Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - SELİNTİ (hekayə-pritça)

AZAD QARADƏRƏLİ - SELİNTİ (hekayə-pritça)

AZAD QARADƏRƏLİ - SELİNTİ (hekayə-pritça)
Proza
admin
Müəllif:
16:12, 07 noyabr 2023
437
0
AZAD QARADƏRƏLİ - S ELİNTİ ( hekayə-pritça)






                                      Qələm dostum Vaqif Osmanlıya


    Hər yaz daşan çay kəndin lap qabağında bir kişi meyidini vurub kənara çıxartmışdı. Uzaqdan gedib baxanlar olmuş, amma kimliyini ayırd edə bilməmişdilər. Yuxarıda, çayın sağ-solundakı kəndlərə, bu yerli camaatın dilində deyildiyi kimi salıq salmışdılar, meyidə yiyə duran olmamışdı. Adamın pal-paltarlı meyidi qurbağa çəmlərinə, çayın axıtdığı ot-əncərə sarınıb selinti kimi çayın qırağında qalmışdı. Sağ çiyni üstdə uzanmış meyidin yarı hissəsi, o cümlədən ayaqları çay qumunun altında qalmışdı. Gödək saçından, təxminən bir həftə əvvəl qırxıldığı bilinən üzündən onun kişi cinsinə aid olduğunu bilmək olurdu.

            Görənlər korona virus səbəbilə meyidə yaxın düşməyə cəsarət etmir, görməzliyə, eşitməzliyə vururdular...

    (Kənddə müəllimlərdən başqa heç kim ağızlıq* taxmasa da, adamlar televizordan eşitdikləri pandemiya haqq-hesabından əməlli-başlı şübhələnmişdilər. Kəndin mollası Molla Rzaqulu kirilcə Bayazına baxıb, baxıb demişdi:”Quran ərz edir ki, höküməttdər, artım səbəbi ilə, adamları saxlıya bilmillər, ona görə də ərz edim qulluğunuza ki, süni surətdə virus qayırıb adamların içinə salıblar ki, seyrəltmə aparsınnar. Nəzir verin, dua edin, beş özünüz yeyəndə bir də fəğir-füğaraya verin ki, allaha xoş getsin... Əzzü billahi min əş şeytani rəcim... Bismillahi...”

    Pandemiya vaxtı kənddə üç adam ölmüşdü. Biri atdan yıxılmış, üç gün can verib ölsə də, qorxudan yas-zad olmamışdı. Yuyub kəfənnəməmişdilər də meyidi. Eləcənə, sellofan torbaya büküb basdırmışdılar.

    O biri 87 yaşlı bir qoca kişi idi ki, yaxınlarda təzə diş də çıxartmışdı. Hesabnan o hələ ölməməliydi, amma bir axşam üstü ayağını uzadıb öldü və oğlu özü təkcə qəbiristanda yer qazanda cavan-çoluq dözməyib, “nə olar, olar” deyib, ona kömək etmiş, qəbiri birlikdə qazmışdılar. Sonra arvadın oğlu demişdi ki, nənəm vəsiyyət eləyib, maa cumalıq ver, neyniyim, ay camahat?

    Hamı bir ağızdan demişdi ki, get qəsəbəyə, orda bir cüt lal-kar bacı var, onlara ağırdan-yangüldən yığ, apar qoy qapılarına, qayıt, gəl. Biz onsuz da bu pandemiya götürüəlməyincən ehsanat yemiyəciyik. Həm də qadağandı axı... Polis cərimə-filan eləyir...

    O kişi də bir at yükü yer-yeməli yığıb aparmış, qəsəbədəki bacılara vermişdi...

    Hə, bir də bir cavan oğlan ölmüşdü – nə temperatur olmuşdu, nə asqırıb-öskürmüşdü, eləcə gömgöy zərdav qusub ölmüşdü...

    Bunu da kəndin feldşeli belə yozmuşdu ki, daxilində gizli fəsad varmış, korona virus vurdu çıxardı üzə, aldı, apardı... Götürün, elə paltarlı-palazlı dəfn edin getsin...

    Bax, bu səbəblərdən adamlar korona virus deyilən gözəgörünməz bəladan qorxur, bir-birindən şübhələnir, heç kim heç kimin qapısın açmır, heç kim heç kimlə kəlmə kəsmirdi...)

    Kəndin ağsaqqalı, Həmid kişi çiyinlərini dartmış, “Meyidin qoxusu tez çıxar” demişdi. Adamlar bunu yaxşı anlamamışdılar.

    Kənd camaatının yaddaşında Gavur tayfası dedikləri tayfadan olan Gavur İlyasın babası Gavur Əzəmin başına gələn, bu camaatın dediyi kimi əlməşik-cəlməşik bir əhvalat qalmışdı. Danışılana görə, Əzəm cavan oğlan imiş və buralara hansısa ajdıx-qıjdıx** illərində gəlibmiş.

-------------------------------------------------------------------------------------

*Yerli camaat pandemiya zamanı ağıza vurulan tibbi masqaya belə ad qoymuşdu.

**Bu kəndin camaatı söz-bez adamıydı və qalayçı mis qaba qalay vuran kimi sözə bəzək vurmağı sevirdilər. Sözü birbaşa demirdilər. Hərlənib, fırlanıb əsl sözün üstünə gəlib çıxanacan gün axşam olurdu. Mən onların dilindən aldığım bəzi sözləri işlədəndə “bu yerli camaatın dilində deyildiyi kimi” kəlməsini yazmağa məcbur oluram. Burdan belə, daha o dırnaqdakıları işlətməyəcəyəm.

          Bir gün Əzəm meşədən odun yüklü atını yedəkləyib gələndə kolluqda gizlənməyə çalışan bir qız görür. Qız çılın-şıplaq imiş. (Kənddə hamı “çılpaq” sözünü ayrılıqda elə “çılpaq” kimi işlətsə də, “çılın-çıplaq” deyəndə “çıplaq” kimi deyirdi. Söz vermişdim ki, daha belə kəlmələri qurdalamadan yazacam, olmadı.) Kişi pambıqlısını çıxardıb qıza geyindirir. Görür ki, alt geyimi də süzüldüyündən qızın ayıb yerləri çöldəd qalır, ona görə də özünü daldaya verib, şalvarını çıxardır, kən yerində tuman dedikləri humayın ağından – ağ bez parçadan tikilən uzun qıçalı alt geyimini (yenə bu sözlər yaxamı ələ verdi) də çıxardıb qıza verir. Sonra gözləyir ki, qaranlıq düşsün, qızı kəndə aparanda görən olmasın. 

    Beləcə, qızı evinə gətirir. Evində qadın olmadığından ona özünün kişi paltarlarından birini geydirir. Sorub-soruşdurur ki, kimsən, nəçisən, meşədə nə itin azmışdı, nə axtarırdın tək-təkana, çılın-çıplaq?

    Qız cavab verir ki, atam ölmüş, anam bir kişiyə ərə getmişdi. Anam zəmidə dərz daşıyanda atalığım gizlicə evə gələr, mənə sataşmaq istəyirdi. Anama dedim, cumdu üstümə ki, sən mənim ərimə böhtan atırsan... Əlacsız qalıb, namusumu götürdüm, çıxdım evdən. Yolla gəlmədim ki, atalığım gəlib məni tapar. Meşə ilə gələndə də azdım. Bir aydır meşədə meyvə umuduna qalmışam. Gecələri çıxıb ağacda yatırdım ki, vəhşi heyvanlar məni parçalamasın... Axırda, bir gün sən məni tapdın. Fikirləşdim ki, səni allah göndərib. Bilmirəm, nədənsə, səndən qorxmadım da...

    Əzəm qızı da götürüb gedir məscidə, mollaya deyir ki, bu qızın kəbinini mənə kəs. Molla soruşur ki, bu qız kimdi, nəçidi? Əzəm əhvalatı danışır. Molla qayıdır ki, olmaz, bu qız bəlkə vəhşi heyvannan dönmədi, ailəsi, nəsli-kökü bəlli deyil. 

    Əcəm qayıdır ki, hər kimdisə, mənə allah göndərib, qəbulumdu. Molla onların kəbinini kəsməkdən imtina edir, Əcəmə də “sən gavursan” deyir.

    O, bu – Əcəmgilin nəslinə Gavur ayaması qoyulur...

    İndi bu kənddə belə şey bir dəfə olmuşdu. Amma bu dəfə gələn diri yox, ölüdür. Həm də geyim-keçimindən bilinir ki, kişi xeylağıdır...


                    ***

 

    Məktəb direktoru Toğrul müəllim uşaqlara  tapşırmışdı ki, qəti o tərəfə üzükməsinlər. Bu işin içində bir iş var, nə desən, gözləmək olar. Bunu da yaxşı başa düşməmişdilər – adamlar son zamanlar ikibaşlı danışırdılar.

    Kəndin həm mamaçası, həm ara həkimi, həm də söz-bez adamı Mərcan arvad isə başını qaşıyıb demişdi:

    -Bu elə-belə işə oxşamır. Erməni meyididi... Çayın başınnan buraxıblar ki, xəstəliyi canımıza yaysınnar... Heşzad...

    Bu axmaq söz kimlərinsə beyninə batmışdı:  bir halda ki, yuxarı başdakı Azərbaycan kəndlərindən səs-soraq çıxmadı, demək lap yuxarıdakı erməni kəndlərinin adamı ola bilər bu bədbəxt... Daha Mərcan arvad demişkən, özləri buraxıb-buraxmayıb məsələsi olmasa da – hərçənd onlardan bunu da gözləmək olar – hər halda, bu, bir erməni meyidi ola bilər...

    Ona görə də qaldılar qərarsız...

             Elə ki, qarğa-quzğun xəbər tutdu, meyidi dimdikləməyə başladı, onda kənd camaatı narahat olub çayın qırağına endi. Elə aralıdan qarğa-qurğanı daşlaya-daşlaya rayon polis idarəsinə zəng etdilər. Ordan dedilər ki, bəs aparıb bir etibarlı yerə qoyun, gəlib bir qərar qəbul edərik...

    Kənddə yeganə dövlət işçisi olan məktəb direktoru kafir-küfür oldu; müəllimlərlə köməkləşdilər, meyidi qazıb qumun içindən çıxartdılar, iri sellofana bükdülər ki, kənddə bir etibarlı yerə aparsınlar. Bu zaman meyidin zəncirbəndli qoltuq cibinin zənciri dartıldı, içindən bir pul qabı çıxıb çaylaq daşının üstünə düşdü. Direktor əlini uzadıb pul qapını götürmək istəyirdi ki, qəfil pandemiya yadına düşdü. Ağzındakı ağızlığı daha bərkdən üzünə sıxıb, ayağının ucu ilə pul qabını meyidin yanına itələdi, selofanı əlcəkli əlləri ilə bürmələdi.


                    ***


    Bir gün ötdü. Rayon mərkəzindən səs çıxmadı. 

    Direktor qalmışdı kərəvəngi. Odunxanaya qoyduqları meyidin qoxusu bir azdan məktəbin yan-yörəsini basar, korona virisu varsa, o da yayılar ətrafa. May ayıdı e bu!? Səhər, biri gün yaz günəşi qalxacaq, isti çıxacaq kəlləçarxa...

    Elə bu çək-çevirdə məktəbin qapısında vurnuxurdu ki, Rzaqulu kişinin ona sarı gəldiyini gördü. Bu Rzaqulu dəmiryolçu idi vaxtilə. Təqaüdə çıxandan sonra əlinə kirilcə yazılan bir Bayaz alıb başlamışdı mollalığa. Bəxtindən pandemiya ölüm-itimi artırdı, di gəl ki, yas yeri yoxdur. Camaatın yadına molla-zad da düşmür. Ölü basdırmaq qoca it azdırmaq kimi olub – başlarından eləyirlər; yeri qazıb quylayır, bir də o səmtə üzükmürlər... “Əşşi, qabaqlar xətir-hörmət vardı, yas yerləri də toy süfrəsi kimiydi, nəüzümbillah, bir arağı kəmiydi... İndi isə....”

    -Əssalamın əleyküm... – Molla Rzaqulunun belə uzada-uzada, rəsmiyyətçi salamını xoşlamasa da, o da eyni şeyi edəsi oldu – day bu dolamaqdı, ya hörmət gətirməkdi, bundan çətin baş açmaq olardı.

    -Və əleyküm əssalam...

    -Bu meyidin, deyirəm, bəlkə bir şalvarını çıxardıb baxax?..

    -Nə?! – Direktorun gözü kəlləsinə çıxdı.

    -Eeeee, belə... milliyyətini bilməy üçün də... Məhəmməd (Allahın məsəllü əla Məhəmməd və ali Məhəmməd – molla salavat çevirdi – yazarın əlavəsi) hümmətidi, ya ermənidi, bunu bilərdiy...

    -Get, aç, bax! – Direktor hirslə əlini odunxanaya uzatdı. Molla bir aşağı baxdı, bir yuxarını imsilədi, burnuna dəyən meyid havasından üşənən kimi olub gəldiyi kimi də yox oldu.

    Məktəbin məzunu, APU-nun fililogiya fakültəsinin son kurs tələbəsi, iki hekayəsi saytlarda yayımlanar-yayımlanmaz yazıçılar kimi saqqal saxlayıb gözlük taxan Simran Vay kəndin aralığındakı cavan-cuvanı başına yığıb qızıl xırdalayırdı.

    -Demək, Troya atı deyilən bir termin var... Qədim yunanlarla troyalılar arasındakı davada Troyanın qalalarını aşa bilməyən ellinnlilər taxtadan bir yekə at düzəldirlər, elə yekə ki, içinə beş-altı əsgər sığır... Əsgərlər girir atın içinə, içəridən qapı-bacası bağlanır. Qalanı mühasirəyə alan qoşun gəmilərə minib uzaqlaşır – guya çıxıb gedirlər... Bədbəxt troyalılar da həmin bu atı gətirib qalanın içinə atırlar, səhər durub ona baxarlar ki, bu belə nə atdır... Gecəynən atın içindəki əsgərlər çıxır, keşikçiləri öldürür, darvazaları açırlar... Və qoşun Troyaya girir...

    -Əşşşi, görmüşük dəəəə kinosun, sən də yazıçı olmadın, başımıza bəla oldun... 

    -Doğrudan e, ay Simran bu Vay nədi, əyə?! Yox bir vayına oturum! Haaa-haaaa!..

    Ortalığı gülüş bürüdü.

    -Eeeee, siz nə qanırsınız axı sənət nədir?! Ona görə deyiblər də sənət sənət üçündür!.. Deyirəm ki, bu selinti adam meyidi Troya atı kimi bir tələ ola bilər...

    Bayaqdan gülüşənlər indi matı-qutu qurumuş halda Simran Vayın ağzına baxırdılar. Yəni ki, bu ağıllı söhbətə oxşadı. Bu selinti meyitdən xata əskik deyil...


                    ***

    

    Rayon polis idarəsindən gələn polis maşını məktəbin qabağında dayananda onları ilk qarşılayan Mərcan arvad oldu. Pandemiya səbəbindən məktəbdə olmayan müəllimlərin və direktorun yerinə də o cuallara cavab verdi:

    -Meyiddən nə xəbər var? Dirilib-eləməyib ki?! – Rayonda Dəmşalaq Adil kimi ad çıxardan polis serjantı gülə-gülə Mərcan arvadın üstünə yeridi. Ona da Mərcan deyərlər! Dəmşalağın cavabını yerində verdi:

    -Ölü yerinə gəlmisən, ya dəmşalaxlıx eləməyə?

    Serjantın bu kəndə qohumluğu çatırdı – bacısı burda ərdəydi deyə özünü bura bir köynək yaxın bilirdi. Amma Mərcanın da dilinə düşməkdən qorxdu elə bil. (Bu arvadın baxıcılığı da vardı. İtiyi itən, arvadından şübhələnən, oğluna qız axtaran gecə gözü onun qapısını döyərdi. Boyunlarına almasalar da, daldada Mərcanı lağa qoysalar da, hətta icra başçısının da hərdən hamı yatandan sonra onun üstünə gəldiyini söyləyənlər olurdu. İndi bu başı qərtməkli arvadın – həmişə başını qaşıdığına görə adına Qərtməkli ayaması qoşmuşdular – onu dilinə dolayacağından ehtiyatlanıb tütəyi çəkdi.)

    -Mərcan xala... Allah rəhmət eləsin... Maşındakı rəisin mavinidi e, Mirhəmzə müəllim... Direktoru nə təhər tapax? Yaxşı dəyil axı, kişi ağır başıynan...

    -Əvvala, ay Dəmşalax, ağır başıynan yox, ayağıynan deyəllər... Başıynan gəlmiyib ki... He-he-he... İkincisi... Ode odurana, gəlir direxdur... Deyillər, dünən meyidin, ayıb olmasın sünnətinə baxırmış mollaynan ki, görsün ermənidi, ya musurman?

    -Az, yavaş, az! Rəis eşitdi, biyabır ollux! 

    -Ə, bə derdin mavindi?! Sünnət toyu olanda oynamax üstündə bir-birızı qırırsıız, indi sünnət kəlməsi ayıb oldu?!

    -Eeeee, az kiri, az!..

    -Mən gedirəm... Amma gecə qapıma gəlsən, səni itnən qavajam!

    -Yeri, az, yeri... Salam, ay Toğrul məllim... Rəisdi e, maşındadı... Get görüş, meyidə baxmağa əlmişiy... Kişiyə yaxşı salam ver... Bı Mərcanı da bırdan... zad elə... 

    Toğrul müəllimlə rəis müavini odunxanaya yönəldilər. Serjant Adil yüyürüb odunxananın qapısında durdu, əlini qapıya uzadanda rəis başı ilə işarə etdi ki, geri dur. Serjant çəkilən kimi direktor cibindən çıxartdığı bir qom açarın birini seçdi, qədimi qıfıla salıb burdu, burdu, nəhayət qapını açdı. Rəis müavini  birinci içəri girmək istəsə də, dayandı, cibindən ağızlığını çıxarıb ağız-burnuna taxdı, sonra direkoru irəli buraxıb, özü də ardıncan girdi odunxanaya.  Və bu an Toğrul müəllimin ağzından elə bir səs çıxdı ki, bunu təxminən belə yazmaq olar:

    -Buyyyy!

    Serjant əlini qoburuna uzadanda rəis müavini ona gözünü ağartdı, adam əlini geri çəkib o səsə oxşar bir səs çıxartdı:

    -Hıyyyy?

    Kəsəsi ki, meyidin yerində onu bükdükləri selofandan başqa heç nə yox idi...

    Heç nə...


                ***


    Gecə hamı yatandan sonra serjant Adil kəndin ayağında saxlatdırdığı maşından düşüb Mərcan arvadın qapısına gəldi ki, əl atıb qapını döyə, gördü qapı açıldı, tez özünü qaranlığa veri. Gördü ki, budu ha, Toğrul müəllimlə arvadı Mərcangildən çıxırlar. Arvad səsini atmışdı başına:

    -Qərtməyli qəhbə özün çəkib qoyub dağ başına!..

    -Yavaş aaaz, eşidən olar!- Toğrul müəllim arvadına həttəndi.

    -Neynim axı, biz də pıl veririk dayna! Bildiyi varsa, bizə də desin, bı poxdan qutarax... Bı gorbagor olmuş hara uşdu getdi?! Vallah Mərcan bını bilir! İntihası tərəzi götü yerə döyür...

    -Az, pis söz danışma, tələbələrimiz eşidir, biyabır ollux!

    -Qoy eşitsinnər! Dədələri gündə nənələrinə demir o söyüşlərdən?!. Məni qınama, bı işdə bir iş var... Mən Yaqut məllimnən şüpələnirəm... Selintini o oğurladıb ki, səni işdən çıxarsınnar. O keşsin yeria... Amma bıde ha, bını görər! (Qaranlıqda Solmaz müəllimə baş barmağını orta barmağıynan işarət barmağının arasına soxub irəli dürtdü – Mərcanın gözünə soxurmuş kimi.)

    Mərcan serjantı görən kimi qəşş eləyib güldü, gülə-gülə də dedi:

    -Gəldin, bəs gəlmirdin? Ay sizin paqonuza sı...ım!.. Ə, itiyi mən tapıram, sizə paqon verillər... Bı nə təhər olur, ə?!. Düş bıra, ə! Bir yüzdük qoy bıra görüm!

    Serjant Adil nə qədər yalvarsa da, arvad başını qaşıya-qaşıya dedi, yüzdü, düzdü!

    Yüzlüyü alan kimi girdi bir şalın altına bir fısqırıq atdı, bir hay-kay saldı ki, guya ki, rəml atırmış... Nəysə, təxminən on beş dəqiqə şalın altında qalandan sonra ağzı köpüklənə-köpüklənə dedi:

    -Gedərsən rəisə deyərsən ki, meyit Yaqut məllimədədi... Gavur tayfasında...

    -Nə!? Onda niyə?! Dolamısan məni?!

    -Onu-bını bilmirəm... Bir onu bilirəm ki, Yaqut məllimə selintini ot tayasında gizlədib əriynən... Bı gecə tayaya hücum eləməsaız, səhər nə olajax, bilmirəm...


                ***

    Kəndə hay düşdü ki, Yaqut müəllimənin əri Gavur İlyasın bağın ayağında basdığı taydan səslər gəlir. Səs gah rusca, gah azərbaycanca (cəbhəçi Güloğlan demişkən türkcə), gah da ermənicə sözlər deyir.

Tayaya ilk yaxınlaşan elə Gavur İlyas oldu. Şananı tayanın içinə soxub qışqırdı:

    -Kimsən ə, çıx çölə! Çıxmasan, səni şanalıyacam!

    -İnçasım ara?! Belə çıxmıram! İdi naxu...!

    Tayanın ətrafına yığılanlar qaçıb uzaqlaşdılar. Gavur İlyas da şananı yerə atıb dalı-dalı qaçdı, ayağı daşa ilişdi, arxası qatda yerə gəlib bağırdı:

    -Vay sənin var yoxuuu........!

    Uşaqlar tayanı aralıdan da olsa daşa basanda İlyas ufuldaya-ufuldaya bağırdı:

    -Nağayrırsıız, ə?! Tayamı niyə daşdıyırsıız?! İt balaları!

    Kimsə dedi ki, gəlin tayanı yandıraq. İlyas yenə çəmkirdi. Şanasını götürüb bu dəfə adamlara qımzandı:

    -İrədd olun, ə bırdan! Köpəyuşağı! Divan var, dərəbə var, indi harda olsa hökümət adamları gəlib çıxar... Diliızı qoyun dinməzııza!..

    Söz Gavurun ağzından çıxan kimi polis maşını o qorxunc siqnalını verə-verə dayandı Gavurun həyətinin ayağında. İçindən beş silahlı polis düşüb yüyürdülər tayaya tərəf. Dallarınca gələn Serjant Adil əlini boş qoburunun üstünə qoyub bağırdı:

    -Çəkilin, çəkilin! Biz bəlkə məcbur olub silah tətbiq edəsi olduq... Ona görə aralı durun! Cənab rəis özü maşından əmaliyyata nəzarət edir aralı durun!

    Avtomatlı polislərin içində bir mayor da vardı. Amma nədənsə içi elə o mayor qarışıq hamısı serjantın ağzına baxırdı. Serjant əlini boş qoburunun üstünə qoyub tayaya yaxınlaşdı:

    -Ey, Selinti! Ermənisən, musurmansan, bilmirəm, təcili tayadan çıx, təslim ol! Yoxsa silah tətbiq edəcəyik! Cənab rəis özü...

    Bu vaxt maşından səsgücləndirici vasitəsi ilə rəis müavini, polkovnik-leytenant Mirhəmzə Miryusifovun zəhmli səsi eşidildi:

    -Diqqət, diqqət! Xahiş edirəm, əməliyyat meydanını boşaldın! Diqqət, diqqət! Tayadakı cinayətkar! Siz mühasirədəsiniz! Əmr edirəm, təslim olun! Əks təqdirdə, biz silah tətbiq etmək məcburiyyətində qalacağıq... Diqqət, diqqət!..

    Tayadan gələn səs rəis müavininin səsini batırdı:

    -Uxadi əyə, uxadı! Yoptvoy mat! Kunim meri... Əəəə, anası göyçək, aralı dur,ə!

    Serjant Adil sıçrayıb geri tullandı. Polislər də qaçışdılar. Adil çaşıb boş qoburunun ağzını açıb açıq qoymuşdu. (Sonradan deyirmiş ki, tələsik olduğundan silahını götürə bilməmişdi. Amma danışırdılar ki, serjant Adilin qoburu həmişə boş olub.) Uşaqlardan kiminsə ağzıaçıq boş qoburu görəndə bu hay-həşirdə söz atdı:

    -Əəəə, bının qoburu boşmuş ki!

    Adil tez əlini atıb qoburun düyməsini basdı, amma zəhrimarı bağlaya bilmədi. On agörə dartıb özünə tərəf çəkdi, düyməni burub bağladı. Sonra kəhildəyə-kəhildəyə yenə üznü tayaya tutdu:

    -Əəəə, a bala, hökümətnən hökümətlik eləmiyəssən ki! Saa deyillər təslim ol, təslim ol, dana! Baa,deyirəm, təslim olmasan, başqa varianta əl atajeyik...

    Gəlib camaata qoşulan Mərcan arvad gülə-gülə dedi:

    -Rəis, neyniyəssıız?!

    -Canıa azar eliyəjiyik!-dünəndən bir diri yüzlüyü ovcuna basdığı Mərcanı tərs-tərs süzdü Adil. Sonra nəfəsini dərib hirslə dedi:

    -Tayanı yandırajeyih!

    Gavur İlyas əlində şana irəli çıxdı.

    -Məhlim taya yəəsi ölüb, ə!? Bacarırsan, get, tut! Day həyət-bacanı yandırmax nədi?!

    -Saa niyə Gavur deyillər, əşi?! –Adil dəxli olmayan şəkildə verdiyi sualdan şəkləndi və yenə qeyri-ixtiyari əlini qoburuna atdı:-Atamın goru haqqı indi hamınızı güllələyəjiyəm! İt uşağı! Sən də tez ol ya üzə çıx, ya da...

    -Sluşi, uxadi də! Tutuquşusan?! Hingi hingi das hingi...

    -Ə, kimdisə, savaddı adamdı e! Həm ruscax, həm erməniycən, həm də azərbaycancan cavab verir!

    Camaatın içindən cəbhəçi Güloğlan qışqırdı:

    -Azərbaycanca yox, türkcə!

    Adilin elə bil yadına nəsə düşdü. Barmağını Güloğlana tuşladı:

    -Güloğlan, bəlkə bu işdə də sənin barmağın var?! 

    Güloğlan irəli çıxdı. Başını buladı.

    -A kişi, başın xarapdı?! Mənim selintiylə, melintiylə nə işim var?! Mən böyük amallar uğrunda...

    Bu vaxt məktəb direktorunun tayaya tərəf getməsi Güloğlanın sözünü ağzında qoydu. Toğrul müəllim düz tayanın yanında dayanıb qışqırdı:

    -Ə,  a bala, kimsənsə, camahatı girinc eləmə. Hökümət adamları, polis-milis tökülüşüb kəndə... Daşı ətəyinnən tök, çıx, təslim ol... Mən gördüm axı, sən ölü idin... Hətta qarğa-quzğun səni dimdikləmişdi də... Pandemiyaya görə bədəninə əl vurmadıq... 

    Molla da direktorun yanına gəlib astadan pıçıldayırmış kimi dedi:

    -Eləcənə, çıx daldaya, şalvarıı sivir, baxax, görəy Məhəmməd hümmətisən, ya yox?..

    Serjant Adil mollanın ətəyindən çəkib camaatın arasına itələdi:

    -Əşşşi, get dəəəəə! şalvarını sivir, yox bir ülgüc də gətizdirəcəyik!..

    Camaat xısın-xısın gülüşdü. Molla pərt halda camaata qarışdı.

    Tayadan səs gəldi:

    -Ba, üçycən sayıram, çıxıb getməsəz... Mi, erqu, irek...

    -Ə, saydı, ermənicən saydı, gəlin qaçaq!

    Hamı qaçışdı. Polis maşını da camaatın ardıncan sürüb uzaqlaşdı. Bunu görən polislər də qaçdılar. Tayanın yanında serjant Adil, Gavur İlyas və məktəb direktoru Toğrul müəlim qaldı. Onlardan bir az aralıda isə molla əlindəki kiçik bəyazdan fatihə surəsi oxuyurdu:

    -Allahın məəsəllü əla Məhəmmədin ali Məhəmməd... Bismillah rəhmanül rəhim...

    -Gavur oğluyam, əgər bu sahat bu tayanı söküb yerə töməsəm!

    Tayadan robotların səsinə oxşayan əks-səda kimi dalğalanan səs İlyası susdurdu:

    -Duxun... Duxun... Çatır... Çatır... Sök... Sök... Nöş... Nöş... Sökmürsən...Sökmürsən...

    Toğrul müəllim dil-ədəbiyyat müəllimi idi və institutda oxuyanda dialekt və şivələr haqqında dərs oxumuşdu. O cümlədən Bakı dialektindən də xəbərdar idi. Səhərdən fikir verirdi ki, bu tayadan gələn səsdə Bakı ləhcəsi var. Və barmağını dişlədi. “Ay dadi-bidad, Gavurun arvadı Bakı qızıdı axı! Bu tayadakı onun qardaşı omasın ki?! Bəlkə Selintini oğurlayıb basdırıblar, bu gədəni də bura soxublar ki, məni işə salsınlar?! Ay səni! Gavur köpəy oğlu! Yaqut, müəllimə, bu illər ərzində sənə elədiyim yaxşılıqlar burnunnan gəlsin!”

    Və əl atıb ot tayasını sökməyə başladı. Gavur şananı qapıb onun üstünə yeriyəndə serjant Adil əlini qoburunun üstünə qoyub keçdi qabağa. Bu vaxt polislər də gəlib çıxdı. Və on, on beş dəqiqəyə tayanı söküb tükdülər yerə. Adam zad yox idi. Amma tayanın içindən radioqəbulediciyə oxşar bir cihaz tapdılar. Toğrul müəllim düyməni basdı, cihaz başladı “danışmağa”:

    -İnçasım ara?! Belə çıxmıram! İdi naxu...! 

    Artıq yaxına gəlmiş uşaq-muşaq soyuq-soyuq gülüşdü.


                ***


    Gavur İlyasın qaynı, özünün dediyi kimi Montin bazarından aşağıda yerləşən peşə məktəbində oxuyan Əliəkbər polisdə ifadə verərək bacısıyla yeznəsinin istəyi ilə bu komediyanı oynadığını boynuna aldı. Özü isə pandemiyadan qaçaraq bacısıgilə sığındığını demişdi. Amma həm Əliəkbər, həm Gavur İlyas, həm Yaqut müəllimə Qurana əl basdılar ki, Selintidən xəbərləri yoxdur. 

    Polislər nə qədər axtarış aparsa da çayın axıdıb gətirdiyi ölüdən – selintidən xəbər tuta bilmədilər. 

    Molla demişdi ki, namərdlər qoymadı şalvarını sivirəm baxam, bilərdim ki, qeyb olub, ya qurd-quşa yem olub?

    Mərcan arvad demişdi ki, mən bilirəm onun yerini, amma bircə yüzlük verən yoxdu ki, deyəm...

    Serjant Adil də Toğrul müəllimi kənara çəkib demişdi ki, soruşan olsa, de ki, pandemiya məni necə sıxmışdısa, qarabasma olub, gözümə görünüb...


                ***


    Amma hər axşam güclü külək əsəndə hardansa söyüşəoxşar sözlər dəyir adamların qulağına. Hamı şəkk-şübhə eləmir ki, Selintidir, onu basdırmadıqlarından onlara üç dildə söyür...

    Tezliklə ordumuzun cəbhədə qazandığı uğurlar bu selinti söhbətini adamlara unutduracaqdı, əgər Simran Vayın “Troya selintisi” hekayəsi saytlarda yayımlanmasaydı... Və hekayədəki bir cümləni oxuyanda  Toğrul müəllimin dalağı sancmışdı:”...Deyilənə görə, Selintinin cibindən düşən pulqabında küllü miqdarda pul olub ki, meyidi o səbəbdən oğurlaya bilərdilər...”


                                                    05.11.2023.

    

    

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)