Edebiyyat.az » Proza » Svetlana Alekseyeviç - Müharibənin qadın olmayan üzü

Svetlana Alekseyeviç - Müharibənin qadın olmayan üzü

Svetlana Alekseyeviç - Müharibənin qadın olmayan üzü
Proza
admin
Müəllif:
06:20, 01 oktyabr 2020
1 384
0
Svetlana Alekseyeviç - Müharibənin qadın olmayan üzü



Onu hər şeydən də çox adamı qeyb olan o iki balaca qızcığaz heyrətləndirir.
Sual: “Bəs onlar nə üçün? Onlar ki, çox balaca idilər?! Onlar ki, heç kəsə güllə atmırdılar...”

***

Bir daha əmin oldum ki, yaddaşımız – ideal alət deyil. Yaddaşımız təkcə sərbəst və şıltaq deyil, o həm də it kimi zamana zəncirlənib qalıb. Onlar başlarına gələnlərə aşiq olublar, ona görə aşiq olublar ki, bu onlar üçün təkcə müharibə deyil, həm də onların gəncliyidir.

***

Müharibədən sonra bu yerlər uzun müddət heç nə bitirmədi. Almanlar geri çəkildilər... Burada iki gün gecə-gündüz qızğın döyüşlər getdi... Ölənlər bir-birinin ardınca sərilib qalmışdı, lap dəmir yolundakı relslərə döşənən şpallar kimi. Almanlar və bizimkilər... Yağışdan sonra elə bil onların hamısının simasında göz yaşları donub qalmışdı. Biz onları bir ay boyunca kənddə dəfn elədik...

***

Sovet ordusunda bir milyona qədər qadın döyüşüb. Onlar bütün hərbi biliklərə yiyələnmişdilər, hətta əsl “kişi” biliklərinə də. Hətta “tankçı”, “piyada”, “avtomatçı” kimi sözlərin qadınlara aid işlədilməsi problemi yaranmışdı. O sözlərin qadınlara aid ifadəsi orada, müharibədə yarandı...

***

oğlum ilə necə görüşməyimdən danışım... Oralar azad ediləndən sonra. Qayınanam yaşayan evə getdim, ayaqlarımı sürüyə-sürüyə getdim. Dəstəmizdəki yaşlı qadınlar xəbərdarlıq etmişdilər:

– Əgər uşağı görüb-eləsən, elə o dəqiqə “sənin ananam” demə. Heç bilirsənmi uşaq sənsiz nələr keçirib?

Qonşu qız qaça-qaça gəlirdi:

– Oy! Lenyanın anası. Lenya sağdır...

Ayaqlarım mıxlanıb qalmışdı: oğlum sağdır. Qız dedi ki, qayınanam yatalaqdan ölüb, Lenyanı isə qonşu götürüb saxlayıb.

Onların həyətinə girdim. Əynimdə nə var idi? Alman hərbi köynəyi, yamaqlı qara sırıqlı, köhnə çəkmələr. Qonşu məni o dəqiqə tanıdı, amma susurdu. Oğlum isə başıaçıq, ayaqyalın oturmuşdu.

– Ay oğlan, sənin adın nədir? – xəbər aldım.

– Lenya...

– Kiminlə qalırsan?

– Əvvəllər nənəm ilə qalırdım. O öldü, mən onu basdırdım. Mən hər gün onun yanına gedirdim, yalvarırdım ki, məni də öz qəbrinə aparsın. Mən tək yatmağa qorxurdum...

– Bəs sənin atan-anan haradadır?

– Atam sağdır, cəbhədədir. Anamı isə faşistlər öldürüb. Nənəm elə deyirdi...

Mənimlə iki partizan da gəlmişdi, yoldaşlarının dəfninə gəlmişdilər. Və mənim oğlumun cavablarını eşitdikcə ağlayırdılar.

Daha özümü saxlaya bilmədim:

– Nəyə görə ananı tanımırsan?

Qucağıma atıldı:

– Atacan!

Neyləsin? Mən kişi paltarındaydım, başımda da papaq var idi. Sonra da çığırıb qucaqladı:

– Anacan!

Elə çığırdı ki...

Düz bir ay məni yanından heç yerə buraxmadı. Heç işə də qoymadı gedim. Onu da özümlə götürməli olurdum. Məni görən kimi, yanında oldumsa, mütləq məndən yapışırdı. Yeməyə oturduq, bir əli ilə əlimdən tutur, o biri əli ilə yeyirdi. Ancaq: “Anacan” – deyirdi. Elə indi də elə deyir... Anacan... Anam...

Ərim ilə görüşəndə bir həftə danışıb ürəyimizi boşaltmağa bəs etmədi. Mən gecə-gündüz yaşadıqlarımızı danışdım ona... gecə-gündüz...”

***

 Şayiə yayıldı ki, bizim əsirləri gətirirlər. Kimin tanıdığı adam olsa, özü ilə götürə bilər. Bizim arvadlar qalxıb yüyürdülər! Axşam kimi yaxın adamını tapıb gətirmişdi, kimi də yadı, tanımadığını. Elə şeylər danışırdılar ki, adam havalanırdı: adamlar diri-diri çürüyürdü, acından ölürdülər. Ağaclardakı yarpaqları yeyib qurtarmışdılar... Ot yeyirdilər... Torpaqdan bitki köklərini çıxardıb yeyirdilər... Ertəsi gün mən də qaçıb getdim, özümünkülərdən heç kəsi tapa bilməsəm də, heç olmasa kiminsə balasını qurtarım. Gördüm ki, bir qarabuğdayı oğlan mənə baxır, Saşko deyirdilər ona, lap mənim nəvəm kimi. On səkkiz yaşı vardı... Almana sala, yumurta verib dil tökdüm: “Götür”. Dua elədim. Gəldik evə, o qədər zəifləmişdi ki, bir yumurtanı da yeyə bilmədi. Heç bir ay keçməmişdi ki, əclafın biri tapıldı. O da bizim kənddə yaşayırdı, arvadı, iki uşağı var idi... Komendaturaya gedib xəbər vermişdi ki, evimizdə yad adamlar saxlayırıq. Səhəri gün almanlar motosikletlə gəldilər. Yalvardıq, diz çökdük, dil tökdük, onlar aldatdılar bizi, dedilər ki, aparıb qaytaracaqlar. Saşkoya babamın kostyumunu verdim geyindi... Elə bilirdim ki, qayıdacaq... Onları kənddən kənara çıxardılar, hamısını avtomatın qabağına verib güllələdilər... Hamısını... Bir-bir... Onlar cavan-cavan uşaqlar idi, hamısı yaxşı uşaqlar idi onlar! Qərara aldıq ki, onları dəfn edək. Doqquz nəfər idik. Beşimiz çaladan çıxardırdıq meyitləri, dördümüz də gözdə-qulaqda qalmışdıq ki, birdən almanlar gəlsə xəbərimiz olsun. Əl vurmaq olmurdu, havalar çox isti idi, dörd gün açıq havada, istinin altında qalmışdılar... Bel ilə toxunmağa da qorxurduq... Taxtanın üstünə qoyub birtəhər çəkib çıxardıq. Meşədə bir qəbir qazdıq, başlarını mələfə ilə örtük, hamısını yan-yana qoyub dəfn etdik...

Bir il sakitləşə bilmədik, onlar üçün ağlayıb-sızladıq. Hamı öz ərinin, oğlunun dərdini çəkirdi... Kim bilir, onların başına nə müsibətlər gəlib? Ölüblər, qalıblar? Müharibəyə gedənin yolunu gözləmək olur, torpağa gedənin isə qayıdışı yoxdur..

***
Müharibədə hərə bir şey arzulayırdı: kimi arzu edirdi ki, sağ-salamat evə qayıtsın, kimi Berlinə qədər getməyi arzulayırdı, mənim isə bir arzum var idi – ad günümə qədər sağ qalmaq. Arzulayırdım ki, heç olmasa on səkkiz yaşım tamam olsun. Nə üçünsə on səkkiz yaşım tamam olmadan ölmək mənə çox dəhşətli görünürdü.

***
Özümüzdən bir-iki dəfə ağır kişiləri çiynimizə alıb sürünərdik. Yaralı olanda adam lap ağırlaşır. Həm onun özünü daşıyırsan, həm də silahını, onun da əynində şinel, ağır çəkmələr. Səksən kilonu alırsan çiyninə və aparırsan. Çatırsan... Təzədən o birinin ardınca qayıdırsan. Yenə yetmiş-səksən kilo... Və beləcə hər dəfə hücum vaxtı beş-altı dəfə gedib-gəlirsən. Sənin isə çəkin olsa-olsa qırx səkkiz kiloqram ancaq olar – rəqqasə çəkisi. İndi inanmaq olmur... Adam özü inana bilmir...”

***

– Tarixdə birinci dəfə qadınlar nə vaxtdan orduda peyda olublar?

– Bizim eradan əvvəl IV əsrdən başlayaraq Afinadakı, bir də Spartadakı yunan ordusunda qadınlar vuruşmağa başlayıblar. Sonralar da Makedoniyalı İsgəndərin yürüşlərində iştirak ediblər. Rus tarixçisi Nikolay Karamzin əcdadlarımız haqqında yazıb ki: “Slavyan qadınları bəzən ataları, ərləri ilə bir yerdə ölümdən qorxmadan müharibələrə gedirdilər: belə ki, 626-cı ildə Konstantinopolun mühasirəsi zamanı yunanlar ölənlərin arasında çoxlu qadın cəsədlərinə rast gəliblər. Övladlarını böyüdən analar onları döyüşçü kimi yetişdirirdilər”.

***

Mən Berlinə qədər ordu ilə getdim...

Kəndimə iki “Şöhrət” ordeni, bir də medallarla qayıtdım. Üç gün evdə qalandan sonra bir səhər anam məni yuxudan oyadıb dedi: “Qızım, sənin şey-şüylərini yığmışam, götür get. Get... Get... Evdə səndən balaca iki bacın da var. Kim onları alar? Hamı bilir ki, dörd il sərasər kişilərlə bir yerdə müharibədə olmusan...”

Ürəyimlə işiniz olmasın. Siz də hamı kimi mənim mükafatlarımdan yazın...”

***

Bir dəfə küçədən qaça-qaça evə gəldi: “Mən evdə oynaya bilərəm? Birdən atam gələr, məni həyətdə başqa uşaqlarla bir yerdə görüb tanımaz. Axı o mənim üzümü görməyib”. Qızı evdən bayıra, uşaqların yanına göndərə bilmirdim. Bütün günü evdə otururdu. Atasının yolunu gözləyirdi. Gəl ki, bizim atamız geri qayıtmadı...”

***

“Müharibənin axırında evə məktub yazmağa qorxurdum. Yaza bilmirdim, fikirləşirdim ki, birdən yazaram, sonra məni öldürərlər, anam mənim müharibənin axırında, Qələbəyə az qalmış öldüyüm üçün ağlaya-ağlaya qalar. Hiss edirdik ki, qələbəyə lap az qalır. Yaz gəlmişdi artıq.

***

Müharibə nə qədər çəkdi? Dörd il. Çox uzun çəkdi... Quş, çiçək, heç nə xatırlamıram. Yəqin ki, onlar olub, ancaq mən yadıma sala bilmirəm. Bəli-bəli... Qəribədir, elə deyilmi? Məgər müharibə haqqında rəngli filmlər çəkmək olar? Orada hər şey qaradır. Bircə qanın rəngi başqadır orada... Bircə qan qırmızı rəngdədir...
Lap bu yaxınlarda, səkkiz il əvvəl bizim Maşenka Alximovanı tapdıq. Artilleriya diviziyasının komandirini yaralamışdılar, o da sürünə-sürünə ona köməyə gedirmiş. İrəlidə mərmi partlayır... Düz onun qabağında... Komandir ölür, özünü ona çatdıra bilmir, mərmi qızın iki ayağını da biçib gedir. Ayaqları elə vəziyyətdə idi ki, sarıya bilmirdik. Əzab verirdik ona. Ha çalışdıq, ha əlləşdik, nəsə, gətirib birtəhər çatdırdıq onu tibb məntəqəsinə. O bizə baxıb yalvarırdı: “Qızlar, güllələyin məni... Mən belə yaşamaq istəmirəm...” Bax, beləcə bizə də, Tanrıya da yalvarırdı... Belə! Onu hospitala göndərdilər, biz isə hücuma keçdik. Axtarmağa başlayanda isə, izini itirmişdik... Biz onun harada olmağını, başına nə iş gəldiyini bilmirdik. Uzun illər... Yazmadığımız yer qalmadı, heç kəsdən tutarlı bir cavab almadıq. Bizə Moskvanın 73 saylı məktəbinin “gənc ləpirçilər”i kömək etdi. O balaca oğlanlar, o balaca qızlar... Onlar tapdılar onu, müharibədən düz otuz il sonra tapdılar, haradasa Altay yaxınlığındakı “Əlillər evi”ndən tapdılar onu. Çox uzaqlardan. Bu illər ərzində yazıq əlillər üçün internatları, hospitalları dolaşıb durub, dəfələrlə əməliyyat olunub. Sağ olmağını anasından belə gizlədib... Hər kəsdən gizlənib... Biz onu görüşə gətirdik. Hamımız göz yaşları içində boğulurduq. Sonra da anası ilə görüşdürdük. Otuz ildən bir az da artıq vaxt keçəndən sonra görüşdülər... Yazıq anası az qala ağlını itirəcəkdi:
“Nə böyük xoşbəxtlikdir bu, nə böyük xoşbəxtlikdir ki, ürəyim qızımı görmədən dayanmadı. Nə böyük xoşbəxtlikdir!”
Maşenka isə durmadan təkrar edirdi:
“Daha görüşməyə qorxmuram. Mən artıq qocalmışam, qorxmuram...”.

***

“Müharibədə it-pişik görməyim yadıma düşmür, ancaq siçovulları xatırlayıram. Böyük... Sarımtıl-göy rəngli göz­ləri ilə... Onlar görünər-görünməz idi. Yaralanmışdım, hospitalda müalicə alıb sağalandan sonra məni geriyə – öz hərbi hissəmizə göndərdilər. Hissəmiz Stalinqrad ətrafında, səngərlərdə idi. Komandir əmr verdi: “Onu qızların qazmasına ötürün”. Mən qazmaya girəndə diqqətimi ilk çəkən orada gözümə heç bir şeyin dəymədiyi oldu. İynəyarpaqlı budaqlarından olan boş yataqlar, vəssalam. Mənə xəbərdarlıq etməmişdilər... Yük çantamı qazmada qoyub bayıra çıxdım, yarım saatdan sonra qayıdanda, çantamı orada tapmadım. Əşyalarımın izi-tozu da qalmamışdı, darağım, karandaşım... heç nə yox idi. Məlum oldu ki, siçovullar hər şeyi bir anın içində gəmirib yeyib... Səhər isə mənə ağır yaralıların gəmirilmiş əllərini göstərdilər... Ən dəhşətli filmlərdə belə artilleriya atəşlərindən əvvəl şəhəri sürü ilə tərk edən siçovulları göstərməyiblər. Yox, bu Stalinqrad tərəflərdə deyildi... Bu artıq Vyazma tərəflər idi. Səhər şəhərin içindən siçovul sürüləri keçib getdi, onlar sahəyə tərəf gedirdilər. Onlar ölümü hiss etmişdilər. Minlərlə siçovul... Qara, boz... Adamlar dəhşət içində bu bədniyabət mənzərəyə baxaraq evlərinə çəkilirdilər. Bax, nə vaxt ki, siçovullar gözümüzün qabağından itib getdilər, elə o an atəş başladı. Təyyarələr uçurdu. Evlərin, zirzəmilərin yerində uçub-dağılmış daş-kəsək qaldı...”

Hə... Qısası... Müharibə, bax, budur...

***

Kimsə bizi ələ vermişdi. Almanlar partizan dəstəsinin gizləndiyi yerdən xəbər tutmuşdular. Meşəyə gedən bütün yolları tutdular, hər tərəfi mühasirəyə aldılar. Cəngəlliklərdə gizləndik, bizi bataqlıqlar xilas etdi, cəza dəstələri oralara girmədi. Bataqlıq. Bir balaca tərpəndinsə adamı da, texnikanı da udurdu. Günlərlə, həftələrlə boğaza qədər suyun içində qalası olduq. Aramızda bir rabitəçi qadın var idi. Təzə doğmuşdu. Uşaq acdır... Anasını əmmək istəyir... Nə etmək olar, ananın özü də acdır, südü quruyub, uşaq da dayanmadan ağlayır. Cəza dəstəsi yaxınlıqdadır... İtlərlə... İtlər uşağın səsini eşitsə hamımızı qıracaqlar. Bütün dəstəni – otuz nəfərin hamısını... Başa düşürsüz bunu?
Çıxış yolu axtarırıq...
Heç kəsin komandirin əmrini dilə gətirməyə cəsarəti çatmır. Ananın özü isə vəziyyəti başa düşür. Uşağın başını suya salıb bir müddət saxlayır... Uşaq daha çığırmır... Səs-səmir yoxdur... Biz isə gözümüzü qaldıra bilmirik. Nə anaya, nə də bir-birimizə baxmağa cürətimiz çatmır...”

***

“Müharibə vaxtı... Məni hərbi hissəyə gətirdilər... Ön cəbhəyə. Komandir məni: “Zəhmət olmasa papağınızı başınızdan götürün” – sözləri ilə qarşıladı. Təəccübləndim... Götürdüm... Hərbi komissarlıqda saçlarımızı oğlan saçı kimi kəsmişdilər, düşərgədən cəbhəyə gəlib çatana qədər saçlarım uzanmışdı. Qıvrım saçlarım var idi. Quzu tükləri kimi... İndi bilmək olmur, qocalmışam... Hə, dayanıb mənə baxdı: “İki ildir arvadımı görmürəm. Baxmaq istəyirəm”.

***

Qərara aldım ki, onu evə, Belorusa aparacağam. Bu bir neçə min kilometrlik yol idi. Hərbi yollar... Qarışıqlıq... Hamı elə bilirdi ki, dərddən başıma hava gəlib. “Sakit olmalısan. Yatıb dincəlməlisən”. Yox! Yox! Bir generalın yanından çıxıb o birinin yanına getdim, beləcə gedib cəbhənin komandanı Rokossovskinin yanına çıxdım... Əvvəlcə etiraz etdi... O da elə bildi ki, ağlımı itirmişəm! Qardaşlıq məzarlarında, qərib torpaqlarda o qədər əsgərimiz yatır ki...

Onun qəbuluna düşməyə bir də səy göstərdim:

“İstəyirsiniz ki, qarşınızda diz çöküm?”

“Sizi başa düşürəm... Amma o ölüb...”

“Mənim ondan övladım yoxdur. Evimiz yanıb. Hətta fotolar da it-bat olub. Heç nə qalmayıb. Əgər onu qaytarıb vətənə apara bilsəm, heç olmasa məzarı qalacaq. Və müharibədən sonra mənim qayıtmağa yerim olacaq”.

Susdu. Kabinetdə var-gəl etdi. Gəzdi.

– Yoldaş marşal, nə vaxtsa sevmisinizmi? Mən ərimi dəfn etmək istəmirəm, mən sevgimi dəfn etməyə hazırlaşıram.

Susdu.

– Əgər elədirsə, mən də burada ölmək istəyirəm. Onsuz həyat nəyimə gərəkdir ki?

O çox susdu. Sonra yaxınlaşıb əlimi öpdü. Mənə bir günlük xüsusi təyyarə ayırdılar. Qaxdım təyyarəyə, tabutu qucaqladım... Və huşumu itirdim...”

***

Sevgi müharibədə olan adamın yeganə şəxsi hadisəsidir. Qalan hər şey ümumidir – ölüm belə.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)