Edebiyyat.az » Proza » Günel Mehri - Sirr(hekayə)

Günel Mehri - Sirr(hekayə)

Günel Mehri - Sirr(hekayə)
Proza
admin
Müəllif:
17:29, 15 fevral 2022
1 890
0
Günel Mehri - Sirr(hekayə)





(Qızıma...)
      Bu hekayə çoxdan onunla idi. Lap çoxdan. Çünki özünü xatırlayandan o röyanın təsirindəydi. İçində bir işıq kimi yanırdı, isidirdi onu. Ən çətin günlərində, ən acı anlarında bir parça şokolad kimi xoşbəxtlik hormonlarını artırırdı. Özü özünə pıçıldayırdı. Vaxt gələcək, qarnın böyüyəcək, böyüyəcək və içində yatan tumurcuq cücərəcək və 9 ay, 9 gün, 9 saat, 9 dəqiqiqə keçəndən sonra cücərmiş tumurcuq gözəl-göyçək qız uşağına çevriləcək. Bəs gözəl olacağını hardan bilirdi ki? Axı yuxusuna girən, bu həqiqəti başı lentli məktəbli qıza pıçıldayan o bəyaz, uzun geyimli nurani təkcə adını söyləmişdi: İlahə. Hə, elə belə də demişdi: “Sən böyüyüncə bir qızın olacaq. Adını İlahə qoyarsan...” Amma İlahənin necə görünüşdə olacağı barədə kəlimə kəsməmişdi. Onçün bilmirdi ki, İlahənin gözləri nə rəng olacaq, saçları nə rəng? Səsi necə olacaq, gülüşü necə? Amma bunun önəmi nəydi ki? Görünüşü hər nə cür olsa da sevəcəkdi, əzizləyəcəkdi. Çünki canından can olacaqdı, ruhundan damla. Bircə buna əmin idi o balaca, uşaq qəlbiylə. 
      Yaxşı xatirindədir, o yuxudan ayılanda əvvəlcə qorxub ağlamışdı. Axı kim idi bu qoca? Niyə gəldi ki yuxusuna? Niyə İlahə? O vaxtlar Ayla adını çox sevirdi. Bütün gəlinciklərinə bu adı yaraşdırırdı. Ayla olsa, daha gözəl olmazdımı? Ona su gətirən anasına yuxuda gördüklərini ürkək-ürkək danışdı. Fikrə getdi anası. Sonra da dedi ki, unutma bu yuxunu. Unutsan da böyüyəndə xatırladacam sənə. Amma anası bilmədi ki, o andan həmin yuxu hafizəsinin ən vacib nöqtəsinə sancılmışdı və hər ay özünü xatırladırdı. Hər dəfə aybaşı vaxtı gələndə keçirdiyi ağrı-sızıya görə az qala göyə dırmaşırdı. Dişlərini dişlərinə sıxıb dözürdü ağrıkəsici içmədən... Anasının dediyi kəlimələr qulağına sırğa olmuşdu: “Deyirlər ağrıkəsici içəndə uşaq olmaya bilər...” Ağrıdan qıvrılırdı, yuxusunu xatırlayırdı, üzü dumanlı olan İlahəsini xatırlayırdı, bir gün onunla dost olacağını, dolabındakı geyimləri paylaşacağını, əl-ələ gəzəcəyini xəyal edirdi və yavaş-yavaş ağrılar buxarlanıb harasa itirdi. Elə o ərəfələrdə adların mənasını axtardığı bir kitabdan oxumuşdu ki, İlahə adı Allahla bağlıdır. Ərəbcədən tərcüməsi “Allahdan” deməkdir. Qədim yunan mifologiyasında isə ilahə qadın Allaha deyilir. “Qadın Allah... Əstağfurullah” qulağa yad gəlirdi. Əti ürpənmişdi bu ifadədən. Tanrının cinsiyyəti yoxdur və niyə də olsun ki? Ona görə, bütün insanların üzünü göylərə tutub tək Tanrıya dua etməsi möhtəşəm idi.  Çünki özü də hər gecə evdə əl-ayaq yığışandan sonra balaca barmaqlarını bir-birinə kilidləyib üzü qaranlığa doğru Ona təşəkkür edirdi. Yediyi təamlara, aldığı "beş"lərə, valideynlərinin varlığına, bir də indidən bətnində qəribə bir hissiyyatla duyduğu körpəsinə görə... Və hər səfərində də qeyri-iradi əliylə örtüyün altında qarnını tumarlayırdı. Elə bilirdi, ordadır, onunla birgə vardır, birgə qidalanır, yatır, durur, sevinir, kədərlənir. Hətta bir dəfə özünü saxlaya bilməyib həyət dostlarından biriylə dalaşanda az qala hamıdan gizlətdiyi sirrini ağzından qaçırmışdı da. Velosipedini bölüşmədiyi üçün dostu onu çoxmərtəbəli qarğış atəşinə tutanda kəkələyə-kəkələyə bircə bunu deyə bilmişdi: “Sən də... Sən də mənim qarnımdakı balamı ye...” Uşaq çaşıb təəccüblə gözlərini bərəldəndə nə dediyinin fərqinə varmışdı: “Allahım, anlama dediyimi, nolar, nolar... Yerinə yetirmə” Ağzını tutmuşdu bu qəfil ifadəyə görə, evlərinə qaçıb bir xeyli güzgüyə baxmışdı. Bu nə qələtdir etdi?.. Sonra “İraq olsun” deyərək qulaqlarını var qüvvəsiylə çəkib taxtalara vurmuşdu. “Heç kim yeməsin balamı. Heç kim...” Həmin axşamı illər sonrasında da unuda bilmirdi. Uşağın anası əlindən tutub düz evlərinə qədər gəlmişdi. Tərslikdən atası da evdə idi. Düz atasının gözünün içinə baxa-baxa demişdi ki, sizin qızınız həyətdə pis sözlər danışır. Uşağıma deyib ki, səni yesinlər... Qorxub uşaq. Uşaq həqiqətən qorxmuşdumu, onu sonralar da bilmirdi. Çünki bir də o uşağa yaxın getmədi. Amma özünün o an qorxudan altını islatdığını pazl-pazl xatırlayırdı. Ayaqları ilə cığır açan isti sidik döşəmədə göllənirdi. Atası üstünə gəlirdi. Sonra ayaqlarındakı istilik sanki sifətinə yayılırdı. Sillənin zərbəsindən səndələyib gölməçəyə yıxılırdı və qaranlıq. Gözlərini açanda anasının toppuş barmağını dişləri arasında hiss etmişdi. Hər yeri dumanlı görürdü.  Bu nə dumandır evi bürüyüb? Anam əlini niyə xirtdəyimə salıb ki? İlk ürəkgetməsi belə yaranmışdı. Sən demə, dişləri kilidlənib və onu açmaq üçün anası barmağını işə salıb... Bircə şeyə sevinirdi, valideynləri əslində uşağa nə dediyini anlamamışdılar. Sirri pozulmamışdı. Urrrra! Beləcə böyümüşdü, hər ay təkrarlanan ağrıları, həyəcan keçirdikcə tutan ürəkgetmələri və sirri ilə... Sonra  içində fobiyaya çevrilən  qorxusuna görə günün birində anasının ətəyindən tutub yolunu qnikoloqdan salmışdı. Bütün bədəni titrəmişdi qnikoloqun qarşısında oturanda: “Doktor, bu ağrılarla mənim uşağım olacaqmı?” “Olacaq”, - təcrübəli yəhudi qadın eynəyinin altından onun qorxu dolu gözlərini izləyib demişdi. Sonra da əlavə etmişdi ki, amma tez ailə qurmalısan. “Narahat olmağa səbəb görmürəm. Sənin orqanizmin belədir də. Ailə quranacan bu ağrılar hər ay təkrar yaşanacaq. Sadəcə ağrılarını yüngülləşdirmək üçün ildə iki kurs müalicə yazacam.” Necə sevinmişdi ordan çıxanda. Hətta iynə qorxusu belə keçmişdi. Quş kimi qanad açıb uçurdu. Yaşasın, demək, İlahə olacaq, bu ağrılara rəğmən olacaq... Zamanla bu ağrılarla qonşu olmağa da alışdı. İmkan tapdıqca qaçıb kitabxanalarda müəyyən kitabları oxudu. Özünü, fizioloji quruluşunu, ağrılarının səbəbini bütün təfsilatıyla öyrənib rahatlaşdı. Məgər ki, orqanizmində çatışmamazlıq yox imiş...
       Bir gün güzgülənəndə nə qədər böyüdüyünün fərqinə vardı. Amma özü böyüdükcə içindəki sirri kiçik qaldı, digər sirləriylə qonşu oldu. Və bir gün bu məsum sirri də sirr olmaqdan çıxdı. İlk dəfə əllərini tutduğu insana etibar etdi sirrini: “Qızımız olsa, adını İlahə qoya bilərəmmi? Yuxu görmüşəm uşaq vaxtı. Orda bir qoca kişi deyirdi ki, qızının adını İlahə qoyarsan! Nə deyirsən?” “Hə deyirəm.  Gözəl addır. Amma bəlkə heç uşağımız olmadı? Yəni həyatın işini bilmək olmaz. Birdən mənim bir xəstəliyim oldu, buraxacaqsanmı məni İlahəyə görə?”. Düşünmüşdü o an qara-qara. Bu illər ərzində ilk dəfə içindəki İlahəylə vidalaşmışdı. “Yox, buraxmaram. İlahə adlı bütün uşaqları sevərəm. İlahə adını verdiyim çiçəklər bəsləyərəm. Bir pişik saxlayaram bəlkə, ona İla deyərəm... “ “Bir pişiyimiz əksik idi...” Gülüşmüşdülər o an. Amma möcüzə baş vermişdi. Həmin söhbətdən bir il sonra İlahəyə əvvəl apparatdan baxmışdı. Qara dəlikli iri başına, suyun içində fırlanan qəribə bədəninə təəccüblə baxmışdı, ümidlə baxmışdı: “Möcüzədir. Mənim balaca möcüzəm...” Sonra üzünü apparata nəzarət edən eynəkli kişiyə tutmuşdu:” Doktor, mən çox ağır qrip keçirdim. Qızdırmam düşmürdü. Uşaqda fəsad varmı?” “Nə fəsad, canım. Çox gözəl bir qızınız olacaq” “Gözəlmi dediniz?” “Gözəl, çünki bədən parametrləri dörd dördlük. Hər uşaqda belə ideal göstəricilər olmur ki. Özünüzü təbrik edə bilərsiz” “İlahəm, ana çoxdan gözləyir səni. Xoş gəlirsən! İlahi, çox sağ ol, çox sağ ol...” Yenə həkimlər, yenə palata və divardakı saat. Sarışın xanım həkim yaman təlaşlı görünür. Qantərin içindədir. Köməkçilərinə baxıb başını yelləyir: “Biz ananı itirirk. Uşağı buraxaq. Ananı əməliyyata qaldırmaq lazmdır.” “ Necə yəni buraxırıq? Mənə İlahə lazımdır. Uşağı qurtarın. Məni yox. Eşidirsiz?” Ağrıdanmı, gərginlikdənmi gözləri saatın əqrəblərində böyüyür... “2-yə işləyir 25 dəqiqə, 26, 27, 28, 29...” “Siz dəli olmusuz? Bu uşaq sizsiz neyniyər? Uşağa ana lazımdırrr. Uşaq... kömək edin. Uşaq gəldi” “”Və 30. Saat 2-nin yarısı. Və biz qarşılaşırıq.” Körpə gözlər açılır. Onlar bir anlıq baxışırlar. Gözlərindəki mavilikdən heyrətə gəlir. Nitqi quruyur. Göz yaşları yanaqları boyu sürüşüb gedir. “İlahə, anaya bax.” İlahə də ağlayır. “Gözün aydın. Uşağın lap qızıl saçlıdır ki. Heç sənə bənzəmir... Bəxti gözəl olsun”  “İlahə..”Körpə ağlamağını kəsib baxır, baxır... Qurumuş dodaqları zorla tərpənir: “Xoş gördük, əzizim. Sən elə xəyalımdakı kimiymişsən. Çox sağ ol, Allahım, çox sağ ol...”
02.15.22

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)