Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - MƏHLƏ UŞAQLARI(Hekayə)

AZAD QARADƏRƏLİ - MƏHLƏ UŞAQLARI(Hekayə)

AZAD QARADƏRƏLİ - MƏHLƏ UŞAQLARI(Hekayə)
Proza
admin
Müəllif:
14:02, 13 noyabr 2021
1 300
0
AZAD QARADƏRƏLİ - MƏHLƏ UŞAQLARI( Hekayə)

 

 

 

      

       

 

 

 

     Çiskinli payızda İstanbulda taksiyə mindim. Sürücü  

                                                                  qaradinməz adam idi. Yolumuzsa bir xeyli vardı. 

                                                                  Mən körpü saldım. “Nerelisin?” “Diyarbekirliyim.”

                                                                  “Kürtmüsün?” “Annüm kürd, babam türkdü. Babam 

                                                                   ölünce  annem bizi bir kürd kimi böyütdü... Aslında 

                                                                   kürdüm... amma PKK-çı deyilim ve asla olmam da... 

                                                                   Vetenimi, bayrağımı seviyorum” dedi. Sonra  

                                                                   illər əvvəl olmuş kədərli bir əhvalar danışdı. Onun 

                                                                   kiçik qardaşı Baturu əllərindən alan o PKK-ya lənət 

                                                                   oxuya-oxuya danışdı. Gözləri İstanbul çiskini

                                                                                kimi sulana-sulana danışdı...

       Müəllif


 

          Oğlanın üzündə şüşəkəsən almazla kəsilmiş kimi nazik bir çapıq vardı. Bu o qədər incə  “çəkilmiş” xətt idi ki, çapıqdan çox, nazik ayparaya oxşayırdı. Ya da əlin içindəki xəttə. Yaxşı yadındadır: onlar 6-cıda oxuyanda qoca bir qaraçı liseyin  tinində  kəsmişdi oğlanın qabağını ki, bəs gəl falına baxım. O da Əsmaya göz vuraraq babasının simit almağa verdiyi quruşu qadının ovcuna basıb, oturmuşdu dizinin dibində. Qarı oğlanın  əlinin içindəki  bəzən paralel, bəzən də  kəsişən incə xətləri oxuyurmuş kimi imsiləmiş, sonra ayparaya oxşar xəttin üstündə barmağını saxlayıb  demişdi: “Oğlan, sənnən xata əskik deyil. İçinə kimlərsə hakim olacaq. Sənin canında bir ağrı var. Onu alıb başına gəzəcəksən...” Sonra  daha nələrsə demişdi qarı. Amma Əsma dalısını xatırlaya bilmədi. İndi üzündə  nazik aypara çapığı olan bu oğlanın  qatara  minməsi Əsmanın xatirələrini çözələsə də, qarışdırdı da... Burdan o yana ha illah elədi, xatırlaya bilmədi.

   -Batur...

Oğlanın  sağ çiynində çanta vardı və çantanın ağırlığından çiyni əyilmişdi. Adını eşidib bu doğma səsə tərəf atılmaq istəsə də, bir anlıq ayaq saxladı. Qarşısındakı yaşlı adamın qolunun altından səs  gələn tərəfə boylandı. Əsma idi. Qatarın pəncərə ağzında oturmuş, çölü seyr edirdi.

-Ay Batur... Mənəm, Əsmayam... Gəl bəri, gəl, gəl... O çiynindəki nədi? Qırdı ki çiynini?! Ver görüm!..

Qız oğlanı az qala sürüyə-sürüyə yanına çəkdi. Fəqət burda  boş yer  yoxdu.  Qız isə onu yanına dartışdırırdı, hələ üstəlik çantasını da çiynindən almağa çalışırdı. Oğlanın üzü səyridi, çapığı qurbağanın çənəsinin altı kimi atdı. 

-Yox, lazım deyil... Özüm... Bir təhər dayanaram... Elə də ağır deyil...

Açıqca yalan deyirdi. Çiyni o qədər əyilmişdi ki,  yeniyetmənin lap heyi kəsilirdi.

-Əşşşi, ver görüm dəəəə!.. - Qız çantanı zorla ondan aldı. – Bu nədir daş-qaya doldurmusan bura?.. Lap yorulub-əldən düşmüsən... İstəyirsən, mən durum, sən otur? – Qız azacıq qalxdı da...

Oğlan çantasını onun ayaqları arasına qoysa da, qalxmağına mane oldu. Çiyinlərindən basıb oturtdu. Və gülümsəməyə çalışdı.

-Haradaydın, a Batur? Gör neçə ay olar yoxsan? Anannan soruşduq, dedi acıq eləmisən... Uşaqlar deyirlər ki, İs...

Oğlan onun sözünü yarımçıq kəsib tələsik dilləndi:

-Hə, İstanbuldaydım... Həm oxuyuram, həm işləyirəm... Bu da elə o işimlə bağlı yükdür. – Qızın qıçının arasına qoyduğu ağır çantaya işarə etdi. – Hər gün fabrikdən  iki dolu çanta  motor aparıb qonşu  stansiyaya  verirəm... Bu da mənim işim sayılır...

Qızı gülmək tutdu. Bu ütük gədə sinifdə ən pis oxuyan idi. Atası türk, anası kürd olduğundan uşaqlar onu lağa qoyur, kürdi-türk deyirdilər.  Elə Əsmanın da ailəsi qarışıq idi. Amma onlarda tərsinə idi: anası türk, atası kürd. Bəlkə elə bu qarışıq ailələrdən olmaqları Əsmayla Baturu yaxınlaşdırmış, dostlaşdırmışdı. Son vaxtlar bir-birilərinə dostluqdan artıq duyğu bəsləyirdilər. Hətta bir axşamüstü evlərin dalanında yağışa baxdıqları zaman Batur onun yanağından xəfifcə öpmüşdü də... İndi o öpülən yer qızarır, qızın duyğularını ələ verirdi...

          Baturun şalvarının rəngi getmişdi. Dişləri sapsarı idi. Üzündəki çapığı hələ də atırdı. Uşaqlıqdan pinti olan Batur  heç dəyişməmişdi. Bir neçə ay sonra liseyi bitirib  gənclik yaşına qədəm qoyacaqlar, amma  o hələ də dişlərini  sürtmür. Ağzını açıb nəsə demək istəyirdi ki, qatar fit verib dayandı. Batur buna bəndmiş kimi tələsik:

-Əsma, mən bir su alıb gəlirəm, - deyib  adamları itələyə-itələyə tanbura yönəldi və hələ tam dayanmayan qatardan tullandı. 

Bir dəqiqə  keçməmiş qatar tərpəndi. Batur isə yox idi. Diyarbəkirə cəmi bir stansiya qalırdı. Bəs Batur hara getdi? Bəlkə gecikdi, minə bilmədi qatara? Tərs kimi çantası da qaldı burda... 

Bu vaxt telefonuna müsaj gəldi:”Əsma, tez ordan dur, iki vaqon qabağa gəl, mən ordayam. Batur.”

Qız ayağa durub tanbura çıxmaq istəyirdi. Amma Baturun ağır çantası burdaydı axı. Tərs kimi özünün də yükü vardı. Bir an duruxub geri döndü. Əyilib çantanı qaldırmaq istəyirdi ki,  yer-göy lərzəyə gəldi. Dəhşətli gurultudan qulaqları batdı sanki. Qolunun biri və ayaqları dibindən çıxıb göyə uçdu. Ağzını açıb qışqırdı:

-Batuuuuuuuuur?!.

Bu son sözü oldu. Ağzından gələn qan yerə çiləndi və yadına qaraçının dediyi sözlərin ardı düşdü:” Başı kəsilən mal kimi qanını  küçələrə dağıda-dağıda camaatın da üstünə çiləyəcəksən...”

Qızın artıq gözləri heç nə görmürdü. Gözünün qabağını qan qırmızı rənglər tutmuşdu. Sonra zülmət çökdü. Üstünə yığılmış meyidlərin  və vaqonun dəmir-dümürürnün ağırlığından nəfəsi qısıldı. Ürəyindən təkcə bu cümlələ keçdi: ”Görəsən Batur yaralanmadı ki?” 

Arxadakı  stansiyada düşən üzü çapıq oğlan  isə fit çala-çala onu gözləyən maşına minib uzaqlaşdı. 

Yarım saat sonra dağ yolu ilə irəliləyən maşın havaya uçdu. Baturun bədənindən qopmuş qolu dərəyə sinmiş pəmbə dumanın içinə düşdü. Dumanın ağ qız əlləri ona uzatmış bu yaralı əli qoynuna aldı.


                                                                                                             11.12.2016 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)