razı olmadı,  məni dünyanın xilas yolu olan odla  yox etməyi  uyğun gördü.  ,,Cehiz az olsa, nə deyərlər“  düşüncəsi ilə yoğrulmuş xəmir çox su aparmadı.  Bu düşüncə  onun hər addımı, oturduğu məclislər də alın açıqlığı idi .
-Bəlkə, xəstəxanaya aparaq, ana ?!
-Qız övladı bədbəxtlikdən başqa nəyə  yarayar ki ?
 Bu cümləni deməsi və mənim qazanın gicgahıma dəyməsi ilə  huşumun getməsi , sonra da yandırılmağım  arasındakı zaman  iki saat  iyirmi dəqiqə çəkdi . Mənim isə  iyirmi iki yaşım  vardı .
İnsanlar istiyə, soyuğa  dözüb alışsaydılar  daha  xoşbəxt olardılar.
Bizim  ,,müdrik “ valideynlərimiz  bu boş dünyada  bizim həyatımızı  nə üçün qoruyub saxladı ?
 
Vüsal və Prometey idi, söhbət edirdilər. Eşidirdim onları...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)