Edebiyyat.az » Proza » Yaşar Bünyad - LENİNİ ÖLDÜRMƏK (hekayə)

Yaşar Bünyad - LENİNİ ÖLDÜRMƏK (hekayə)

Yaşar Bünyad -  LENİNİ ÖLDÜRMƏK (hekayə)
Proza
nemət
Müəllif:
17:29, 12 aprel 2020
1 194
0
Yaşar Bünyad - LENİNİ ÖLDÜRMƏK (hekayə)




 

Gecədən əsən şimal küləyi sübhə yaxın kəsdi.Kəsməyilə də qar yağmağa başladı. Qocaların dediyindən  , hələ indiyəcən kəndə belə qar yağmamışdı. Aydınlıqdı qar...

                                                  ****

  Cəfər   traktorla məktəbin həyətinə girənəcən   Pirverdi bəyin  göstərişlərini həvəslə yerinə yetirən dəliqanlılar  evlərindən  kəndir, lom, bel, külüng, kumpul gətirib stadionun yanındakı baxçaya  yığışmışdı.  Keçmiş partkom   Əmirpaşa, feldşer Vəli, hesabdar  Mürvət, anbardar  Balaxanın oğlanları, üç ildənbir zondan-zona “səfər” edən cüvəllağı Şərif  də burdaydı. Vəli  ot göyşəyən qoca qoç kimi dodağını çeynəyir, Mürvətlə Balaxanın böyük oğlu pıçıldaşırdı. Nə baş verəcəyini anlamayan Əmirpaşa çaşğınlıqla   mızıldandı :

-Ayə, vallahi-billahi bu, əmələ gələn şey döyül. Bir zibili çıxmasa yaxşıdı...Yetmiş il at oynadan, nemesin anasın ağladan hökuməti yıxmağmı olar, a başuva dönüm?...Özü də kim,kim, taytağ Mirinin yetimçəsi(Taytaq Mirinin yetimçəsi Pirverdi bəy idi).

  Söhbətin bu yerində kəndin sözgəzdirəni Narıngül arvad yırğalana-yırğalana gəlib çıxdı, ora baxdı, bura baxdı, sonda  üzünü Vəliyə  tutub soruşdu:

-A Vəli, başuva dönüm, sən alim adamsan,kəllön işdiyir,  bilməmiş olmazsan daa, doğurdan,o başı xallı gədə hökməti buraxdı? Yəni, eləcə verdi bu başıküllülərə? Bə, bizim yekələr  hara baxır, hay? -Sualına özü də cavab vermiş kimi mızıldadı.-İmanım haqqı, inanmaram ee, inanmaram ki , urus əlin götürə üstümüzdən. Heç Bəkidə oturannar da qoymaz...İradyo  andır da  düz-əməlli heş zad demir, dedim çıxım görüm nağayrursuz...

 Şərif   qaqqanaq çəkib:

-Ay arvad,-dedi,- heç kim, heç zadı buraxmıb. Vozduxdu... Qarbaçovun başı xarab olub məyər? Baş qatmaq üçün  uşaq-muşağın qabağına  bir az dən atıb. Valla, həmişəki kimi yuxarıların öz quramasıdı bu...Buların başı ki qarışdı dənnəməyə ,  bir də   görəssən, hooop , sovetin topu, tüfəngi başımızın üstünü  kəsdi, başladı hamını sərçə kimi bir-bir qırmağa. Keçən il necə elədi ?..Görə- görə gəlmüşüy...Mən öli, sən diri, o taytayın yetimçəsin də basdıracaq qoduğluğa. Şura hökümətidi e ! İndiki zamanada adam şərrəmək nəmənədi? Ha-ha-haaa!..

Cəfər  “Belarus”la  həyətə girib iki dəfə dövrə vurub stadionun ortasında  dayananda  Şərif hələ də   qaqqanaq çəkib gülürdü, Narıngül arvad Şərifəsarı “külü qoyum  kişi başuva” deyirdi, Vəli də başını yelləyirdi o yana, bu yana... 

-Ayə, Şöşü, Şöşü, kəndiri keçir o keçəlin boğazına! Tez!.. Cəfər, sən də traktorun  dalın ver bura.- Pirverdi bəy  ədayla, bir qəribə sevinclə Leninin iri büstü qoyulmuş postamentin qənşərini  göstərəndə Cəfər marağını boğa bilmədi:

-A bəy , fikrün nədi, olmuya ,  kişini, o söz, həə?!

-Ayə,  evə çatanda, ağzuvu  yaxalıyarsan, kişi kimdi?!  O ”kişi “ dediyinin  qırmızı ordusu  babalarımızın qan bahasına qurduğu dövləti   dağıdıb , anladın?  O cibindəki partbileti də bəsdi əzizlədün, cır , tulla . Bilirsən də, getdi day onun daşdeşən dövrü!.. Hə, bir də, Həşim bəyə tapşırmışam, şəklini  çəkib göndərəcək  “Azadlıq” qəzetinə...

Əlini yelləyib Cəfərdən aralandı, üzünü büstə sarı çevirib bağırdı:-Əəə, Şöşü, noldi sənə, əllərün bişməcədi, bağla da o zibili!...

Şöşü  deyib çağırdığı, Şövqüydü- çayçı Qasımın oğlu. Pirverdi bəyin  təşviqatına görə,  “ən məsuliyyətli vəzifə” ona tapşırılmışdı deyə, elə əldən-ayaqdan gedirdi ki, sanki Leninin yerində dədəsi Qasımın heykəli qoyulacaqdı! Adama elə gəlirdi ki, bu dəqiqə heykəl  yox, Leninin özü Şövqünün əlinə keçsəydi, heç “uf” da demədən  boğazından  asardı. Şöşü  işini bitirəndən sonra  Pirverdi bəyin  ona  söz verdiyi  sədirliyi rayondan göndərilən  cəbhəçiyə veriləcəyini, “cavanları iş-gücdən yayındırır “ adıyla dədəsinin çayxanasını   biryolluq  bağlatdıracağını, döyüşə  gedəcəyini, orada , erməniyə salyarka satdığına görə öldürüləcəyini bilsəydi, elə həmən kəndiri  indidən öz boğazına keçirərdi... Hələ bunlardan xəbərsiz idi deyə yoğun kəndiri  həvəslə ortalayıb,  tələm-tələsik   heykələ  doladı, uclarını  cütləyib Cəfərə verdi ki, götürüb traktorun yedəyinə bağlasın. O da bağladı, könülsüz qalxıb keçdi sükanın arxasına, traktoru  işə saldı, bir dartdı, iki dartdı, gah sağ, gah sol təkəri yeri eşdi. Elə bil, kəndir tarım dartıldıqca,  Cəfərin işə ürəksiz  yanaşmasından   idimi  , ya da “kolxozstroy”un fəhlələri büstü yaxşı pərçimləmişdilərmi,  Lenin   tutduğu yerini tərk etmək istəmir, yamanca  müqavimət göstərirdi.  Sən demə kəndiri  Leninin boğazına deyil, beton pyedestalına bağlayıbmış .  Pirverdi  bəy   Şöşüyə hirsləndi.  Cəfər traktoru  azca dala sürdü,  Şöşü boşalmış kəndirin halqasını  qaldırıb Leninin boğazına keçirtdi, “sür!”dedi. Traktor yerindən tərpənməyi ilə  elə bil göy guruldadı, şimşək çaxdı,  bir şaraqqıltı qopdu, parça-parça olmuş büstdən bir toz-tozanaq qalxdı , gəl görəsən!

Bu  an  Həşimin “FED”*-inin də  “gözündən” yayınmadı.

“Ə, bu nəydi? Pah atonnan!.. Allah, sən saxla... Allah,sən saxla!  Bunu da gördüy.”

Partkom Vəlinin dili tutulmuşdu az qala. Gördüyünə inana bilmirdi. Fikirləşdi ki, bəs onda  Bakıdan gələn heykəltaraş, memar  niyə fəxrlə deyirdi ki, respublikada ilk qranit  Lenindi ki  kənd məktəbinin həyətində ucalacaq?! Bu , heç alminum da deyilmiş ki?! ...Sən öl, bu milləti yuxarıdan aşağı hamı şeyinə  sarıyıbmış ee ! İntiligentindən tutmiş  fəhləsinəcən fırıllağmiş. Maşenniklər , görürsən, pulu yeməkçün Leninin “əbədi yaşayacağından” necə istifadə ediblər?  Büstü gibsdən qayırıb, üstünə də  qranitə oxşar kraska çəkiblərmiş...Paatonnan, fərəsətə bax ee !.. Demə Leninin büstü adi gipsdənmiş, içi də boş?! Qəfil yadına düşdü ki, on altı  il  qabaq  bu “əvəzsiz heykəltaraşlıq nümunəsinə”  sərf olunacaq qranitin  alınması üçün   iyirmi beş min manat pul silinmişdi rayon büdcəsindən. Düz iyirmi beş min manat!  Kolxoz sədri gəlib-gedən qonaqlara nə qədər xərcləmişdi, onu bir ferma müdiri bilirdi, bir də Allah ...

  Partkom Vəli   rayon rəhbərliyinin  fırıldağı barədə götür-qoy edəndə,  artıq , Cəfərin “Belarus”u  kəndirin ucunda ilişib qalmış sosializm  banisinin   iri qulağını  sürütləyə-sürütləyə məktəbin həyətindən çıxmışdı.  Nəinki  “ürəklərdə    yaşayan, bəşərin vicdanı, şərəfi olan partiyanın” banisinin, heç qarşısında təntənəli  surətdə oktyabryat olan, boynuna qırmızı  pioner qalstuku bağlayıb sonra da komsomola  keçən Cəfərin də  yatanda yuxusuna girməzdi ki, bir zaman  doğma babası kimi  istədiyi, şərəfinə şeir, mahnı oxuduğu Lenini öz traktoruna qoşub kənd boyu sürüməkdən həzz alacaq. 

Cavanlar durmadan coşquyla qışqırışırdı:

-A-zad-lıq!...A-zad-lıq!.. 

-El-çi-bəy!.. El-çi-bəy!..

Həşimin fotoaparatı şaqqıldayırdı... 

Pirverdi bəyin qardaşı oğlu  rayon qərargahından gətirdiyi  üçrəngli   bayraqla , yerlə yeksan edilmiş  Leninin postamentinə dırmandı və camaat  ilk  dəfə gördükləri  bayrağı heyrətlə alqışladı. Pirverdi bəy cavanlara tapşırdı ki , igid oğullarımız uyuyan   Şəhidlər Xiyabanından gətirilmiş müqəddəs bayrağı məktəb binasının giriş qapısına  sancsınlar.  Sancdılar. Bəzilərinin gözləri doldu.Elə bil havanın ayazı da sındı. Sovetin xofu içindən çıxmayanlar isə gizlincə ağız büzürdü.

-Dağıl, a dünya !..-Qafur kişi başını yellədi. Onsuz da Pirverdi bəydən zəndi-zəhləsi gedirdi deyə istehzasını gizlədə bilmədi. -Bit vurmuş müsülmanı çuxadan-çarığdan çıxart , savad ver, yol çək, poyezə, maşına mindir, adam cərgəsinə qoy.., bu da  sağolun?! Çörəyverənə şıllağ atmağı öyrənmüşüy...Bu “bəy”dən soruşan gərəydi ki, ayə, a belə-belə olmuş, o kişinin adına olan inistutda nöş oxuyurdun, həə?   Oxudun, adam oldun da, pisdi? Gərəy mollaxanaya gedib  babon kimi molla olaydın?!...

-Gorun çattasun, a Lelin, çattasun gorun!..Bir vaxtlar el babasıydın, qəbrüvə də məktub yazırdılar, kömək istiyirdilər,  bu da axırun !? -Səməndər Qafura qahmar çıxdı.

Əlbəttə, bunları Pirverdi bəy səs-küydən eşitmirdi, eşitsəydi də ağsaqqallara baş qoşan deyildi, çünki  camaatın  xislətinə bələd idi, bilirdi ki,  kommunist rejiminin hökmünün, keqebenin zəhminin canlarından çıxması  üçün illər  lazımdı. Bəlkə daha çox...

  Bayaqdan siqareti siqaretə calayan, sovetin hər zülmünün şahidi, bədənində həm nemesin, həm sovetin damğasını gəzdirən, Bayıldan Maqadana qədər əzablı sürgün həyatı yaşamış Əbülfəz kişi dözə bilmədi:

-Ağsaqqal kişisən , nə “baba, baba” salmısan?! O vaxtı   sənikimilər balşeviylərə girənniy eləməsəydi, qurduğumuz  hökümət də dağılmazdı, indi  biz də beş kişidən biriydik...Qınamıram, öyrənmüsüz onun-bunun  avtavasını, dəsmalın daşımağa! Tfuu!... Kasıbın hökümətidi  deyib mıxın dirədi doqqazımıza, olan-qalanımızı yığıb   qalxoz  qayırdı , fərri kişilərimizi “kulak” eləyib Sibirə göndərdi,cavanlarımızı nemesə qırdırdı ,- səsüvüz çıxmadı,  meçitimizi mal töləsinə çöördi, imanımızı itə yal elədi , ölüb yerə girmədüz...Ölümüzü də adətnən basdıra bilmürdüy, nə tez unutduz?..Tfuu!...Ürəynən   “baba”  dediyin oğraş  blmirdi ki, havaxtsa o toydan onun da qapısında olacaq?!..Gorbagora  yas tutana bir bax!..Ə, Qafır, babanı qolçomağ, dədəni vraqnarod eliyən hökmətdi ee  dağılan,rahat ol, day qayıtmayacaq ,  ürəyün nöş   töyşüyür?..  Düzələn döölsüz e,  süz !..

-O, belə dövlət  qurmamışdı, Əbilfəz.Hökmətnən işin var, hökməti yıx,söy,  heykəlin  nə günahı, hə?  Dilsüz-ağızsız heykəli uçurmağa nə varki?!.. Dədəmin goru haqqı, bir gün peşman olacağsuz...Guya bular , bu quru bəylər yağ-bal içində üzdürəcəy bizi ?..Ay, hay! Yumşağ qresloya  öyrəşənnən sonra baxarığ  kim kimin dalını...

-Heç kəs peşiman-zad olmayacaq, Səməndər, ağzının danışığın bil! .-Əbülfəz kişi qəzəblə onun sözünü kəsdi .-Bəyəndiyin həmən  höküməti də elə sənin əli qanlı “baban” qurmuşdu . Day,yoxdu şura hökuməti!  Pay atonnan , it əl çəkdi, motal əl çəkmədi. İnana bilmirsüz? Əşi, dağıldı e, dağıldı! Day geriyə yol yoxdu.Pisdi, yaxşıdı, özümüzünküdü... 

Ağsaqqal susdu. Daha heç kəs  danışmadı.Havanın şaxtasına məhəl qoymayan cavanlar, qocalar büstün boş  yerində toplaşıb məktəbin  damına pərçim edilmiş , bayaqdan  qürurla dalğalanan üçrəngli bayrağa  baxırdı. Bu kənd indiyəcən belə fərəh görməmişdi. Yağan da qar deyildi sanki, ağ qızılgül ləçəkləriydi, aləmi ağuşuna almışdı...

 

                       ***

 

O gündən  Cəfərin evindəki hüzur pozulmuşdu. Büstü uçurulan   Lenin  gecələr   yuxusundan , gündüzlər də yaxasından əl çəkmirdi Cəfərin. Ona elə gəlirdi ki, traktorunun yedəyinə bağlayıb kənd boyu sürütmə çəkdiyindən qəzəblənib   onu qarabaqara izləyən, intiqam alovu ilə alışıb yanan Lenin sağdır, gözə görsənməsə də,  haradasa buralarda, evinin lap işində onu pusur...

Elə ki  gecələr başını yastığa qoyurdu , eyni hadisə təkrar olurdu: qeybdən peyda olan Lenin onun üstünə cumur, boğazından ikiəlli yapışıb boğmaq istəyir, ömründə bir toyuq başı  üzməyən  Cəfər də əsəbilərini cilovlamadan  var gücü ilə onu itələyib döşəməyə sərir, yastığının altında gizlətdiyi    qəməltini qapıb  ona hücum çəkir ,  o boyda imperiya  rəhbərinin başını kəsməyə başlayırdı , özü də küt qəməltiylə. Sürtülməkdən didilən  dərisindən axan isti qan  çırtlayıb  sifətinə , divarlara, döşəməyə  yayılırdı. İkisi də  al qanın içindəydi, xırıldaya-xırıldaya  gözləri bərəlmiş , ağzı köpüklənmiş Lenin isə çabalayır,ölmək istəmir, nəsə deyir, nəsə umur ,  yalvarır  , imdad diləyir , bəlkə də ona əzab verən    qəməltinin   küt tiyəsini lənətləyirdi .  Cəfər isə  eşitmirdi. Eşitdiyini də başa düşmürdü.   Bezmişdi. Səsi çıxmasın deyə dişini dişinə sıxıb qəzəbini boğurdu. Artıq Cəfər   nə üzərindən məsum  Volodya  gülümsəyən beşguşəli ulduzlu, nə də  boynu qırmızı qalstuklu  Cəfər deyildi, yuxa ürəyi daşa dönmüşdü,  bəlkə də quduzlaşmışdı, özüylə bacarmırdı,nəyin bahasına olursa olsun ,bu gecə onu öldürməliydi , çünki , lap ömrü boyu yuxusuz qalsa da , daha Leninin dirilməsini  istəmirdi...

Yenə də hövlnak , havalı kimi dik atılıb yerindən duranda ,  özünü   qanın yox, çıpaçıp  soyuq tərin içində çabaladığını görən Cəfər ,qışqırığından diksinib ayılan Tükəzə, o biri otaqdan maddım-maddım onun bu halına acıyan qızlarına  nə baş verdiyini heç cürə başa sala bilmədi .

Cəld yerindən qalxıb geyindi.Artıq nə edəcəyinə əmin idi. Köhnə paltar dolabından  pencəyini  çıxardıb çiyninə atdı, odun peçinin yanından kibrit qutusunu götürdü,  asta-asta qapını açıb həyətə düşdü. Tükəz təşvişlə onun arxasınca baxırdı. “Allah , sən özün kömək ol!”-pıçıldadı, yun şalını çiyninə atıb qapının arasından boylanan  uşaqlara acıqlandı, “keçin yerinizə” deyib pəncərəyə yaxınlaşdı.Cəfər  deyəsən eşikdəki şaxtanı duyub qalın geyinmək üçün geri dönmək   istəyidi, amma fikrini dəyişdi. Təndirxananın böyründəki manqala bir-iki quru odun parçası  qoydu , üstünə kerosin töküb kibrit çəkdi. Öcaq alışdı.Pirverdi bəyin dedikləri neçə gün idi qulağında guruldayırdı: “ O ”kişi “ dediyinin   qırmızı ordusu  babalarımızın qan bahasına qurduğu dövləti   dağıdıb , anladın?  O, cibindəki partbileti də bəsdi əzizlədün, cır , tulla . Bilirsən də, getdi day onun daşdeşən dövrü!”   

Odunlar  tutuşandan sonra  əlini pencəyinin döş cibinə saldı. Cəmi ikicə dəfə,-raykomun bürosunda üzvlüyə qəbul olanda, bir də Bakıda,  partiya qurultayında qeydiyyatdan keçəndə əlinə aldığı qırmızı biletini çıxardıb ocağa tulladı. Sanki ağır yükdən qurtulmuşdu. Ürəyi sevinir, gözləri alışıb –yanırdı. Rahatlandı. Dərindən nəfəs alıb ayazın soyuğunu ciyərinə çəkdi. Çox keçmədi ki, bilet büzüşə-büzüşə  qırışaraq   alışmağa başladı...

                                                 ***

Yatağına  kirimişcə girdi.  Bayaqdan yorğanın altında onu gözləyən Tükəzə də yaxın durmadı . Başını yastığa qoyan kimi qayğısız körpə kimi dərin yuxuya getdi...

 Cəfərin partbiletində gizlənən Leninin   ruhu isə qara tüstüyə dönüb şaxtanın sızağına qarışırdı...

 

 

*FED –Feliks Edmundoviç Djerzinski adına  Xarkov əmək kommunasında 1934 cü ildən istehsal olunmuş sovet fotoaparatı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)