Edebiyyat.az » Proza » LALƏ HÜSEYNOVA - SAĞALMAYAN YARA

LALƏ HÜSEYNOVA - SAĞALMAYAN YARA

LALƏ HÜSEYNOVA - SAĞALMAYAN YARA
Proza
admin
Müəllif:
21:08, 29 iyul 2020
1 710
0
LALƏ HÜSEYNOVA - SAĞALMAYAN YARA



 

Günəşli sabahlardan biri idi...Hər səhər olduğu kimi təxminən 80-nə yaxın yaşda bir ağsaqqal dayı işlədiyim parkın skamyasına əyləşdi. Və həmişə də eyni skamyada əyləşərdi. Mən parkın mühafizəçisi idim. Bu parka çox insan gələrdi, lakin bu dayı hər gün gələrdi... Heç kəslə bir işi olmazdı, digər yaşlılar kimi parkı zibilləmirdi. Sakitcə əlindəki əsa ilə gələrdi, əsanı böyrünə qoyub əyləşərdi və fontanı seyr eləyərdi. 

 

***

Mənim adım Tural...25 yaşındayam və nişanlıyam. Nişanlımı çox sevirəm. Ondan qabaq da başqa qızı sevirdim, hətta həyatıma daxil olan ilk qız idi. Onunla ciddi-ciddi evlənməyi düşünürdüm. Çox ağıllı, tərbiyəli qız idi. Sonralar o qızla xasiyyətim tutmadı və sevgimin bitdiyinin fərqinə vardım, onu tərk elədim. O qızın ardımca nə qədər göz yaşı tökməsi xəbərini alsam da, geri dönmədim və ailəm zamanla başqa qızla tanış elədilər. Nişanlımın adı Sevincdir. Çox gözəldir, hər dediyimi eləyir, çox anlayışlıdır. Onu çox sevirəm...Zənnimcə, əsl sevgimi Sevincdə tapmışam. 

 

Sevinc barədə düşündüyüm anda, ondan da zəng gəldi:

-Alo, canım sabahın xeyir. Necəsən?

Sevinc:

-Sabahın xeyir, ürəyim. Yaxşıyam, sən necəsən?

 

Mən nişanlımla telefonda danışa-danışa həmin dayının əyləşdiyi skamyaya əyləşdim. Düşünürdüm ki, o dayı yəqin ki, kar və kordur. Çünki, həmişə  qara eynək taxardı. Ona görə də ərk eləyib yanına əyləşib sevincərək halda nişanlımla söhbət eləyirdim. Nişanlımla söhbətimi sonlandırdıqdan sonra dayıya çəpəri baxış atdım, hərəkətlərində heç bir dəyişiklik görmədim. Öz-özümə düşündüm:

-ALLAH bilir evdəkiləri bezdirir, hörmət olunmur deyə hər gün bura gəlir. 

 

Axşama qədər beləcə səssizcə oturardı. Mən bu parkda iki il olar mühafizəçi işləyirəm və işlədiyim gündən hər gün bu dayını görürəm. 

 

Onun yanından qalxıb ətrafa nəzarət eləməyə davam elədim. Bir neçə saat sonra başqa bir gənc dayının yanında əyləşib, telefonunda bir qızın şəklinə baxırdı. Mən yenə işimlə əlaqədar olaraq ətrafa nəzarətə davam eləyirdim. Birdən kiminsə bu gənci dindirdiyini eşitdim, başımı çevirdiyimdə gözlərimə inana bilmədim. Həmin dayı o gəncə belə bir sual verdi:

-Bu qızı çox sevirsən, oğul?

Gənc yaşlıya baxıb köksünü ötürdü:

-Sevirəm.

Dayı:

-Niyə köks ötürdün? Evlənəcəksən onunla?

Gənc:

-Yox, evlənmək isteyirdim..Sadəcə o, ağır xəstəlikdən əziyyət çəkir. Telefonumdakı şəkilləri xəstəlikdən qabaq çəkilib. 

Dayı:

-Xəstədir deyə vazgeçirsən yəni?

Gənc:

-Ailəm icazə vermir...Məndə bilmirəm qalmışam iki qılınc arasında..

Dayı:

-Əgər sən öz istəyinlə vazgeçirsənsə deməli sevmirsən, oğul. Özünü aldatma. Sevgi başqa bir şeydir...

 

Mən isə kənardan dayı ilə gəncin söhbətini təəccüblü halda dinləyirdim:

-Dayı deyəsən çox müdrik birisidir...Amma haqlıdır, sevən insan sevdiyini xəstə olarkən atarmı?

 

Gənc:

-Sizin deyəsən sevgidən başınız çıxır..

 

Dayı:

-Əsl sevgini yaşamadan anlaya bilməzsən...Həmdə o duyğu əgər həqiqətən varsa...

 

***

 

Nəsib dayının hekayəsi

 

« Universitetə yenicə daxil olduğum illərdə 19 yaşım vardı. Qrupumuzdakı qızlardan birindən xoşum gəlirdi. Adı Nərgiz idi..Əsmər, qarabuğdayı, ala gözləri ilə qəlbimi ovsunlamışdı. İlk başlarda ona yaxınlaşmaqda çəkinirdim. Çox zərif, mədəni bir xanım əfəndi idi. Günlər keçdikcə ona daha da məftun olurdum. Onunla hər gün dostyana ünsiyyət qurmağa başlamışdım. Səs tonu özü kimi zərif idi. Hər zaman ondan nərgiz gülünün ətri gəlirdi. Zamanla onunla yaxın dost olduq. O da mənim kimi həyat eşqi ilə yanıb sönürdü. Oxşar nöqtələrimiz də vardı, hər insanda olduğu kimi mənfi cəhəti də vardı. Bir balaca özündən razılığı vardı, amma olsun mən onu hər halı ilə sevib qəbul eləmişdim. Əsl sevən kişi sevdiyini bütün qüsurlarına rəğmən olduğu kimi qəbul eləməlidir, sevgisindən əmin olmalıdır. Bəziləri hisslərindən əmin olmadan addım atarlar, kiminsə məsum qızına ümidlər, vədlər verirlər və son anda öz hisslərinin olmadığını anlayıb tərk eləyirlər...Vicdansızca ümidləndirdiyi bir qızın arzularını, xəyallarını göz qırpmadan haram eləyirlər. 

 

Nərgizlə ünsiyyətim universitet illərimin sonuna qədər davam elədi.  Biz artıq rəsmi olaraq sevgili olmuşduq. Hər kəs bizim sevgimizə həsədlə baxırdı. Hər an sevgimizə göz deyəcək deyə ürkərdim. Amma hər şey çox mükəmməl davam eləyirdi. 

 

Universiteti bitirdikdən sonra əsgərliyə getdim... Nərgiz hər həftəsonu mənə bişirdiyi yeməklərlə gəlib ziyarət eləyərdi. Əsgərliyimi bitirdikdən sonra, Nərgizgilə elçi getdik. Ailəsi də çox ziyalı idi. Valideynlərimiz bir-birini ən az bizim qədər çox sevdilər. 

 

Nərgizlə 7 ildir bərabər olandan bəri hər şey öz axarı ilə gedirdi. Heç vaxt bir-birimizi incitmədik, dərin yaralar açmadıq. Elçilik mərasimindən bir həftə sonra nişanlandıq. Mənim o zaman artıq 24 yaşım vardı...Nərgizimin isə 23 yaşı yeni olmuşdu...Nişanlandıqdan sonra bir-birimizə daha dərindən bağlandıq. Ömür boyu sevgimizə sadiq qalacağımıza dair söz verdik. Ruhumuza kimi yaxın idik...Bu zamana kimi nə yaxşı nəzərə gəlməmişik deyə bəzən təəccüblənirdim. Nərgiz, həyatımın baharı idi... Tez-tez ən sevdiyimiz məkan olan - gözəl yaşıllıqlarla, hüzur verici fontanı olan parkımızda görüşərdik. Fontanın önündəki skamyada əyləşərdik, onu seyr eləyib şirin pambıqlarımızdan dadardıq.

 

Toyu növbəti ilin yayına saxlamışdıq... Mən bir illik oxumaq üçün Almaniyaya səfər elədim...Bakıdan getdiyim son gecə, Nərgiz mənə sanki bir daha görməyəcəkmiş kimi möhkəmcə sarıldı, bu qucaqlaşma mənə təsir elədi və çox uzatmadan aralandım ondan:

-Nərgizim, belə eləmə... Hər gün zəngləşib danışacağıq.. Əsgərliyə gedəndə belə kövrəlmirdin..

 

Nərgiz:

-Axı əsgərliyini yaxın yerdə xidmət elədin...Azərbaycandan kənara çıxmamışdın, məndə asanlıqla yanına gəlirdim. İndi isə uzağa gedirsən..Mən səni görmədən necə dayanacam?

-Ürəyim, yalvavıram belə eləmə..Hər gün danışacağıq..Səni darıxmağa qoymayacam..O qədər çox zəng eləyəcəm ki, bezdirəcəm..

Nərgiz:

-Mən səndən heç vaxt bezmərəm...Səni bilmərəm..Almaniyada gözün oranın qızlarına baxarsa...

Mən gülərək:

-Mənim gözüm səndən başqasını görməyəcək və ürəyim də səndən başqasını sevməyəcək...

 

Bir balaca ağır keçən bu vidalaşmadan sonra sanki ürəyimə onu itirmek qorxusu sancıldı. Bu vaxta qədər heç belə qorxu olmamışdı. Özümü bir təhər ələ alıb hava limanına üz tutdum.

 

Almaniyada olduğum üç gün ərzində həm öz ailəmlə, həmdə nişanlımla ünsiyyət qururdum və hər şeyin hələdə yaxşı olmasına şükür eləyib sevinirdim. 

 

Aylar sonra Almaniyadakı təhsilimin bitmə ərəfəsi yaxınlaşmışdı. Bakıya qayıdandan dərhal sonra ad günümdə toyumuzu eləməyi planlaşdırmışdıq. Almaniyadan qayıtmağıma bir gün qalmışdı ki, Bakıda yüksək balla zəlzələnin olma xəbərini aldım. Yaxınlarıma, ailəmə, nişanlıma nə qədər zəng elədim amma əlaqə qura bilmədim. Saatlar sonra öyrəndim ki, zəlzələ nəticəsində bir çox binalar çökmüş və onlardan da biri nişanlımın ailəsi ilə yaşadığı binaymış. Amma həmin gün nişanlım evdə tək imiş, yəni ölüm yaxınlarım və əzizlərim içində təkcə onu məndən ayırdı. Bu xəbəri alanda yıxıldım...Dağıldım, o bina kimi çökdüm...Hər şeyi atdım, Almaniyadan səhərisi qayıdacaqdım lakin xəbəri aldığım gecə bir yolla Bakıya gəldim..Nərgizimin dağıntılar altında qalan binaya doğru sərsəm kimi qaçdım, polislər dağıntılar olan tərəfə getməyə icazə verməsələr də, onlara əhəmiyyət vermədən sanki oradan Nərgizimi canlı halını tapacaqmışım kimi axtarmağa başladım:

-Nərgizim??? Sən mənə belə söz verməmişdin...Bilirəm, ölməmisən..Yenə zarafat eləyirsən...Bax, mən qayıtmışam..Sənin üçün qayıtmışam...Gəl çıx ortaya..

 

Beləcə bağıra-bağıra dəli olmuşdum..Ətrafdakı insanlar məni zorla oradan uzaqlaşdılar. Qorxduğum şey başıma gəlmişdi...Onu itirmək qorxusu Bakıdan gedən gecədən yaranmışdı. Özümü nə qədər ələ alırdım, pessimist düşüncələrdən uzaqlaşdırırdım.

 

Nişanlımı itirdiyim gündən hər gün mənə matəm oldu...Qəlbimdə heç bir zaman sağalmayan yaraya çevrildi...Onsuzluğa alışmaq çox çətin oldu. Ondan başqa heç kəsi sevə bilmədim, heç vaxt da baxmadım. Ailəm məni dəfələrlə yeni biriləri tanış eləmək istəsələr də, mən Nərgizimə olan sevgimdən vazgeçmədim...Yalnızlığı seçdim və hər gün bizim görüşdüyümüz bu parka gəlirəm, onunla bərabər oturduğum skamyaya otururam... 

 

Hazırda 80 yaşım var və düz 55 ildir onu itirəndən bəri hər gün bu parka gəlirəm. Onun ruhunu yanımda hiss eləyirəm..O, məndən çox tez uçub getdi...Məndə böyük səbirsizliklə onun yanına getməyi gözləyirəm...Sevgi budur, gənclər... »

 

***

 

Dayının ürək dağladan acı sevgi hekayəsi məni və yanında əyləşən gənci yerdən-yerə vurdu...Mən özümdən çox utandım..İlk sevdiyim qızı xatırladım..O, yaxşı qız idi. Yalansız, xəyanətsiz birisi idi. Sevinc də elədir..Lakin mən ilk sevdiyim qıza yeni Laləyə sadiq olmağı bacara bilmedim...Kiçik mənfiliyinə görə onu tərk elədim. Doğurdan da bir qıza ümid verib, sevirəm-sevirəm deyərək sonra dediklərini inkar eləyib tərk eləmək də bir kişiyə layiq hərəkət deyil. 

 

O gənc , dayının hekayəsindən sonra dərhal xəstə sevgilisinə zəng elədi:

-Canım, mən səni çoox sevirəm və səni heç vaxt tərk eləməyəcəm...Eşidirsən? Hər şey çox gözəl olacaq.

 

Telefonu sonlandırdıqdan sonra, Nəsib dayının nurlu əllərindən öpüb:

-Sizin yaşadığınız bu hekayə məni mənə qaytardı..ALLAH nişanlınıza rəhmət eləsin..ALLAH hər kəsə sizin sevginizdən versin.

 

Dərhal o skamyadan sıçrayıb yox oldu. Ondan sonra mən dayının yanında əyləşdim. Nəsib dayı sözə başladı:

-Mənim hekayəm sənin də ürəyini sızlatdı eləmi? 

-Mənə həmişə maraqlı gəlirdi kimisə sevməkdən əminəm ya yox...Mən hazırda nişanlıyam..Amma sizin hekayəniz mənə keçmiş sevdiyimi xatırlatdı..Onu heç bir günahı olmadan tərk elədim. Halbuki ona sevdiyimi söyləyirdim..İndi eyni şəkildə nişanlıma söyləyirəm..Sizcə, mən nəyi düz nəyi səhv eləyirəm?

 

Nəsib dayı:

-Səndə sevgi duyğusu yoxdur..Əgər olsaydı, ilk sevdiyin qızı indiyənə kimi buraxmazdın. Əgər səndə sevgi duyğusu olsaydı gözün ikinci bir həyəcanı axtarmazdı.. Məncə, öz hislərini yaxşıca götür qoy elə.

 

-Bəs siz nişanlınıza qarşı necə belə sadiq qala bildiniz? 

Nəsib dayı:

-Sevdiyim üçün...Başqa bir özəl səbəb yoxdur...Və ona ömür boyu sadiq qalacağıma dair söz verdim..Kişi dediyini nala-nıxa vurmamalı, oğul. Mərd, cəsarətli və sözünə, əməllərinə, sahib olduğu hər şeyə sadiq qalmalıdır.

-Bəs bəzən də elə hal olur ki, kişilərin sevdiyi qadınlar xəyanət eləyir...İnsafsızlıq eləyir..O zaman necə olmalıyıq? Kişi yenə sevdiyinə sadiq qalmalıdır?

-Bu artıq başqa məsələdir.. Belə hallarla rastlaşmadığım üçün heç bir fikrim yoxdur...Hər halda belə iyrəncliyi görsəydim tərk eləyərdim. Qürurlu, aldadılmış qadınların elədiyi kimi...

-Sizcə, mən necə hərəkət eləyim? Nişanlımla xoşbəxtəm, amma ilk tərk elədiyim qızı düşünüb hüzursuz oluram.

-Nişanlının əlini tutdunsa heç vaxt buraxma..Əgər onu sevdiyindən əminsənsə...İlkini düşünüb için rahat olmursa, sən onu axtar və sadəcə üzr istəyib halallıq al ki, onun göz yaşları ilə ahları sənə həyatın boyu batmasın. Unutma, bir çox kişilər incitdikləri qadınların səssiz göz yaşlarını, çığlığını, canının nə qədər yanmasını bilməzlər ALLAHDAN başqa. ALLAH bu zaman həmin kişiləri ağır cəzalandırar..

 

Dayının hekayəsinin ardından verdiyi nəsihətlər mənə çox pis təsir elədi:

-Sizi niyə bu vaxta qədər danışdırmırdım görəsən? Xətrinizə dəyməsin, həmişə sizi kar və kor bilmişdim..Amma həmişə maraq içindəydim hər gün bura gəlib eyni skamyada oturmağınız. Sizin eviniz haradadır? Evinizə yola salım axşam nə vaxt getmək istəsəniz.

 

Dayı kədərli gülüşü ilə:

-Mənim evim qocalar evidir, oğlum. Valideynlərim qocalıb öldükdən sonra, mən fəhlə olaraq işlədim ta 60 yaşıma qədər. 60 yaşımdan isə öz istəyimlə qocalar evinə gəldim..

-Bəs başqa yaxınlarınız yoxdur?

-Nişanlımı itirdikdən sonra, illər sonra ailəmi itirdikdən sonra qohumlarım məni dəli adlandırdı, ağır travmalar yaşadığıma görə psixologiyamın pozulduğunu düşündülər və bu bəhanə ilə məndən uzaqlaşdılar.

 

Dayının kədərli həyat hekayəsi qədər hekayə heç eşitməmişdim.. İnsanların həyat hekayələri necə də müxtəlifdir. Həyat kiminsə üzünə ömür boyu xoş baxar, kimisə ömrünün ikinci baharında sevindirər, ya da ömrünün sonuna kimi baltalayar. 

 

Axşam 8-dən sonra qocalar evinə getməyə hazırlaşanda məndə onunla birlikdə getdim, qaldığı otağına kimi yola saldım. O evdəki yaşlılara baxdıqca ürəyim kövrəlirdi. Ne vaxtsa məndə belə olacam...Həyat budur, doğuluruq, əzizlənərək böyüyürük, həyatın bəzi zərbələrini öyrənirik, yaşlanırıq və sonra real sonluq - ölüm alır bizi qoynuna..

 

Qocalar evindən çıxdıqdan sonra ilk sevdiyim qızın - Lalənin yaşadığı ünvana doğru qaçdım. Onun işdən evə gəldiyi vaxtda qarşılaşdım. Uzun müddətdən sonra onunla qarşılaşdığımda yaşanan xatirələr gözümdə canlandı. Onun da eyni xatirələrə dalıb getdiyini hiss elədim. Salamlaşdıqdan sonra bir az kef-hal elədikcə mənimlə olduqca mehriban, dostyana söhbət eləyirdi. Mənə qarşı hirsinin soyuduğunu anladım:

-Necəsən? Necə keçir həyatın?

Lalə:

-Hər şey qaydasındadır.

Daha sonra barmağındakı nişan üzüyünü ona göstərdi:

-Nişanlanmışam...Məni istədiyim kimi çox sevib dəyər verən insanla nişanlandım.. 

 

Mən Lalənin gözlərinin sevincdən parıldadığını görəndə ürəkdən sevindim və onun layiq olduğu xoşbəxtliyi qazandığı üçün ürəyimin sızıltısı keçib getdi. Deməli, biz əslində doğru iş görmüşük ayrılmaqda. Davam eləsəydik ikimizin də hekayəsi bədbəxt sonluqla bitərdi. Məndə ona nişanlı olduğumu rahatlıqla söylədim, o da mənə görə çox sevindi. İkimiz də bir-birimizə sonsuz xoşbəxtliklər arzuladıq və sonunda:

-Lalə, səndən son bir şey istəyirəm. Haqqını halal elə...Səni ümidləndirib sonra incitdiyim üçün məni bağışla.

Lalə:

-Hər şey unuduldu getdi arxivə doğru. Halal olsun, haqqımızda xeyirlisi belə yazılmışdı...İndi ikimiz də başqaları ilə xoşbəxtiksə problem yoxdur.

 

Mən Lalənin qəlbinin bu qədər gözəl olduğunun kaşki zamanında fərqində olsaydım:

-Sən çox gözəl qız olduğun qədər, insan kimi də çox gözəlsən...Sənin qədrini mənim kimi zamanında bilməyənlər ölsün.

 

Lalə gülərkən məndə rahatlıqla güldüm. Sağollaşıb evə gəldim və nişanlıma belə cümlə yazdım:

-Səni çooox sevirəm və ömrümün sonuna qədər sadiq olacam, heç vaxt buraxmayacam..

Nişanlısı Sevinc:

-Məndə səni sevirəm, sevgilim...

 

Səhərisi əlimdə bir tort şirinliyi ilə Nəsib dayının qaldığı qocalar evinə getdim. Bütün yaşlılar üçün payladım..Gözüm təkcə Nəsib dayını axtarsa da, görə bilmədim.. Səhər erkəndən parka gedib? Otağına doğru gedib qapısını döydüm, səs gəlmədi. Sonra qeydiyyat bölməsinə yaxınlaşdım:

-Mən dünən buraya Nəsib dayı ilə birgə gəldim, otağına kimi yola saldım. Bu gün tort şirinliyi gəlib payladım, onu heç görə bilmirem. Parka gedib?

 

Orada çalışan qızlardan isə gözləmədiyim cavab gəldi:

-Nəsib dayı, gecə yarısı dünyasını dəyişdi.. Sübhdən də dəfn olundu...

 

Mən bu anda dünən yaxın tanıdığım insanın ölüm xəbərini eşidəndə sanki öz valideynimi itirmiş kimi hiss elədim. Ağır keçən həyatı qədər qəfil ölümü də məni çox sarsıtdı. Dəfn olunduğu ünvanı aldım, qərənfil gülü alıb məzarına doğru yaxınlaşdım. Son mənzili də sadiq qaldığı nişanlısının yanında idi. Mən dizlərimi çöküb hönkür-hönkür ağladım:

-ALLAH rəhmət eləsin...Sənə gəlirdim sevincli xəbərlərimdən müjdə verim...Amma sən artıq uçub getmisən...Çox gec də olsa səni tanıdığıma çox şad olmuşdum...Sənin kimi məndə ömür boyu nişanlıma sadiq qalacam..Mən hələ həyatım boyu ailəmdən kənar bir insanın ölümünə bu qədər sarsılmamışdım. Nur içində yat, şükür nişanlına qovuşa bildin. 

 

Onun ili çıxandan sonra sadə şəkildə toyum oldu, bir il sonra bir oğlum oldu və adını da Nəsib qoydum. Və bütün gənclərə ibrət olsun deyə Nəsib dayının yaşanmış hekayəsini " Sağalmayan Yara " adlı kitab şəklində dərc eləyib satışa çıxartdı...

 

Son

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)