Edebiyyat.az » Proza » Stefan Sveyq – Səyahət

Stefan Sveyq – Səyahət

Stefan Sveyq – Səyahət
Proza
admin
Müəllif:
20:23, 16 dekabr 2022
1 774
0
Stefan Sveyq – Səyahət



 Nəsə danışırdı öz-özünə. Həqiqət olduğu məlum olmayan bəzi şayiələr gəzirdi ortalıqda. Qəribə şeylər idi, gözlənilən vaxt gəlmişdi sanki. Məsihin gəlişi yaxınlaşırdı. Qüdsdən ətraf kəndlərə axışan insanların sayı getdikcə artırdı. Son vaxtlar yaşadıqları qeyri-adi hadisələrdən və bəzi qəribə əlamətlərdən danışırdılar. Bir yerə toplaşanda başlarını aşağı əyib, batıq səslə, “usta” adlandırdıqları adamdan danışırdılar. Getdikləri hər yerdə insanlar onu maraqla dinləyir, qorxaraq da olsa, səmimi inanırdılar. Çünki xilaskarı həsrətlə gözləyən cəmiyyətdəki insanların beynində bu fikir formalaşmışdı: Onun görünməyinin vaxtı çatmışdı artıq. Müqəddəs kitablardakı sözləri xatırlayanlar o xilaskara bir ad qoyur, gözləri ümid dolu baxışlarla parıldayırdı.

O vaxtlar kəndlərin birində gənc bir oğlan yaşayırdı. Dindar idi, o da ümidli idi. Yerusəlimdən qayıdan kasıb hacıları evinə dəvət edir, onların müqəddəs torpaqlarda yaşadıqları haqda söhbətlərə qulaq asırdı. Qeyri-adi hadisələrdən danışanda qəlbi tez-tez döyünürdü. Xilaskarı görə bilmək istəyi getdikcə daha da çoxalır, həsrəti inanılmaz dərəcəyə çatırdı. Gecə-gündüz onu xəyal edir, aramsız həsrətində Onun yaxşılıq və mərhəmət dolu saysız görünüşünü gözünü önünə gətirirdi. Ancaq o da bilirdi ki, bunlar əlçatmaz mükəmməlliyin həqiq görünüşü deyildi. Xilaskardan yayılan o parlaq işığa çatdığı zaman gənc ruhunu dolduran iztirab və ağrılar yox olacaqdı. Lakin qarnını doyuran işini və evini tərk edib həsrətinin onu dartdığı yerə getməyə hələ cürət etmirdi.

Bir dəfə gecə yarısında gördüyü yuxudan qəfil oyandı. Anlaya bilmirdi: bu, xoşbəxtlikmi, yoxsa acılımı bir yuxu idi? Bircə onu bilirdi ki, kimsə onu uzaqdan çağırır. Bəli, bu, xilaskar idi, Məsih idi onu yanına çağıran. Qarmaqarışıq hislərlə gəldiyi nəticə belə oldu: artıq qərarsızlığına son qoymalı, Ona getməliydi. Sürətlə içində yaranan və dolub-daşan həsrət dolu istək elə güclü idi ki! Cəld geyindi, əlinə iri çomaq aldı və heç kimə bir söz demədən, hamının yatdığı bir vaxtda evini tərk edib Qüdsə tərəf yollandı.

Ay işığının aydınlatdığı yola sürətlə hərəkət edən vücudunun kölgəsi düşür, ondan da cəld gedirdi. İti addımları qorxunc idi. Neçə ay idi davam edən qərarsızlığını bir gecədə yox etmək istəyirdi. Onu çox qorxudan bir fikri ağlından çıxara bilmirdi: bəlkə gecikmişi… Xilaskarı heç vaxt tapa bilməyəcəkdi. İçində başqa bir qorxu da var idi: yolu səhv sala bilərdi. Amma sonra, parıldayan bir ulduzun üç krala qaranlıqda yol göstərdiyi əhvalatı xatırladı və rahatladı. Elə bil ağır yükdən xilas oldu, sərt torpağa sürətlə dəyən addımlarına bir inam gəldi.

Bir neçə saat da belə davam etdi yoluna. Səhər açıldı. Ətrafı bürüyən gecə dumanı yox oldu, rəngli təpəliklər, uzaqdakı dağlar və fasilə verməyə dəvət edən sevimli kənd evləri göründü. Amma o, dayanmadı, nəfəsini dərmədən getdi, getdi… Günəş yavaş-yavaş yüksəldi. Qızmar gün hərarətilə hər şeyi qovurmağa başladı. Bir azdan addımları ağırlaşdı. Bədəninin hər yerindən tər damcılayırdı. Əynindəki dini libası indi daha da ağırlaşmışdı. Çıxarıb çiyninə atdı, kasıb əyin-başla yoluna davam etdi. Lakin bu dəfə də çiynindəki paltarın ağırlığı onu narahat etməyə başladı. Nə etməliydi? Bir yerə qoymaq, ya da kiməsə vermək istəmirdi. Onsuz da kasıb idi, geyinmək üçün düz-əməlli paltarı yox idi. Ən yaxın bazarda satmaq, ya da pul əvəzində kiməsə əmanət etməyi fikirləşdi. Amma sonra güclə yeriyən bir dilənçi ilə qarşılaşdı, uzaqdakı xilaskarı fikirləşib ağır libasını dilənçiyə hədiyyə etdi.

Cəld və sağlam addımlarla yoluna davam etdi. Lakin yenidən addımlarını ləng atmağa başladı. Günəş düz təpəsindən vururdu, hava çox isti idi. Tozlu yola ağacların incə kölgələri düşürdü. Günorta istisi qovurarkən, arada bir əsən gücsüz küləyin havaya qaldırdığı tozlar tərdən islanmış bədəninə yapışırdı. Qurumuş dodaqları da susuzluqdan yanırdı. Ancaq ərazi dağlıq, daşlarla dolu və kimsəsiz idi. Yaxınlıqda nə su mənbəyi, nə də qonaqpərvər bir kənd evi yox idi.

Fikirləşməyə başladı: görəsən, qayıtmalı idi, yoxsa, heç olmasa, kölgəlikdə oturub bir neçə saat dincəlsə yaxşımı olardı? Lakin içində getdikcə güclənən narahatlıq, dizlərinin əsməyinə və dodaqlarının susuzluqdan yanmağına baxmayaraq, onu irəli, hədəfə doğru itələyirdi.

Günorta idi. Günəş, var gücü ilə buludsuz səmadan yeri isidirdi. İncə səndəllərinin altındakı yol ərimiş metal kimi yanırdı. Gözləri də tozdan qızarmış və şişmişdi. Yerişi getdikcə yavaşlayır, qupquru dili danışmağına, yanından keçənlərin salamlarına reaksiya verməyinə mane olurdu. Artıq bütün gücünü itirmişdi. Yoluna davam etməsinə səbəb içindəki şövq və gecikib yuxusuna girən o parlaq üzü görə bilməmək qorxusu idi. Xilaskara getdikcə daha da yaxınlaşırdı, müqəddəs şəhərə sadəcə iki saat qalmışdı. Bunları fikirləşdikcə az qala beyni parçalanırdı.

Yol qırağında bir ev gördü. Özünü ora getməyə məcbur etdi. Son gücü ilə əlindəki qalın çomağı evə tərəf tulladı və qapının açan qadından güclə çıxan, qupquru səsiylə bir stəkan su istədi. Sonra qapının kandarına yıxıldı. Huşunu itirmişdi.

Bir müddət sonra özünə gələndə hiss etdi ki, artıq rahatlanıb, bədəni yenidən güclənib. Sərin bir otaqda idi, yatağa uzanmışdı. Bədəni sirkəylə yuyulmuş, ehmalca kremlənmişdi. Yatağın kənarında da bir çanaq var idi. Yəqin ona suyu oradan vermişdilər.

Ağlına ilk gələn şey vaxt oldu. Dərhal ayağa qalxdı, günəşi görmək istəyirdi. Hələ təpədəydi, axşamçağına az qalmışdı. Çox vaxt itirməmişdi demək olar. Həmin an ona qapını açan qadın girdi otağa. Gənc idi, görünüşdən suriyalıya oxşayırdı. Vəhşi heyvanın parıldayan gözlərinə bənzəyən qara gözləri o bölgənin insanlarına xas idi. Barmaqlarındakı üzüklər, qulaqlarındakı sırğalar o qadınların daş-qaşa olan uşaqcasına sevgisinin əlaməti idi. Salamlayıb, evinə xoş gəldiyini dedi və gülümsədi.

O da qonaqpərvərliyi üçün səmimi təşəkkür etdi. Dərhal yola düzəlmək istəsə də, tez vidalaşmağa tərəddüd etdi. Qadının hazırladığı xörəklərdən dadmaq üçün məcbur onun ardınca yemək otağına getdi. Qadın nəzakətlə stulda oturmağı xahiş etdi. Sonra adını soruşdu, hara getdiyini bilmək istədi. Beləcə, başları söhbətə qarışdı. Qadın özü haqda danışmağa başladı. Onu ölkəsindən qaçırdan və bura gətirən romalı rəisin arvadı idi. İndi yaxınlarından, dostlarından çox uzaq olan bu yerlərdə xoşlamadığı yeknəsəq bir həyat sürürdü. Əri bu gün səhərdən axşama qədər şəhərdə qalacaqdı. Çünki rəis Pontes Paylet üç təqsirkarın edamını əmr etmişdi. Qadın, ordan-burdan söhbətə davam etdi. Danışarkən qarşısında səbirsiz halda oturan kişinin sıxıntılı üzünə diqqət yetirmirdi. Sadəcə arada bir dodaqlarındakı qəribə təbəssümlə ona baxırdı. Qarşısındakı gənc adamı yaraşıqlı hesab etmək olardı.

O isə qadının baxışına və danışdıqlarına o qədər də diqqət yetirmirdi. Danışdıqları mənasız səs-küy kimi qulaqlarından yan keçirdi. Beynində bircə fikir var idi: xilaskarı görə bilmək üçün vaxt itirmədən yoluna davam etmək. Lakin diqqət etmədən içdiyi ağır şərab bədəninə yenidən yorğunluq gətirmişdi. Qarnı da doymuşdu və rahatlamışdı. İradəsinin getdikcə zəifləməsinə rəğmən yenə də vidalaşmağa cəhd etdi. Amma qadın üçün bürkülü axşamçağı istiliyinə işarə edərək onu getməkdən vaz keçirmək çətin olmadı. Gülümsədi. Bir neçə saat üçün belə həyəcanlanmağını anlaya bilmirdi. Yola düzəlmək üçün neçə ay fikirləşmişdi, indi bir günlə ona heç nə olmazdı. Danışarkən dodaqlarında təbəssüm yaranır, söz arası evdə tək olduğunu deyirdi. İti baxışları ilə oğlanın baxışlarını axtarırdı. Gənc oğlan da narahat idi… Şərab sönmüş arzularını yenidən oyatmış, qızmar günəşdə qaynamış qanı damarlarında sürətlə dövr etməyə başlamış, havanın bürkülü olmağı düşüncələrinə sahib olmuşdu. Qadın bir anlıq qabağa əyildi, saçlarından məstedici ətir yayıldı, gənc oğlan dərhal onu içinə çəkdi, hislərinin tufanına düşüb onunla öpüşməyə başladı. Qadın müqavimət göstərmədi…

O müqəddəs həsrətini yaddan çıxarmışdı. Bürkülü axşamçağında isti qolları arasına aldığı varlıqdan başqa heç nə yox idi beynində.

Hava qaralmağa başlayanda sərxoşluğu keçməyə başlamışdı. Özünü qadının qolları arasından hiddətlə xilas etdi. Bir qadına görə xilaskarı görməyəcəyini fikirləşmək belə onu qorxutdu və dəli oldu. Tələm-tələsik paltarlarını geyindi, çomağını əlində aldı, səssizcə vidalaşıb evi tərk etdi. İçindəki bir hiss bu qadına təşəkkür etməyin mənasız olduğunu fısıldamışdı.

İnanılmaz tələsgənliklə Qüdsə tərəf yollandı. Axşam düşürdü. Uzaqda, şəhərin üzərini almış qara buludlar axşamın qızılı səmasında parıldayırdı. Səmadakı bu fövqəladə əlamətlər ürəyinə qorxu salmışdı.

Yolu yarı eləmişdi. Hədəfə çatmaq üzrəydi. Beynində bircə fikir var idi: bir az əvvəl ehtirasının qurbanı olmuş, ona ünvanlanan çağırışa xəyanət etmişdi. Ürəyindəki darıxdırıcı sıxıntı azalmaq əvəzinə daha da şiddətlənirdi. Bu dəm müqəddəs şəhərin ağ divarları və parıldayan qüllələri, məbədin işıldayan mazğalları uzaqdan göründü.

Bir anlıq dayandı, dərindən nəfəs alıb rahatlamaq istədi. Eyni zamanda şəhərə yaxın alçaq təpədə yığışmış insan dəstəsi gözünə sataşdı. Hərəkətli, izdihamlı və səs-küylü idi. Səslər onun olduğu yerə qədər gəlirdi. İzdiham olan yerdən bir az yuxarıdakı təpədə səmaya tərəf üç böyük, qapqara və ucu şiş dirək gördü.

Başını qaldırıb səmaya baxdı. Elə bil qıpqırmızı alov tökülmüşdü. Sanki dünya işıldayan alovlarla örtülmüş, tükürpədici parlaqlığa qərq olmuşdu. Əsgərlərin iti nizələri qana bulaşmış kimi idi.

Boş bir adamın qarşı tərəfdən yellənə-yellənə hara getdiyini bilməyən tərzdə ona sarı gəldiyini gördü. Yanından keçəndə nə baş verdiyini soruşdu, amma həmin anda da soruşduğuna peşman oldu. Çünki başını qaldıran insanın üzü, elə bil bir az əvvəl iflic vurmuş kimi dəhşət və qorxulu idi. Sualı eşidən kimi şeytan görmüş kimi çığıraraq qaçdı. Gənc oğlan təəccübləndi, arxasınca hayladı. Yad adam isə arxaya baxmadan qaçdı, qaçdı… Gənc oğlan yoluna davam etdi. Fikirləşdi. Yad adamı Keriyotlu İuda İşqrayyota (İsanın 12 əshabəsindən biri) oxşatmışdı. Bayaqkı hərəkətini anlaya bilmirdi.

Sonra yanından keçən başqa birinə eyni sualı verdi. Bu yad adam da harasa tələsirdi. Sadəcə Pontes Payletin həbs etdiyi üç günahkarın çarmıxa çəkildiyini dedi. Başqa bir sual soruşmaq istəyərkən artıq uzaqlaşmışdı yad adam.

Gənc oğlan Qüdsə gedən yolda yeriməyə davam etdi. Bir dəfə başını çevirib təpəyə tərəf baxdı. Təpənin üstündəki buludlar tünd qırmızı rəngdə idi. Çarmıxa çəkilmiş üç insanı da gördü. Əvvəl sağdakına, sonra soldakına baxdı. Ən axırda da ortadakına baxdı. Ancaq onun üzünü tanımadı. Getdi. Şəhərə gedirdi, xilaskarın üzünü görməyə…


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)