Edebiyyat.az » Proza » Kənan Hacı - Qəhqəhə qalası (hekayə)

Kənan Hacı - Qəhqəhə qalası (hekayə)

Kənan Hacı - Qəhqəhə qalası (hekayə)
Proza
admin
Müəllif:
18:51, 25 iyun 2023
1 234
0
Kənan Hacı - Qəhqəhə qalası (h ekayə)






Bənzərsiz şairimiz Kəramətə ihaf edirəm 

 

Bazar günü idi, amma bu gün adi iş günlərindən heç nə ilə seçilmirdi. Çünki insanlar şənbə-bazar günləri də işləyirdilər. Bazarla üzbəüz kababxananın daimi müştəriləri hələ şirin yuxuda idilər. Onlar işsizlər zümrəsinə aid idilər. Nə sirr idisə, Allahın ver günü yeyib-içməyə pul tapırdılar. Axşamüstü onların səs-küyü buraları başına götürəcəkdi. Maşınlara baxan saqqallı, nimdaş geyimli qoca, kababxananın odun doğrayanı, yaxınlıqda yaşayan ruhi xəstə və bir neçə avara qayğılı halda soyumuş çaylarını hortuldadır, səbirsizliklə axşamı gözləyirdilər. Axşam onların da qarnı doyacaqdı...

İki alim küncdə oturub toyuq kababıyla araq içir, Qəhqəhə qalasından danışırdılar. Kababçı ilə ofisiantın qəhqəhəsi onların səsini batırırdı. 

Şairin istehzalı təbəssümü isə ac pişiklərdən başqa heç kəsin diqqətini cəlb etmirdi. O, özü-özünə danışırdı:

-  Əgər insanı yenidən yaratmaq iqtidarım olsaydı, onu tamam ayrı cür yaradardım. Amma iş işdən keçib, indi heyfsilənmək daha gecdir. Ölənəcən yaşamalıyıq...

Alimlərin masasından da qəhqəhə qopdu. Tut ağacının yarpaqları titrəşdi. Soyumuş çayını içənlər suiti kimi bərkdən xorla köks ötürdülər. Cavan jurnalist kafeyə girib dəli şairi görüncə ona doğru yan aldı. Şairin təbəssümü səmimi şəkil aldı:

-Ooo, student! Sən hara, bura hara? Gəl, gəl mənim guşənişinliyimə bir az ortaq ol. Sonra çıxıb gedərsən.

Cavan jurnalist masanın küncündə oturdu. Şair dolu qədəhi ona doğru sürüşdürdü:

-İç! Bu dünyaya ayıq başla baxmaq olmur, övladım.

Student bilirdi ki, insanların bir-birini başa düşməsi üçün uzun-uzadı izahatlara ehtiyac yoxdur. Ehtiyac bütün insanları birləşdirmişdi, hamı eyni dildə danışırdı. Dərd dilində. Gözlər dərd dilinin izahlı lüğəti idi. Adamlar bu dili anlamaq üçün tez-tez bir-birlərinin gözlərinə baxırdılar. Araq studentin beynini dumanlandırdı. Yəqin çoxdandır içmir, ondandı. Orqanizm hələ buna hazır deyil. Şair yenə gülümsədi.

-Amma sən mənə baxma. Mən araqla oynayıram. Araq məni yıxa bilməz, amma səni yıxmaq üçün bir rumka bəs edir. 

-Araqsız da həyat məni yıxıb, ustad...

Şairə bu sözlər təsir eləmədi. Qaralmış üzündə istehza sayrışmağa başladı.

-Sənə elə gəlir. Sən nə görmüsən ki, bu həyatda?! Mənim bir günümü yaşamağa gücün çatmaz. 

Şair yaltaqlar sürüsü içində Qəhqəhə qalası kimi ucalırdı. Onu əyməyə, sındırmağa gücləri çatmamışdı. Çoxları bu qalaya dırmanmaq, onun fəth etdiyi zirvəyə yaxın düşmək istəmişdi, heç biri bacarmamışdı. Şair o zirvədə məğrurcasına qəhqəhələriylə o misgin adamların başına daşlar yağdırmışdı. 

Şair dolu qədəhi başına çəkdi.

-İllərdir işsizəm, ustad. Mənə iş vermirlər, - Student dilləndi.

Şair bir dilim pomidoru ağzına atıb sakitcə cavab verdi:

-Sənə elə gəlir. Əslində hamıdan çox işləyirsən. Sənin işin yazmaqdı. Get otur, yazılarını yaz. Bunu sənə illər öncə demişdim...

-Bu gün bazar günüdü... Amma nədənsə müştəri azdı...

-Şənbə... bazar... Mənim üçün belə anlayışlar mövcud deyil. Mən hər gün işləyirəm. Araq içəndə də, gözəl bir qadınla sevişəndə də, səyahət edəndə də, yatanda da... Mənim yazı masam bax, bu araq süfrəsidir. 

-Ustad, yadındadır, dar bir quyuya düşmüşdüm. Ordan bir qara əl uzandı, məni işıqlı yer üzünə çıxartdı. O əl sənin əlin idi... 

Əhəmiyyətsizcəsinə əlini yellədi:

-Boş ver, mən kiməm ki... Sən özün özünü xilas elədin. Mən sadəcə, vasitəçi idim.

-Ustad...

Sözümü kəsdi:

-Məndən olsaydı, bu kafenin adını “Qəhqəhə qalası” qoyardım...


25 iyun, 2023-cü il

Yasamal

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)