Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - HƏR GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ (hekayə)

AZAD QARADƏRƏLİ - HƏR GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ (hekayə)

AZAD  QARADƏRƏLİ - HƏR GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ (hekayə)
Proza
admin
Müəllif:
20:44, 12 oktyabr 2020
1 278
0
AZAD QARADƏRƏLİ - HƏR GÜN ÜZÜNÜ TƏRAŞ EDƏN KİŞİ ( hekayə)


    






 Ədəbiyyatşünas Maral Yaqubovaya

 



         Yaşı o qədər çox deyildi. Altmışını yenicə adlamışdı. Hətta oğul-uşaq, dost-tanış zorla yığışıb ona yubileyfason bir şey keçirəndə güzgüyə baxıb düşünmüşdü:”Dostlarımın içində səksəni adlayan da var, amma mənnən yaxşı görünürlər. Noldu maa birdən-birə? Hortumum sallanıb, üzüm qırışıb, saçım heç də tay... Bizim nəsil 50-də ağbaş olur... Yerişimdə də bir harmoniya pozuqluğu var... Özü də axır vaxtlar tam ləvcəylə danışmağa başlamışam... Bu da qocalıq əlamətidir... Atam 69-da, anam 68-də getdilər. Görünür, mən də...” Dalısını gətirmədi. Elə bil özünün dediyindən özü də qorxdu...

            ...Ermənistanın yeni baş nazirinin andiçmə mərasimini Şuşada keçirməsi, bu qədim şəhərimizdə  yallı gedərək bizi təhqir etməsi  onun heysiyyətinə toxunmuş, bir neçə gün dəli kimi gəzmişdi.

            Daha sonra həmin erməni baş naziri çıxış edərək demişdi ki, mən Azərbaycan xalqı kimi qorxaq xalq görməmişəm. Onlar (yəni biz) dünya  ölkələrinə yalvarırlar ki, torpaqlarının qaytarılmasında onlara yardımçı olsunlar... sonra isə o bizi belə aşağılayırdı: hünəriniz var, gəlin, torpaqlarınızı özünüz azad edin...

            Bu söhbətdən sonra isə onun psixi durumu lap kritik olmuşdu. Heç kimlə ünsiyyətə girmir, ailədəkiləri heç nədən acılayır, ona zəng edənlərlə də hirs-hikkəylə danışırdı.

            İşə gedəndə üzünü qırxmır, əyin-başına fikir vermir, ən pisi isə pandemiya dövrü olmağına baxmayaraq ağzına ağızdıq da taxmırdı. Buna görə onu avtobusdan düşürdən sürücülərlə, polis işçiləri ilə dalaşır, hətta bəzən əlbəyaxa olurdu...

            Çox mədəni insan olan bu kişi bu bir neçə ayın içində əməlli-başlı dəyişmiş, idarəolunmaz biri olmuş, hətta zahirən qocalmış, əvvəlki görkəmini itirərək tanınmaz hala düşmüşdü.

            Övladlarının təkidinə baxmayaraq həkimə getmir, buraxdığı siqaretin acığını içkidən çıxırmış kimi, hər gün ən azı iki qədəh içki içirdi...

            “Belə getsə atamızı itirəcəyik” deyib dərd çəkən qızları gizlicə ağlayır, əlləri heç yerə çatmırdı.

            Qəflətən elə hadisə baş verdi ki................................................................................................

                                                                       ***

            Payız yenicə girmişdi. Havalar soyusa da, yalınqat geyimdə üşüyən İsmi kişi iyirmi il əvvəl Maştağadakı qəbiristanların birində dəfn etdiyi anasının məzarını ziyarət etdikdən sonra geri qyıdırdı. Qəbir üstə gül qoymuş, oradakı mollaya Yasin oxutmuş, sonra hönkürüb ağlamış, anası ilə dərdləşərək demişdi:”Ana, deyəsən, sənin qəbrinə yurddan torpaq gətirib səpmək mənə də qismət olmayacaq... Torpaq getdi e, ay ana. Təbriz kimi, Dərbənd kimi, İrəvan kimi...”

            Avtobusa minəndə telefonu çaldı. Qızının nigaran səsi eşidildi:”Ay ata, hardasan?! Niyə telefonu bağlamışdın?!”

            “Nənənin məzarənı ziyarət edirdim, ona görə bağlamışdım... Molla Yasin oxuyurdu...”

            “Ata, sənə xoş xəbərim var e, inanılmaz xəbər!”

            “...”

            “Ata, ordumuz Qarabağda bütün cəbhə boyu hücuma keçib! Bir neçə kəndimiz azad edilib!..”

            “Hə, nolsun? O ili də belə oldu... Bir-iki kənd, bir yüksəsklik...”

            “Yox, ay at! Bu dəfə ayrı cür olacaq! Baxarsan!..”

                                                           ***

            “Mənim payızlıq kostyumumu ütələyin!”

            “O üstü bağlı ayaqqabım vardı e, hanı tapa bilmirəm?!”

            “Saatımı hara qoymusunuz?! Bu evdə niyə heç nə yerində deyil axı?..”

            “Üzqırxanımı tapa bilmirəm...”

            Bu dəfə arvadı dözmədi, dodaqaltı gülümsünüb dedi:

            “A kişi, noolub axı, dünən qırxdın də üzüu?”

            “Özüu yox, üzünü!.. Sən axı müəlliməsən, ziyalısan, ləhcəylə danışmaq olmaz...Qırxdım, qırxdım də!.. İndi hər gün qırxacağam... Mən ziyalıyam... Vətənin belə xoş günündə üzü tğklü ola bilmərəm... Bir də...”

            “Nə bir də?” – arvadının sualını eşitməməzliyə vurdu və payızlıq kostyumunu, üstübağlı ayaqqabısını qısıqıvraq geyinib evdən çıxdı.

            İşə gedəcəyi avtobusa minənəcən fikir aparmışdı onu.

            “Bu gedişlə, ildırımsürətli müharibə olacaq, inşallah!.. Artıq türk PUA-ları da qan eləyir... Dədəm demişdi də: əzəl Rum, axır Rum. Türkiyə bizim ölən yerimizdir... İnşallah, belə getsə, bir ayacan bizim rayon da alınar... Arvadın sualına bax, səni allah! Niyə hər gün üzünü qırxırsan?! Heç gör dəxli var?! Bəlkə qəfildən çağırdılar ki, Zəngilan azad edildi, gəlin minin maşına gedirik!.. Onda mən, o rayonun ziyalısı ora üzütüklümü gedəcəyəm?! Mənə ayıb olmazmı?..”

            49 saylı avtobusun həyəcan dolu çağrış səsi onu fikirdən ayırdı. İsmi müəllimi  yaxşı tanıyan sürücü əlini kabinədən yelləyib bağırdı:

            “Müəllim, gəl e, gəl! Düşməni iti qvan kimi qavajıyıx! Gedəciyih yurdumuza!.. Daha qaşqın demiyəcəhlər bizə...”

            Sürücü qəhərlənib ağladı. İsmi müəllim də doluxsundu. İstədi desin ki, “qavajıyıx” yox, “qovacıyıq” de, amma gülümsünüb sözünü uddu. Avtobusun yan güzgüsündə təmiz təraş olunmuş üzünə baxıb içdən sevindi. Elə bil üzündəki qırışlar itmişdi.

 

                                                                                              06.10.2020

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)