Edebiyyat.az » Proza » Fərid Muradzadə - Desna 2

Fərid Muradzadə - Desna 2

Fərid Muradzadə - Desna 2
Proza
nemət
Müəllif:
22:10, 17 sentyabr 2019
1 479
0
Fərid Muradzadə - Desna 2


 


 
 Uşaqlıq illəri hər kəsin bir ömür boyu, xüsusən də bəlli bir yaş mərhələsindən sonra hər zaman şirin xəyallar, xoş xatirələr, mənalı illər kimi xatırladığı bir dönəmdir.  Uşaqlıq illəri dedikdə hər kəsin qayğısız, dərdsiz-qəmsiz, əzizlənən, sevilən çağları göz önündə canlanır. Mən isə öz uşaqlıq və yeniyetməlik illərimi bəzən heç xatırlamaq istəmirəm. Xatırlayanda da əzablı, möhnətli, qəmli, kədərli, uşaqlığımı məndən oğru kimi alan, arzularımı çalan, istəklərimi öldürən, istədiklərimi əldə edə bilmədiyim və bunları da kimsə ilə bölüşə bilmədiyim illər kimi xatırlayıram o illəri.
   Mən ziyalı ailəsində dünyaya gəlmişdim.  Atam müəllim idi. Kənddə yaşayırdıq.  Ucqar və sərhəd bir dağ kəndində.  Kəndimiz o qədər gözəl, o qədər səfalı, insanları o qədər saf və həyalı idilər ki, sonradan həyatın sərt silləsindən dada-dada o kəndi, o insanları, o mühiti çox müqayisə edib oranın  həsrətini çəkərdim.  Atam hər zaman bizi oxumağa , elmli, savadlı olmağa həvəsləndirərdi. Kənd evlərini yəqin ki hamı görüb, otaqları çox geniş olur. Kənddəki evimizin geniş otaqlarından birinin (buna biz qonaq otağı deyirdik, bəzən də sonradan tikildiyi üçün təzə ev də deyərdik) uzun  divarı boyu atamın zəngin bir kitabxanası vardı. Sovetlər birliyində yaşayırdıq. Atam  BDU universitetinin tarix fakültəsini bitirib təyinatla kəndimizin məktəbində müəllim işləyirdi  və  eyni zamanda da  tarixçi olduğuna görə də partiya komitəsinin katibi idi( buna partkom deyirdilər) O vaxtlar BDU-nin tarix fakültəsini bitirənlər yaxşı dövlət vəzifələrinə çəkilirmiş, təbii ki ,,görüm-baxımla". Amma mənim müharibə veteranı olan kolxozçu babamın elə maddi imkanı olmadığı üçün atamı sadəcə partkom təyin ediblər. Xülasə bu partkomluq işi ilə əlaqədar atam tez-tez rayon partiya komitəsinin iclaslarında iştirak edərdi, yəni atam rayon mərkəzində çox olardı. Hər gəlişində bizə kitab alardı. Mən belə görmüşdüm.  Bu minvalla birinci sinfi bitirib 2 -yə keçmişdim. Yay tətili idi.( amma tətil də olsa mən kitablardan ayrılmamışdım) Bizim Qərbi Azərbaycanda da qohumlarımız yaşayırdı. Həmin vaxt onlar da istirahətə gəlmişdilər. Qohumumuzun məndən 1 yaş böyük oğlu Rahim kəndə ikitəkərli bir velosiped gətirmişdi-Desna 1. Həmin yayı o kənddə bu velosiped çox məşhurlaşdı bə hətta elə bir həddə çatdı ki  bütün tay-tuşlarımın söhbət mövzusuna çevrildi. (velosipedçi və velosiped artıq kənddən getmişdi) Velosiped mövzusu elə bir həddə çatdı ki qonşumuzun oğlu (o da məndən 2 yaş böyük idi) imkanlı atasının ,,bitini divara dırmaşdırıb" sanballı bir velosiped aldırdı 26-lıq- Desna 2. Bütün kənd uşaqları Firuzun velosipedindən danışırdı. İnsafən gözəl velosiped idi və gözəl  bəzədilmişdi. Hətta bəziləri xəyalən artıq o velosipeddən sürürdü, bir qismi isə əminliklə : - ə , sən öl dədəm, (əmim, papam, atam kim necə müraciət edirdisə elə) maa da alajax. Bax beləcə həmin yayın kənd uşaqları üçün ən aktual mövzusu oldu bu velosiped. Mən də uşaq idim və mən də bu velosipeddən istəyirdim, amma bunu heç kimə demirdim. Nə anama, nə də partkom atama! Sadəcə özüm-özümlə həmsöhbət olar, xəyallar qurar, xəyallarımda kəndin yenicə çəkilmiş asfalt yollarında öz gümüşü Desna 2-mi sürərdim. Açığı, atama desəm alardı. Amma əsas məsələ bu idi ki mən balaca idim və bu böyük velosipedin pedalına ayağım istəsəm də çatmazdı, ona görə rahat-rahat bir azca böyüməyimi gözləyirdim. (Məlum hadisələrdən sonra illərdir ki mən gözləməkdən nifrət edirəm) Amma müharibə deyilən dəhşətli, fəlakətli bir məfhum mənim arzumu gözümdə qoydu. Müharibə özünün qara qayğılarını üstümüzə sərdi. SSRI dağıldı. Dağılmış,məhv olmuş, parçalanmış sovetlər birliyi kimi mənim Desna 2 arzum da dağıldı, parçalandı, bölündü, çilikləndi. Artıq 40 yaşım var,  necə deyərlər dünya dəyişib.  Bəşəriyyət gündən-günə sürətlə inkişaf edir. Bizim uşaqlıq illərimizin təsadüf etdiyi qapalı Sovet rejimindən fərqli olaraq kapitalist dünyası açıq bir dünyadır. Biz Sovetlər birliyindən azad olandan sonra dünya markalarını tanıdıq. Bu gün onlarla məşhur velosiped brendləri var. Amma mənim üçün hələ də bir brend var ki mən hər zaman qeyri-ixtiyari onu xatırlayıram. Mənim üçün məşhur ikitəkərli velosiped brendi uşaqlıq illərimdə əldə edə bilmədiyim, pedalına ayağım çatmayan, ,,böyüyəndə sürəcəyim", lakin mən böyüyəndə mənə qismət olmayan, ağlım kəsəndən həsrəti ilə qovrulduğum Desna 2. Oğluma velosiped almağa gedəndə belə çaşıb Desna 2 demişdim.  Yaxşı ki gənc satıcı anlaşılmaz dediyimi  başa düşməmişdi...
 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)