Edebiyyat.az » Proza » Könül Nuriyeva - Çaqqallar və arvadım (hekayə) birinci hissə

Könül Nuriyeva - Çaqqallar və arvadım (hekayə) birinci hissə

Könül Nuriyeva - Çaqqallar və arvadım (hekayə) birinci hissə
Proza
nemət
Müəllif:
22:30, 10 may 2020
2 125
0
Könül Nuriyeva - Çaqqallar və arvadım (hekayə)






 

 Pəncərəyə ən çox yaraşan, onun qarşısında durub gözləyənlərdi. Bir ömürdə nəyi gözləmədik ki; dostu, ölən əzizimizi, itən pişiyi, bizə pul atan qonşunu, sevdiyimiz adamı, məhşur olacağımız barədə xəbəri, birdən varlanacağımız lotoreya nömrəsini..Mən də gözlədim, çaqqaları və arvadımı.

Əvvəlcə sıra, səliqə, sahmanla sizə həyatımı danışım. Mən otuz iki yaşlarında bir kişiyəm. Uşaqlıqdan coğrafiya fənnini sevirdim.Nədənsə hərbçi oldum . Atam mülk üstündə bıçaqlanıb, öldürülüb. Özü də bunu əmim edib. Vur – tut  üç sot   qara torpağa və məhəlləmizdə olan saysız davalara görə bəlkə hərbini seçdim, bilmirəm. Təki evdən uzaqlaşım, anamın ağlar üzünü görməyim deyə. Məsuliyyətdən qaçan əclafam mən. Hərbi həyatımda da nə zibil desəniz , etmişəm. Arada düşünürəm, əmimin  vicdansızlıq genləri mənə keçib. Əgər bu adda genetika sahəsi varsa. 

Arvadım? Hə, var. Sevirəm o ifritəni. Onun haqqında sonra danışacağam. Oğlum da var. Ailəmə o qədər mənəvi, psixoloji əzablar vermişəm ki, ana bəntində oğlum xəstəliyə tutulub. Hər halda başıxarab həkimlər belə dedi. O, bu arvadım da bu sözü bayraq edib, hər gün beynimin ətini yeyir. Hər gün yox ha, hər saat  söyürəm hamını. Atamı, anamı, arvadımı, zəmanəni, sənətimi, hətta Amerikadan dünyaya virus yayan  axmaq alimi.

 Məni yaxşı tanımağınız üçün bir söhbət danışım. Çoxları kimi  özümü əxlaqlı saymıram. Altdan gizli işlər görüb, üzdən mələk ola bilmirəm. İndiyədək məni belə tanıyıblarsa , bu onların  baxış bucaqlarıdı.  Hə, hərbidə işləyim  beşinci il idi.  Axşam tərəfi, postda qarışıqlıq düşdü,  məlum oldu ki , bir əsgər zorlanıb. Vəziyyəti pisdi, belə sağlamlıq cəhətdən yox , psixoloji gərginlik yaşayır. Əsəbləşdim, mən komandir idim, xəbər yuxarılara  çatsa , batacaqdım.  Hələ birindən qurtarmamışdım. Silah oğurluğu üstündə    yatdığım qadından borc pul götürüb,   məsələni birtəhər  bağlamışdım. Altı min pula görə , gec qaytardığım üçün   qadının mənə yazdıqlarını görsəydiniz, üzümə tüpürərdiniz.

Sütül əsgərlərdi, təzə gəliblər, illərdi bunlarla nə əziyyət varsa çəkirəm. Zorlayanı çağırdım , bir şillə, sərt sifət, söyüş – hadisəni belə sakitləşdirdim. 

-Mordasına bax, bunun! Əsəb götürür də adamı. Ölürsən, əəə!?

İnanın  sizdə olsaydınız mənim yerimdə əsəbləşərdiniz. Əli, ayağı, yekəpər  bədəni , özünü qoruya bilmir .Həmişə aciz insanlar məndə qıcıq yaradır.Onları əzildikcə əzmək istəyirəm.İxtiyarım olsa, bir otağa doldurub, yandıraram. 

Mən söyürəm, oğlan lal- mat dayanıb. Bir kəlmə desə, onunla sözlə dirəşərdim. Sakit dayanıb, cinlərim başımda oynayır.

-Lalsan əəə?! Necə oldu danış, nöşün ona bir təpik vura bilmədin?

Oğlan dinmir, uşaqlıqdakı davalar gözümün önündən keçir.  Böyüklərin ayaqları altında çabalayıram.Hərə öz hayındadı, kimsə məni görmür. 

-Çevril, əə!

Əsgər lal halını pozmayaraq, müti qul kimi  üzünü divara söykəyir.

-Bu bir, bu iki, küçük bəsindi?!

Onu zorlayıram.Sonra da bir təpik;

-Bu haqda , bu gün olanlar barədə ağzından bir kəlmə çıxmasın!

İnsan  niyə belə qorxaqdı?!

 

***

Arvadım müəllimdi. Gözəl qadındı deməzdim, çox cazibəlidir. Bir təbəssümü var, canın alır adamın. Xasiyyəti ağır, dözülməzdi. Yataq həyatımız demək olar ki, yoxdu. Ona dəfələrlə xəyanət etmişəm. Aylarla tək qoyuram, evə getmirəm. Ağlayır, amma zəng edib harda olduğumu soruşmur. Bilir ki , evə gəlib ağzını- burnunu qan içində qoyacağam. Bir cümlə deyir:

-Uşağım olmasaydı , sənlə qalmazdım.

Getməyə yeri də yoxdu, anası  onun gününü qara edər. Qaynanam mənim xətrimi çox istəyir. Tülkülük  edib, özümü sevdirə bilmişəm. Tülkü demişkən , evimizin ətrafında çaqqallar var, çoxdu .Arvadım deyir ki, illərdi kirayələrdə canım çürüdü, indi də çöllükdə mənə ev aldın. İnsafən haqlıdı, əşşi nə kefimə. Allahına şükr etsin,  camaat   onu da tapmır.

Axır vaxtlar ondan şübhələnirəm. Deyəsən danışdığı var. Gizli xəbərin ömrü qırx gündü deyirlər, öyrənərik.


***

Axşam idi, evə gəlirdim.Maşını qapıda saxladım. Qonşu oğlan mənə yaxınlaşdı, salam-kəlam, işarə filan vurmadı, elə birbaşa dedi ki, arvadın hər axşam üzü çöllüyə tərəf gedir. Mədəni çıxmaz deyə, arxasınca getmədim, izləmədim. Sizə deməyi lazım bildim. Qonşum uzaq qohumumdur. Kişinin oğlu  qeyrət çəkir.  Sağollaşıb , evə gəldim. Arvadım yemək  yeyəcəyimi soruşdu, yox dedim, yaxınlaşıb əzizləmək istədim. Məni itələdi,  tutub qolundan özümə tərəf çəkdim. Dırnaqları uzun idi, biri sındı və qanadı. O səs-küy saldı, ağladı. Qadın psixologiyasın bilirəm, qabaqdan gəlmişlik edib, qara-qışqırıq salmaq adətləridir.

-Məni söysə də, bu mundar qızının nəyin çox istəyirəm, bilmirəm də..

O bu sözləri eşitdi, gülümsədi. Şübhəli nəzərlərlə ona baxdım. Yox, belə təmiz gözləri olan qadın məni başqası ilə dəyişə bilməzdi. Duyğularında xəyanət edə bilərdi, amma bədənini kiməsə təslim etmək, yox, bu onun işi deyildi. Fikirlər beynimi qıcqırdırdı. Mən özüm də, indiyədək az  qadın bədəni ilə təmasa girməmişdim. Çox idi  və mənasız idi, inanın. Biri  o birindən çıxartdığı səslərə görə fərqlənirdi. Bütün yatdığım qadınlar acizanə təslim olmaq arzusunda idilər. Bu ikrah doğururdu. Fəth olunmayan, ya heç olmasa  mübarizə apararaq, tez təslim olmayan qadın daha maraqlı idi. Hə, indi anladım. Arvadımı elə bunun üçün sevirdim. Ondakı cazibənin sirri bu imiş. Döşlərini sinəmə söykədiyi  ən çılğın yataq səhnələrimizdə belə, ona tam sahib ola bilmirdim. Nə idi bu, başa düşmürdüm. Sığallayırdım, onu incidən zərbələr vururdum, həmin o enə bilmədiyim daxili gücünü, qadınlığını , tabe olunmamağı  qıra , əzə bilmirdim. 

Qısqanclıqdan dəli olurdum. Bax, burdadı, qollarımdadı. Çoxdan yatmırdıq, indi çarpayımın kənarında  pişik kimi yatıb. Nə istəsəm , edə bilərəm. Dalbadal on dəfə cinsi əlaqəyə girə bilərəm, saçlarından tutub sürüyə, döyə bilərəm. Yanını şillərlə qıpqırmızı edə bilərəm. Sinəsinə tüpürüb, yalaya bilərəm.

Bilərəm, bilərəm. Lakin, əsas nəyi ki, bilməliyəm, onu bilmirəm.

Elə şirin, şirin fısıdayırdı ki...


***

 

-Mən çaqqalardan qorxuram. Deyilənə görə tikanını atır qəfildən adamın üstünə.

-Qorxma, boş şeydi, yalandır. 

-Niyə burda ev aldın,  yüzlərlə çaqqal ulayır  burda.Az qala həyətə gələlər.

- Başladı da, kəs daha.

 

***

 Adətən, hərbi hissə evimə yaxın olduğu üçün saat 12-də evə gəlirdim. Kimsə mənə zəng edib, niyə işdə yubanmağımı soruşmurdu. Arvadım həyatı boyu, birdəfə belə məni qısqanmadı. Hardasan deyə  ismarıc yazmadı. Nə qədər, alçaq təbiətli biri olsam da, mənim də qayğıya möhtac duyğularım var. Bəlkə  hər kəs mənə sərt divarlar hördüyü üçün  belə oldum. Belə daş ürəkli,  eyiblərimi xor görməyən, arvadımı adam yerinə qoymayan, anamı illərlə axtarmayan,  zorlanmış oğlanı bir də zorlayan. Bəlkə mən bütün dünyadan uşaqlığımın intiqamını alırdım. İçimdəki əzrayılın kiçik forması hələ indi yetişirdi?

Daha ağılagəlməyən alçaq işlər üçün beynimdə planlar hazırlayırdım? İlan olub hamının boynuna dolanıb, öldürmək haqqını özüm özümə nə vaxt vermişdim? Ən haqsızlıq etdiyim qurbanım arvadım olacaqdı bəlkə?

Hə, onu deyirdim axı, saat on ikidə deyil, doqquzda evə gəldim.Otaqlara baxdım, yox idi. Hava qaranlıq, hara gedə bilərdi?

Küçəyə çıxdım.Bizim evdən  üzü yuxarı atçılıq ferması yerləşirdi. Qarşısında balaca, qapısız daldanacaqlar tikilmişdi. Yayda  işçilər orda günəşdən qorunur, çay içirdilər. Ora yaxınlaşanda:

-Söz vermişdin, canım, olmayacaq demişdin.

- Ay blin, o boyda yolu gəldim, heç nə edə bilmədim.

Bu və buna oxşar kəsik- kəsik sözlər eşidilirdi. Qadın səsi məni dəli etdi, o idi, arvadımın zərif səsi. Yuxuda olduğumu zənn etdim. Hündür boylu, doxsan beş kilo çəkisi olan adamam, bədənim tir- tir əsirdi. Bilirəm, inanmayacaqsınız,  kim olsa orda oğlanın da, arvadının da başını kəsərdi. Maşınımda bıçağım vardı. Cavanlıqda rus arvadım hədiyyə vermişdi.  Öz qadınımla ailə qurub, onu burda qoymuşdum. Rusiyaya kef çəkməyə getmişdim və rus qadınla evlənmişdim. Mənə əla baxırdı, hər gecə masaj edirdi,  ayaqlarımı isti suya qoyurdu, seksə də heç vaxt etiraz etməzdi.  Axırda dilə gəlib dedi ki, bəsdi, u menya yara  budet. Gülürdük. Heyf deyil əcnəbi qadınlar, stolda elə qamətli otururlar ki, qarşında da  dadlı rus şorbaları. Bizimkilər deyingən, seks deyəndə elə bil canları çıxır. Deyən lazımdı ki, nə çürüdürsünüz?!

Mən niyə gic- gic xəyallara , keçmiş xatirələrə dalmışam? Orda  üç metr kənarda arvadım  yad kişiylə pıçıldaşır, mən isə  axmaq durumdayam. Evə qayıtdım. Yox, evə girmədim. Maşına oturub, işə getdim.

 

***

Kişi ən kiçik şeylərdən sına bilir, tikə- tikə, çilik-çilik. Baxmayaraq ki, arvadımın olduğu duruma onlarla qadını salmışam; liftdə, ayaqyolunda, hərbi kazarmanın  yemək stolunda, televizor dükanında. 

Dəli oluram, deməli, qancıq, o məsum siman aldadıcı imiş? Demək buna görə, məndən uzaq gəzirdin. Bıçağı əlimə alıram, yerə qoyuram, yenə götürürəm.Başımı divara çırpıram;

-Məni kiminləsə əvəz etmək?!!

Bağırıram, ola bilməz bu. Sən mənim mülkümsən, bunu edə bilməzsən, mən edərəm, sənə olmaz – bu cümlələri  dəfələrlə təkrar edirəm.  Telefonuma ismarıc gəlir, borc  aldığım qadındı, yenə gülləri düzür ora, ağzına gələni yazır.

Gecə saat üçdür,  ağlımı itirəcəyəm. Evə gedirəm. Arvadım yatıb. Üstündəki adyalı kənara atıram. Qırmızı güllü yay donunun ətəklərini qaldırıram.

On bir dəqiqə sonra, döşəmənin üstündə ayaqları qan içində uzanan mənim arvadımdı. Hələ  onu sevdiyimi düşünürəm. Səsi çıxmır,  qışqırmaqdan, mənə müqavimət göstərməkdən halsız olub. Niyə qan olduğunu anlamıram, bakirə deyildi ki bu..

Evdən çıxıram, onu  ürəyim istəyən kimi, lazım olan kimi zorlamışam. Söymədən, səbəbini demədən.Zorlamaq üçün səbəb lazımdırmı biz kişilərə?! Yeganə və paslanmayan silahımız, çətinlikdə, çarəsizlikdə gücümüz çatam ən əlverişli üsul budur. Səbəbi düşünmürük, nəticə bizi maraqlandırmır. Çox sonralar bilirəm və onu da həkimin verdiyi  kağızda oxuyuram ki,  ilk doğuşunda ev şəraitində olduğu üçün   vaginasında zədə olub, əməliyyat olunmadığı, müalicə  edilmədiyi üçün, mənim vəhşiliyim ucbatından arvadım o gecə o vəziyyətə düşüb.

 

***

 

Siz vaxtın əzab olduğunu bilirsiz? Ötməsini istəyirsən, ötmür. Xəstəlik kimi ağırlaşır vaxt. Boynundan asılır. Dünya darlıq edir adama. Evə, küçəyə sığmırsan. Göz önündə nə görürsənsə, sənə  mənasız gəlir. Həyat rəngini  itirir.  Bircə, sevdiyin qadının səslərini eşidirsən. Gah oğlanla pıçıltıları , gah zorladığımda   bağırtıları şəklində. Qulaqlarını tutma, faydası yoxdur. Etmisəm bu zorakılığı. Soruşmadan, susaraq.

3 mart 2020

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)