Edebiyyat.az » Proza » Azad Müzəffərli - Bitməyən nigarançılıq(hekayə)

Azad Müzəffərli - Bitməyən nigarançılıq(hekayə)

Azad Müzəffərli - Bitməyən nigarançılıq(hekayə)
Proza
admin
Müəllif:
21:04, 21 may 2023
1 047
0
Azad Müzəffərli - Bitməyən nigarançılıq (hekayə)

   



         Yenə də özündə deyildi. Qafası təlatümdəydi. Tutqun səma təhərdi. Danqasında qaramat buludlar əlbəyaxa idi. Nigarançılığı bağrına sığmırdı.  “Sərsəm” fikirlər yaxasından əl çəkmirdi ki, çəkmirdi. Görəsən, bədii kitabların onsuz da nazik ipə bənzər taleyi bundan sonra necə olacaq? Son dövrlərdə get-gedə lap dayazlaşan bu gen  dünyada həqiqi meyarların ərşə çəkilməkdə olması reallığı onu qozbel eləmişdi. Özünə yer tapmırdı.

        Aclıq ona güc gəldi. Heysizdi. “Sərsəm” fikirlərdən də qopa bilmirdi. Lap əldən düşmüşdü. Di gəl, günbəgün artan xərclərin ucbatından məvacibi hələ ay yarı olmamış göyə sovrulmuşdu, qəpiyi də qalmamışdı. Mədəsini necə otaracaqdı, bu da ona əlavə bir yük idi. İllərdi onu əsir-yesir eləyən sual da bir tərəfdən canına üşütmə salırdı. Bircə şeyi qət eləmişdi, buna əmindi; bu dünyada qanan oldun, vay halına!  

       Aha, deyəsən, indiki halı üçün müvəqqəti də olsa çıxış yolunu tapdı. İntuisiyası dadına yetdi. Əsas sualının yox, hələlik aclıqdan qurtulmağın yolunu deyəsən araya bilmişdi. Közərməkdə olan yaşıl işıqdan qaza gələn mədəsi onu dartışdırırdı, di tərpən. Əlacsızcasına yaxınlıqdakı kitab mağazasına sarı yön aldı. Bəlkə, kitablarından tək-tük də olsa satılanı var? Necə olmasa, ən azı bu ölkədə kifayət qədər tanınmış yazıçılardan biri sayılırdı.

      Dəbərdi evinin yaxınlığındakı gözqamaşdıran supermarketlərin əhatəsindəki yetimçəyə bənzər kitab mağazasına sarı. Dolu zənbillərlə o tərəf, bu tərəfə şütüyən adamların arasından bir təhər sivişərək kitab mağazasına dürtüldü.

     Tərslikdən ümid qığılcımı yenə közərmədi. Yerli müəlliflərin kitabları elə yerindəcə sayırdı. Olsa-olsa tək-tük dedektivə yiyə duran tapılmışdı. Bu acınacaqlı səhnəni dəfələrlə birə-bir hafizəsinə köçürdüyündən yalnız bir neçə əcnəbi müəllifin kitablarının rəflərdən əskildiyini bir göz qırpımındaca təxmin eləmişdi. Qəflətən ona elə gəldi ədəbiyyat qəbirstanlığındadır. Üst-üstə qalanan kitablar ona qəbirüstü daşları andırdı. Dikinə qoyulan kitabları isə başdaşı sandı. Bu mənzərədən yamanca üşündü, az qala onu titrətmə tuta.  Bu dəmdə bayaqdan üsyan qoparan ac-yalavac  mədəsinin də ona rəhmi gəldiyini sezdi. Xəcalətindən elə mədəsi təkin büzüşdü, boynu da çiyninə düşdü. Yerindəcə donub qalmışdı. Azca ötmüş bayaqdan mədəsindən də çox ona aman verməyən əsas sualı danqasını dınqıldatdı; bəlkə, beşaddımlıqdakı evindən kitablarından bir neçəsini götürüb qonşuluqdakı parkda özün satasan, başqa neyləyəsisən ki? Aha, pis fikir deyil, doğrudan da, nə edəsiydi ki. Buyruq qulu kimi evinə sarı götürüldü.

      Parkda yenicə “kirayələdiyi” oturacağın üzərinə kitablarından bir neçəsini düzməyə macal tapmamış xeyli “oxucu” başının üstünü kəsdirdi. Birnəfəsə qiyməti soruşurdular. Bu barədə o, heç düşünməmişdi. Yenə dadına ilk çatan aclıqdan təngə gələn mədəsi oldu; birdən çaşıb yuxarıdan gedərsən ha, qətiyyən, nə verdilər qənimət bil!

     “Qiymət beş manatdan başlayır, kimin gücü nəyə çatır, buyursun...” – qəfil dilindən çıxan bu deyiminə özü də karıxdı. Axı, kitablarının hər biri ona elə bu qiymətə başa gəlmişdi. Yoxa lənət. Bu dəmdə gözü üzbəüzdəki gəl-gəl deyən kafeyə dikildi. Mədəsi var gücü ilə onu döyəcləməyə başladı, əhsən, nə durmusan, kitabsevərlərdən kəramətini əsirgəmə.

     Əllərindəki beşliyi ona sarı uzadan-uzadan səbirsizcəsinə onun kitabları imzalamağını istəyir və mobil telefonları ilə fotosessiyaya tələsirdilər. Bu minvalla yarımca saat ərzində kitabların axırına çıxmaqdaydı, bircəciyi qalmışdı. Ara-sıra sancıları ilə ona  güc gələn mədəsi niyə özü ilə daha çox kitab gətirmədiyinə görə onu məzəmmətləyirdi. Bu dəfə onunla həmrəydi, xeyli peşimandı. Qətiyyən inanmırdı ki, bir də beləcə kitab satışını özünə rəva bilə.

     Nəhayət, sonuncu kitabının alıcısı da ona üz tutdu. Hamı kimi o da qiyməti soruşdu. Deyəsən, müəllifin alayarımçıq cavabı onu açmadı. Qarşısındakı buz heykəli andıran ucaboylu kişi yerindəcə nehrə tək çalxalanırdı. Cibişdanında xeyli pul qalaqlanan, birnəfəsə kafeyə sarı götürülməyə müntəzir olan yazıçı elə istədi desin ki, nə versən, halalındır, alıcı nəhayət ki, dilə gəldi.

-      Elə isə bəlkə kitabı götürüb aparım oxuyum, dəyərini əsərinizi bitirəndə sizə çatdırım. Sadəcə telefon nömrənizi mənə verərsiniz ki, sizinlə əlaqə yarada bilim. Təbii ki, elə indicə nömrənizi yazan kimi mən də sizə zəng edəcəm ki, nömrəm sizin telefonunuza düşsün. Arxayın olun, mütləq kitabınızın pulunu ödəyəcəm, söz...

      Ömründə ilk dəfə bu dərəcədə karıxdığından bir də onda ayıldı ki, mədəsi telefonunun nömrəsini kitabı şəstlə tutan kəsə döşəyir. Telefonuna gələn qəfil zəngdən diksindi. Ona sarı uzanan əli möhkəmcə sıxıb köhnə tanışlar təkin sağollaşdılar. 

      Kafedəydi, lap başda lövbər salmışdı. Mədəsi ilə əlli-əlli vururdu. Canına təpər gəlmişdi. Bu məqamda qafasını eşələdi. Ruhu mənalı-mənalı baxışları ilə onu süzürdü, aha, deyəsən, neçə vaxtdı səni sakit buraxmayan sualına nəhayət ki, cavab tapmaqdasan, ey, kefli İskəndər?!. Əvvəlcə heç nə kəsdirə bilməsə də, tezliklə söhbətin nədən getdiyini tutdu. Alnını soyuq tər bassa da, anındaca çöhrəsinə nur ələndi. Əmindi, yaxın günlərdə ona bayaqkı naməlum nömrədən mütləq zəng gələcək. Özünə də, qələminə də qədərincə arxayın olduğundan həmin zəngin ürəyincə olacağına da zərrəcə şübhəsi yoxdu. Mədəsi ilə birgə növbəti badəni də elə ədəbiyyatın və ona dəyər vermək qüdrətində olanların şərəfinə qaldırdı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)