Edebiyyat.az » Proza » Nemət Mətin - Qırmızı Günəş.

Nemət Mətin - Qırmızı Günəş.

Nemət Mətin - Qırmızı Günəş.
Proza
admin
Müəllif:
04:26, 24 aprel 2021
2 220
0
Nemət Mətin - Qırmızı Günəş.

                                                  

                         



                                                                Fələklər yandı ahumdan muradım şəmi yanmazmı? (M.Füzuli)

 

 

  Qar.

 

 Evin ikinci mərtəbəsində özünə yer tapa bilməyən rəssam ağ göyərçin olub pəncərədən uçmaq istəyirdi. Təbiətin səxavət əli göydən qar yağdırmışdı. Pəncərədən açılan mənzərə onun beyninə soyuq rahatlıq gətirmişdi. Bir neçə dəqiqə, bəlkə də uzun zaman kəsiyində heyranlıqla mavi gözlərini bərəldib tamaşa edəndən sonra gündəliyini tapıb əyləşdi. Bu dəfə incə, uzun barmaqlarına fırçanı deyil, qələmi alan rəssam yazmağa başladı:

 “O qarın yağmasını mən yuxarı evdən görürdüm. Bunu söz ilə yox, ancaq rəssamın rəngi ilə danışmaq olar. Külək ilə gələn qarın ritmini, ahəngini, onun hərəkətini bacarıq ilə vermək lazımdır. Mən bu əfsanəvi mənzərəni mütləq işləyəcəyəm. Mən hələ nə qədər qar görmüşəm, hələ belə gözəlini görməmişdim.  Bəlkə qabaqlar cavan olmuşam. Belə diqqətlə, belə fikirlə, belə idrak hissi ilə hiss etməmişəm. Odur ki, bu qar məni lap valeh etdi. Mən buna vuruldum və aşiq oldum”.

 

Dəniz.

 

 Xəzər üçün darıxmışdı. Beynindəki fikirləri də götürüb sahilə yol alan rəssam uzun müddət görmədiyi sevgilisinin görüşünə tələsirdi sanki. Sahilə çatanda möhtəşəm görüntü onu ağuşuna alıb başqa aləmə apardı. Hətta adını da unudan rəssam allah bilir bir də neçə saatdan sonra xəyal dünyasından ayrılıb  yerə enəcəkdi. Rəssam libasını çıxararaq dərviş libasını geyindiyi andan etibarən gözü təbiətdən başqa heç kimi görməz və eşitməzdi... Evə qayıdanda yenə gündəliyini götürüb qeydlər apardı:

 “Dönüb dənizə baxarkən sanki yaşıl füruzə idi. Hər dəfə bir rəngə girir. Ləpədöyən hələ bil ki, parıldayan dövrələr idi. Sudan görünən qayalar sanki əfsanəvi heyvanlardır. Bunlara baxanda elə bil ki, sürətlə gedirlər. Gah sulara qərq olur, gah da sudan sürətlə çıxıb özlərini insanlara göstərirdilər. Onlara dəyən ləpələr elə bil ki, onların üzməsindən suları hərəkətə gətirir”. (1973-cü il.)


 Külək.

Dostları ilə bağa yığışmışdı. Hündür bir hasarda rəsm çəkmək arzusunu dilə gətirəndə üç-beş günə rütubətdən, küləkdən məhv olub gedəcəyini ona deyirlər. Rəssam ruhdan düşmür. İki nəfərin rəsmi görəcəyi ona bəs idi. İki seansdan sonra işi bitirir. O rəsm qarşısında fotosunu çəkirlər. Rəsmdən xatirə təkcə şəkil qalır. Xəzri küləyi rəsm əsərinə yaşamaq şansı vermir...

 

 Ana.

 

  Evdə hər şey öz yerində idi. O(ana) qab-qacağı rəssam kimi düzürdü. Yorğan-döşəyi elə düzürdü ki, rənglər bir-birinə uyğun gəlirdi. Bu onun üçün sənət əsəri idi, bu gözəllik idi”. Anası haqqında yazmışdı. Amma hələ onun rəsmini çəkməyə cürət etmirdi. Anasını kainat qədər sevən oğul yalnız onun ölümündən sonra rəsmini çəkdi. Əbədiləşdirdi anasını. Daim yanında qalması üçün etdi bunu. Ayrılığa dözə bilməzdi. Rəsmi çəkəndən sonra yenidən fırçanı səliqəylə yerinə qoyub qələmi götürdü:

 

 “Mənim anam – Bu anamdır. Onu Azərbaycanın ən gözəl diyarı Naxçıvan dağları fonunda vermişəm. Aşağı gəldikcə bağlar, gül-çiçək açan ağaclar, quşlar, birinci planda isə su. Bu da ki, aydınlıq və həyat deməkdir. Ana uzaqlara, gələcəyə sakit baxır. Gələcək yollara, xoşbəxt günlərlə yaşayıb daha da xoşbəxtliyə gedir. Ananın kəlağayısı hər iki tərəfdən torpağa sallanmış, sanki torpağa qarışır, torpağı qucaqlayır. Bu da vətənə bağlılıq deməkdir. Su kimi aydın olan vətənimiz getdikcə yüksələcək, getdikcə zənginləşəcək”.

 

 Ana vətən.

 

 Kəpəzin göz yaşları. Kətan, boyalar və fırça. Dağın əzəmətini yalnız uzaqdan görə bilərdi rəssam. Zəlzələ. Göygöl. Təbiətin titrəməsindən yaranan gözəllik. Rəssam dizlərini sinəsinə yığaraq xeyli nöqtələr çəkdi. Bəzən fırça yorulanda estafeti barmaqlarına ötürdü. Çəkdi. Gündəliyində isə yazdı: 

 “Ağ çalmalı Kəpəzin çiynindən mavi kəlağayı kimi sürüşüb düşmüş Göygöl”.

 

Duman.

 O gün yeri möhkəm saxlamaq üçün ucalan başqa bir dağı çəkmək istəyirdi. Dostları ilə cığır-cığır gəzib ünvana yetişdilər. Lakin duman aman vermədi. Təbiətin bir gözəlliyi başqa bir gözəlliyini gizlətmişdi. Geri qayıtmalı idilər. And-aman etsələr də sonuncu dərviş fikrindən dönmədi. Yaxınlıqdakı kənddə bir neçə gün qalmalı oldular. Bir səhər isə rəssam hamını oyadacaq səslə dumanın çəkildiyini aləmə car çəkdi. İstədiyinə nail olmuşdu. Dağı çəkdi. Duman isə getmişdi. Hansısa başqa bir cənnət guşəni öz ağuşuna alıb gizlətmək üçün...

 

Gül.

 

 Dağın döşündə güllər açmışdı. Hamı sözləşib ən gözəl gülləri gətirəcəklərini mərc etdi. Hər kəs dağılışdı. Rəssam tələsmədən gül yığmağa yollandı. Hamıdan axırda gəldi. Dostları rəssamın gətirdiyi gülləri görəndə utandıqlarından gülləri gizlincə yerə atdılar. Ahəng, nə ahəng... Rəsm əsəri. Bir yerə yığılmağın bundan gözəl nümunəsi ola bilməzdi. 

 

Qırmızı Günəş

 

 Nə Yaponiya bayrağı idi, nə də qızmış öküzün gözləri. Günəş idi, Günəş. Onun Günəşi qırmızı idi. Bütün Günəşlərdən fərqli olmağı bacardı. Libası çəkdiyi rəsm əsərləri, daş-qaşı müxtəlif zonalardan yığdığı rəngbərəng daşlar, ilhamı Füzuli qəzəlləri olan dərviş Günəşə çevrildi. Hamını və hər şeyi isidən, gecələr küsüb getsə də səhər yenidən qayıdan Günəş...

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)