Edebiyyat.az » Proza » Nemət Mətin - "Ölüm adası".

Nemət Mətin - "Ölüm adası".

Nemət Mətin - "Ölüm adası".
Proza
admin
Müəllif:
13:44, 18 aprel 2021
1 189
0
Nemət Mətin - "Ölüm adası".




 Ada ölü sükuta qərq olandan bəri Doktor Şayn  təcrübələrinə son verərək oğulluğa götürdüyü uşağı savadlı böyütmək üçün əlindən gələni əsirgəmirdi. Ona bildiyi bütün elmlərdən dərs keçirdi. Toni isə öz növbəsində elmlərə böyük həvəs göstərirdi. Tezliklə Toni də doktor Şayn kimi püxtələşdi və artıq doktorun fikrinə görə oğlunun bacarıqları adaya sığmırdı. Bir gün söhbət əsnasında Toni dedi:
-Doktor Şayn, nə üçün Poveqliya adasına heç kim gəlmir?
-"Ölüm adası"nın adı gələndə insanları vahimə bürüyür. 
-Ölüm adası?
-Bəli, sən artıq uşaq deyilsən. On səkkiz yaşın var. Həqiqətləri öyrənməlisən. Bura qorxulu adadır. Ruhların dolaşdığı ada. Sabah səni başqa adaya göndərəcəyəm. 
-Nə üçün? 
-Səni körpə olanda bura göndərmişdilər. İmmun sistemin güclü olduğundan sağaldın. Səni böyütdüm. Bildiyim elmi bilikləri sənə öyrətdim. İnsanların sağlamlığını qorumaq üçün yetəri qədər savadlısan.
-Mən getmək istəmirəm. Atam olmadığınıza əmin idim. Sadəcə həqiqəti eşitməkdən qorxurdum. Mən sizsiz heç yerə getməyəcəyəm.
-Oğlum, sən daha böyüksən. Qarşında yeni qapılar açılacaq. Elmin gücünü hiss edəcəksən. Lakin sənə vacib bir sözüm də var.
-Nə söz?
-Elmdən sui-istifadə edib insanlara zərər yetirmə. Biz, ümumiyyətlə bütün insanlar digər insanlara xidmət etmək üçün həyata göz açmışıq. Onlar üzərində vəhşicəsinə təcrübə aparmaq olmaz. Onların ziyanına olan elmi ixtiraların sonu yoxdur. İnsanlıq naminə yaşa.
-Baş üstə, doktor.
-Başın uca olsun. İndi isə hazırlaş. Sabah gedəcəksən. Qandola arxanca gələcək. Yeri gəlmişgən, qandolaların qara rəngə boyadılması barədə araşdırarsan.
-Oldu, doktor Şayn.
 Gənc həkim bundan sonra tək yaşayacağını dərk etməyə çalışırdı. Yeni yerdə, yeni dostlar tapacaqmı? Onu anlayan, dərdinə şərik olan tapılacaqmı? Dayağı təkcə doktor Şayn idi. O da onu yola salır...

***

 Toni gedəndən sonra adanın bir mənası qalmamışdı. Göyə ucalan ağaclar, ot basmış evlər, kilsə və xəstələrin qəbulu üçün tikilmiş xəstəxananın boz divarları. Doktor Şayn kilsənin ən hündür yerinə çıxmağı çoxdan planlaşdırırdı. Lakin Toninin gözü qarşısında etmək istəmirdi. İndi nə Toni var, nə də ona təsəlli verəcək bir kəs. O gün yetişmişdi. Doktor Şayn kilsənin ən hündür yerinə çıxaraq yüksək səslə nitq söyləməyə başladı:
-Əziz ruhlar, sizə qovuşmaq üçün buradayam. Ölüm adasının ən yüksək yerində. Bu kilsədən daha səs gəlməyəcək. Mənə dost olan tələbəmi başqa adaya yola saldım. Artıq bir mənəm, bir də siz. Lənətə gəlmiş ruhlar. Sizə əzab verdiyim üçün məni bağışlamayın. Ta qədim zamanlardan vəba xəstələrini bu adaya gətirirdilər. Mən adaya həkim köməkçisi kimi gələndən bu yana xeyli insanı diri-diri yarmışam. Dərmansız-filansız sizə əzab vermişəm. Mən çürümüş daxili orqanlarınızı zibil vedrəsinə atmaqdan zövq alırdım. İndi isə siz mənim dəli olmağımdan zövq alırsınız. Arzunuza çatdınız. Hər gün, hər saat qulağıma pıçıldadınız. Yatmağı çoxdan unutmuşam. Sizə qovuşmaq üçün tələsirəm. Özümü minarədən atmamışdan öncə bu adada sağ qalmış son insan kimi demək istəyirəm ki, öz günahlarımı anlayıram. Peşmanam. Amma olacağa çarə yoxdur. Mən cəhənnəmin alt qatlarında dəfələrlə yanmağa layiq insanam.
 
*** 

"Əziz doktor Şayn. Mən sizdən ötrü darıxıram. Tezliklə qonaq gəlməyinizi istəyirəm. Mənə ata əvəzi olmusunuz. Təhsil vermisiniz. Cəmiyyət içində özümü rahat hiss edirəm. Əvvəl-əvvəl çətin idi. Sonra öyrəşdim. Xəstəxanada həkim köməkçisi kimi çalışıram. Heç bir maddi sıxıntım yoxdur. İki dost da tapmışam. Birlikdə yaşayırıq. Yeri gəlmişgən aldığımız qandolaya baxanda sözləriniz yadıma düşür. Bütün qandolaların qara olmağı "ölüm adası"ndan xəbər verir. Qədim zamanlarda vəba xəstələrini və ölüləri sizin adaya aparıblar. Mən on səkkiz ildə bir insan sümüyü də görmədim. Görünür yaxşı gizlətmisiniz. Son zamanlar qəribə hərəkətlərinizin və özünüzlə danışmağınızın şahidi olurdum. Tək qalmağınızı istəmirəm. Məktub sizə yetişəndən üç gün sonra arxanızca qandola göndərəcəyəm. Nəhayət görüşəcəyik..."
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)