Edebiyyat.az » Proza » Nemət Mətindən iki qısa hekayə...

Nemət Mətindən iki qısa hekayə...

Nemət Mətindən iki qısa hekayə...
Proza
admin
Müəllif:
02:05, 08 noyabr 2020
1 453
0
Nemət Mətindən iki qısa hekayə...




 

 Mücrü 

 

Sevdiyim hava şəraiti hökm sürürdü. Səhərdən nə isti idi, nə də soyuq. Sanki buludlar ağlamaq istəsə də ağlaya bilmirdi. Yağış özünü çox gözlətdi. Hər şeyin geci güclü olduğu kimi, yağış da leysan olub şəhərə yağdı. Gizlənmək üçün bir yer axtarsam da tapa bilmədim. Yamyaş vəziyyətdə tələsmədən gəzməyə qərar verdim. Onsuzda olan olub, keçən keçib. Yanımdan bir neçə taksi keçsə də saxlamadım. Alt paltarıma qədər islanmışdım. Maşını batırmaq, sonra da taksidən düşəndən söyülmək istəmədim. Yavaş-yavaş şəhəri dolaşırdım. Külək də aman vermirdi. Sağımdan da döşəyirdi, solumdan da. Soyuq iliyimə kimi işləyirdi. Bir tərəfdən də özümü azad hiss edirdim. Hər şey sanki plandan kənara çıxmışdı. Stabil, monoton həyatımda kiçik yenilik başlamışdı. Şıltaq külək papağımı uçuranda şirin xəyallardan ayıldım. Papağım yerə düşdü və küləyin təzyiqi ilə irəli getdi. Mən qaçsam da ona çatmadım. Külək mənimlə açıq-aşkar oyun oynayırdı. Papaq qapısı açıq qalmış qaranlıq yerə daxil olanda rahatladım. Qapalı məkanda külək papağımı uzağa apara bilməzdi. Alışqanı yandırıb qaranlıq yerə daxil oldum. Otağın divarları işıqlandıqca ətrafa göz gəzdirdim. Sonu görünməyən dəhlizin sağ və sol divarları boyunca mücrülər düzülmüşdü. Mücrülər xüsusi hazırlanmış uzun daş stollar üzərində idi. Qəribə məkandır. Ürəyimdə fikirləşdim. Daha doğrusu beynimdə. Görəsən sonu görünməyən dəhlizin sonunda nə var? Bəs, mücrülərin içindəki nədir? Maraq ürəyimə hopmuş qorxuya qalib gəldi. İrəli addımladım. İlk mücrünü açanda mürəkkəblə yazılmış kağız göründü. Götürüb oxudum:

 

“Beş yaş. Uşaq bağçasına getməyimin son günü. Anam arxamca gəlib. Bayıra çıxanda son dəfə bağçaya tərəf dönərək dedim:

-Avtomat götürüb güllələyəcəyəm.

Anam gülür”

 

 Elə bil ürəyimin üstünə soyuq su süzdülər. Bu ki, mənim xatirəmdir. Yaddaşımın küncündə ilişib qalan xatirə. Anamı ilk dəfə xatırladığım an...

 

 İkinci mücrüyə gedənə kimi ağlımdan nələr keçdi. Yenəmi mənim xatirəm olacaq?

Mücrünün qapağını açanda yenə yazılı kağız gördüm. Tələsik oxumağa başladım.

 

“ İlk dəfə sevgi məktubu aldım. Canlı məktub. Qızın rəfiqəsi xəbər gətirib. O, səni sevir. Səndən cavab gözləyir. Özümü qəribə hiss edirəm. Heç vaxt bunu düşünməmişəm. Elə bilirdim ancaq oğlan qızı sevə bilər. Yeddinci sinifdə oxuyuram. Bəlkə belə şeylər düşünmək mənim üçün tezdir. Onu sevə bilmədim. Gözləri mavi, saçları sarı, gözəl xanım.”

 

Sağa, sola boylandım. Heç kim yox idi. Divardakı ağ neft lampasını yandırdım. Otaq daha da işıqlandı. Görəsən mənim yaddaşımı kağızlara yazaram mücrü içinə qoymaq kimə lazımdır? Heç nə anlamıram...

 Üçüncü mücrü də həyatımdan bir epizod idi. 

“Universiteti bitirdim. Magistra daxil oldum. Lakin qanuna əsasən əsgərliyə getməli oldum. Gəlib təhsilimi davam etdirəcəyəm. O həyatımın bir parçasıdır. Onu sevirəm. Bəlkə də ilk qadın nəvaizişini, nazını onda gördüyüm üçün bağlanmışam. Bilmirəm. Əsgərliyə gedərkən şəklini özümlə aparmışam. Ara-sıra telefonla danışırıq. Məni sevdiyini və gözləyəcəyini dönə-dönə təkrar edir. Şəklinə baxanda öpürəm. Lakin gələndə məni gözləmədi. Başqa bir oğlana ərə getdi. Xəyallarım puç oldu.”

  Beləcə on mücrünü açdım. Yaddaşımın küncündə məskunlaşmış xatirələri oxuduqca gah gülür, gah da ağlayırdım. Otuz yaşım olmağına baxmayaraq xeyli xatirəm var. Qalan mücrülər boş idi. Görünür hələ yaşamadığım illərin xatirələri üçün düzəldilib. Ucsuz, bucaqsız dəhlizin sonuna qədər getdim. Əlimdəki lampanın nefti bitmək üzərədir. Lap başda qızılı rəngdə mücrü görünür. Onu açmağa tələsmirəm. Xüsusi mücrünün mahiyətini anlamağa çalışıram. Ağlıma məntiqli bir şey gəlmədiyi üçün açmağa qərar verirəm. Mücrünün qapağı açılanda içindən işıq saçılır. Gur işıq gözlərimi qamaşdırır. Düm ağ vərəq görünür. Əlimə götürüb baxıram. Ortada “Vicdan” yazılıb. Aşağısında isə xırda şriftlərlə “onu itirə bilərsən” cümləsi yazılıb. Bu dəm ağ neft bitdiyindən lampa sönür. Lənətə gəlmiş alışqanı haradasa unutmuşam. Divarlardan yapışa-yapışa qapıya sarı gedirəm. Əynimdəkilər quruyub. Yağış da, külək də kəsib. Başqa bir zamana düşmüşəm. Bayaq belə deyildi. Saata baxıram. İşə gecikdiyimi anlayandan sonra taksi saxladıram. İş saatı bitəndən sonra geri qayıtmaq üçün tələsirəm. Mücrüləri yığıb özümdə saxlamaq üçün ora yenidən getməliyəm. Həmin yeri tapıram. Lakin bu dəfə qapı bağlıdır. Qapıdan zəncirə bərkidilmiş qıfıl asılıb. Heç nə anlamıram. Həyatımı vərəqlərə köçürmək kimə maraqlı ola bilər? Özümü labaratoriya dovşanı kimi hiss edirəm. Kefsiz halda evə dönürəm. 

 Maraqsız həyatımın əslində maraqlı keçdiyini mənə xatırladan tanımadığım adama ürəyimdə təşəkkürümü bildirirəm. Bu gündən xatirələrimi yazmağı düşünürəm...

 

22.09.2020



Yuxu

 Son beş ildə panda kimi günün əksər hissəsini yatıram. İşsizlik, hərəkətsizlik, təklik yorğunluqdan başqa heç nə gətirmir. İşin pis tərəfi də ondan ibarətdir ki, hər dəfə yuxu görürəm. İşləyəndə evə yorğun gəlib yatırdım. Yuxu ildə, ayda bir dəfə məni yad edirdi. Son zamanlar isə hər şey dəyişib. Beş il öncə ilk dəfə uzun bir yuxu gördüm. Əslində yuxu bir neçə saniyə çəkir. Lakin adama elə gəlir ki, aylardı yaşayırsan düşdüyün vəziyyəti. Uzun yuxuda sevdiyim qız var idi. Onu hər gün oxuduğu məktəbin həyətində görürdüm. Məktəbdə ancaq qızlar oxuyurdu. Onu görəndə isə digər qızlar yoxa çıxırdı. Gözəlliyi ilə məni valeh edən qız necə də gözəl idi yuxuda. Yuxunun üstündən xeyli müddət keçəndən sonra bir qızı sevdim. İndi də sevirəm. Onu görəndə ağlım başımdan çıxır. Lakin onu ilk dəfə oxuduğu texnikuma aparanda şok olmuşdum. Bu həmin yuxudakı bina idi. Qarşısında xeyli qız. Dərsə gəlirdilər. Yuxumu sevgilimə danışmışdım. Həm təəccüblənib, həm də sevinmişdi.

  Panda elə bir canlıdır ki, ağacda mürgüləyəndə belə müvazinətini qoruyub saxlayır. Mənsə gördüyüm yuxuların əlindən müvazinətimi itirirəm. Dünən gördüyüm yuxu məni əməlli başlı tərlətdi. Yuxudan qışqıraraq ayıldım. Yuxumu suya danışsam qaralar. Təsəvvür edin müharibədir. Otuz ildir düşmənin əlində olan torpaqları geri qaytarırıq. Qələbə əzmi yüksək səviyyədədir. Hamı gülə-gülə ölümün üzərinə qaçır. Güllələr ayaqlar, əllər arasından uçub keçir. Kimi yaralı olsa da yarasını sarıyıb döyüşə atılır. Kimi yaralandığı üçün bir ayaq üstündə qaçaraq ayağa dura bilməyən əsgər yoldaşına kömək edir. Belə bir atmosferdə mən də döyüşürəm. Birdən sağ tərəfə boylananda qardaşımı görürəm. Belə də müharibədə yanındakı adam sənə doğma görünür. Üstəlik həmin insan qardaşın olanda özündən çox onu qoruyursan. Qardaşımı bir neçə dəfə səslədim. Eşitmədi. Atəş səslərinin ucbatından qulaqlardan qan gəlirdi. Ona tərəf qaçdım. Yıxıldım. Qalxdım. Yenə qaçdım. Nə qədər qaçsam da çata bilmədim. Onu düz ürəyindən vurdular. Yuxudan ayılanda “yooooox” qışqırmağı bacardım. Qəribədir ki, yuxuda qışqırmaq mümkün olmur.

 Yuxumu heç kimə danışmamışam. Qorxuram ondan. “Reallaşmasın, bircə reallaşmasın” deyə-deyə ürəyimə təskinlik verirəm. Başqa nə əlacım qalır? Heç bir şey. Saat 01:51-i göstərir. Evə zəng gəlir. Açım, yoxsa yox? Birdən acı xəbər olar. Maraq hissi mənə qalib gəldi. Götürdüm:

— Alo, salam.

—Salam. Kimdir?

—Əliyarın dostu.

—Hansı Əliyar?

—Qardaşın Əliyar.

—Buyurun.

—Şəhid olub. Əliyar şəhid olub.

 Telefonun o üzündən ağlamaq səsləri gəlir. “Ola bilməz” – deyib “no” düyməsinə barmağımı toxundururam.

 Evin ortasında donub qalmışam. Özümə gəlmək üçün özümü çimdiklədim. Hiss etmədim. Əlimi dişləyəndə yerimdən atıldım. Yenidən Əliyarın dostuna zəng vurdum. Bu dəfə şəhid olduğu mənə çatdı. Hönkür-hönkür ağlayıb burnumu qollu köynəyimə sildim. Sabah saat ikidə onu basdıracağıq…

08.11.2020




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)