Habil Yaşar - Unudulmuş xilaskar
Darıxdırıcı qızmar yay axşamlarından biri idi (hər fəslin öz gözəlliyi olmasına baxmayaraq yayı heç sevməz, payızı daha çox arzulayardım, həmçinin isti havalarda ilhamım da bir xeyli tükənər, yazmaq üçün dəridən-qabıqdan çıxardım). Hər zamankı kimi avtomobillə dənizkənarına gedərək orada yazmağa çalışacaqdım. Yolboyu ritmik musiqilər dinləyərək yarım saat sonra Bilgəh çimərliyinə çatdım (Playlistimdə müxtəlif janrlarda olan musiqilərdən tutmuş, audio kitablar da xüsusi yer tuturdu). Avtomobili müvafiq yerdə park etdikdən sonra sahilə yaxınlaşaraq bir az sərinləməklə yanaşı, dalğaların səsini dinləmək istədim. Gün ərzində müxtəlif qayğı və stresslərdən azad olan ruhum rahatlanaraq “restart” edirdi. Bir müddət sonra geri qayıdaraq avtomobilə əyləşdim. Maqnitafonu açaraq playlistimdən “Cursed Soundtrack: The Fear” (“Lənətlənmiş Soundtrack: Qorxu) musiqisini seçərək bir müddət musiqi dinlədikdən sonra yazacağım mövzunu təyin elədim. Baxmayaraq ki, notebookumu da özümlə götürmüşdüm, amma bu dəfə ənənəvi 80 vərəqlik dəftərdə yazmağa üstünlük verdim. On beş dəqiqəyə yaxın bir cümlə belə yaza bilməyərək bir neçə dəfə “lənət şeytana” deyərək mızıldadım. Əllərim əsir, beynimin içi sanki od tutub yanırdı. Avtomobildən düşüb yenidən sahilə yaxınlaşmaq istəyirdim ki, 22:08 radələrində musiqi sədaları arasından qəribə pıçıltılar eşitməyə başladım. Öncə bu pıçıltıların musiqi parçasının içərisində var olduğu qənaətinə gələrək heç də təəccüblənmədim. Pıçıltılar getdikcə daha da artmağa davam edir, vahiməsi də bir o qədər çoxalırdı. Bu məqsədlə musiqini 35-45 saniyə geri çevirərək o pıçıltıların var olub-olmadığını yoxlamaq qərarına gəldim. Ancaq nə qəribə idi ki, az öncə eşitdiyim pıçıltılardan əsər-əlamət yox idi. Geri çevirmə prosesini dəfələrlə təkrarladıqdan sonra eşitdiklərimin sadəcə bir radio siqnal səsi, yaxud da ətrafdakı hər hansısa bir səsin avtomobilin içərisində əks-səda verdiyi qənaətinə gəlmişdim ki, bu səs yenidən təkrarlanmağa başladı. Pıçıltı getdikcə daha da yüksələrək normal eşidiləcək dərəcəyə çatmışdı. Heç də normal səsə bənzəməyən bu pıçıltılar olduqca qorxunc, dəhşətli dərəcədə əks-səda verdiyindən bütün varlığımı əsir almağa başlayırdı. Qorxudan əsən barmaqlarımı maqnitafona yaxınlaşdıraraq musiqinin səsini hər nə qədər azaltmağa cəhd etsəm də səs nəinki alçalır, əksinə bir o qədər yüksəlirdi. Alternativ variant olaraq maqnitafonu söndürməyə çalışsam da onu söndürmək mümkünsüz idi. Anidən gözlərim güzgüyə yaxınlaşdığı zaman sifətimin qan-tər içində tamamən ağardığının, tüklərimin biz-biz durduğunun şahidi oldum. Havanın isti olmasına rəğmən, hətta bundan da isti havalarda, heç zaman bu qədər tərlədiyimi xatırlamıram. Pəncərələrin yarıya qədər açıq olduğunu görərək onları tamamilə açmaq qərarına gəldim. Və bu an bütün qüvvəmi toparlayaraq hər nə qədər cəhd etdimsə də pəncərələr açılmaq əvəzinə bağlandı, eyni zamanda pərdələr də pəncərələri tamamilə örtdüyündən ətrafdakıların avtomabilin içində baş verənlərdən xəbərdar olması da mümkünsüzlüyə çevrildi. Dərhal qapını açıb avtomobildən düşmək qərarına gəlsəm də qapı açılmadı ki, açılmadı. Hər tərəfdən bloklanmışdım. “Lənət şeytana” deyərək öncə baş verənlərin sadəcə bir texniki problem olduğunu düşünsəm də daha sonra bütün bunların hər hansı bir texniki problemlə heç bir əlaqəsi olmadığını anladım. Eyni zamanda ard-arda gələn xoşagəlməzliklərin təsadüf olamayacağını da dəqiqləşdirdim. Pəncərələr və qapı bağlandıqdan sonra o müdhiş səs daha da yüksəlməyə başladı...25,26,27,28... Ümidlərimin azaldığı bir məqamda ”SOS” düyməsi yadıma düşdü. Hər halda ətrafdakılar yanıb-sönən işığı görərək köməyə gələ bilərdilər. Ancaq bu da bir işə yaramadı. Nəinki “SOS” düyməsinin işıqları yandı, həmçinin digər bütün işıqlar da sönmüş, heç biri işləməməkdəydi, bir o lənətlik maqnitafondan başqa. Sanki, avtomobil tamamilə lənətlənmişdi. “Aman Allahım” deyərək qışqırmaq istəsəm də səsim eşidilməsi mümkün olmayacaq qədər boğulmuşdu. Birdən qutudakı kəlbətini götürərək şüşələri sındırmaq istəyərkən qeyri-adi bir güc kəlbətini əlimdən salaraq əllərimin üstündən bir neçə güclü zərbə vurdu. Bağırtım ətrafa yayıla bilərdi amma maqnitafonun səsi tam olaraq 100 üzərində olduğundan ətrafda səsimin eşidilməsi mümkünsüz idi. Bir neçə saniyə, ya dəqiqəmi huşsuz vəziyyətdə qaldıqdan sonra musiqi səsi yenidən 15-ə düşdü. Bu məqamda o səs müdhişcəsinə mənə ünvanlanaraq:
-Bu gecə səni cəhənnəmə vasil etməzdən qabaq səninlə bir az gizlənpaç oynamaq istəyirəm. Halbuki səni bir andaca məhv edə bilərdim, ancaq bir neçə dəqiqə oyuncağım olmağını arzuladım. Bu gecə sən arzularımın qurbanı olacaq, xoşbəxtliyimə xoşbəxtlik qatacaqsan...
Sual vermək istəsəm də danışmaq bir yana dilim-dodağım quruduğundan heç udquna da bilmirdim. Gözəgörünməz sanki hər şeyi duyaraq:
-Əsərlərində kifayət qədər mənə yer ayırmağınla yanaşı, hətta bəzən baş qəhrəmanın seçilmişəm də. Görünür mənimlə gərçəkdən vaxt keçirməyi arzulamısan. Mənimlə görüşməyi asan sayan sən, hələki sadəcə səsimi eşitməklə dəhşət dərəcədə qorxursansa o zaman varlığımı görəcəyin zaman aqibətinin necə olacağını bir düşünsən...
O həqiqətləri vurğulayarkən ondan necə xilas ola biləcəyim haqqında düşünürdüm. Yavaş-yavaş düşünmək qabiliyyətimi də itirmək təhlükəsindəydim. Qalib gəlməyin sadəcə bir xülya olduğu şübhəsizdi. Görünməyən bir varlıqla necə mübarizə apara bilərdim ki... Bəlkə də ömrümün son anlarını yaşamaqdaydım. Keçən hər saniyə mənim üçün onillər qədər dəyərli idi (Kaş insan yaşadığı hər saniyəyə şükür edə bilsəydi).
Qısa fasilədən sonra daha vahiməli tərzdə:
-Hazır ol, zamanın gəlib çatdı. İndi səni lənətləyərək cəhənnəmə göndərəcəyəm. Heç Tanrı belə səni mənim əlimdən ala bilməyəcəkdir. İndi sənin yanında Tanrı yoxdur, mən varam. Və hal-hazırda sənin tanrın da mənəm. Yaşatmaq və öldürmək də sadəcə mənim əlimdədir. Və mən öldürməyi seçdim. Hər nə qədər yalvarırsan yalvar boşuna dua edəcəksən...deyərək istehzayla güldü.
Boynumu bükərək, gözlərimi yummuş çarəsizliyimlə barışmışdım. Ümidlərimin tükəndiyi məqamda, çarəsizliyin pik nöqtəsində:
Playlistdəki o lənətli musiqinin əvəzinə:
Bismilləəhi-r-rah'məəni-r-rahiim.
1. Qul əuuzu bi-Rabbi-n-nəəs, 2. Məliki-n-nəəs, 3. İləəhi-n-nəəs, 4. Minn şərri-l-vasvaasi-l-xannəəs, 5. Əlləzii yuvasvisu fii suduuri-n-nəəs, 6. Minə-l-cinnəti va-n-nəəs.
(ən-Nəs,6).
İlk ayəsindən “Qurani-Kərim” in son surəsi olan “Nəs” surəsinin səsləndiyini dəqiqləşdirdim. İlahi bu necə ola bilərdi... Axı mənim playlistimdə nəinki “Qurani-Kərim”dən ümumiyyətlə Allahla bağlı heç bir fayl yox idi.
Ayələr səsləndiyi zaman gözəgörünməzin qorxunc səsindən əsər-əlamət qalmayaraq getdikcə yox olmağa başlayırdı. Və az sonra qəfil gəldiyi kimi qəfil də rədd olub getdi. Bir neçə saniyə sonra bütün işıqlar yanmağa, pəncərələr açılmağa başladı. Sanki hər şey müvəqqəti olaraq donmuş yenidən bərpa olunmuşdu. Əllərimdəki yaralardan belə heç bir iz qalmamışdı. Sanki gördüklərim bir yuxu, bəlkə də bir hallüsinasiya idi. Amma hər nə olur-olsun başıma gələnlər izahedilməz dərəcədə tükürpədən, vahiməli idi. Bir ömür unuda bilməyəcəyim hadisələrin şahidi olmuşdum bu gecə...Daha da qəribə olan bilirsiz nə idi? Playlistimə Allahın sözlərininin yüklənilməsi...
04.07.2022/03:30 Habil Yaşar
Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! - "De: "Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən. (O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!"