Edebiyyat.az » Proza » Azad Qaradərəli - Dəvə ümidi (Hekayə)

Azad Qaradərəli - Dəvə ümidi (Hekayə)

Azad Qaradərəli - Dəvə ümidi (Hekayə)
Proza
admin
Müəllif:
11:14, 15 avqust 2020
1 189
0
Azad Qaradərəli - Dəvə ümidi (Hekayə)

                            




 

 

                                                                                           Professor   Adil Qeybullaya

 

 

 

            Sonuncu səfərdən sonra qəti qərara gəldi: Bozu bu dəfə mütləq azad edəcək.

            Dəvələrin “azad edilməsi” onların bir otlaqda yalqız buraxılması anlamına gəlirdi. Özü də bura elə bir yer olmalıydı ki, yaşadıqları məmləkətdən aralı olsun ki, dəvə karvanın iyini alıb geri dönə bilməsun. Bu, əslində dəvənin ölümə tərk edilməsi idi.

            Səbəbsə sadə: uzun illər karvanın ən güclü, ən etibarlı dəvələrindən olan Bozun enerjisi tükənirdi, gücü azalırdı, nəfəsi çatmırdı. Bunlar cəhənnəmə, susuzluğa tafanası heç qalmamışdı. Neçə dəfə olmuşdu ki, sarban Bozun yükünü karvanın o biri üzvlərinə paylaşdırmışdı.  Faydası olmurdu. O, karvanın ayağını çəkir, hətta yüksüz belə yaxşı yeriyə bilmir, yolu uzadırdı. Görünən o idi ki, təbiətin qanunu öz sözünü deyirdi: Bozun istifadə müddəti tükənirdi. Ondan xilas olmağın bircə yolu azad etmək idi... Çətin iş idi, amma qaçılmazdı.

            Çətinliyi o idi ki, Boz elə-belə dəvə deyildi. O, karvanın vaxtilə önündə getmişdi. Ən çətin səfərlərə o başçılıq etmişdi. Büdrəməmişdi, yıxılmamışdı, dözümü və gücü ilə karvana nümunə olmuşdu.  Susuzluq karvanı əldən salanda hayqırmış, qarşıda görünən ilğımın həqiqət olduğunu onlara inandırmış, bu yalana özü də inana-inana əsl su məkanına çatdıra bilmişdi karvanı. Yanan səhra onun dəvə ürəyinə güc vermiş, sonsuz kimi görünən qumluqları gəmi dalğaları yardığı kimi yarmış, dəniz qasırğasına düşmüş gəmini sağ-salamat sahillərə çatdıran kapitan kimi karvanı qum fırtınasından xilas etmiş, sahibinin ən ləzzətli təriflərini eşitmiş, oxşamalarını duymuş, sığalından köksü qabarmışdı.

            Və indi belə bir dəvədən imtina etmək...

            Çətin idi. Amma edilməli idi. Qaçılmazdı.

            Sahib məmləkəti ilə səfərdən döndüyü ölkənin lap orta məsafəsindəki səfalı bir ovalıqda Bozun ovsarını açıb buraxdı. Dəvə bir aşağı baxdı, bir yuxarı əydi boynunu və inandı ki, ovsarı yoxdur. “Ovsarı yoxdur” demək, ölüm demək, atılmaq, tərgidilmək demək idi. Ovsarı olmasa da, boynunda nəsə ağır bir şey vardı hələ. Uzun boynunu qaldırıb bu ağır şeyə baxanda onun sahibinin əli olduğunu görüb bir az toxtadı. “Demək hələ əlini götürməyib. Qaytarıb ovsarı bonuma təzədən keçirə bilər. Amma yox. Ümid bəzən yaxşı şeydir, di gəl, onun da əclaflıqlarını çox görmüşük. Ümid kimi axmaq şey bir də ümiddir. Ümid eləməkdənsə, onu tut, sal bu iri ayağının altına, tabe elə özünə, qoy sənə işləsin. Yoxsa, “ümid edirəm ki...” Nəyə ümid edəcəksən?! Niyə ümid edəcəksən?! Bitib axı sənin dövranın. Get, uzan, öl, vəssalam... Amma yox, biz dəvələrin öz ölümü var axı... Onu gözləməliyəm. Gec-tez gəlib səni tapacaq...”

            Başını qaldırıb sahibinin üzünə baxdı. İri, köşək gözləri yaşla həlqəli idi. “Vay səni! Sahib ağlayır ki! İlahi, indi mən də ağlayacam... Dayan e! Mən heç yaxşı fikir verməmişəm... Bu sahibin üzü necə də bizə oxşayırmış?! Qalın dodaqları, köşək gözləri, dəvə sifəti kimi sərt üzü və yaşla həlqələnən gözləri... Ürəyi yoxdu bizim kimi... O saat ağlamaq tutub... Uzun karvan yolçuluğu zamanı pirlərdən eşitmişəm ki, insanlar saxladıqları heyvana çox bənzəyirlər. Donuz saxlayan, donuz əti yeyən donuza oxşayır, qoyun saxlayan, qoyun əti yeyən qoyun kimi fağır, qoç kimi hirsli və amansız olur, it saxalayan it kimi qancıqsifət, köpək kimi sədaqətli, küçük kimi hürəyən olur, dəvə saxlayanlar da dəvə kimi ürəyi qübarlı, gözüyaşlı, bir də kinli olurlar... Eynən sahibimiz misalı...”

            Adam dəvənin uzun boynuna bir tumar çəkdi, doymadı, dönüb bir də çəkdi, sonra qəhərli-qəhərli arxasına bir şapalaq vurdu – bu şapalaqdan çox “sağlıqla qal” anlamına gəlirdi. 

            Dəvə başını çevirib bir hökküldədi, iki hökküldədi, göz yaşlarına sahib ola bilməyib ağladı və çəmənliyə üz qoydu. Nə o geri dönüb baxdı, nə sahibi geri qanrıldı...

                                                           ***

            Ulu babası Xas dəvədən eşitmişdi qədimlərdə. Ki, bütün dəvələrin ölümü bu cür olur. Onlar, allah eləməsin, səfər zamanı qəza keçirməsələr – çox ehtiyatsızlıq edib yıxılaraq ayaqlarını sındırmasalar, yaxud qaçaq-quldur hücumu zamanı təsadüfü gülləyə tuş gəlməsələr, bir də nadir hallarda baş verən dəvə xəstəliyinə tutulmasalar, onların əksərinin ölümü belə olur – qocalıb əldən düşən zaman ovsarı başından alınır və... (Dəvə xəstəliyi də qəribə bir azardı. Dəvə oynar-gülər çölə, çəmənə otlamağa gedər və qəfildəncə o xəstəlik başının üstünü kəsər. Dəvə o xəstəliyi fəhmlə hiss edər və sürünə-sürünə də olsa, özünü sahibinin yanına – bağlandığı tövləyə çatdırar, ayağını uzadıb ölərdi.)

            Xas dəvə onu da demişdi ki, mində bir dəvə olur ki, ovsarı başından alınandan sonra qurd-quşa yem olmaqdan qoruna bilir, çölün-çəmənin alın-gülün yeyib yağlanır, həyata qayıdır, təsadüfi bir yolçunun rastına çıxıb yenidən boynuna ovsar salınır... Əh!.. Mində bir e!.. Ümid köpək oğlu şeydir, dəvə qardaş... Ümidə aldanıb ilğımın dalıncan yortma... O günlərin arxada qaldı... sahibimizin sevə-sevə işlətdiyi bir misra vardı... Görüm necəydi? “Aldanma ki, əlbəttə şair sözü yalandır...” Yalandır, qardaşım... dünya özü bir yalandır. Bax, hal-hazırda sənə verilən bu çəmənzar da yalandır... bax, o çəmənzarın ayağında, daşdan damlayıb buralara həyat verən o irmaq da yalandır... Dünya yalandır... Dəvə boyda yalan... Dəvənin boynu boyda yalan... Dayan, bu nə səsdir? Ölümmü gəlir? Nə tez, qoy bu yalan dünyada bir az doyunca nəfəs alaq də, olmadı ki... Yox, yox, ümid-zad bəsləmirəm, ovsarım ki, alındı, ölüm boynumun borcudur... Amma belə tez də yox ki. O çəmənliyi otlasaydım, o irmağa enib tuluq qarnımı doyunca doldursaydım... Bir də yeyib-içib doyandan sonra bu kölgədə bir doyunca yatsaydım... Mən heç yatmadım ki!.. Səfərdən dönən kimi, yükümü aldılar, qaşovladılar. (Bu da bir ləzzətdi haaaa! Qaşov çəkildikcə, elə bil damarlarımın hamısı salama gəlir, ürəyim böyüyür, dizlərim dirəklənir, gözlərim alacalanır, ruhum haralarasa uçur, uçur... Bu qaşov ki var, dəvələr cütləşəndə aldığın həzzə yaxın bir həzz duyğusu yaradır. Biz insan kimiyik axı. İnsanlarla çox sıx-sıx təmasda olduğumuza görə, onların bir çox xüsusiyyətləri bizdə də var... Kişiylə qadının cinsi əlaqədən qabaq bir-biriylə edələşməsi, mazaxlaşması, qucaqlaşması, öpüşməsi bizdə də var. Mən, mayanı özümə tərəf çağıranda çıxartdığım səsi öldürəsən ayrı vaxt çıxarda bilmərəm. O bir aşırı vəziyyətdir ki, onda biz dəvə olmuruq, sahibimiz kimi haldan-hala düşürük, hökküldəyirik, fısıldayırıq, ofsunçu kimi mayanı ovsunlamaq üçün heç dəvəyə yaraşmayan əməldən çıxırıq... Dişini boynymuzla sıxırıq, ağzımızla qapırıq, dişimizlə dişləyirik, iri dodaqlarımızla orasından öpürük, yalayırıq... Sonra da ki, o iş olur, elə bil belimizin ipi qırılır...) 

          Ə, bu səs, deyəsən, gerçəkdən Ölümün səsidir axı?! Eh... Qoymazlar ki, ömrümüzdə bir dəfə verilən bu azadlığımızın dadını doyunca çıxardaq... Hə, odur, zəngildəyir... Özüdür ki, var... Amma hələ, deyəsən, çox uzaqdadır. Qoy o gəlincən bir az bu çəməndə otlayım. Sonra enib irmaqda tuluğumu da sərin suyla dolduraram...

            Boz çəmənliyi acgözlüklə otlamağa başlayır. Otladıqca düşüncələri də göyərir.

            “Xas  arvana deyərdi ki, bizi ayrı vəhşilər yeyə bilməz. Nə boz canavara, nə aslana, nə qaplana tutduruq verənik. Uzun ayaqlarımız, illah da dal ayağımızla atdığımız şıllaq, uzun boynumuz və bəd ayaqda iri dişlərimiz bizim silahımızdır. Ona görə öz Ölümümüzdən savayı başqa vəhşini yaxın buraxmarıq. Heç onlar da bizə hələm-hələm yaxın düşməzlər. Düşərlər e, görsələr ki, ovsarsız dəvənin hay-hayı gedib, vay-vayı qalıb, hə, bax onda hücum edərlər... Mən ki, namıxuda, hələ canısuluyam axı... Hələ bilmək olmaz bu işin axırı nə təhər qurtaracaq.... Eeeee, yenə ümid!? Bəsdi də, ay dəvə oğlu dəvə! Dəvə kimi qanmazlığına salırsan! Sənin ovsarın alınıb! Sən ölümə məhkumsan... Sən Ölümünü gözləməlisən... Nə ümid?!. Ümiddən hələ xeyir görən olmayıb...”

            Bu vaxt bir yalquzaq meşədən çıxıb dəvəyə tərəf gəlir. Yolun yarısında ayaq saxlayıb ona baxır. Bir baxır ki, boynunda ovsarı yoxdur. Ona görə ümidlənir. Amma onun da ümiddən zəhləsi gedib zaman-zaman, ona görə ağzını göyə tutub bir ağız ulayır:

            -A-uuuuuuuuuuu!

            Dəvənin canından üşütmə keçsə də özünü o yerə qoymur. Otlamağına davam edir. Canavar anlayır ki, yox, bunun özü yıxılan halı yoxdur. Hələ canısuludur. Dal ayaqları da yerə bərk dayanıb. Allah eləməsin, bircə şıllağa canavarı o dünyalıq edər...

            Elə uzaqlaşmaq istərkən taladan iki ənik çıxıb dəvəyə tərəf qımıldılar. Dəvə başını qaldırıb ənikələrə baxdı və içindən bir “ah” keçdi. Hə, budur, gəldilər. Özü də ikisi birdən... Nə tez? Qoyaydınız bu çəmənin bax, o tərəfinəcən otlayadım, irmaqdan bir az...

            “Vay səni! Yox! Bunlar onnan deyillər! Bunlar bizim Ölüm deyillər!.. Deyillər, deyillər... Hə, axı bizim Ölüm... Xas babamız danışırdı ki, boynundan ovsarı alınan dəvələrin öz Ölümləri var. Bunlar da canavardılar, amma bizim tanıdığımız qoyun-quzu yırtan canavar deyil... Bunlar o canavarlardan kiçik olurlar. Ovsarsız dəvənin qənşərinə çıxıb sərçə kimi pırr eləyər, o yana fırlanar, bu yana fırlanar, tozu göyə sovurar, kül rəngləri ilə sovurduğu tozu da kül kimi göyə səpər və qəfildən tullanıb dəvənin boğazından tutar. Dəvə başını yuxarı qaldıranda ordan sallanar, saatlarla, bəzən günlərlə ordan düşməz, dəvənin qanını axıdıb xıxdırar, diz çökəndən sonra yapışdığı yerdən başlayıb girər dəvənin içinə, qanını sorar, sorar, gedər içalatına çatar, dəvənin ürəyini çıxardıb yeyər, leşini də qurd-quşa buraxıb çıxar gedər...

            Kül rəngində olduğuna görə bizlərdə buna Kül canavar deyərlər...*

            Amma bunlar o deyil. Bu küçüklər bayaqkı Yalquzağın nəslindəndirlər. Qoy gəlsinlər, onlara şıllağımın dadını göstərərəm...

            Əniklərdən biri tullanıb dəvənin qarnının altına ağız atır. Amma ağzı boşa gedir. İkincisi boynundan tutmaq ümidilə yuxarı sıçrayır, bu vaxt Boz qabaq ayağını onun belinə qoyub basır, çəmənliyə yapışdırır. İkinci əniksə canını qurtarmaq üçün kənara qaçıb zəngildəyir. Boz əniyin belinə xıxmış sütdırnaqlı qabaq ayağını qaldıranda beli qırılmış ənik sürünüb güclə uzaqlaşır və canavarlar yox olur...

            Boz hökmran-hökmüran çəmənlikdə boynunu uzadıb hökküldəyir. Sonra heç nə olmamış kimi otlamağına davam edir...

 

                                                            ***

 

            Boz dəvə düz üç ay bu çəmənin ot-ələfi ilə bəsləndi. İrmaqdan içib yağlandı. Ölümü – Kül canavar isə gəlib çıxmadı. Əvəzində öz karvanının yolu yenə burdan düşdü. Sahib yolun xeyli aralısında ovsarını alıb çəmənliyə buraxdığı Bozunun sür-sümüyünü görmək ümidilə karvanı əyləyib yoldan aralandı, çəmənliyə gəldi. Gəldi və donub qaldı: Boz dəvə yeyib yağlanmış, tükünü dəyişib tanınmaz hala düşmüşdü. Xəcalətindən başını aşağı salıb dəvəyə tərəf gəldi və bərayi-ehtiyat əlində hazır saxladığı həmin ovsarı yuxarı tutdu. Dəvə hökküldədi, boynunu irəli uzatdı, sahibinin əlindəki ovsarı iylədi, həmin ovsarlığına əmin olduqdan sonra boynunu ona keçirdi və gözündə həlqələnmiş yaşı sarbanın ətəyinə sürtdü. Sahib də Bozu bu vəziyyətdə görüb sevincdən qəhərlənmişdi. Onun da gözlərində yaş gilələnmişdi. Əlini uzadıb dəvənin qaşovsuz boynunu sığalladı. Sonra yaşlı gözlərini dəvənin üzünə sürtdü. 

            Hardasa, lap uzaqlardan Xas arvananın hökkültüsü eşidildi:”Ümid axmaq şey olsa da, yenə ümiddir... Nəyin olmasa da, bir yalançı ümidin olsun... Ümid dirənişin yarısıdır.”

 

                                                                                                          20.06.2020

 

 

 

 

 

-------------------------------------------------------------------------------------------------------------------------------

* Bu Kül canavarlar, əslində bizim tərəflərin heyvanı deyil. Bunlar ən çox Ərəbistan çöllərində olarlar. Amma bizim dəvə karvanları həm ziyarət, həm də ticarət zamanı İpək yolu ilə Kərbalaya, Məkkəyə, Şama gedib-qayıdanda o Kül canavarlar karvanın izi ilə gəlib buralara da çıxıblar. Sonralar dəvəçilik inkişafdan qaldıqda o heyvanların da kökü kəsilibmiş... Əgər yolunuz Ərəbistan səhralarına düşsə, orada boynundan bir canavar sallanaraq qumluqda yortan dəvə görsəniz, bilin ki, Ölümünü tapmış dəvədir. (Müəllifin qeydi.)

 

 

 

            

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)