Edebiyyat.az » Proza » Elgün Ağayev - Batan dahi

Elgün Ağayev - Batan dahi

Elgün Ağayev - Batan dahi
Proza
Necef Esgerzade
Müəllif:
14:57, 24 oktyabr 2019
1 849
0
Dörd tərəfi ideya dənizi ilə əhatə olunmuş utopik adada bir gənc yaşayırdı. Gənc doğulandan bəri burada yaşayır və buradakı yeməklərlə qidalanırdı. Bir gün gənc indiyə kimi üzləşmədiyi bir hadisə ilə üz-üzə gəlir. Dənizdə ona oxşayan bir nəfərin üzdüyünü görür. Bundan qorxaraq təşvişə düşən gənc geriyə qaçaraq adada gizlənir. Bir müddət keçəndən sonra isə yenə geriyə qayıtmağa qərar verir. Dənizdə gördüyü adam orada idi. Adam yerində çabalayırdı nə batırdı, nə də üzərək xilas olmağa cəhd edirdi. Sadəcə heçnə olmamış kimi dənizin ortasında çabalayırdı. Bir müddət keçəndən sonra adadakı gənc dənizdəki oxşarına səslənir:

- Sən kimsən? Burada nə edirsən?

- Mən sənəm, sən.

Cavabı eşidən gənc çaşıb qalır:

- Necə yəni sən?

- Hə mən sənəm, sən. Mən dahiyəm yəni ki, sən.

- Bəs orada neynirsən? Niyə üzüb bura gəlmirsən?

- Məni əslində sən yaratmısan, mənə üzməyi öyrətməmisən, nə də batmağı öyrətməmisən. Məni xilas edənə kimi burada olacam.
 
Bu söhbətdən sonra çaşıb qalmış gənc daha heç bir sual vermir. Bir qədər fikrə gedir. Sonra isə sahildən uzaqlaşaraq adada özü üçün düzəltdiyi sığınacağa qayıdır. Dahini ilk gördüyü gündən bəri hər gün onu dənizdə görürdü. Onun dahiylə elədiyi ilk və tək danışıqdan bir neçə gün keçmişdi, gənc bu danışıq haqqında çox fikirləşmişdi və nəhayət dənizə atılaraq onu xilas etmək qərarına gədi. Dənizə atıldı, dahini xilas edərək sahilə çıxartdı. Birdən kimlərsə sanki naməlum qüvvələr bunların üzərinə daş atmağa başladılar. Atılan daşlar ancaq dahiyə dəyirdi. Dahi gəncə dilləndi:

- Buranı, burdakı hər şeyi sən yaratmısan, hər şey sənin beyninin məhsuludur, bizə daş atan o adamlar da. İstəsən onların qarşısnı da ala bilərsən. Bunu yalnız sən bacaracaqsan. Onlara fikir verməsən onlar çıxıb gedəcəklər.
Bir müddət sonra gəncə də bir neçə daş dəydikdən sonra naməlum adamlar itdilər. Gənc dahiyə dilləndi:
 
- Bunlar kim idilər, niyə bizə daş atırdılar?

- Məni xilas etmisən, sahilə çıxartmısan, onlar məni istəməyənlərdi. Həmişə məni batırmağa çalışanlardı. Mənim sahildə olduğum müddətdcə onlar həmişə olacaqlar. Onlara əhəmiyyət vermədikcə itib gedəcəklər.

- Bunun başqa yolu varmı?

 - Başqa bir yolu var o da ki, məni yenidən dənizə göndərmək, belə olduqda onlar olmayacaq. Belə olmadıqda da onlar olmaya bilər, birinci dediyim. Gənc bir qədər fikirləşdi və bu daş atanlardan xilas yolunu ən sadə yolda ikinci yolda gördü. Və dahini yenidən dənizə göndərdi. Və bir də heç vaxt onunla danışmadı. Onu hər gördüyünüdə görməzdən gəlirdi.  

İllər keçmişdi gənc öz adasında artıq qocalıb əldən düşmüşdü, son günləri idi. Dənizdəki dahi isə onu ilk dəfə gördüyü kimi idi, heç dəyişməmişdi. Buna paxıllığı tutan gənc sahilə tərəf gəldi və dahi ilə son danışığa başladı:

-Ey dahi! Niyə sən qocalmamısan? Niyə batmamısan? Bəs nə vaxta kimi burda olacaqsan? Niyə heç danışmırsan?
Dahi uzun illərdən sonra dilləndi:

- Məni sən yaratmısan, mənə nə üzməyi, nə də baxmağı öyrətmisən. Məni buradan da yalnız sən çıxarda bilərdin. Bu dənizin məhsullarından isə cəmi bir dəfə dadmağa cəsarət elədin sonra qorxdun. Məni bir dəfə sahilə çıxartdın sonra isə daş atanlardan qorxduğun üçün məni geriyə göndərdin. Ən aciz, ən qorxaq, ən sadə yolu - zəiflərin seçdiyi yolu seçdin. Qorxdun! Məni geriyə göndərdin və bir daha mənimlə maraqlanmadın. Amma yenə də gec deyil, yenə də məni buradan çıxarda bilərsən. Lakin zaman? Zaman dayanmır. Məndən istifadə etməyə zamanın çatar? Zaman həmişə bərk qaçır. Sən gənc olanda da zaman bərk idi, indi qocalmamısan zaman isə səndən qat-qat sürətlidir. Bir neçə günə bəlkə də öləcəksən ancaq məni sən xilas eləmədiyin üçün heç kim xatırlamayacaq. Sən özün isə heç kim idin. Dahilər heç vaxt ölmür deyirlər. Düz deyirlər ancaq bəzi şeyləri deməyi unudublar. Xilas edilmiş dahilər heç vaxt ölmürlər, həmişə yaşayırlar. Dahilik əbədidir. Xilas edilməyən dahilər isə batırlar. Məni batırdığın kimi! Mənə üzməyi öyrətmədiyin kimi. Bunları deməyi unudublar. Dahiləri yaradan sənlər tərəfindən üzməyi bacaran dahilərdir həmişə yaşayan. Mənim kimi üzə bilməyənlər isə həmişə olacaq - üzə bilmədiyimiz üçün batanlar.  

Bunları dedikdən sonra isə dahi bərkdən gülməyə başladı. Gülüş səsləri qocalmış gənci narahat edirdi. O, yenidən öz sığınacağına qayıtdı, qulaqlarından dahinin gülüşü getmirdi. Özünü sanki doğulmamış kimi hiss edirdi.  

Bir neçə gün keçdikdən sonra isə dənizin suyu yavaş-yavaş qurumağa başladı. Dahi daha görünmürdü. Adada isə bəlkə də heç kimə lazım olmayan qocalmış gəncin quru cəsədi qalmışdı.

(İyul 2017)
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)