Edebiyyat.az » Proza » ELŞƏN İSMAYIL - QARA DONLU SOYQIRIM (tarixi hekayə)

ELŞƏN İSMAYIL - QARA DONLU SOYQIRIM (tarixi hekayə)

ELŞƏN İSMAYIL -   QARA DONLU SOYQIRIM  (tarixi hekayə)
Proza
admin
Müəllif:
12:36, 20 dekabr 2024
215
0
ELŞƏN İSMAYIL - QARA DONLU SOYQIRIM (tarixi hekayə)




 Yer üzündə qitələrin ən böyüyü olan Orta Asiyanın çöllərindən ibarət olan Türküstan, qitənin ürəyidir və şimalda müasir Qazaxıstan çölləri, Sibirin cənubu, cənubda Himalay silsiləsi, Hinduquş və Əfqanıstan, qərbdə Xəzər dənizi və şərqdə Qadırğan dağları ilə əhatə olunmuşdur...


8-ci əsrdə Türküstan ərazisində Talxan və Cürcan şəhərləri vardı. Bu şəhərlərin əhalisi olduqca sakit və hüzurlu bir yaşam arzusunda obalarında yaşayırlar. Günlərin bir günü isə Türk obaları arasında bir nifaq düşdü. Bu nifaq Türkləri bir-birindən ayrı saldı. Ayrı-ayrı mahallar, bəyliklər, şəhər hakimləri bir-biriylə torpaq, əkin əraziləri və mal-qənimət uğrunda müharibəyə başladılar. Savaşmaq istəməyən bir qrup şaman yığışıb Ulu Turxan Ataya pənah apardılar. O isə bütün şamanlara taprışıq verərək savaşları bitirmək üçün milli birlik uğrunda Türk bəylərini bir toplantıya çağırdı. 


      Türküstan bəylərinin toplandığı yerdə dəmirçi Batur bəyin oğlu Baysan, oba bəyinin qızı Altınayı gördü və aşiq oldu. Altınay bir bəy qızı, Baysan isə dəmirçi oğlu idi. O dövrdə Türklər arasında siniflərə ayrılma ərəblərdəki kimi deyildi, ancaq yenə də Baysan bir müddət eşqini qəlbində saxlayıb mövcud şəraitə görə hərəkət etməyi seçdi. Altınaysa ona aşiq olan Baysandan xəbərsiz idi. 


     Türk bəyləri Türküstanın böyük müdrik alimi və filosofu sayılan Ulu Turxan Atanın birlik çağırışlarına məhəl qoymurdular. Hər kəsin öz bəhanəsi vardı. Amma bu zaman sanki Tanrı Türkləri birliyə səsləmək üçün cəzalandırmaq istədi. Bu cəza isə çox ağır oldu... 


     Xorasana get-getə yaxınlaşan Əməvi ordusu Türklər arasında çaxnaşmaya səbəb oldu. Əməvilər İslam peyğəmbəri həzrəti Məhəmmədin varisi həzrəti Hüseyni xainiklə öldürüb Xilafəti ələ keçirmişdilər. Və İslamı, Quranı, Şəriəti öz qanunlarına, öz şəxsi mənafelərinə görə dəyişdirib sistemi yenidən formalaşdırmışdılar. İndi Əməviləri Allahın birliyinin təbliğindən daha çox, torpaq işğal etmək, çoxlu qızıl və qadın əldə etmək üçün xarici işğallar maraqlandırırdı. 


     Xorasanı vəhşiliklə, qeyri-insani və qeyri-hərbi üsullarla işğal edən ərəblər, birmənalı olaraq girdikləri hər şəhər və kənddə təslim oldu-olmadı hər kəsi yağmalamağa, əli silah tutan kişiləri qılıncdan keçirib, qadın və uşaqları, qocaları qul kimi əsir etməyə başladılar. Savaşa başlarkən Xəlifənin böyük vədləri və istifadə edilən bihuşdarının təsiriylə (o dövrün narkotik vasitələri) say çoxluğu hesabına ərəb ordusu şəhərləri, kəndləri vəhşiliklə talan edirdilər. Təslim olmayanları diri-diri yandırır, “kafir” adı altında cürbəcür fantastik işgəncə üsulları ilə edam edirdilər. Daha öncələri Azərbaycan və Farsistanı darmadağın edən ərəblər Türküstana dadlı bir yeməyin ən ləzzətli yeri kimi baxırdılar.


     Türküstan torpaqlarına daxil olanda bu yerlərin əzəməti ərəb sərkərdəsi Kuteybənin heyranlığına səbəb oldu. O xüsusi bir hiylə işlədərək Türk bəylərini bir-birindən ayırıb bütün Türkistanı daha asan yolla işğal etməyin planını qurdu. 


      Bəzi Türküstan bəylərinə təslim olmaq və Xəlifənin himəyəsinə keçmək üçün çoxlu vədlər verildi. Guya Xəlifə Türküstanı işğal etmək deyil, İslama dəvət edir. Və nəticədə İslam torpaqlarının böyüməsi Allahın birliyinin daha çox insan tərəfindən bilinməsinin bir nişanəsi olacaqdı. Ancaq Türklər ərəblərin iç üzünü gec-tez gördülər. 


      Talxan şəhərinin hakimi ərəblərlə anlaşmaq istəmir, ancaq digər Türk bəyliklərinin birlik olmaması onu çox qorxudurdu. Ona görə də sülh yolu ilə Kuteybənin elçisinə müəyyən şərtlər daxilində şəhəri təslim etməyin mümkün olduğunu dedi. Ancaq Kuteybə savaşmadan girdiyi Talkan şəhərini digər Türk şəhərlərinə dərs olsun deyə yandırdı. Qoca-cavan demədən bütün kişilər qılıncdan keçirildi, qırx mindən çox adam nizələrə taxılaraq yol boyu görk olsun deyə basdırıldı. Qətliam davam etdi. Qadınlar ərəblərin kənizinə çevrildi. Təslim olmayan bir sıra Türk xanımları zəhər içib özlərini öldürülər. 


      Allah adına qətliam edən, əslində Dəccalın ordusuna rəhbərlik edən Kuteybə bir neçə gün Talxan şəhərini talan edib yandırdıqdan sonra bir neçə Türk əsiri ilə əyləncə gecəsi tərtib etdi. Türk qadınlarını şərab paylamağa məcbur edib onlarla qul kimi davranmağa başladı. Ancaq günlərin bir günü gecənin bir aləmində Kuteybə etdiyi vəhşiliklərin cavabını alacaqdı...


      Dərmirçi Batur oğlu Baysan bir neçə Türk igidi ilə birlikdə gecələr pusqu qurub ərəb düşərgələrinə hücumlar edib sərkərdələri, döyüşçüləri öldürməyə başladılar. Bu qorxu tezliklə ərəblər içində yayıldı. Ancaq Kuteybə ordusu ruhdan düşməsin deyə, daha çox qətliam etməyə, növbəti şəhərləri talan etməyə davam edi. Ard-arda Suman, Kəs, Nəsəf, Fəryab şəhərləri darmadağın edildi. 


     Altınay Talxan qətliamından canını qurtaran bir neçə xanımla birlikdə uzun müddət gizləndikdən sonra Cürcan şəhərinə gəldilər. Orada qadınların təşkilatçılığı ilə bir üsyan bayrağı qaldırdılar. Hansı şəhərlərdə ki, kişilər öldürülüb qadınlar qaça bilmişdi, onlar Altınayın başçılığı altında birləşdilər. Bu zaman Altınayın xəbəri Baysana gəldi. Baysan dostları ilə birlikdə Altınayın olduğu bölgəyə doğru yol aldı...


      Kuteybə Tarxan adlı Türk sərkərdəsi ilə gizlicə görüşüb digər şəhərlərin döyüşsüz təslim olması üçün onu razı salmağa çalışırdı. Ancaq eyni zamanda ona adamı Səlim vasitəsilə bir tələ qurdu. Tarxan Kuteybənin güclü ordusu qarşısında aciz olduğunu anladı. Ancaq özündən başqa heç bir Türkün təslim olmasına zəmanət vermədi. Belə olduğu halda qəzəblənən Kuteybə Tarxanı əsir edib şəhər meydanında 700 Türk igidi ilə birlikdə edam etdirdi. 


       Bir müddət sonra Əməvi ordusu Toxarıstana girərək paytaxt Bəlx şəhərini işğal etdi. Şəhər əhalisi təslim olsa da şəhər dağıdıldı. Ardından Ceyhun çayını aşaraq Buxara və şəhər ətrafındakı Soqdiana torpaqları işğal edildi. İşğalları davam etdirərək 706-cı ildə Bəykənd alındı. Şəhər işğal olunarkən bu şəhəri də dağıdaraq bütün kişilər Kuteybənin əmri öldürüldü. Onun işğallarını durdurmaq üçun Buxara hakiminin sərkərdə olaraq təyin etdiyi Vərdan Xudanı da məğlubiyyətə uğratdı. Vərdanın ölümündə sonra Buxara da ələ keçirildi. 


Daha sonra Səmərqənd, Xarəzm və paytaxtı Xivə vəhşicəsinə işğal edildi. 715-ci ildə Türküstanın içinə doğru ilərləyərək Fərqanənı işğal edən Kuteybə Ərəb imperiyasının ən qüdrətli sərkərdəsi oldu. 

        

        Bu ərəfədə Cürcanda da eyni cür qətliam, talan davam etdi. Talxan və Cürcanda birlikdə yüz mindən çox Türk qətlə yetirildi. Əlli mindən çox Türk qadını, qocası, uşağı Ərəblər tərəfindən əsir götürüldü və özəliklə qadınların kəniz kimi istifadə edilməsinə başlanıldı. İşğal edilən şəhərlərin girindəki kəsilmiş başların nizələrə taxılması, bəzi insanların şəhər meydanlarında iyrənc üsullarla işgəncələrə məruz qalıb edam edilməsi, körpə uşaqlara belə acımayıb bihuşdarı qəbul edən ərəb döyüşçülər tərəfindən başlarının kəsilməsi və s. vəhşiliklər bütün Xilafət ərasizində yayıldı. 


Xəlifə Vəlid öldükdən sonra yerinə qardaşı Süleyman ibn Əbdülməlik gəldi. O da Kuteybənin vəhşiliklə Orta Asiyanı işğal etməsindən narazı idi. Çünki barış, hüzur, qardaşlıq dini sayılan İslam dininin nümayəndəsinin Dəccal kimi davranması sağ qalan və irəlidə Xilafətə xidmət etməyə məcbur ediləcək olan xalqların ərəblərə qarşı üsyan edib işğal edilən torpaqları geri almasından qorxurdu. Ona görə də məktub yazaraq onu dəfələrlə daha insancıl olması barəsində xəbərdar etdi. Saysız hesabsız qələbələrdən və istifadə etdiyi bihuşdarından beyni dumanlanan Kuteybə həm Xəlifə, həm də sağ qalan Türk casuslarının ona xəlvəti ölüm planı hazırladığından xəbərsiz idi...


Altınay qadınlarla birlikdə bir müddət müdafiə olunmaq üçün güc toplamağa, silah-sursat yığmağa başladı. Ərəblərin hücumlarına qarşı bir gizli sitem yaradaraq qeyri-daimi istehkamlar yaradıldı. Bu ərəfədə Baysan da öz igidləri ilə birlikdə ona qoşuldular. Baysan uzun müddət sonra ürəyini Altınaya açdı. Onlar Ulu Turxan Atanın məsləhəti ilə şərq tərəfə çəkilib burada ərəblərə qarşı digər Türkləri üsyana çağırdılar. Bu ərəfədə Göytürk xaqanlığı yenidən dirçəldi və ərəblərə qarşı yeni bir milli mübarizə başlandı...


716-cı ildə Xəlifənin adamları Kuteybənin tərəfdarlarını darmadağın etdi. Kuteybə 11 nəfər yaxın silahdaşı ilə birlikdə bir gecə bir Türk kəndində gizləndi. Ancaq bu zaman Kuteybənin kəndə gəldiyini Baysana bir Türk uşaq bildirdi. Baysan bir neçə silahlı igidlə birlikdə kəndə hücum edib Kuteybəni tutdular. Və Baysan Kuteybəni öldürməmişdən öncə ona vaxtilə verdiyi bir fərmanı xatırlatdı: 


       “Hər kim Türklərdən bir baş gətirərsə, ona 100 dirhəm verəcəyəm, indi müsəlmanlar bir-bir Türklərin başlarını kəsib gətirib 100 dirhəmi aldılar. Və Türkləri darmadağın edib mal və qənimət əldə etdilər. Türklərin kişilərinin kəsilmiş başı, qadınlarının isə sağlam bədəni ərəblərin zəfər nişanəsidir.” 


        Eyni zamanda Altınay Cürcanda vaxtilə can verməkdə olan bir Türk ananın Tanrıya yalvarışını Kuteybəyə xatırlatdı: 


“Ey, müsəlmanların Allahı, gələnlər deyirlər ki, sənin uğrunda savaşırlar, sənin üçün qan tökürlər. Əgər həqiqətən belədirsə, onda mən sənin ədalətinə inanmıram. Əgər sən ucalardan uca, yeri-göyü yaradansansa, o zaman sənin əmrinmidir balaca körpə uşaqların başlarının kəsilməsi, qoca-cavan demədən qadınların yadellilərin kənizinə çevrilməsi? Bu gün Talxanda, Cürcanda qan su yerinə axır. Əgər sən əmr etmisənsə ki, Türklər yer üzündən silinsin, o zaman sən yerin göyün deyil, yalnız ərəblərin Allahısan. Sözlərimə görə, məni bağışla, amma biz Türklər, minillərdir səni Tanrı bilirik, yaradan bilirik. Bundan ötrü dinimizi dəyişməyə də, yurdumuzun talan edilməsinə də ehtiyac yox idi. Ey ucalardan uca, ululardan ulu Tanrı, Kuteybəynin zülmündən sənə sığınırıq.”


       Kuteybə və 11 ərəb döyüşçüsü həmin gün Türklər tərəfindən öldürüldülər. Amma işgəncə görmədən, ərəb xislətini təkrar etmədən. O gün Kuteybənin gəlişini uşaq Baysana belə demişdi: gəldilər, “QARA DONLU” kafirlər gəldilər... Bəli Kuteybə və əsgərləri həqiqətən də əməllərinə görə, kafir sayılırdılar, çünki heç kim bir olan Allahın adı ilə baş kəsib, göz çıxarıb, qan töküb özünü haqlı dindar saya bilməzdi. Türkün Tanrısı əsla belə qətliama göz yummazdı...  


19.12.2024


        

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)