Edebiyyat.az » Proza » Azad Qaradərəli: "Çillə nağılı" - hekayə

Azad Qaradərəli: "Çillə nağılı" - hekayə

Azad Qaradərəli: "Çillə nağılı" - hekayə
Proza
Nicat Heşimzade
Müəllif:
00:22, 20 mart 2019
1 980
0
AZAD QARADƏRƏLİ ÇİLLƏ NAĞILI Hekayə


                              AZAD  QARADƏRƏLİ



                                    ÇİLLƏ NAĞILI


                                                Hekayə

                                    


                                                                            Hüseyn müəllimin xatirəsinə




    Nağıl… Onu danışmaq da olar, görmək də. Təəccüblənməyin, dediyim odu ki, dünyada elə işlər olur, onlara tamaşa etmək özü elə nağıl  kimi bir şeydir. Götürün elə çillə çıxarmağı. Hər uşağın içində ilaxır çərşənbədə çillə çıxarmaq arzusu yaşayır. Çoxdan, lap çoxdan Qaragünnü tayfasından olan Çiçəyin bir çillə gecəsində gördüklərini sizə danışmaq istəyirəm…

    Neçə gün idi ki, uşaqlar dil tökürdülər: «Bax, ilaxır çərşənbədə yatdı yoxdu ha! Bizi evə çağırmayın!»

Anaları da onları başlarından eləmək üçün deyirdilər: «Hə, day baş-beynimizi aparmayın, ilaxır gəlsin, sonrasına baxarıq…»

     Çillə ki var, bir ayrı aləmdir! Hər şey o yana, ildə bir kərə yatmamağın özü də elə bir mərəkədir. Yəni, o gecə nə olub-olmaması bir ayrı şeydi, amma ən əsası odur ki, sən həmin gecəni ölkədəki bütün uşaqlarla can bir qəlbdəsən. Sən elə yatmamağınla öz ölkənin adamı olduğunu sübut edirsən. Belədən-belə istədiyin kimi gəzə bildiyin, istədiyin kimi çalıb-çağıra bildiyin ölkəndə sən həmin gecə azadsan. Azad olmağının bir ucu da gedib söykənir yatmamağa: yəni sən həmin gecə təbiətin qanunlarını pozursan – o gecəni yatmırsan. Yox, istəsən yata da bilərsən, amma… sonra şirin-şirin söhbətlərdən, məzəli zarafatlardan xəbərsiz olacaqsan axı… Bir də o gecəni yatmış olsan, yaşıdların səni ələ salıb o ki var gülərlər.

Dünyanın ən azad gecəsi olan həmin gecədə sən oğlansansa, qız paltarı geyinə bilərsən, qızsansa, oğlan paltarı. Hətta istədiyin adamın qapısına ya gizli, ya aşkar gedə bilərsən, - lap düşmən qapısı da olsa. Səni nəinki acılamazlar, hətta pay verib yola salarlar… və həkaza.  

      Çiçəyin çoxdankı arzusuydu bu gecələrin birində oyaq qalmaq. Əslində yazıq qız gecələrin çoxunu oyaq qalırdı. Amma nə təhər oyaq? Yerin içində o tərəfə eşələnər, uzaq başı durub pəncərədən çölə bir-iki dəfə boylanar, sonra gəlib girərdi yerinə və yenidən başlardı eşələnməyə. Haçan yuxuya getdiyindən xəbəri olmazdı…

     Bəs nə idi Çiçəyin yuxusunu ərşə çəkən?

     Çiçəyin atası çoxdan, hələ Çiçək balaca olanda yağılarla döyüşə yollanmışdı. Özü də o döyüş adi döyüşlərdən olmamışdı. Həmin döyüşdə Çiçəkgilin elinin ölüm-dirim məsələsi həll olunurmuş. Əgər yağılar qalib gəlsəydi, Çiçəkgilin ölkəsi ömürlük azadlığını  itirəcəkdi. Ona görə də bütün əli silah tutanlar ayağa qalxıb yurdlarını müdafiəyə yollanmışdılar. Bu döyüş çox uzun çəkmişdi. Yağılar ölkənin içərilərinəcən irəliləsələr də, igidlərin qanı bahasına yenidən onları geri oturda bilmişdilər.

      Həmin döyüşdə qolunun birini itirmiş Salır baba sonralar danışırdı ki, Çiçəyin atası o döyüşlərdə o qədər düşmən əsgəri qırıb ki, qan çıxıb atınının üzəngisinə. Bir də onu deyirdi ki, Ərxan düşmənlərin başçısını qılıncla doğradıqdan sonra qoşa ovucla onun qanından içib hayqırıb:

    - Yağı qanı nə dadlıymış, igidlər! Haydı, yağı qanına susayın!

     Sonra igidlərimiz Ərxanın başçılığı ilə düşmənin törtöküntülərini torpaqlarımızdan təmizləməyə başlayırlar. Beləcə, bu haqq davası uzandıqca uzanır. Bir də baxıb görürlər ki, müharibə başlayanda doğulan uşaqlar yeddi yaşa giriblər… O yeddinin üstünə sonralar bir yeddi də gəlir. Düşmən basılır. Çiçəkgilin ölkəsi azad olur. Davaya gedən igidlərin bir çoxu dönməz olur. Çiçəyin atası da onların içində…

     Biri dedi Ərxan ordunun başında dayanmışdı, biri dedi düşmənlərə belə qılınc çaldı, biri dedi yağı qanını belə ovucladı… Çox şey dedilər, amma bu sözləri ilə Çiçəyə təskinlik versələr də, atasını verə bilmədilər.

    Beləcə, düz on dörd il idi ki, Çiçək atasının yolunu gözləyirdi.

    Qız eşitmişdi ki, ilaxır çərşənbədə bütün diləklər hasil olur. Onu da eşitmişdi ki, ilk pusduğun qapıda qulaq falında nə eşitsən, o da olasıdı. Bir də deyirdilər ki, çillə gecəsində hansı bir xoş saatdasa təbiət  saflaşır, sular durulur, düzü-dünya gözəldən-gözəl olur və dünyanın bu gözəl anında ağaclar budağını sallayıb üç dəfə yerə vururlar. O anı kim görsə, həmin anda üzünü göyə tutub Tanrıdan nə istəsə, diləyi hasil olur…

     Çiçək nə istəyəcək ki, ulu Tanrıdan?! Onun bircə arzusu var: dünyanın ən gözəl atası, dünyanın ən yenilməz qəhrəmanı, dünyanın ən çox gecikən döyüşçüsü Ərxan gəlsin!

     Pəncərələrindən dəstə-dəstə gəzib papaq atan uşaqlara tamaşa eləyirdi. Neçə illərdi ki, bu uşaqlara beləcə baxır. Nənəsi əhd eləmişdi ki, Ərxan gəlsin, Çiçəyin də əlindən tutub qapı-qapı gəzəcək,  pay yığacaq. Amma bu dilək də hasil olmamışdı. Ona görə də papaqatdıya getməzdi.

      Qulaq falına çıxmağı da ağlına gətirməzdi, nədən ki, qızlar bulağından su içənlərin qulaq falına çıxmasını ayrı yerə yozarlar. O isə bu dəm öz hayında deyildi, atasından başqa gözünə heç nə görünmürdü.

      Ona görə də təkcə ümidi qalmışdı ağaclara! Bu gecə yatmamalıdır! Nəyin bahasına olursa-olsun o ağacların yeri öpdüyü anı görməlidir! Bəlkə atasına bu yolla qovuşa bildi…

      Gecədən xeyli keçmişdi. Uşaqlar kəndin ortasındakı meydanda nəhəng tonqalın ətrafında çalıb-çağırır, deyib-gülürdülər. Balaca uşaqların çoxusu yuxusuzluğa dözə bilməyib yatdığından həyətlərdə dəstə-dəstə qaynaşan, papaq atan, yumurta döyüşən dəcəllərin cərgəsi seyrəlmişdi. Amma çillə çıxardanların çoxusu hələ də ora-bura qaçışıb, tonqalın üstündən tullanır, qaravəlli söyləyir, oyun çıxarırdılar.

     Çiçək həyətə düşdü. Gəlib atasının əkdiyi tut ağacının gövdəsini  sığalladı. Atasını qucurmuş kimi tut ağacını qucaqladı. «Mənim ata ağacım! Atam səni əkəli gör neçə il keçib?! Mən bu gecə sənə söykənəcəm, sənə tapınacam. Qurbanın olum, atam ağac! Vur qanadlarını yerə, qoy atam gəlsin, nə olar!»

Qız göz yaşlarını əliylə silib söykəndi ağaca. Elə bil kürəyini dağa söykədi. Bir saatmı keçdi, iki saatmı keçdi, axır ki, Çiçəyi mürgü tutdu. Qız nə qədər mürgülədi, bilmirəm. Bir  onu bilirəm ki, qəfil şaqqıltı onun mürgüsünü pozdu. Gözlərini açanda elə bil qızı ilan vurdu. «Uyy, mənim başım batsın! Bəs mən niyə mürgüləmişəm?! Bu nə şaqqıltıydı belə? Bəs söykəndiyim tut ağacı hanı?»

     Tut ağacı budaqlarını yerə  sallayıb torpağı qucmuşdu. Çiçəyin elə bil çiçəyi çırtladı. «Şükür sənə, xudaya, ölmədim, arzuma çatdım! Mənim ata ağacım qanadlarını yerə vurub, diləyim hasil olacaq!»

Əyilib bir ağaca, bir onun yeri qucmuş budaqlarına baxdı və qəfil zərbədən sarsıldı: «Bəs ağac niyə budaqlarını qaldırmır? Axı hesabnan   hələ iki dəfə də qanadlarını qaldırıb-endirməlidir?! Bəs?...»

Qızın  bədənindən titrəyiş keçdi – bilmədi bu yazın ilk gəlişindən doğan soyuq idi, yoxsa   ağacın belə halı onu üşütmüşdü…

     Əyildi ağaca tərəf. Anladı ki, yox, bu ağac elə yıxılıb ki, bir daha durana oxşamır. Və qız baxa-baxa bir şey də anladı: ağac səmtinə yıxılmamışdı!

     Əyilib ağaca bir də baxdı və sanki bu dəfə baxışlarıyla yalvardı: «Dur, nə olar, atam ağac… Kəsmə ümidimi, qırma pənahımı… Dur, nə olar…»

     Əlini   ağacın kökünə uzatdı və… barmaqları təzəcə kökdən boy verib qalxan bir şivə toxundu. Körpə fidanı tumarladı və ağacın niyə səmtinə yıxılmadığını anladı.

     … Uzaqlarda, ölkənin sərhədlərinin qurtaracağında əsgərlərin bitirdikləri sərhəd dirəkləri kök atıb cana gəlmək üçün dartınır, bitmək, yarpaqlamaq istəyirdilər.

                                                                                                                                    1997    



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)