Edebiyyat.az » Proza » Zamiq Zərdabi - Həvva (Hekayə)

Zamiq Zərdabi - Həvva (Hekayə)

Zamiq Zərdabi - Həvva (Hekayə)
Proza
nemət
Müəllif:
22:50, 18 aprel 2020
1 186
0
Zamiq Zərdabi - Həvva (Hekayə)




 
Hər şey o müdhiş yuxudan sonra baş verdi.

Səhər tezdən yuxudan durub, işlə bağlı çıxmalı olduğum üçün bir az evdəki söz-söhbətin, bir az gördüyüm yuxunun təsiri altında tələsik vanna otağına keçdim. Duş aldım. Vannadan çıxmaq istəyirdim ki, arxası üstə yıxıldım. Kürəyimin sağ tərəfi tuncdan tökülmüş vannanın kənarına elə zərblə dəydi ki, gözlərimə qaranlıq çökdü, nəfəsim kəsildi. Burda "nəfəsim kəsildi”ni eləcə gəlişigözəl söz kimi demirəm; həqiqətən neçə saniyə, ya neçə dəqiqə olduğunu bilməsəm də, nəfəs almadığım, daha doğrusu,ala bilmədiyim dəqiq yadımdadır. Bir müddətdən sonra tərpənmək imkansız olsa da, birtəhər hamamın qapısını döydüm. Anamın hay-küyünün, vay-şüvəninin fonunda məni mələfəyə bürüyərək yataq otağına apardılar, uzatdılar, nə baş verdiyini öyrənmək üçün tutulmuş nitqimin açılmasını, özümə gəlməyimi gözlədilər.
 
Bir gün ağrıdan ilan kimi qıvrıldım, nə durub hərəkət edə, nə düz əməlli nəfəs ala bildim. Sabahı gün ev əhlinin təkidilə əlli ildir təmir, yeni avadanlıq üzü görməyən, amma ucuz, kasıbmalı, ən əsası evə yaxın dövlət xəstəxanalarından birinə gedib rentgen müayinəsindən keçdim.
 
Həkim daxili orqanlarımda heç bir zədə olmadığını, qabırğalarımda xəsarət görünmədiyini bildirib, bir maz yazaraq sürtmə qaydalarını başa saldıqdan sonra getdiyim kimi də çətinliklə, daha doğrusu, böyük əzab-əziyyətlə evə qayıtdım.
 
Xidmət sahəsində çalışdığım üçün pulunu alıb xərclədiyim müştərilərin işlərinin ardınca düşmək vacib idi. Elə bu səbəbdən təxminən bir həftə hər gün işə taksiylə gedib-gəlirdim. Amma bu elə-belə, sizin oxuduğunuz kimi sadəcə gedib-gəlmək deyildi. Hıqqana-hıqqana maşına oturmaq üçün beş dəqiqəyə yaxın, düşmək üçün də bir o qədər vaxt tələb olunurdu. Hələ hərəkət etdikcə, yeridikcə, ən əsası da nəfəs alıb verdikcə çəkdiyim ağrıları xatırlayanda indi də üzümü yarpız görmüş ilan kimi turşuduram.
 
Ən çox istifadə etdiyim tanış taksi sürücüsü ağdamlı Əliyar həkimə getdiyim gündən başlayaraq hər gün türkəçarənin, qaymoritin əvəzedilməz bilicisi, sınığın, söküyün ustası bir yerlisinin olduğunu deyir, onun yanına getməyi məsləhət bilirdi. İlk günlər həkimin yazdığı məlhəmə arxayın olub tezliklə düzələcəyinə ümid etdiyim üçün o qədər ciddiyə almasam da, sonda razılaşmalı oldum.
 
Getdik yüz illərdir bu işlə məşğul olan bir nəslin nümayəndəsi, pəhləvan cüssəli, qarabuğdayı, üzündən nur, bığlarından yağ daman Arifin evinə. Bədənimə baxıb, iki dəfə nəfəs aldırıb-verdirəndən sonra əlini qoydu, düz ağrının mərkəzi olan qabırğamın üstünə ki, burada birinci qabırğayla ikinci qabırğanın arasındakı pərdə cırılıb, ikinci qabırğa əzilib. Nə başınızı ağrıdım, müxtəlif yağlardan, kremlərdən, iki böyük mələfədən istifadə olunmaqla möhkəm bir sarğı prosesi həyata keçiriləndən sonra, "get, üç gündən sonra sarğını aç, heç nəyin qalmayacaq, amma qabırğarası pərdə heç vaxt bitişmir, nə vaxt soyuğa versən,ömrünün sonunadək həmin yerdə ağrı olacaq” – deyib, bizi yola saldı. Arifin evindən çıxanda artıq pilləkənləri qaçaraq düşəcək qədər rahat, ağrısız idim. Üç gün sonra sarğını açıb, Arifin ənvatına rəhmət oxuya-oxuya əvvəlki sakit, sağlam həyatımı yaşamağa başladım. Amma o vaxtdan payız, qış aylarında yanımdan bir az yel ötən kimi o pərdəsi cırılmış qabırğalarım ağrıyır, sızıldayır, həmin o yuxarıda dediyim müdhiş yuxunu yadıma salır…
Söz düşmümşkən, o yuxunu da danışım. Həmin gecə kefi kök, damağı çağ yeyib-içmək məclisindən gəldiyim üçün yerimə uzanan kimi xort düşmüşdüm. Səhər tezdən həmin yuxunun təsiriylə oyandım.
 
Gördüm ki, boz-bulanıq bir havada oturmuşam dəniz kənarında, çılpaq qayalardan birinin üstündə və ac qurd kimi sahilə hücum çəkən ləpələrə maraqla tamaşa edirəm. Sanki qurd qarşısında dayanmış ova hücüm edir, amma nədənsə ehtiyatlanıb geri qayıdır.
 
Bu vaxt arxada hənirti hiss edib diksindim. Geri çevrildim. Arxamda təxminən mən yaşda, mən hündürlükdə, qarayanız, pərtdənəgöz, eynən mənim burnum kimi iri burunlu, sallaq çənəli, eybəcər bir qadın dayanmışdı.
 
Ürpənmədim desəm, yalan olar. Bəlkə divanədir, manyakdır, arxadan mənə nəsə edər, xətər yetirər, düşüncəsindən xilas olub üzümü önə də çevirə bilmədim. Sualedici nəzərlərimi üzünə zilləyib baxdım. O da elə belə olmalıymış kimi sakit, mehriban nəzərlərlə məni süzürdü.
 


 
Dözməyib: - Nə kömək edə bilərəm? - deyə soruşdum.
 
- Qayıtdım... sənə bir iki sözüm var, ona görə qayıtdım.
 
- Mənə?
 
- Hə.
 
"Bu, dəqiq divanədir”, - deyə düşünüb, halına acıyaraq, rəhmdil bir səslə:
 
- Hardaydın ki, bəs? Haradan qayıtmısan? – deyib guya cavabı çox maraqlıymış kimi diqqət kəsildim.
 
- Uzaqlardaydım, çox uzaqlardaydım. Məni səndən ayırandan sonra başıma çox bəlalar gəldi. Çox incitdilər məni. Axırda dözmədim, dedim, sənin yanına gəlim. Dərdimi sənə deyim.
 
- Mən axı səni tanımıram. Məni hardan tanıyırsan ki?
 
- Niyə tanımıram? Adəmsən də.
 
Məsələ ciddiləşir deyəsən. Kim öyrədib göndərib bunu, nə məqsədləri var? Yoxsa hardan tanıyır məni.
 
- Yaxşı, bəs sən kimsən?
 
- Həvvayam. Guya tanımadın?
 
- Ay xanım, mən sizi tanımıram, tanımaq fikrim də yoxdur. Gedin buradan!
 
- Sən əvvəldən belə vəfasız idin. Onda da hər şeyin günahını mənim üstümdə qoydun. Küsdürmüşdün məni. Könlümü almaq üçün getdin, "heç kim bilməz” deyib alma dərdin. O biləndə də yalandan dedin ki, guya mən demişəm, "alma dərməsən, barışmayacam səninlə”. Gül kimi yaşayırdıq cənnətdə.
 
- Hə, bildim siz kimi axtarırsız, amma mən o Adəm deyiləm, başqa yerdə axtarın onu, – deyərək bu divanə görkəmli, sərsəm danışan qadından aralanmaq istədim.
 
Arxadan səsi gəldi: - Qabırğan çoxmu incidir? Məni sənin qabırğandan yaradıb axı. İncitməmiş olmaz.
 
Əsəbi şəkildə yoluma davam etdim. Amma tövşüyə-tövşüyə, dabanqırma arxamca düşməsindən narahat olub dayandım.
 
- Nə lazımdı sənə? Niyə əl çəkmirsən yaxamdan?
 
Daşın üstündə oturub, mənə də yanında yer göstərdi:
 
- Otur!
 
Qeyri-ixtiyari oturdum.
 
- Gör neçə min il keçib, amma yenə yaraşıqlısan. Bilirsənmi niyə gəlmişəm bu qədər vaxtdan sonra? Bilmirsən. Deyəcəm, danışacam hamısını.
 
- Danış görüm, – səsim həyəcandan əsirdi.
 
- Gör nə qədər dözmüşəm, amma daha dözümüm qalmadı. Sənin övladlarından xəbərin var?
 
- Nə övladlar? Mənim cəmi bir qızım var.
 
- Özünü səfehliyə qoyma, - əsəbiləşərək üzünü yana çevirdi, – bütün aləm sənin övladın deyilmi? Hamısı səndən əmələ gəlməyibmi? Bütün kişilərin əməllərinə səni, qadınların əməllərinə məni cavabdeh qoymayıblrmı?
 
Özümdən asılı deyidi, sanki bu qadından qaça bilməyəcəyimi anlayıb, söhbətin həll olunub qutarması üçün qulaq asır, cavab verir və istəmədən onun təsirinə düşürdüm.
 
- Nə olub, neyləyib ki, mənim övladlarım?
 
- Daha neyləyəcəkdilər axı? Etmədikləri nə qalıb ki? Bax, O, bizi yaradanda sənə nə tapşırmışdı? Deməmişdimi mən qadını sənə həyatı daha maraqlı etmək üçün, səni yaşatsın, sənə zövq versin, ən dəyərli, ən sevimli, həmişə itirməyə qorxacağın məşuliyyətin olsun deyə yaradıram? Deməmişdimi sənə onu qorumağı, müdafiə etməyi, incitməməyi tapşırıram. Demişdi, əlbəttə, demişdi. Amma indi mən və qızlarım səndən, hərəsində bir xasiyyətin gizlənən oğlanlarından başqa heç kimdən qorxmuruq. Nə istəyirsiz bizdən? Min illərdir kölə etdiniz, döydünüz, zorladınız, qanlı müharibələrdə övladlarımızı qanına qəltan etdiniz, yorulmadınzmı? Bu yaxında Suriyada bilirsən nə oldu? Sənin Məhəmmədin gətirdiyi dinə etiqad edən oğlanlarından biri, elə həmin dinin başqa qoluna etiqad edən Təlha adlı birini elə həyətindəcə güllələdi, "Allahu Əkbər” deyə-deyə iki azyaşlı oğlunun başını kəsdi, sonra da 11 yaşında qızını, cəsədlərin üstündə saç yolan qadınını zorladı, özüylə apardı ki, siz daha mənim cariyəmsiz. Gözünü bərəltmə! Hamısını lap yaxşı bilirsən! Hələ bir az bundan əvvəl sənin erməni arvaddan olan oğulların Xocalıda nə dəhşətlər törətmədi?! Sən onlara başa salmamısan ki, özgə torpağına göz dikirsən, cəhənnəmə dik, müharibə edirsən et, döyüşürsən döyüş, amma qadına, qıza hücum etmək nədir? Hamilə gəlinin bətnindəki körpəni öldürmək nədir? Körpə-körpə qızları zorlayıb sonra güllələmək nədir? İnsanları diri-diri yandırmaq nədir? Bu,necə alçaqlıqdır, bu,necə vəhşilikdir?
 
Təəccübdən gözləri bərəlmiş, düşüncəsi donmuş halda dinləyir, cavab verməyə, etiraz etməyə söz tapmırdım.
 
- Gəlmişdim ki, bəlkə sən bir əlac biləsən, bir çarə edəsən. Amma baxıram, sən də tamam dəyişmisən, nə qeyrətin qalıb, nə sözünün təpəri. Dünya yaranandan sənə tabe oldum, sənə ümid oldum. Hər şeyə göz yumdum ki, sən yoluna qoyarsan, övladlarının öhdəsindən gələrsən, amma daha o baban öldü. Özüm bildiyim kimi qoruyacam qızlarımı. Başınızı elə qatacam ki, canınızın hayında qalasız. Planım da var. Əlacsız virusa yoluxub, yoluxduracam hamınızı, cümlə bəşəri. Bununla bitməyəcək ki… Dərdi dərd üstündən göndərəcəm. Qoy, elə dağılsın bu xaraba qalmış dünya. Mənim qızlarım xoşbəxt olmayandan sonra dağılıb viranə qalsa yaxşıdı. Daha mənə qabırğan kimi baxa bilməyəcəksən. Ayrılıram səndən.
 
Qadın bunları deyib, əcaib səslə qışqıra-qışqıra dənizə tərəf getməyə üz qoydu:
 
Daha qabırğan deyiləm! Daha qabırğan deyiləm! Daha qabırğan deyiləm!...
 
Qızımın çığırtısına yuxudan dik atıldım. Yuxunun təsirindən ayılmamış, bu əcaib söhbətin yuxuda olduğuna şükr etməyə macal tapmamış qızımın çığıra-çığıra anasına dediyi sözlər beynimdə danqıldadı: "Mən universiteti bitirməmiş, özümə karyera qurmamış ərə getməyəcəm! Hələ sənin o qanqalbaş, küftəsifət qardaşın oğluna heç getməyəcəm! Mən heç kimin əşyası deyiləm!..”
 
İndi kürəyimi istilik radiatoruna soykəyib, gözlərim televizorda, qabırğamın sızıltısından üz-gözümü turşuda-turşuda o yuxunu, qabırğamın zədələnməsini xatırlayıram. Xəbər aparıcısı başlıqları oxuyur: "Ümümdünya Səhiyyə Təşkilatı Çinin Vuhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirusu pandemiya elan edib. Bir çox dünya dövlətləri artıq virusun yayılmasının qarşısını almaqda aciz olduqlarını etiraf edirlər”.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)