Edebiyyat.az » Proza » Nemət Mətin - Ata ürəyi

Nemət Mətin - Ata ürəyi

Nemət Mətin - Ata ürəyi
Proza
nemət
Müəllif:
20:46, 02 yanvar 2020
1 447
0
Nemət Mətin - Ata ürəyi

  

                                                        

                                    

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır

...Qara çörək

Bəyaz pendir

Qırmızı çaxır

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır (Adil Mirseyid)

 

 

 Qış gecəsidir. İt də nəfəskəsən soyuqda bayıra çıxmazdı. Amma insanlar işdən qayıdırlar. Şaxta qurduğum xəyalları da dondurur. Ağız boşluğundan çıxardığım buxarı siqaret tüstüsü kimi üfürürəm. Ayağlarımın altında sıxılan qar dənəcikləri bərkiyərək məzəli səs çıxarır. Xart... xart... xart...

 Ağ mələfəyə bürünmüş küçə ilə addımlayıram. Qar elə yağır ki, sanki zaman sürətini azaldıb. Kirpiyimə kimi qar içində olsam da görünən mənzərə və sakitlik ürəyimə istilik gətirir. Zamanın gözəl mənzərəsinə həbs olub qalmışam. İnsan ayağı dəyməyən, qarla örtülmüş hamarlıqlara ayaq basıb korlamaq istəmirəm deyə uçmağa hazıram. Təki təbiətin yaratdığı şıltağlığı pozmayım...

 Yenə işıqlar   gedib. Küçə qapısını açıb talvardakı lampanı görəndə anladım. Paho, həyətdə dizəcən qar yağıb. Səhər yuxudan ayılan kimi təmizləyərəm. Səhərə sağ çıxıb-çıxmayacağımı bilmədən sabaha planlar qura-qura evimin pəncərəsinə yaxınlaşanda şam işığının pəncərədəki siluetini gördüm. Deməli, heç kim yatmayıb. Məni gözləyirlər.

 Qapını döyəndə uşaqların səsi gəldi. İçəri daxil oldum. Qabağıma qaçıb əllərimə baxdılar. İki donmuş, qızarmış əli boş görüb məyus oldular. 

-Ceyran, Nazim , ata sabah sizə hər şey alacaq. Dükan bağlı idi.

Yalan deyirdim. Sadəcə olaraq pulum bitmişdi. Sabah planlarıma kimdən borc almağım da daxil idi...

 Əynimi dəyişib yemək yeyəndən sonra canıma istilik hopdu. Uşaqların qılığına girib “yaxşı ata” obrazı oynamaq qərarına gəldim. Elə bu dəm işıq gəldi. “Urraaa” qışqırdıq. Televizoru yandırıb musiqi verilən kanala çevirdik. Uşaqlarla əldən düşənə qədər oynadım. 

 Yoldaşım çoxdan yorulub yatmışdı. Nazim divanda sönmüşdü. Sağ əlinin iki barmağı ağzında idi. Ceyrana isə nağıl danışmamış yatmır. Qızımı qucaqlayıb nağıl danışıram. Birdən Ceyran sual verdi:

-Ata, bizdə niyə yolka yoxdur?

 Ürəyimə kim isə çəkiclə vurdu. Nə deyəcəyimi bilmədim. Susmaq da olmazdı. Nəhayət dinləndim:

-Sabah şaxtababa gətirəcək.

Sanki uşaq sabahın tez açılması üçün gözlərini yumdu. Bir neçə dəqiqədən sonra yuxular aləmində idi.

 Uşağa söz vermişəm. Belə olmaz. Gərək eldar şamı tapım. Dükandan almağa pul yoxdur. Druid də deyilik ki,  palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edək. Eldar şamı tapmalıyam. Təbii ağacın ətri evə yayılsa xoşhal olarıq. 

  Evdən çıxdım. İşlədiyim binanın ərazisində eldar şamları göyə ucalır. Bəxtimdən iş yerim yaxında yerləşir. Ayaqla cəmi on beş dəqiqəlik yoldur. Mühafizəçilərdən yayınıb içəri keçməyi düşünürdüm. Həyacan canımı hopdu. Ömrümdə ilk dəfə oğruluq edəcəkdim. Sürünə-sürünə məftillərin altı ilə ağaclara tərəf getdim. Cibimdən ət doğrayan baltanı çıxarıb münasib bildiyim ağaca vurmağa başladım. Mühafizəçilər yaxınlaşanda dayanırdım. Ürəyim yerindən çıxırdı. Ağzımla tez-tez nəfəs alırdım. Siqaret çəkməsəm də təngənəfəs idim. Həm həyacan, həm də şaxta rahat nəfəs almağa imkan vermirdi. Mən boyda ağac üstümə aşanda cınqırımı çıxarmadım. Sürünə-sürünə geri qayıtdım. Məftilləri keçəndə ayağım ilişdi. Güc-bəla ilə məftillərdən qurtulanda dizimi yaraladım. Lənətə gəlmiş iş. Elə bil zindandı...

 Yolda sevincimdən fit çalırdım. O qədər sevinirdim ki, şaxta da təsir etmirdi. Qapıya çatanda  özümdən asılı olmayaraq dua etdim:

“İlahi, hər şeyə görə çox sağ ol! Uşaqların yanında məni pərt etmədin...”

 16-cı əsrdə kiminsə ağlına gəldiyi adəti təkrar edirik. Şam ağacından sapa bağlanmış meyvələr, konfetlər, şirniyyatlar, oyuncaqlar asırıq.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)