Edebiyyat.az » Proza » FƏRİD MURADZADƏ - ÇANTA

FƏRİD MURADZADƏ - ÇANTA

FƏRİD MURADZADƏ - ÇANTA
Proza
nemət
Müəllif:
21:22, 05 aprel 2020
1 320
0
FƏRİD MURADZADƏ - ÇANTA




İndi şəhərdə yaşından, peşəsindən, işindən asılı olmayaraq əlində yaxud da çiynində çanta olan  çox adam görmək olar. Müxtəlif zümrədən olan çantalı adamların çantasında məhz zümrəyə, xarakterə, işinə xas olan ləvazimatlar olur. İndi çantalar da öz, funksiyasını ,,dəyişib". Sahibinin ixtiyarından, ölçüsü və həcmindən asılı olaraq hər növ yükü daşıya bilər. Əvvəllər əllərində işə gedərkən sellofan torbalarda yemək aparan adamlar müasir dövrlə ayaqlaşaraq artıq  çantalarında banka daşıyırlar. İndi kimin çantasında nə olduğunu fərq etmək çətindir. İllər əvvəl isə çantalı adamlar o saat fərqlənirdi və böyük əksəriyyət bu çantalı adamların hansısa bir ,, mənsəb sahibi " olduqlarını zənn edərdi, çünki o zamanlar çantada banka məntiqə uymurdu. Təxminən 10-11 il əvvəl mən də tünd qara rəngdə gözəl görünüşlü bir çanta aldım. İş yerim Bakı şəhərində idi deyə yolda oxuduğum kitabları səliqəli şəkildə daşımağım üçün bu çantanı almışdım. Çantanın ölçüsü, rəngi, ələ yatımlılığı və tutumlu olması mənim çox xoşuma gəlirdi. Bu mənim elə təsəvvürümdəki çoxfunksiyalı çanta idi. Daha kitablarımın cildi zədələnmir, istidən qələmlərimin rəngi paltarlarıma vurmurdu. Hətta gülməli də olsa bəzən ictimai nəqliyyatda ,,buyurun, keçin" kimi ifadələr də eşidirdim.
Mən bəzən hava yağmursuz və xoş olanda evdən avtovağzala qədər olan təxminən 500-600 metrlik məsafəni piyada qət edərdim. Əvvəla bu oturaq iş sisteminə görə mənə xeyirli idi, ikincisi də evin 20 metrlik məsafəsindən keçən   avtobusla getmək və uzun marşrut xətti zaman itkisinə başa gəlirdi. Piyada olaraq 7-8 dəqiqəyə qət etdiyim məsafəni marşrutla ən azı 15-20 dəqiqəyə gedirdim və bura avtobus gözləməyi də əlavə etsək fərqin böyük olduğunu görərdik. Bizim avtobusun da qəribə marşrut xətti vardı...
Səhər ilıq sentyabr günəşinin şüaları üzümə vurduqca arabir üzümün dərisini iynə kimi deşən bu şüalardan həzz alırdım. Hava təmiz və xoş idi. Ağappaq topa buludlar ağır hərəkət edən kino lenti kimi tənbəl-tənbəl şimala doğru çəkilirdi.  Bu səhər mən belə havalardakı piyada gəzmək adətimə,,xilaf" çıxmışdım. Sanki hansısa bir güc məni on addımdan sonra geriyə-avtobus dayanacağına tərəf döndərdi. Səhərlər adətən sıxlıq olur, amma bu gün yəqin ki ard-arda intervalı gözləməyən sürücülərə görə avtobusda boş yerlər var idi. Salona keçib pəncərə tərəfdəki boş oturacaqda rahatca əyləşdim. Mən ümumiyyətlə avtobusda pəncərə tərəfdə oturmağı çox sevirəm. Avtobus tərpənəndən sonra sabit cisimlərə görə hərəkətdə olmaqdan xoşum gəlir. Növbəti dayanacaqda düşməli idim deyə ayağa durub sevimli çantamı çiynimə keçirdim, əlimdəki beşliyi sürücüyə uzadıb gediş haqqını çıxmasını söylədim və bu dəm kiminsə ,, müəllim, mən sizin pulu vermişəm "- dediyini eşitdim. Doğrusu ixtisasca müəllim olsam da məni tanıyanlardan yalnız beş -altı adam bunu bilirdi. Səs sahibinə tərəf çevriləndə düzü özüm də çaşdım. Bu mənimlə lap gəncliyimdə tikintidə işləmiş Vasif idi. Heç kimlə yollaşmayan, qəribə xasiyyətli, bizdən 14-15 yaş böyük balacaboy, özündənrazı, işlədiyi yerdə onu şirkətə işə düzəldən qohumları ilə belə üz-göz olan Vasif. Mənə keçmiş iş yerimdə cəmi üç nəfər müəllim deyərdi. Əslən Cəbrayıldan olan, yerli-yersiz çoxunun qarğa dediyi Tofiq, özünə görə yaxşı hörməti olan Cəlal və bir də hamının dəli zənn etdiyi Əli...
Avtobus dayanan kimi Vasif xüsusi bir canfəşanlıqla mənə yol açaraq aşağı endi. Tez-tez mənalı-mənalı əlimdəki çantaya baxır  və birnəfəsə  çoxlu suallar verirdi. Onun yersiz suallarından sıxılırdım. Birdən,- müəllim,( qulaqlarıma inanmırdım) buxalter( buxqalter-mühasib) işləyirsiniz?- deyə soruşdu.
-Yox, Vasif kişi.
-Müdir müavinisiniz? Mən elə o vaxtdan sizin gələcəyinizə inanırdım.
Bu sözləri deyən adamla yoldaşlıq etmiş olmasaydım bəlkə  səmimiyyətinə inanardım. Amma mən bu tipi çox yaxşı tanıyırdım.
-Şirkətin menecrisiniz?
-Yox! Mən sadəcə idxalatçı bir firmanın satış təmsilçisiyəm, yəni sənin bildiyin sıravi satıcı və mən bu sıravi satıcını xüsusi vurğu ilə dedim.
Yəqin ki, hamı kinofilmlərdə kadrların geriyə sürətli hərəkətini görüb. Sanki bayaqdan az qala yanımda yüyürən adamı iki ayağından torpağa pərçimləmişdilər və mən aydınca lentin geriyə yığıldığını görürdüm. Deyəsən tam olaraq inanmaq istəmirdi. Odur ki son dəfə sınayıcı nəzərlə üzümə baxaraq qara çantamı göstərib, -bəs bu nə üçündür?!- deyə soruşanda  məsələni anladım. Əmin olması üçün acıq verərək çantanı açıb içindəki kitabı göstərərək dedim:
- Bu çanta kitablarım üçündür. Yolboyu boşuna vaxt itirməmək üçün kitab oxuyuram.
Açıq kinayə ilə,-sən elə o vaxt da oxuyurdun. Amma nə olsun, oxuyub satıcı oldun. Bekar adamsan eee.
Ardına baxmadan avtobusa mindi.
Olduqca simic adam idi Vasif. Bu dəm ağlımdan keçənlərə gülməyim gəldi. Bilirdim ki, indi onu mənim əvəzimə avtobusa verdiyi 20 qəpik,,yandırır". 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)