Edebiyyat.az » Proza » Şəhid Teymur Rəsulovun Edebiyyat.az saytına göndərdiyi son yazı...

Şəhid Teymur Rəsulovun Edebiyyat.az saytına göndərdiyi son yazı...

Şəhid Teymur Rəsulovun Edebiyyat.az saytına göndərdiyi son yazı...
Proza
admin
Müəllif:
08:35, 24 oktyabr 2020
2 110
0
Şəhid Teymur Rəsulovun Edebiyyat.az saytına göndərdiyi son yazı...




Üstündə dağ olan Dağüstü Park,
Artıq üç gündür burda idi...
Artıq üç gündür zamanı öz əleyhimə çevirmişdim.
Artıq üç gündür Bakıya onlar kimi baxırdım.
Sakit, səssiz, qayğısız, ümidsiz, sevgisiz.
Artıq üç gündür uzaq idim həyatdan da, dünyadan da, gələcəkdən də...
Onlar kimi idim, onlardan daha sakit idim.

 Çünki, illər sonra məhz indi. İndi alovlanıb onların da, mənim də qəlbimdə bir azadlıq ümidi, bir qisas hissi.
Və mən bunu hiss edirəm...
Döyüşlər olacaq, qan töküləcək, analar ağlayacaq, övladlar yetim qalacaq, amma bu dəfə, gəlinlər, qızlar, bacılar əsir olmayacaq, igidlər şəhid olacaq, amma Qarabağ güləcək, Qarabağ azad olacaq, Qarabağ qəfəsdən qurtulacaq, Xarıbülbül üzündə təbəssümlə açacaq, tez solmağa deyil, daha çox yaşamağa can atacaq. Və sonra düşündüm...
Həyatı enişli-yoxuşlu, dərdli-bəlalı keçən insanlara. ”Onun taleyi əvvəlindən gətirmədi, Suyu bulanıq gəldi onun da” sözlərini çoxları barədə eşidib, çoxlarına misal çəkmişik.
 Çünki, insanın həyatı haqqında öz düşündükləri deyil, kənardan baxarkən gözümüzdə canlanan yaşamıdır bizi onun haqqında fikir bildirməyə həvəsləndirən.
 Çünki, insanlar üçün sənin şərəfini, mənliyini, vicdanını, mənəviyyatını, azad düşüncəni, ağlını, tox nəfsini itirmən deyil, evini, mal-mülkünü, vəzifəni, sevdiklərini ailəni və ya övladlarını itirmən faciə kimi qəbul olunur.
 Oysa Allah İmran surəsində Qızıl gümüş yığınları, cins atlar, qadınlar, uşaqlar bu dünyanın keçici zövqüdür deyirdi... Sizə  nəfs, vicdan, mənəviyyat və sair bu kimi “bir” göndərdiyim dəyərləri parçalayıb, çirkləndirib özünə əzab verənlərdən olmayın deyirdi Quran’i Kərim tam anlamında.
 Sizə qarşı savaşanlarla siz Allah yolunda, Haqq ədalət uğrunda savaşın deyə əmr etmişdi Allah Hz.Məhəmmədə. Gedin və haqqınız olanı geri alın demişdi.
Sonra Vətənimə baxdım.
 Bir ata vicdanını itirərkən deyil, gənc övladını itirərkən ağlayırdı nədənsə.
 Bir ata isə kökündən qopmuş qoca ağacları sürüyə-sürüyə həyətinə gətirir, o ağacı odun, odunları isə kömür edib sataraq böyüdüb boya-başa çatdırdığı oğlunu əsgər libasında vətəni qorumağa göndərir, cəmi iki ay sonra bayrağa sarılmış halda şəhid olaraq tabutda qarşılayırdı... Və ağlamırdı.
Vicdanı təmiz idi çünki, vətən sağ olsun deyəcək qədər mənəviyyatı pak idi.
Gözlərindən axan damlalar isə yaş deyildi,vicdanının yanğısı, mədrliyinin hüzur tapması idi.
Qəlbi rahatlandıran, ruhu təmizləyən idi bu damlalar.
Suyu əvəllindən bulanıq gəldi bu Məscidin də.
Aylar sonra yolum buradan düşəndə ziyarət etmək istədim.
Dəstəmaz alınması üçün tikilmiş bulağa yaxınlaşdım.
Ayaqları rahat uzadıb yumaq üçün bulaqdan bir qədər uzaq qoyulmuş, üstü taxta örtüklü oturacaqlar heç bu qədər quru olmamışdı, su kranları heç bu qədər paslanmamış,suyun axarına heç bu qədər yarpaq yığılıb çürüməmişdi bu bulaq tikilən gündən bəri.
Qapısı bağlı, cümə günləri həyəti, pilləkənləri hətta yaxınlığından keçən avtomobil yolunu səkisinə qədər xalçalar döşənib camaat namazı qılınan ətrafı boş, bulağı isə quru idi.
Hüzünlü idi məscid, kədərli idi. Bir az yorğun, bir az da yalnız idi.
 Amma azad idi həm də riyakar qonaqlardan, biri o birisinə kinayə ilə baxan fərqli məzhəblərin “cənnət yolçularından” azad idi.
Dağüstü park.
Dağ üstündə oturmuşdu sanki.
Ya da ki, dağ onun üstündə.
İkisi də bir birindən çətindir bu işlərin.
Bir dağa yüksəlmək də, dağ qədər əzəmətli yükü çiyinlərində daşımaq da...
“Zirvəyə yüksələnlər” elə rahat, elə gözəl yatmışdılar ki, yerlərində zamanından, fəsilindən gecə ya da gündüzündən asılı olmayaraq nə zaman onları ziyarətə gəlsən eyni təbəssüm, eyni gözlərlə baxırdılar.
Heç danışmır,heç şikayət etmirdilər.
 İldə bir dəfə ziyarət edilsələr də, heç pozmurdular keflərini..Çünki hər səhər onları yuxudan oyadan əzan, ruhlarını qidalandıran al bir Günəş, saçlarını darayan həzin  bir Xəzriləri var idi.
Gecələr isə Ay gözlərini yuyur, Gilavar kədərlərini silib süpürürdü, yatsı azanı isə yuxuya aparırdı onları.
Yaşayanların verdiyi kədəri bir kənara qoysaq Məscid də çox xobəxt idi zirvəyə yüksələnlərlə birlikdə yaşadığı bu həyatda.
Arada qalan isə yenə bu park idi
 Bir zamanlar sevgililər üçün salınmış bu güllü çiçəkli,göz oxşayan, Bakının hansı nöqtəsində dayansan yenə də səndən yüksəkdə qalan bu park indi o dağın zirvəsində olmanın bədəlini üstünə toplaşan qara buludların, qarın-çovğunun, dərdin kədərin ağırlığı altında tab gətirməyə çalışmaqla ödəyirdi.
30 il öncə, gecənin sübhə gedən yolunda, bu dağın səliqəli, gül çiçəkli yolları qazılmağa başlamışdı.
Bu dəfə qazıntıların səbəbi, dənizin hər hansı sahil hissəsini qurutmaq ya da dəniz sahilinə yaxın bataqlıq əraziləri qurudub, yerində əyləncə mərkəzi, otel ya da villa tikmək deyildi.
Bu dəfə qazılan 200-ə yaxın oyuqdan çıxan torpaq təkrar yerinə qaytarılırdı. Amma o uyuqdan çıxan torpaq özünə yer tapa bilmir, bir az artıq qalırdı. Çünki o oyuqların adı məzar idi bundan sonra.
Hər məzardan çıxan torpaq, məzarın qəlbində dəfn olunan şəhidin yaşı qədər artıq torpaq toplayırdı sinəsində.
20 Yanvar şəhidlərinin məzarı.
Bakı ağlamışdı o gecə. Üsyan etmişdi Bakı. Azad olmaq arzusunun bədəlini ağır ödəmişdi Bakı. Amma bacarmışdı. Azad olmağı bacarmışdı.
Və bu sabah gözlədiyim xəbər gəldi,gözləmədiyimiz anda gəldi həm də.
Qarabağ car çəkmişdi. Ya azad olmaq, ya da tamamən yanmaq istəyirəm demişdi və biz bunu illər sonra eşidə bilmişdik. Ya Qarabağ, Ya Ölüm deyib. İrəli Azərbaycan Əsgəri Demişdik.
 Hələ ilk günüdür azadlıq savaşının. Hələ irəlilədir gözəl xəbərlər amma. Hiss edirəm.
Gələcək günlər bizim üçün al-əlvan naxışlarla toxunub. O naxışlar ki, toy etmədiyi oğlunun şəhid olma xəbərini eşitdiyi an əlləri titrəyən ananın əlində solan yarımçıq toy xalçasının naxışları da bundan sonra daha rəngarəng, daha canlı, daha ürəkdən toxunacaq oğuləvəzi saydığı qonşunun qazi övladı üçün...
Şəhid anası öz övladını ətrini məhz o qazi gəncin saçlarından, əynindəki əsgər formasının yaxasından alacaq. Və gözəl günlər belə başlayacaq vətənim üçün.
Başlamalıdır da. Çünki, bu onun haqqıdır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)