Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ (hekayə)

AZAD QARADƏRƏLİ - HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ (hekayə)

AZAD QARADƏRƏLİ - HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ (hekayə)
Proza
admin
Müəllif:
20:14, 21 sentyabr 2020
1 300
0
AZAD QARADƏRƏLİ - HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ (hekayə)

                                  

 

 

                            

 

 

 

 

                                                                   Urmiyəli qələm dostum yazıçı, naşir Məhəmməd Sophdelə 

 

 

 

 

            “Bura bir az dərə-təpədir, gərək yeriyəndə ayağının altına baxasan, yoxsa ayağın pərtdimi, gurulguppaz gedəcəksən selav aşağı. (Bir çoxları kimi biz də bura əyalətdən – Zəngəzur tərəflərdən gəlmişik. Selav bizlərdə sel tutan yerə deyərdilər, hardansa gəldi ağlıma.)

Mən də yaşlı adamam, ayağımı ehmal qoyuram bu kəpirli daş-qayanın üstünə. Bir az qabaqda görüşəcəyim adam da elə mənim kimi yaşlıdır. Dünən oğlu ilə gəlmişdi mənimlə danışmağa. Söhbətimiz yarımçıq qaldı - ev sahibini tapa bilmədilər. 

            Bakının bu qəsəbəsi yığma futbol komandası kimidir. Ölkənin hər rayonundan adama ras gələrsən. Hətta ayrıca məhəllələr var: Gədəbəy məhəlləsi, naxçıvanlılar, şəkililər, qarabağlılar, yerazlar, krazlar, həmşərilər... Hətta belələri də var: tatarski, cuhuddar... (Bu axırıncılar sovetdənqalma adlardır. İndi burda tək-tük tatar, cuhud qala-qalmaya. Tatarlar yerli əhaliylə qaynayıb-qarışmış, əriyib itmişlər. Cuhudların isə böyük əksəriyyəti İsrailə köç ediblər. Yəni, sadəcə adlar qalıb.)

            Həmşərilər, bəlkə iki yüz il qabaq bura Güney Azərbaycandan neft buruğunda işləməyə gələnlərin törəmələridirlər. İndi görüşəcəyim adam da həmşəridir kökcə. Ulu babası 1850-ci ildə gəlib Bakıya, burda evlənib, o qalan qalıb. Kişinin deməsinə görə, kökləri Ərdəbilə gedib çıxır. Amma bu illər ərzində ailə qarabağlılarla, şirvanlılarla, naxçıvanlılarla, hətta ruslarla da al-ver edib, şaxələnib, böyüyüb. 

            Bunları ağlımdan keçirə-keçirə gəlib çatdıq ki! Hə də. İki döngə getsək, çatırıq həmşərilər məhləsinə. Kişinin olar 60 yaşı. Özü də, oğlanları da ev alış-verişi edirlər. Mənzil, bağ, hətta torpaq al veri bunlarlıqdır. Nə təhər olubsa, oğlunun birini elə bu iş üstündə tutublar. Amma deyir, oğluma şər atıblar...

            Düzü, mən başqasının yanına gedəcəkdim, di gəl, hamı dedi, bunu etsə, etsə, Bəhmən kişi edəcək. Nə işdisə, adamın üstündə şeytan tükü var. Danışanda bilirsən, bundan fırıldaq iyi gəlir. Neyniyəsən ki, ayrıla bilmirsən. Ən pis evi də sənə bir bəzək-düzəklə tərifləsin ki, sıvılasan. (Mən də cavanlıqdan nəfsisıvığın biriyəm. Bir gözəl söz, bir gözəl surətçün sino gedirəm. O da ola gözəl ev...) Biz tərəflərdə beləsinə teləkçi deyərdilər. Anası ölmüş quzunu yad qoyuna, buzovu inəyə, qızı oğlana bir teləyərdilər ki, bayaqdan yiyə durmayan indi əl çəkməzdi... (Gözümnən görmüşəm: balası ölmüş qoyunun gözünü tutardılar, teləkçi qolunu yağlayıb salardı qoyunun təninə, sonra qəfil çəkib çıxardardı – guya ki, qoyun doğdu. Anası ölmüş quzunun üstünə narın duz səpib qoyardılar qabağına, başlayardı yalamağa. Sonra da quzunu öz balası kimi əmizdirərdi.)

            Hə, nə isə, çox başağrısı verdim sizə, bir belə yol gəldiniz, heç dillənmədiniz, elə mən danışdım. Mən çatmışam. Odu e, bax, o dikin başındakı adam həmən Bəhmən kişidir. Oğlu da yanında. Mən gedim, qızımgilə ev danışmalıyam, onlarla görüşüm, sən də işini gör, gəl birlikdə məhləyə qayıdaq...”

            Bu qonşum gəvəzədi, amma əlindən pislik gəlməz. Oxumuş adamdır, məlumatlıdır. Özünü qonum-qonşu üçün fəda edər, di gəl ki, üyüdüb tökər, kəsib kiriməz... Bude ha, indi də ərdə olan qızı üçün ev axtarır. Bu yarım saatlıq yolu da onunla birgə gəlmişik. Mən ağcaqanad dərmanı alacam bu qabaqdakı taxta marketdən. Gecələr bizi yatmağa qoymazlar yoxsa... Gedim iki dəstə alım qayıdım evə. Bəlkə qonşunu da yolda gördüm, evəcən körpü salarıq yola...

 

                                                                        ***

 

            “Gəldin, qonşu? Nə yaxşı? Axtardığını tapdınmı? Şükür, şükür... Mən də bir təhər yoluna qoymuşam işi. Evi bəyəndim, axşam tərəfi qızımla kürəkənim gəlsinlər, baxsınlar, xoşlarına gəlsə, getsinlər Asan xidmətdə alqı-satqıya... Vallah, sağ olsun, Bəhmən kişi də, oğlu da yaxşı adammışlar. Düzdü, bizdən də, satannan da duru yerindən 500 dollar alacaqlar, amma iş görürlər də kişilər...

            Ay qonşu, saa bir söz deyəcəm, məni səfeh hesab eləmə... Bəhmən kişinin yanındakı oğlu dünən gördüyüm uşaq deyildi... gəl, nəyə istəsən and içim ki, o olmağına o idi, amma o deyildi...”

            Kişinin ayağı surçur, bu kəpirli qayanın üstünnən az qalır ki, yomalanıb dərəyə yıxılsın. İncəvara, tez əl atıb tuturam qolunnan. O da özünü toplayıb qalxır və üstünü çırpıb yenə başlayır danışmağa.

            “Dünənki oğlanın eyni idi. Hətta dünənki paltardaydı. Amma bunun qaşları seyrəkdi, burnu sivri idi, gözləri... gözləri sönmüşdü... Dünənkinin isə qaşları qalındı və ağız-ağıza bitişmişdi, burnu yastıydı... Əsas da gözləri alışıb yaıırdı!.. Gözlər adamı ələ verir, gözlər!..”

            Adam dayandı. Haçansa yolun qırağına düşmüş iri kötüyün üstünə çökdü, məni də çəkib oturtdu. Sonra siqaret çıxardıb həmişəki kimi mənə uzatdı, sonra  “hə, sən buraxmısan” deyib geri qaytardı, özü birini yandırdı, tüstüsünü ciyərlərinə çəkib davam etdi.

            “Bu teləkçi adam o evi bizə sırıyacaq, bu heç. Amma nəyə desən gəl sənə and içim ki, dünənki oğlan bu günkü deyildi...”

            Mən onu tərs-tərs süzüb dedim: “Heç nə anlamıram. Nə olsun axı? Dünənki idi, ya deyildi?.. Bunnan sənə nə, mənə nə?!”

            Adam başını buladı və bu dəfə hirslə tüstünü düz üzümə püflədi: “Mən Sovet vaxtı türmədə nadzor işləmişəm!.. Türmənin hər fırıldağına bələdəm... Bu gecə bu qardaş gedib onun yerinə türmədə yatmağa... Atasının yanındakı türmədəki qardaşdır!..”

            “Yaxşı görək! Sən lap ağ elədin ki!”

            “Gəl, mərc gələk?! Bir qonaqlıqdan... Kəs...”

            O əlini əlimə uzatdı, mən də əlini tutub üstünnən xaç işarəsi kimi qoydum və “kəsdim” dedim...

            Sonra yol boyu danışdı ki, mən bu söhbəti eşitmişdim, amma inanmamışdım. İndi yüz faiz inandım belə olmağına. 

 

                                                ***

 

            Səhər bizim məhllənin tarksi sürücüsü İltifatın yanında bu məsələdən söz düşəndə o əlini əlinə vurub güldü və dedi:

            “A sizi sağ olasınız, məyər bunu bilmirsiniz?! Ə, bunu bütün pasyolka danışır ki... Dünən  Rəhmanı maşınıma qoyub Kürdəxanıya apardım. Görüş otağında Rəhman paltarını soyunub veridi Əhlimana, Əhliman da onunkünü geyinib çıxdı çölə, mindi mənim maşınıma, gəldi evələrinə... Asması var axı, Rəhmanın... eeee Əhlimanın... düzünə qalsa, bu əkizlərin hansının Əhliman, hansının Rəhman olduğunu heç mən də bilmirəm... Xüləsey, hər axşam da olmasa, ən azı günaşırı bu hal davam edir. Onu qoyub, bunu götürürəm...”

            “Yaxşı, bəs türmədə bunnan heç duyuq düşən olmur?" – Mən soruşuram.

            “Əvvəllər heç ağıllarına gəlmiyib. Niyə, ona görə ki, gədələr bir cüt alma kimidilər, qəti seçə bilməzsən... Amma orda bir nadzor varmış, o şüphələnib. Onda da naçalnik türməynən danışıblar ki, bəs hal-qəziyyə belə: oğlanın asması var, bu bir, ikincisi də Əhliman qız istiyir, özü də elə belə istəmir e, dəli-divanədi... Qız bilsə ki, onu tutublar, gədədən üz döndərəcək... Bu da deyib ki, pıçağı soxacam qarnıma, yaponlar kimi xarakiri eliyəcəm – mən də bilmirdim e, telefonnan quqla girib yazdım, gördüm, həqqətən də yaponnar belə eliyirmiş... Ona görə qardaşının yazığı gəlib Əhlimana... Dedim axı, bunların hansının Əhliman olduğunu mən bilmirəm, heş ataları da bilmir. Tək onu bilirəm ki, bu qardaşları yalnız rəhmətlik anaları ayıra bilirmiş, bir də bu qız... yəni onun istədiyi qız bilirmiş hansı Rəhmandı, hansı Əhliman... Deyir, soruşublar ki, sən Əhlimanla Rəhmanı necə ayıra bilirsən? Qız nə desə yaxşıdı? Deyib nəfəsinnən... Əhlimanın nəfəsinnən od çıxır, qarsır adamı, Rəhmanın nəfəsi isə soyuxdur...” 

            Qonşum, nəhayət dillənir: ”Mən axı bir şey də eşitmişəm. Qol məsələsi... Biri o birinin əvəzinnən qol çəkib-filan?..”

            Taksiçi ora-bura döyükür, taksi axtaranın olmadığına biləndən  sonra dillənir: “Hə, belə bir şey  varmış: insan nə qədər əkiz olur-olsun, onları ayırmağın bir yolu da varmış: xətt məsələsi. Hər bir adamın ayrıca xətti olduğu kimi, qol çəkməyi də fərqliymiş. Axı heç kim heç kimin dəqiq qolunu çəkə bilmir. Nə qədər kopyaçı da olsa, saxtalıq o saat görünür. Yazı, xətt, qol çəkmək məsələsi ürəklə bağlı məsələ imiş... Hə ye, mən bunu qəzetdən oxumuşam... Bir də biz tərəfdə iki düzəngah vardı, birinə Ağ yazı, o birinə Qara yazı deyərdilər. Bir dəfə babamnan soruşdum ki, ay baba, bu Ağ yazı, Qara yazı nə deməkdi? Dedi, a bala, yazı bizlərdə əkinə deyiblər. Cütnən yeri əkmək yerinə yazıxladım-qazıxladım, yazdım-qazdım deyərmişlər. Heç kotan işləyəndə baxmısan? Elə bil ağ kağızda qara xətt düşür, yazı yazılır... Yazı ürəknən bağlı məsələdi... Qol çəkmək də heylə. Əhliman atasınnan da, qardaşı Rəhmannan da yaxşı makler idi. Bahalı bir evi yüz əlli minə danışıb, razılaşıb, ilkin sənədi özü qolluyıb, amma alqı-satqıya səhər gedəmməyib, qardaşını göndərib. (Dedim axı, yazığın asması varmış, tutub onu, boğulurmuş...) Bu da makler kimi  Asan xidmətdə Əhlimanın yerinə qol çəkib. Amma sonra necə olursa, iş dolaşığa düşür, məhkəməlik olur. Müstəntiq qurdalayıb tapır ki, bir gün qabaq çəkilən qolla, bir gün sonra çəkilən eyni deyil. Çox apar-gətir olur, Əhliman dözmür, müstəntiqə etiraf edir ki, sonrakı qolu qardaşım çəkib mənim yerimə... Beləcə, iş türməyə yollanmağa gəlib çıxanda Əhliman qollarını uzadır qandalın altına ki, Rəhman mənəm və gedir türməyə. İş belə olanda Rəhman deyir, sənin asma* xəstəsisən, bir gün sən yatanda, iki gün mən yatacam... Həm də sənin istəklin var axı...”

             “...Bəli, bəli, eşidirəm... Hardan? Yaxşı. Beş dəqiqəyə ordayam... Bağışlayın, mən axı 9933 taksi xidməti ilə də işləyirəm... Zəng gəldi, klyent gözləyir... di sağ olun...”

            O getdi. Biz iki qonşu bu qəribə hekayətin təsirində bir xeyli əyri-üyrü, dərə-təpə yerdə gəzişdik. Hətta o dərəcədə təsirləndim ki, onun mənə uzatdığı papirosdan birini yandırıb yarıyacan çəkdim də. Başım hərlənəndə yarımçıq selava tullayıb dünənki kötüyün üstünə çökdüm ki, toxtayım.

 

                                                ***

 

            Razinin, indiki Bakıxanovun stansiya tərəfində bir xudmani yer var, orda oturmuşuq. İki qonşu bala-bala vururuq. Qonaqlığı mən verirəm. Uduzmuşam axı... İki qardaşdan birinin o birinin yerinə imtahana girdiyini eşitmişdim, daha türmədə də yatdığını eşitməmişdim...

            Qonşum burda təzə eşitdiyi bir xəbəri də danışdı. Deyir, türmə yoldaşları biləndə ki, qardaş qardaşın əvəzinnən gəlib yatır, onlara hörmət birə beş artıb. 

 

                                                ***

 

            Babat tarazıq. Ayağımızı asta-asta qoyuruq ki, bu qayaların üstündən uçub selav aşağı getməyək... Buralara etibar yoxdu. Qabaqda da Həmşərilər məhləsidir axı...

 

                                                                                                            05.09.2020.

            

 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Astma xəstəliyi nəzərdə tutulur.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)