Edebiyyat.az » Proza » Rövşən Yerfi - Bizi belə öyrədərdilər

Rövşən Yerfi - Bizi belə öyrədərdilər

Rövşən Yerfi - Bizi belə öyrədərdilər
Proza
Necef Esgerzade
Müəllif:
21:19, 23 iyun 2019
2 802
0
Mənim uşaqlıq illərim – yəni, beş yaşımdan ondörd yaşımadək müddət yetmişinci illərdə olmuşdu. Hər bir insana bu yaşlarda nə öyrədilsə həmişəlik yaddaşına yazılır və ona sonralar düzəliş etmək düşdüyü çətin anlar, əziyyətlər bahasına başa gəlir. Ağlımız kəsəndən bizi uşaq ikən öyrədirdilər ki, ruslar və ermənilər böyük millətdilər. (Belə söhbətlərdə digər millətlər, məsələn, yəhudilər, gürcülər və ya yerli millətlər xatırlanmırdı.) Onlara hər yerdə hörmət etmək lazımdı. Onlar dövlət maraqlarına zidd olmayan hər şey edə bilərlər. Könülləri istədikləri kimi yaşamalıdırlar. Başının ağrımaması üçün onlara gərək hər yerdə güzəşt edəsən, qarşılarını kəsməyəsən. Kəsərsən, ziyan çəkərsən, səni məhkəməyə verərlər. Hakim də qorxusundan pul versən də, səni müdafiə etməyəcək. (Bacarsan rüşvətin hesabına yalnız özününkünə nəsə edə bilərsən,) Ona görə ki, onların hər yerdə adamları var. Mərkəzi Komitədə, KQB-də, Kremldə, Parisdə, ta Kaliforniyaya qədər. Üstəlik arxalarında o boyda xristian dünyası var. Qısası, ən yaxşısı, salamatı qaç qabağlarından...
 Ermənilər çox qədim millətdi, bizə qardaş xalqdı. Misal üçün şamaxılı Aleksandr Şirvanzadə - iki qardaş xalqın yazıçısı, iki xalqın aşığı – Sayat Nova. Ardınca da “Kür, Araz, Ararat” mahnısını öyrədərdilər. (Sonralar anladım, “əzəli qardaşların” arzuladıqları ərazi elə bu üç adın əhatəsindədir.)
 Ruslar isə dünyada ən böyük xalq, ən gözəl millətdilər. Bütün dünya onlarla hesablaşır, onların qəzəbindən qorxurlar. Rusa heç bir millət bata bilməz.
 Həm də ən xeyirxah, insanpərvər millətdilər. Biz elə onların hesabına gün görmüşük, adam olmuşuq. Əsrlərlə qalmışdıq farslarla türklərin tapdağı altında...
 Rus dili ən şirin dildir. Bu dili bilsən dünyanın hər yerində rahat gəzə bilərsən. Bizim millət rus dilində yaxşı danışanda ruslardan çox da fərqlənmir, erməni-gürcü kimi milliyyəti gözə girmir. Əgər ətrafında bir nəfər ayrı millətdən varsa, gərək mütləq rus dilində danışasan.
 Mədəni ailələrdə uşaqlar atasını “papa”, anasını “mama” çağırmalıdı. Rus dilini heç olmasa, məişət dili səviyyəsində bilməlisən ki, qarşına bir rus çıxıb söz soruşanda ona kömək edəsən. Yoxsa, bizim haqqımızda pis fikirləşərlər.
 Rusları – “böyük qardaşımızı” kitablarda, jurnal və qəzetlərdə elə tərifləyirdilər, adam səmimi qəlbdən rus olmaq istəyirdi. Öz-özünə peşmanlıq keçirirdin ki, mən niyə dünyaya rus gəlməmişəm?..
 Biz isə a-zər-bay-canlıyıq! Nə olursa olsun türk deyilik. Düzdü, türklər Orta Asiyadan köçəndə bizim ərazimizə doluşub dilimizi dəyişdirib türkləşdiriblər. Ona görə də dilimiz türk dilləri ailəsindən sayılsa da, özümüz türk deyilik.
 Bizim türk paşalarına qarşı vuruşan Koroğlumuz, ərəblərə qan udduran Babəkimiz, Allah, həqq mənəm deyib dərisi soyulan Nəsimimiz, qılıncı ilə türkün topunu paralayan şah İsmayılımız var. İllərlə Teymurun mühasirəsində qalan Əlincə qalamız, Qacara tabe olmayan Şuşamız var. Və nəhayət, dostluq, qardaşlıq nümunəsi 26 Bakı komissarımız var...
 18-ci ildə Rusiyanın zəifləməsindən istifadə edən türklər varlıların partiyası Müsavatın dəvəti ilə Bakını tutdular. Pantürküstlər hakimiyyətə gəldi. Çox keçmədi fəhlə və kəndlilərimiz ayağa qalxaraq onları devirib, XI Qızıl Ordunun köməyi ilə xalqımızı azadlığına qovuşdurdular.  
 Biz indi xoşbəxt yaşayırıq, dünyada bizdən xoşbəxt xalq yoxdu, kapitalist ölkələri bizə paxıllıq edirlər. Hər il planları artıqlaması ilə ödəyərək vətənə raport veririk. Heç bir respublikada bizim qədər "Qırmızı Bayraqlar", mükafatlar almırlar. Ət və yağ talonları israfçılığın qarşısını almaq üçündü, kim çox istəyir, bazar qiymətinə alsın.
 Biz hamı ilə dostuq, bütün millətlərə qucaq açırıq, qonaqsevərik. Qonaqpərvərliyimizlə və Qafqazda ən beynəlmiləlçi respublika olmağımızla fəxr edirik!
 Bizə erməni, gürcü kimi millətçi olmaq yaraşmaz. Millətçilik çox yaramaz bir işdir. Belələrinə aramızda yer olmamalıdır. Dərhal cəzalandırılmalıdır.
 Sakit okeandan Baltik dənzinə qədər hər yer vətənimizdir, Maqadan da, Murmansk da... Mütləq deyil ki, Azərbaycanda yaşayasan. Əsas odur ki, işin olsun, evin olsun, pulun olsun. Bunlar olandan sonra hər yer vətəndir (erməni xasiyyəti).
 Yeri gəlmişkən, Rusiyadakı əksər bazarların bizim adamlar tərəfindən zəbt edilməsindən qürrələnirdik. Bəh-bəhlə belə bir lətifə yaratmışdılar: guya respublika başçımıza sual verirlər ki, niyə azərbaycanlı kosmonavt yoxdur. O da cavab verib ki, kosmosda hələ bazar açılmayıb, açılan kimi bizimkilər hamıdan qabaq orda olacaq.  
 Bu lətifənin məşhurlaşmasında məqsəd azərbaycanlının aşağılanması, yerinin bazar olmasını xatırlatmaq idi. Bir qayda olaraq bütün lətifələrdə azərbaycanlı rusdan, ermənidən tənbəl, pula həris, məqsədinə çatmaq üçün əyri yollara qaçan biri kimi təsvir edilirdi.
 Bəli, bizləri o zaman belə öyrədir, tərbiyələndirir, təlimatlandırırdılar – özündən qeyri başqalara hörmət, ehtiram aşılamaqla. Aparılan siyasətə qarşı “KQB”-nin qorxusundan kimsə səsini çıxartmırdı, hesab edirdik belə də olmalıdır.
 Acınacaqlısı odur ki, aradan xeyli dövr, əsrin yarısına yaxın vaxt keçsə də sıralarımızda bu sayaq fikirlərlə düşünənlər və danışanlar hələ də qalmaqdadırlar. Hələ də biganəyik bir-birimizə, heç cürə sevə bilmirik özümüzü, özgəyə, yada meyllənməyə fürsət gözləyirik...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)