İlahə Səfərzadə - Qisas
Proza
İlahə Səfərzadə - Qisas
- Sizinlə bir şey danışmaq istəyirəm - Bir azdan əməliyyat edəcəyi uşağın atası bayaqdan xəstəxananın dəhlizində gəzişərkən olan narahat və həyəcanlı halından fərqli olaraq indi daha çox vicdan əzabı və utanc duyurmuş kimi onun qarşısında dayandı.
- Buyurun – Düşündü ki, bu, yəqin ki, maddi məsələlərlə bağlı olacaq. Südabə xanım bu xəstəxanada maddi cəhətdən əməliyyat üçün imkanı olmayan uşaqları heç bir qarşılıq gözləmədən sağaltmışdı. Bu uşaq da onlardan biri idi. Bir neçə ay öncə anası ilə birgə bura gəlmişdi. Uşağın müalicəsi üçün başqa çıxış yolu olmadığını gördükdə bu riskli əməliyyatı etməyə qərar vermişdilər.
- Sizin oğlunuz, Südabə xanım... Sizin altı yaşındaykən maşın qəzasında ölən oğlunuz... – Dayandığı yerdə özünü qəflətən arxaya çəkdi. Sanki indi kimsə onu vurmağa cəhd edəcəkdi. Barmaqlarını bir-birinə keçirib baş barmağının dırnağı olduğunu ilk dəfə görürmüş kimi gözlərini bərəldərək diqqətlə baxmağa başladı.
- Bəli... – Başqa söz deməyə cürət etmirmiş kimi sakitcə təsdiqlədi.
- O... o mən idim... – Başını qaldırıb qızarmış gözlərini ani olaraq yumdu, sonra açıb həkimin gözlərinin içinə böyük peşmanlıqla baxanda illər öncə qəzada ölən oğlunun qatilinin bu adam olduğuna heç şübhəsi qalmadı. Ölüm sayılmazdı, əslində, bu, cinayət idi.
Südabə bu günə qədər qatilin tapılması üçün əlindən gələn hər şeyi etmişdi, amma heç bir nəticəsi olmamışdı.
Həmin gün baş verənlər beynində canlanmasın deyə fikrini dağıtmağa çalışdısa da, alınmadı. Balasının qana bulaşmış sifəti gözlərinin önünə gəldi, alışmaması üçün üstünü örtdüyü o yanğı yenidən alovlanmışdı.
*
Oğlunu apardığı yeni il şənliyindən evə qayıdırdılar. Binanın yerləşdiyi küçədə sakitlik idi. Burada maşınlar çox vaxt sürətli getməzdi. Həmin o lənətə gəlmiş maşın təsadüfən ortaya çıxmışdı. Göz açıb yumana qədər hər şey olub-bitmişdi. Özünə gəldiyi zaman oğlunun qanlar içindəki bədənini görmüş, duyduğu iztirabdan həkimlik bacarıqlarını unutmuşdu. Nə edəcəyini bilmirdi. Əlindən sadəcə övladının başını sinəsinə qoyub bütün varlıqları dəhşətə salan o çığırtını qoparmaq gəlmişdi.
Ətrafda ona kömək edə biləcək adam da gözə dəymirdi. Həmin sürücü isə sürətlə oradan uzaqlaşmışdı.
*
- Axı niyə? Dayansanız, bəlkə, həmin gün bizə kömək edə bilərdiniz – İllərdir axtardığı və nifrətlə xatırladığı cinayətkar indi qarşısında durmuşdu və bu qədər mədəni danışıq tərzi indi özünü də mat qoydu. Dayandıqları dəhlizdə insanlar heç nəyə fikir vermədən yanlarından sürətlə keçərkən o, beş il sonra oğlunun qatili ilə üz-üzə dayanıb belə sakitcə söhbət edirdi. Sanki ətrafdakı insanlar bu iki nəfərin donuq duruşlarını və bir-birinə baxarkən qeyri-adi səssizliklərini görmürdülər.
- Bu sadəcə qəza idi. İnanın mənə, mən istəməzdim, belə olsun. Çox içkili idim həmin gün və qorxdum. Ədalətə təslim olmaqdan da qorxdum... Mən buna görə o qədər vicdan əzabı... – Adam danışmağa davam edərkən Südabə əl hərəkəti ilə ona, "Kifayətdir", - dedi. Artıq bunların Südabə üçün heç bir əhəmiyyəti yox idi.
Həkim onun yanından ayrılıb əməliyyat otağına hərəkət edərkən oğlunun qatili olan şəxs göz yaşları içərisində qaçaraq qarşısına keçdi:
– Doktor, oğlumu xilas edin – Adam əlinin arxası ilə burnunu sildi. Sanki o hansısa küçənin tinində dayanmış bir əyyaş idi. O, həkimin ondan qisas alacağını düşünüb övladını itirməkdən qorxmuşdu.
Südabə heç nə demədən əməliyyat otağına girdi və əməliyyat bitdikdən sonra onu orada heç kim görmədi. Sadəcə tibb bacısı çıxıb gülümsəyərək ana-atasına uşağın vəziyyətinin yaxşı olduğunu dedi...
Kürəyini divara söykəyib yavaş-yavaş oturan adam isə ağlayırdı. Övladını itirmək qorxusunun belə dəhşətli olduğunun fərqinə varan cinayətkar onu itirməyin hansı dərəcədə əzabverici olmasını dərk etmişdi. Ancaq təslim olmağa o qədər də tələsmirdi...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Viktoriya Tokarevadan povest
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )