Edebiyyat.az » Proza » Nuray Əhədova - Ölümdən doğan kitab.

Nuray Əhədova - Ölümdən doğan kitab.

Nuray Əhədova - Ölümdən doğan kitab.
Proza
admin
Müəllif:
17:18, 30 aprel 2023
1 526
0
Nuray Əhədova - Ölümdən doğan kitab.

                           

 


                                                

    Həmin gün bir qəribəlik vardı.

Bütün təşvişi, həyəcanı  qəlbimdə heç olmadığı qədər dərindən hiss edirdim. Həmin gün hava çox çiskinli idi. Mən isə tələsirdim. Sanki geciksəm, itirəcəyim nəsə varmış kimi. Əslində bilirdim geciksəm nəsə dəyişməyəcəkdi. Amma sonra bir həftədir getdiyim hər yerdən aldığım “yox” cavabı ağlıma gəldi. Daha sürətlə getməyə başladım. İçəri daxil oldum:

–Sifarişim hazırdır?

–Bəli.

Sevinc içində qoca dayıya yaxınlaşdım. O sifarişlərin içinə baxdı. Sonda məsum bir gülüşlə  sifarişimi çıxardı və mənə uzatdı. Ödənişi edib paketi götürdüm və təşəkkür edərək çıxdım oradan. Artıq çox rahat hiss edirdim özümü. Sanki istədiyim hər şeyə nail olmuşam kimi bir hiss vardı içimdə. Sonra evə doğru yola düşdüm. Evə çatanda gətirdiyim paketi ehtiyatla kənara qoydum. Üzərinədə incinin hekayəsini yazdığım kağızı...

Sonra paketin üstünə qoyduğum  kağızı əlimə aldım. Sonuncu cümləni oxudum:

–Təsadüfən həyatımıza sızdın və gündən-günə böyüyən mirvariyə çevrildin. Qəlbizimin ən dərin yerində. İnci dənəsi kimi...

   Bundan sonra vərəqi ehtiyatla kənara qoyub hər şeydən xəbərsiz yenə də eyni sevinclə gətirdiyim paketi əlimə aldım. Hər ikisini kənara qoyandan sonra pəncərədən çölə baxdım. Səslər, təşvişlə tələsən insanlar, balaca uşaqların qışqırıq sədaları ətrafa yayılmışdı. Pəncərədən uzaqlaşıb mətbəxə keçdim, su içərək yarım qalmış kitabımı oxumağa davam etdim. Bir də o vaxt ayıldım ki, zaman məni heç gözləmədən ötüb keçib. Sakitcə yatağıma uzandım və yuxuya daldım...

   Səhər bir səs duydum. Hər zaman olduğu kimi bacımın səsi bütün evə səda salmışdı. Ayağa qalxıb əl-üzümü yudum. Otağıma dönəndə yenə gözüm masanın üzərinə qoyduğum paketə və kağıza sataşdı. Həmin gün çox yorucu keçmişdi. Mən də o yorucu günün axarında bütün yorğunluğu sanki boynuma toplamış kimi hiss edirdim. Axşam evə gəlib telefonu əlimə aldım, bir az baxandan sonra qəribə boşluq hiss etdim. Sonra adəti üzrə hava alıb, su içib yenidən otağa döndüm.

 Həmin axşam zaman dolandı sanki. İllər keçdi üzərimdən, ayaqladı məni zamanın ağırlığı. Bakının küləyi məni küçələrinə çırpdı. Kimsəsiz duyğular qəlbimdə iztirablı məskən saldı. Mən iztirablar içində o paketi  götürdüm. Həftələrdir həsrətlə gözlədiyim “Əli və Nino” kitabını əlimə aldım. Sonra “İnci hekayəsi” yazdığım kağızı... Əllərim əsirdi. Yaşadığım hər şey yuxu kimi gəlirdi. Aylarla belə davam etdi. Mən o yuxudan ayıla bilmirdim. O kağızı atsam belə  kitaba gələndə əllərim yenə əsirdi. Ruhum bədənimdən çox özgə olmuşdu, həm də bir yandan cismimə əzab verirdi. Güzgüyə baxanda belə mən cismimdən  özümün qopduğunu görürdüm. Bəzən nəfəsim sona çatmış kimi gəlirdi mənə. Mənim arzularım, xəyallarım, “Əli və Nino” kitabım bir gecədə küllərə qarışmışdı. İndi harada, necə olduğundan çox xəbərsizdim. Səssiz, səbəbsiz, bir yığın suallar qoyub getmişdi. Düşündükcə dəli olurdum. Hər gün özümə “niyə” sualını verirdim. Cavab tapa bilmirdim.

Hər şeyi atladıb gözlərimi açanda artıq insanlığın bəxş etdiyi ölümün məni qoynuna aldığını gördüm. O gün həqiqətən ev yanmamış, o gün həqiqətən kiminsə cismi  ölməmişdi. Amma insanlıq bir burulğanda yox olmuşdu. O gün “İnci” hekayəsini həsr etdiyim, “Əli və Nino” kitabını vermək üçün min əmək verdiyim insan məni əbədi olaraq buraxıb getmişdi. Bəlkə, əbədi deyildi, bir gün dönəcəkdi? Bu belə sual altında qalmışdı mənim üçün. Bunun ağırlığını hiss etmək insana o qədər çətin gəlir ki... Bir daha eyni insanı görə biləcəkdim? Bu kitabı ona verə biləcəkdim? Əmin deyildim. Amma əmin olduğum bir şey vardı,  mənim mərhəmətli duyğularım mənə işgəncə olacaqdı. Mənim “Əli və Nino” kitabım da beləcə yarım qaldı. Eyni kitabda yarım qalan kimi... Ondan sonra kiməsə kitab hədiyyə etmək istəyəndə qorxurdum. Sanki onlar da əbədi olaraq gedəcəkmiş kimi hiss edirdim. Hərdən dönüb “Əli və Nino”ya baxırdım. Atmaq istəyirdim, ata bilmirdim. Yandırmağa heç əlim gəlmirdi. Kiməsə versəm, bu ağırlığı qaldıra bilməz deyə düşünürdüm... Bir müddət keçəndən sonra bu kitabın varlığının önəmi olmadığını duyar kimi kitabı kitab satış yerinə verməyi düşündüm. Axşamdan danışıb razılaşdıq. Sabah yeni sifariş etdiyim kitab gələcəkdi və mən bu kitabı həmin yerə bağışlayacaqdım. Həmin gün sifarişimi götürməyə əliboş getdim. Bilmirəm səbəbi nədir, amma “Əli və Nino”nu aparmadım. Elə həmin günün axşamı yeni bir kitab sifariş vermək istədim. Lakin həmin kitabın hazırda mövcud olmadığını dedilər. Bir neçə gün sonra mesaj aldım. ”Təhminə və Zaur” kitabı bizdə varmış. Sadəcə olaraq ikinci əl kitab olduğu üçün diqqət etməyiblər. Amma kitabın qəribə bir hekayəsi vardı. Kitab 2015-ci ildə satılmışdı. Bir nəfər ona  hədiyyə edilən kitabı çarəsiz qaldığı üçün satmaq məcburiyyətində qalmışdı. Satıcı oğlanın sözləri hələ də qulağımda səslənir:

–Kaş ki, bir fürsət olsaydı, mən kitabı sahibinə qaytara bilsəydim.

 Xeyli düşündürdü məni bu cümlə. Bir gün mən də kiməsə əlində olan kitab ucbatından çarəsiz anlar yaşadacaqdım?

Bu mənə bir işarətdir kimi hiss etdim və uzun müddət sonra bugün onu bağlı qalan paketindən açdım. Ən acı belə olsa, ən gözəl xatirə kimi o da kitablarımın, məni ayaqda tutan xatirələrimin içinə qatdım. Bəlkə də, ən böyük ölümdən mənə yeni həyat, yeni nəfəs doğacaq?!

    İllər illəri qucaqlasın, zaman zamanın üstündən keçsin. Bir gün hansısa təsadüfün möcüzə yaradacağına inanaraq həm öz ruhumu, həm də bütün xatirələri qəfəsdən buraxmaq qərarına gəldim. İndi o kitab mənim üçün bir ölüyə çatmayan kitab kimi deyil, mənim ən gözəl duyğularımın kitabı kimi gəlir...

Bir gün olacaq. Buna çox inanıram.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)