Edebiyyat.az » Proza » Nemət Mətin - Məscid yolunda gülləri qoxulamaq

Nemət Mətin - Məscid yolunda gülləri qoxulamaq

Nemət Mətin - Məscid yolunda gülləri qoxulamaq
Proza
nemət
Müəllif:
17:28, 05 dekabr 2019
1 578
0
Nemət Mətin - Məscid yolunda gülləri qoxulamaq
     




Saatın altında onu gözləyirəm. Saat bir dəfə danq elədi. Deməli, günorta birdir. Başımı qaldırıb baxmağa ehtiyac yoxdur. Bəzən görmədən qərar verir insan. Darıxanda fəlsəfəyə keçirəm. Bu,nə axmaq düşüncələrdi? Yoldan keçənlərə baxıram. Oğlan, qoca kişi, qız, xala, nənə itlə, baba nəvəsi ilə, sevgililər...


Lənət şeytana, sevgililəri görüb darıxdım. Əsl fəlsəfə zamanıdır. Yox, mən Volter deyiləm ki, darıxanda kitab yazım. Heç Rotterdamlı Erazm da deyiləm. Darıxmaq olmaz. Gözləyim. Gələcək, mütləq gələcək. Axı O, məni sevir...


Danq, danq... Bir saat da keçdi. Qarnımda musiqi ansamblı ifa edir. Acımışam. Ömrümün baharı gəlsəydi, yaxınlıqdakı restorana gedərdik. Sevgililərçün ayrılmış kabinet, həzin musiqi, monastrsayağı ət və üstündən çay. Mütləq çay olmalıdır.


Danq, danq, danq. Sanki saatın arxasınca qaçırlar. Nə tez üç oldu. Yəqin bəzənir. Gözləyim. Deyir, nə qədər səbr etsən, qələbə bir o qədər şirin və zövqlü olur. Atatürkün planı kimi. Geriyə çəkilə-çəkilə düşməni öz ərazilərində məhv etmək. Səbrli olan həmişə qalib gəlir. Yəqin dodaqlarına çiyələk sürtür, yanaqlarına isə moruq. Gözlə Adil, gözlə. O səni sevir. Mütləq gələcək.


Danq, danq, danq, danq... Oğraşdı yalan deyən, səbrim tükənir. Gəlməsə, küsüb getməyəcəyəm. Yalnız sevməyən insanlar belə edir. Mən onu tapıb üzünə deyəcəyəm. Hər şeyi deyəcəyəm. Əlimdəki güllər də solur. İnsanın ürəyi solsa da, üzdə görünmür. Yenə fəlsəfə açıram. Yavaş-yavaş soyuq olur. Üşüyürəm. Xəyali çərçivə çəkib ətrafında fırlanım. Bədənim qızsın. O,burada olsaydı,diskotekaya gedərdik. "Çarliston”dan girib, "Tvist”dən, "Tərəkəmə”dən girib "Lambada”dan çıxardıq. Gəlmir...


Danq, danq, danq, danq, danq... Saata bədbəxtlər baxır. Bəlkə mən dəqiq insanam. Bədbəxt deyiləm. İşə bir bax! Özüm-özümü ittiham edib sonra tərəfimi tuturam. Həm hakiməm, həm də vəkil.


Popkorn satan oğlanın səsi başıma düşdü. Üç dilənçi yaxınlaşmışdı. Bu da dörd oldu. Hamı da bir manat istəyir. Dilənçi köpək uşaqları sevgilimi tapıb gətirsəydilər, milyonlar verərdim. Milyonum var axı?! 


Danq, danq, danq, danq, danq, danq... Məni dəli etməyi düşünür. Daha bilmir ki, meşədə mənim kimi cır qoz yoxdur. Üstümə buldozer çıxsa da, sınmaram. Dirəşmişəm. Gələcək. 


İlk görüşümüz yadımdadır. Məni aldadıb fotosessiya adı ilə çağırmışdı. Hərdən ona hirslənirəm. Amma sonra yadıma düşür ki, hərəkət edən oğlan deyildim. Key kimi qızlara baxıb xəyallar qururdum. Halbuki yaraşıqlı idim. İki cümlə desəydim, axşam tək yatmayacaqdım. Son günə qədər söz oyununu bacarmayacağam...


Danq, danq, danq, danq, danq, danq, danq... Yetər, bəsdi... Hər şey bitdi. Altı saatdan çox keçib. Məni ələ salır. Gedib onu tapacağam. İkinci görüşümüz yadıma düşür. Pul çox çıxmasın deyə restorandakı menyünü oxuyandan sonra "gəl, gedək Makdonaldsa" demişdi. Eh Gültən, eh... Səni öldürəcəyəm.
 


***

Hava qaralır. Kölgələr dağılışıb evlərinə gediblər. Ay da ulduzları qoltuğuna vurub gecəgilə gedəcək; hər gün olduğu kimi. Axşam düşdükcə şaxta artır. Yerə düşən yarpaqlar üşüyür. Ağaclar onlardan uzaq düşmüş yarpaqlar üçün darıxır. Yazda yeni tumurcuqlanan yarpaqlar xəzəl olmuş yarpaqları anlamazlar. 


İki molla qəbiristanlığın həyətində tikilmiş daxmalarında dəmir sobaya yaxın oturublar. Biri dua edir. O biri isə əsəbiləşir. Qara araqçınlı molla xeyli susandan sonra ağ araqçınlıya deyir:
- Dayan da... Dua vaxtıdır? Bütün günü işin dua etməkdi. İmkan ver söhbət edək. Xeyiri yoxdu. Nə qədər dua eləsən də, cəhənnəmə düşəcəksən.
Ağ araqçınlı susur. Üzü qəribə şəkil alır. Sonra sual verməyə tələsir:
- Niyə elə düşünürsən?
- Bilirsən, uzağa getməyək. Elə götürək dünənki hadisəni. İki yerə ölü basdırmağa çağırmışdılar. Varlı adamın evinə getdin. Kasıba isə dedin ki, mənə zəng eləsin. Elə bilirsən, xəbər tutmadım?
Ağ araqçınlı qırmızı sifət alıb qaşlarını endirir.
- Düz deyirsən. Amma günah olmasaydı, dua nəyə lazım olardı?
- Heç mən də bilmirəm. Bir onu bilirəm ki, həyat qəribədir.
İkisi də susub sobada çıqqıldaşan odunların səsinə qulaq şahidi olurlar.
Ölü səssizliyi qara araqçınlı molla pozur.
- Bir pəncərəyə bax!
Ağ araqçınlı molla yavaş-yavaş dizlərini yerə qoyub pəncərədən qəbiristanlığa açılan mənzərəyə baxır. Qoca bir kişi yağışın altında ziyarətə gəlib. Əlində də solğun qızılgüllər.
- O kimdi?
- Heç bilmirdim oradadır. Daha doğrusu, o hər gün gəlir deyə təxmin etdim. Bir həftədir hər gün gəlir. Əvvəl mən də tanımırdım. Sən də qardaşıngilə bir həftəlik qonaq getmişdin deyə fikrimi bölüşə bilmirdim. Kəndin ağsaqqallarından maraqlandım. Qocanın ömür-gün yoldaşı keçən həftə vəfat edib.
- Hə, nə olsun?! Belələrini çox görmüşəm. Uzağı gələn həftə yoldaşını unudacaq.
- Qulaq as! Maraqlısı bu deyil. Maraqlısı odur ki, O, yoldaşının ölümü ilə barışmayıb. Hər gün şəhərdəki saatın altında dayanaraq sevgilisini gözləyir. Məhəlləmizdəki uşağa iki dəfə beş manat vermişdim. Onu izləyib mənə xəbər çatdırırdı. Onun üçün hamı ölüdür. Bir tək sevdiyi qadından başqa...
- Sən də elə onun ağlındasan.
- Anlamayacağını bilirdim. Qoca kişi otuz il geriyə səyahət edib. Sevgilisi ilə görüşə gedir. Yoldaşının görüşə gecikdiyinə hirslənib qəbiristanlığa yol alır. Hər gün. Onu burada tapıb tənbeh edir. Sonra üzr istəyir. Sonra ağlayıb yerə çökür. Torpağı öpüb qadını sığallayırmış kimi qumda eşələnir. Axırda da gülləri qoxulayaraq çıxıb gedir. Bilirsənmi gülləri nə üçün qoxulayır?
- Niyə?
- Yadına gəlir? Ağlını itirmiş bir qoca hər gün məscidə gələndə parkın güllərini qoxulayıb sonra yoluna davam edirdi?
- Hə, yadımdadır. Məclisini mən aparmışdım. Əlli manat verdilər.
- Gülləri qoxulamaq sənin qışqıra-qışqıra oxuduğun dualardan min qat böyük və saf duadır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)