Edebiyyat.az » Proza » Siyavuş - Naməlum adam

Siyavuş - Naməlum adam

Siyavuş - Naməlum adam
Proza
admin
Müəllif:
19:53, 20 yanvar 2022
1 429
0
Siyavuş - Naməlum adam

                                                                                                                  




 İlk dəfə onu görəndə cındırından cin hürkürdü.  Ucuz qəsəbə kafesindəki odun sobasının yanında yerləşən stolun bir küncündə tək-tənha əyləşib  içirdi. İçki, şaxtanın göyərtdiyi yanağını, burnunu qızartmaq üçün əlindən gələni edirdi. Gözləri elə bil quyuya düşmüşdü. O quyuya ki, qışqırsaydın belə səsin əks-səda verməzdi. Siqaret tüstüsünün saraltdığı bığları küləş tayasına bənzəyirdi. Üz-başını o qədər tük basmışdı ki, sanki kimliyini tüklərin arasında gizlətməyə çalışırdı. Üzərindən gələn pis qoxu adama sərt sillə kimi toxunurdu. Kafedəki “rekord” markalı “sovetdən qalma”  televizor kimi naməlum adamın da qəsəbəyə nə vaxtdan gəldiyi heç kimə məlum deyildi. Qəsəbə camaatı bir də ayılıb görmüşdü ki, bu susqun, adama yovuşmaz adam həyatlarının bir parçasına çevrilib. Həyatlarının parçasına çevrilib deyəndə, əslində onun varlığı və ya yoxluğu heç kimin vecinə deyildi. Onu tanrı belə unutmuşdu qəsəbə camaatı nə etsin? Nə ağac, nə böcək, nə quş, nə it, nə də pişik naməlum adamı görməzdən gəlirdi. Nə bu dünyada, nə də o dünyada axtarılmayan adam idi o. Heç kim onu dindirib-danışdırmağa həvəs göstərmirdi. Bütün kafeni səs-küy götürsə də adı bilinməz adamın varlığınınmı deyim, yoxluğununmu deyim səs-küyə qarışacağı yox idi. Hətta sobanın kənarındakı pişiyi belə dindirirdilər, bircə naməlum adamı yox. Hərdən elə düşünürdüm ki, onu təkcə mən görə bilirəm.  Sözün düzü   naməlum adam ilk dəfə məndə heç bir təəssürat yaratmamışdı. Daha sonra kafeyə gəlib getdikcə hər dəfə eyni stol arxasında əyləşən sirli  adam haqqında beynimdə min bir suallar var-gəl eləməyə başladı. İşdən çıxıb hər axşam kafeyə tərəf yön alırdım. Kafəyə girən kimi gözüm ilk onu axtarır, yerində olub olmamasını yoxlayır, gözlərim ona sataşanda itiyini tapmış adam misalı tanrıya yerdən göyə qədər razılığımı bildirərək keçib bir tərəfdə əyləşirdim. Hər dəfə onun haqqında nəsə kiçik bir şey öyrənmək ümidi ilə gəlib saatlarca onu uzaqdan izləyirdim. Yeni torpaqlar kəşf etmək arzusu ilə yola çıxan səyyah kimi mən də bu adamı kəşf etmək istəyirdim. Bircə onu bilirdim ki, gözlərini  qıyanda ürəyi ilə söhbətə başlayır, dağı arana, aranı da dağa aparırdı. Kafe bağlanana qədər lal-dinməz otururdu. Daha sonra kafedən çıxıb bir göz qırpımında yoxa çıxır, sanki qeybə çəkilirdi.  Qəsəbədə insanların sıx olduğu yerlərdə bir neçə dəfə onunla qarşılaşmışdıq. Əllərini yay-qış əynindən çıxarmadığı bozarmış, çirkli paltosunun ciblərində qarnına sıxaraq axsaya-axsaya yanımdan ötüb keçmişdi. Axsamağına baxmayaraq addımları iti olurdu. Onun nə kiməsə əl açıb danışdığı, nə də küçədə, parkda, yolda, evlərin önündə, otların üstündə, ağacların altında uzanıb yatdığını görmüşdüm. Qısası üz-gözündən kimsəsiz, evsiz-eşiksiz adama oxşasa da, amma onlar kimi davranmır, bu da onlarla, yüzlərlə onun kimi adamların içərisindən təkcə ona maraq oyatmağıma səbəb yaradırdı.  Bir dəfə heçnə deməyib səssizcə  keçib yanında oturdum. Həyacandan əl-ayağı yarpaq kimi titrəməyə başladı. Təngnəfəs olmağa başladı, bənizi əhəng rənginə çevrildi. Göstərdiyim diqqət onu adi həyatından ayırmışdı. Nə etdiyini bilmirdi.  Biraz ora-bura dövükdükdən sonra kafeni tərk edib bir anda gözdən ilim-ilim itdi. Bir neçə müddət kafeyə gəlmədi. Etdiyim əməldən peşman olmuşdum. Amma, maraq da içimi didib tökürdü. 

 Fikirli-fikirli evə çatıb qapını döyürəm. Yadıma düşür ki, bu vaxtlar həyat yoldaşım işdə olur. Evin yan tərəfinə keçib açarı qaz sayğacının qutusunun içərisindən götürüb açar yuvasına salıb iki dəfə fırlayandan sonra qapını özümə tərəf çəkib açıram. Maraqlıdır qapının içəri, yoxsa bayıra açılmasına ilk dəfə fikir verirəm. Qapını bağlayarkən, qapının dəstəyindən kiçik əksimi görürəm. Özümü belə kiçik görməyim bir anlıq məni başa düşə bilmədiyim bir səbəbdən kədərə bürüyür. Bayırdan azan səsi gəlir. Günorta namazının vaxtıdır demək. Hər dəfə azan səsini eşidəndə sirat körpüsündən cəhənnəmə tərəf gedən eşalonun içərisində əli qamçılı cəhənnəm  mələkləri  tərəfindən qamçılana-qamçılana qır qazanına sarı aparıldığımı təsəvvür edirəm. Yenə də o hissləri keçirdim. Ətim ürpənir. Əllərimi yuyub qonaq otağına keçirəm. Televizorun pultunu götürüb özümü  külək aşıran ağac kimi divanın üstünə yıxıram. Aygün Bəylərin “tut ağacı“ mahnısının klipini göstərirlər. Uşaq vaxtı bu mahnını dinləyərkən atamın ağladığını görmüşdüm. O zamanlar bu mahnının klipini görməyə gözüm, özünü isə dinləməyə qulağım yox idi. Uşaq vaxtı atamı kədərli görməkdən xoşum gəlmirdi. Onun əhvalını düzəltmək üçün əldən-ayaqdan gedirdim. Elə bilirdim hər dəfə onu kədərli gördükcə saçlarına düşən ağ dənlər artır, üz qırışları dərinləşir. Atamın ömrünü hesablayırdım. Neçə yaşda öləcəyini hesablayıb ömrünə nə qədər qaldığını düşünürdüm. Hərdən içki içəndə, siqaret çəkəndə ya da kədərli olanda ömrünü yenidən hesablayır, qısaldığına görə ağlayırdım. Bəzən də köhnə şəkilləri ilə yeni şəkillərini müqayisə edir, şəkillərin illərinə baxır, yeni şəkil ilə köhnə şəkil arasındakı il fərqini hesablayır, həmin illər arasında nə qədər qocaldığını bir vərəqdə qeyd edirdim. Daha sonra vərəqləri nə vaxtsa xotmaladığım quru otların sinəsinə basıb yandırırdım. Vərəqlər və otlar yanıb külə dönəndə  atam üçün təhlükənin sovuşduğu üçün gülümsəyirdim. Televizoru söndürüb notbuku açıram. Nəsə yazmağa çalışıram, amma ağlıma heçnə gəlmir. Kitablara baxıram. Oxuma da həvəsim yoxdur. Bir neçə gün olar əlim heç bir işə yatmayır. Əlimi nəyə atıramsa biraz keçmir kənara tullayıb yorğan-döşəyi qucaqlayıram. Ruh sakitləşdici məşqlər edirmiş kimi saatlarca bir nöqtəyə zillənib qalır, yerimdən tərpənmirəm. Deyəsən, bu gün də əvvəlki günlərdən fərqlənməyəcək. Fikirlər beynimi ələk-vələk eləməyə başlayıb. Aha yenə nəsə tapdılar. Neçə vaxtdır ruhuma rahatlıq verməyən naməlum adamda dayandılar. Yenə onun haqqında düşünməyə başlayıram. Onu düşünə-düşünə özümdə bilmədən yuxuya dalıram. 

  Telefonun zənginə yuxudan ayılıram. Telefonun digər başında cır səsli xanım avtomobil sığortası ilə bağlı nələrsə danışır. Nömrəni səhv saldığını, avtomobilim olmadığını bildirib sağollaşıram. Nəsə yuxu görürdüm zəngdən əvvəl. Yuxunu yadıma salmağa çalışıram. Yadıma düşür.  Yuxuda kollardan çoxlu qara böyürtkənlər dərib yeyirdim. Yuxunun mənalandırmağa çalışıram. Heç nə ilə əlaqələndirə bilmirəm. “Google” axtarış sistemində yuxu yozmalarda “yuxuda böyürtkən görmək” yazıb axtarış verirəm. Yuxuda böyürtkən görmək, yenilik mənasına gəlir. Yuxu görənin həyatınta vaş verəcək olan gözəl və müsbət dəyişikliyi ifadə edir, yeni insanlarla tanış olma mənasına gəlirmiş. Paltomu geyinib evdən çıxıram. Dekabrın çiskin yağışlı günlərindən biridir. Yağış suyu göz yaşı kimi yanağımdan süzülərək çənəmdən desantların hərbi təyyarədən paraşütlə atıldığı kimi üzü aşağı tullanır. Hərdən boğazımdan bədənimə dolan su belimi bükərək yumağa döndərir, beynimə siqnal verir ki, gedəcəyim yerə tez çatmağın üçün addımlarımı itiləşdirim. Şəkər xəstəliyinin verdiyi susuzluq məni yolüstü marketə baş çəkməyə məcbur edir. Bir şüşə sirab alıb başıma çəkirəm. Görəsən cənnətin abi-kövsəri də sirab suyu kimi dadlıdır? Bəlkə də... Kafeyə çatanda artıq şər qarışmışdı. İçəri daxil olub adətim üzrə sobanın yanındakı stola tərəf boylandım. Naməlum adamın kafedə olduğunu biləndən sonra bayıra çıxdım. Xəlvəti yerə çəkilib kafedən çıxmağı üçün gözləməyə başladım. Artıq qərarımı qətiləşdirmişdim. Soyuq iliyimə işləyir, onsuzda xəstə olan canımı biraz da incidirdi. Bir xeyli gözlədim. Bir neçə dəfə fikrimdən daşınmaq istəyib, evə qayıtmağı düşündüm. Axır yenə naməlum adamı izləmək fikrinin üstündə durdum. Nəhayət naməlum adam kafedən çıxdı. Bir az onu qabağa buraxıb arxasınca düşməyə başladım. Qəsəbənin kənarında yerləşən qəbristanlığa gəlib çıxdı. Ora-bura boylanıb, heç kimin olmadığına əmin olandan sonra qəbristanlığa girdi. Beləcə bir neçə gün onu izlədim. Hər gün kafeyə gəlir, axşama qədər oturur, oradan da qəbristanlığa gedirdi. 

 Gecədir. Qəbristanlıqda özümə bir qəbir daşının arxasında yer seçib naməlum adamın gəlişini gözləyirəm. Hava həm sakitdir, həm də şaxtalı. Mizrabın dəydiyi tar simi kimi titrəyirəm. Daha çox nəyə görə titrədiyimi ayırd edə bimirəm. Soyuqdan, yoxsa həyacandan.  Bir-iki dəfə başımı qaldırıb qəbir daşlarındakı şəkillərə baxıram. Şəkillər sanki mənimlə dil açıb danışacaqlar. Vahimə məni basır. Ürək döyüntülərimi aydın eşidirəm. Sanki mənə bildirməyə çalışır ki, evdə rahat oturub dincəlmək bilərdin indi. Özünə də, mənə də niyə zülm edirsən?  Çalışdığım qədər gözümü bir nöqtəyə zilləyib qəbirlərə baxmamağa çalışıram. Gecə olmağına baxmayaraq hava çox aydındır. Ayın işığı günəşin əksini layiqincə günəşin düşmədiyi yerlərə əks elətdirə bilir. Budur naməlum adam uzaqdan görünür. O tərəf, bu tərəfə baxandan sonra oğurluğa girən adam kimi özünü qəbristanlığa salır. Addım atdıqca ayağının altında quru otlarla torpağın bir-birinə qarışma səsini eşidirəm. Bir az addımlayandan sonra bir qəbirin qabağında dayandı. Paltosunun qoltuq cibindən bir qərənfil çıxarıb, qəbir daşını öpəndən sonra qəbrin üstünə qoydu. Bir az baxandan sonra daşı qucaqlayıb hönkür-hönkür ağlamağa başladı. Bir neçə saat qəbrin yanında oturdu. Sonra ağır addımlarla qəbristanlıqdan çıxıb getdi. Donmuşdum. Əllərimi bir-birinə çaxmaq daşı kimi sürtür nəfəsimlə üfürürdüm. Hər yerim keyləşmişdi. Ayaqlarımı güclə sürüyə-sürüyə qəbir daşının yanına çatdım. Gördüyüm səhnə mənim dil-dodağımı qurutdu. Bütün bədənimdən qəribə gizilti keçdi. Necə ola bilərdi, axı? Başdaşındakı şəkil naməlum adamın idi. Heç bir ad, soyad, ata adı yox idi. Heç bir tarix də yox idi. Başdaşında şəklin altında  xırda hərflərlə  belə  yazılmışdı: 

 “Mən yetimlər evində böyüdüm. Məni körpə olanda yetimlər evinin qapısının ağzına qoyub getmişdilər. Heç vaxt öz həqiqi adımı, soyadımı, ata, ana adımı bilmədim. Doğulduğum ili, günü, ayı bilmədim. Ata, ana, bacı, qardaş, nənə baba, qohum necə olur bilmədim. Daim ağır psixoloji sarsıntılar keçirdim. Bu səbəbdən ailə də qurmadım. Ailənin , övladın nə olduğunu bilmədim. İnsan üçün ali dəyərlər nədir onları bilmədim. Bu dünyaya niyə gəldim bilmədim. Mən dünyaya gələndə ölmüşəm. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)