Edebiyyat.az » Proza » Vüsal Oğuz - Çağrılmamış Şaxta baba

Vüsal Oğuz - Çağrılmamış Şaxta baba

Vüsal Oğuz -  Çağrılmamış Şaxta baba
Proza
nemət
Müəllif:
14:17, 17 dekabr 2019
1 522
1
Vüsal Oğuz - Çağrılmamış Şaxta baba

               

             


    Binadan çıxan kimi ilk işi siqaret yandırmaq oldu. İri gövdəli bir ağaca söykənərək sümürməyə başladı. Saatı öyrənmək üçün telefonunu axtardı. On ikinin yarısına az qalmışdı. Sonuncu  sifarişi də də yola vermişdi. Qazancı  pis deyildi. Əlini cibinə salanada barmaqları  pula toxundu. Bayaq ev sahibinin onun cibinə pul qoyduğunu xatırladı. Ürəyində  “Sağ olsun. Yaxşı adama oxşayırdılar”  deyə pulu çıxardaraq baxdı. İyirmiliyi  görəndə    sevindi. Artıq vermişdilər. Əslində, heç vaxt əlavə nəsə gözləməmişdi müştəridən. İşini  vicdanla  görməyə çalışardı. Baxmayaraq ki, bu işin daimi müştərisi yox idi, amma həmişə çalışardı ki, ondan razı qalsınlar. Xüsusi ilə də, balacalar. Onun gəlişinə sevinən balacaları  necə narazı salmaq olardı axı?  Uşaqlar həmişə sevmişdi.

                Tələbəlik illərində böyük arzuları vardı. Gecələr acından səs salan qarnının xəbərdarlıq siqnallarına qulaq asa-asa yatağında gözlərini tavana zilləyərək özü üçün dadlı xəyallar qurardı. Böyük səhnələr, çəkiliş meydançası, işıqlar və təqdimatlar. Çox vaxt da baş rolda  görərdi  özünü. Heyf alınmadı. Heç nə arzuladığı  kimi olmadı. O xəyallar qaldığı darısqal, rütubətli otağın  divarlarından o yana aşa bilmədi. Heç kimin xəyallarından, arzularından xəbəri olmadı. İçində dəfn etməyə məcbur oldu. Hərdən fikirləşirdi ki, nə yaxşı heç kimə danışmamışdı  onları. Tələbə olanda həmişə maddi çətinlik çəksə də həyatından razı idi. Həyat eşqi aşıb-daşardı. Heç nəyi dərd etməzdi özünə. Onsuz da taleyi gətirməmişdi, həyat heç vaxt onun üzünə gülməmişdi. Ata və anasının avtomobil qəzasında itirdikdən bir il keçməmiş, nənəsinin də ölümü onun yolunu uşaq evinə gətirib çıxardı. Uşaq evindəkilərin dediyinə görə  4   yaşında imiş bura gətriləndə. Nədənsə nə anasını, nə də nənəsini yadına sala  bilmədi heç  vaxt. Yalnız atasının onun sol gözündən öpməsini xatırladı həmişə. Heç atasının üzü də   yadında  qalmamışdı. Ancaq gözündən öpməsini saxlamışdı uşaq yaddaşında. Özünə söz vermişdi ki, gələcəkdə tanınmış aktyor olanda atasının adını özünə təxəllüs götürəcək. Oğlu olsa, atasının adını qoyacaq. Uşaq evində gecələr uşaqlar analarını istəyəndə o, niyəsə həmişə atasını axtardı, onu arzulayırdı.

                Tələbəlik illərində seçilərdi tələbə yoldaşlarından. Xarici görkəmi, səsi, danışıq üslubu ilə müəllimlərinin diqqətini elə birinci kursdan cəlb edə bilmişdi. Birinci kursda oxuyanda bəzi seriallarda epizodik rollarda çəkilmişdilər onu. Müəllimləri, tanış rejissorlar onun  haqda yaxşı fikirdə idilər. “Yaxşı aktyor olmaq üçün şansın böyükdür”  deyərdilər.   Hər şey necə də gözəl idi o vaxtlar... İki kurs aşağıda oxuyan sevgilisi onunla fəxr  edərdi. Onu qrup yoldaşlarına qısqananda özünü acıqlanmış kimi göstərməyə çalışardı. Əslində, həzz alardı bu qısqanclıqdan.

                ...Hər şey ordudan tərxis olunmağına 18 gün qalmış baş verdi. Tərxis olunmaqları haqda  əmr gəlsə də, nədənsə onların manqasını ön postdan çağırmırdılar. O hadisə baş verən gecə yuxuda atasını görmüşdü. Elə bil nəsə demək istəyirdi ona. Nədənsə səsi çıxmırdı rəhmətliyin. Sonra atası həmişə olduğu kimi əyilib gözündən öpdü. İstədi atasının boynunu  qucaqlasın, atası yoxa çıxdı. Səhərə qədər yata bilmədi.

                Gündüz postda olanda da yuxusunu unuda bilmədi. Elə hey atasının nə demək istədiyini  düşündu o gün. Hərbi xidmətdə olduğu müddətdə ilk dəfə idi atası yuxusuna  gəlmişdi. Ürəyində “Az qaldı, ata. Bu gün-sabah düşürəcəklər bizi bu postdan” deyə düşünürdü ki, qəfil dünya gözündə qaraldı. Heç nə anlaya bilmədi o anda. Qulağında yalnız əsgər  yoldaşlarının “vurdular”  çığırtısı qaldı. Gözünü açanda özünü  hospitalda gördü. Düşmən snayperi sol gözünü  dağıtmışdı. Həkimlər onun sağ qaldığına inana bilmirdilər. Güzgüdə   özünə baxanda tanımamışdı. Bir gözü boş oyuqdan ibarət idi. Nədənsə o anda qeyri-ixtiyarı “Snayper də atam kimi   sol gözümü öpdü”  deyə pıçıldadı. Heç nə başa düşməyən tibb bacısı onu güzügünün önündən uzaqlaşdırmışdı. Qospitalda yatdığı günlərdə yanına gələn komandirinin dediyindən məlum oldu ki, o vurulan gün snayper başqa postlarda daha iki   əsgəri şəhid edib. İlk həftələr ağır idi hər şey. Yaşamaq istəmirdi. İki dəfə intihar etməyi belə  keçirdi ürəyindən. Bacarmadı. Palatanın qapısında dostlarını görəndə  bir anlıq   unutdu hər şeyi. Dostaları üzünə baxanda baxışlarını qaçırdırdılar. Hər şeyi başa düşürdü. Onu yarası deyil, içində öldürdüyü arzuları daha çox incidirdi. Həyat ona ikinci zərbəsini   vurmuşdu.  İndi hər şey başqa cür idi. Həyata yenidən başlamaq lazım idi. Amma necə? Hara  gedəcəyini, kimin yanına gedəcəyini bilmirdi.

                Onu hospitaldan dostları çıxardı. Tələbə vaxtı kirayə qaldığı evə döndü. Nə yaxşı dostları  vardı. Dostları da onun kimi “detdom” uşağı idi. Onları təkcə tələbəlik illəri deyil, həm də qırıq taleləri birləşdirmişdi.

                Tamam sağaldıqdan sonra sevdiyi qızla görüşə getdi. Kaş getməyəydi. Növbəti zərbəni  ermənidən deyil sevgilisindən aldı. Bu dəfə gözü deyil, ürəyi hədəfdə idi. Hər şeydən   xəbardar olan qızın kəlmələrindəki soyuqluğu hiss etdi. Gəldiyinə peşman oldu. Amma gec  idi. “İmtahana  hazırlaşıram, getməliyəm” deməsi ilə dünya gözünə taxdığı qara eynəksiz də  qara göründü. Tədricən bu ayrılığa da öyrəşdi, gözündəki qara eynəyə də. Ehhh, həyat, sən necə də amansızsan...

                İlk həftələr çətin oldu. Günlərlə özünə qapandı. Axı nə vaxta qədər dostlarına yük  olacaqdı?  Gedəcəyi bir yer, döyəcəyi qohum qapısı yox idi. Əlilliyə görə aldığı təqaüd ancaq   quru çörəyə çatardı. Yox,  işləməli idi. Canı bərkdir, fiziki cəhətdən qüvvətlidir. Ancaq harada? Hansı  işdə? Bu şəhərdə iki gözü sağ olanlar düz-əməlli iş tapa bilmir. Sənətini davam etdirə    bilməzdi. İndi hansı rejissora bir gözü   kor aktyor gərəkdir?  Heç  kimə. Sonralar dostları  zarafatla   deyərdilər ki, “Səni ancaq dəniz qulduru” obrazına çəkmək olar. İnciməzdi  qətiyyən. Axı dostları onun hər şeyi idi. Bütün varlığı idilər. Gör neçə ildir bir yerdədirlər.

                Şükür yaradana. Uşaq evində olarkən bağban İdris babadan öyrəndiyi pinəçilik dadına  çatdı. Elə illərdir kirayə yaşadığı binanın tinindəki  çoxdandır boş qalmış kiçik dükanda işə başladı. Dostları yenə də onun üçün hər bir hazırlığı gördülər. Bütün varlığı ilə bağlandı işinə. Çox vaxt günortalar da gəlməzdi evə. Kiçik radiosunda ədəbiyyata, incəsənətə aid   xəbərləri dinləməkdən yorulmazdı.   Az müddət içində xeyli müştəri topladı. İstər əl  qabiliyyətinə,  istərsə də müştərilərlə xoş rəftarına, işini səliqəli gördüyünə  görə hamı ona  hörmət edirdi. Tədricən həyat öz axarına düşdü. Qazancı da pis olmurdu. Artıq özünü   dostlarına  yük hesab etmirdi. Əlil kimi maşın veriləndə gizlicə ağlamışdı. Həmişə maşın arzusunda olmuşdu. İndi maşını vardı, amma gör bir nəyin bahasına qazanmışdı onu?!

                Təxminən üç il əvəl otaq yoldaşı Kamilin təklifinə heç kim yox demədi. Əslində, bu  hamının ürəyincə idi. Kamil qaldıqları evdə yaşca hamıdan böyük  idi. Hamını qayğısına  qalır, evin bütün problemlərini həll edərdi. Uşaqlar ona zarafatla “evin ağsaqqalı” deyərdilər.

                O da onlar kimi uşaq evində böyümüşdü. Heç kimi yox idi bu həyatda. Kamilin təklifi ilə bayramlarda  uşaq evlərində, qocalar və kimsəsizlər evində bayram tədbirlər təşkil etməyə  başladılar. Tezliklə onlara qoşulan gənclərin sayı artdı. İncəsənət üniversitetinin tələbələri və digər könüllü gənclər bu işə ürəklə qatıldılar. İlk dəfə Kamilin yeni il bayramında ona uşaq evinə Şaxta baba kimi getmək təklifinə əvvəlcə gözünə   görə yox dedi, uşaqları qorxutmaq istəmədi. Amma dostları razı saldılar onu. Birinci dəfə çox sıxılırdı. Ona elə gəlirdi ki,uşaqlardan hansısa ona  “eynəyini niyə çıxartmırsan?” deyəcək. Sonradan  bu sıxıntı  tamamilə keçdi. Hətta sonrakı illərdə hər ilin sonu yaxınlaşanda Şaxta Baba olmağa dostlarından daha çox o  tələsərdi. Uşaqlarla hər görüşdən ayrılanda  özünü  daha güclü   hiss edirdi. Uşaqların üzündəki sevinci, onların qəhqələrini görəndə elə xoşbəxt olurdu ki...

                Növbəti yeni il yaxınlaşanda Kamil qrupun fəaliyyətini genişləndirdi. O ili ilk dəfə olaraq  Kamilin təklifi  ilə yeni il gecəsi evlərə sifarişlə Şaxa Baba kimi getməyə başladı. Kamil bu  işi də düzüb qoşmağı bacardı. Əlaqələr genişləndikcə sifarişlər də çoxaldı. Bu il dəstəyə  daha bir neçə Şaxta Baba da qoşuldu. Əslində, onun üçün bu təkcə gəlir məsələsi deyil, sənət   məsələsi idi. Axı o, aktyor idi. Gözünü   itirməsəydi, indi, bəlkə də, tələbə yoldaşları kimi  kinoda, serialda çəkilirdi. Amma buna da şükürlər olsun. Hər dəfə çağrıldığı evdə balacaları  sevindirə biləndə özünü xoşbəxt hesab edirdi. Bir dəfə evdəki balaca bir qız onun boynuna   sarılaraq ağlamışdı əməlli- başlı. Onun getməsini istəməmişdi. Hələ də o balaca qızı unuda  bilmirdi.

                Atılan fişəngin səsinə diksindi. Göy üzü bir anda nura bələndi. Kimsə tələsmişdi, deyəsən.  On iki tamama xeyli vardı. Əlindəki siqaretin kötüyünü zibil qabına atıb getməyə tələsdi. Binaların arasında yer olmadığından xeyli aralıda saxlamışdı maşını. Yolunu qısaltmaq üçün sökülməkdə olan həyət evlərinin arasından getməyə qərar verdi. Əslində, bunlara  ev deməyə adamın dili də gəlmirdi. Yarıuçuq, soyuqdan bir-birinə qısılımış adamları xatırladırdı bu evlər. Bu küçənin  yarısı artıq   söküldüyündən  buralarda  yaşayış olduğuna adam inana bilmirdi. Çox  guman ki, tezliklə bunlardan da əsər-əlamət qalmayacaqdı. Papağını və saqqalını çıxardı. Bu günlük  lazım   olmayacaqdı. Eynəyini alnına qaldırdı. Belə, küçələrdə, adətən, yiyəsiz itlər dolaşırdı. Odur ki, gözünü  “iki” elədi. Qarşıdakı  kiçik daxmanın pəncərəsindən süzülən şam işığı ona qəribə  gəldi bu bayram axşamı. Ürəyində “ romantika” deyə düşünərək  gülümsədi. Əslində, daxmanın miskin görkəmi bu bayram əhval-ruhiyyəsinə heç düz gəlmirdi. Köhnə taxta qapı suvağı qopmuş divarlara tam yaraşırdı amma. İçəridən işiq süzülməsəydi, burda insan  yaşadığına inanmazdı. İçəridən gələn uşaq səsinə istər-istəməz qulaq kəsildi. Deyəsən, ağlayırdı. Azacıq aralı qapı və sınıq-salxaq pəncərə içəridəki səsi saxlaya bilmədiyindən səsi elə olduğu kimi “küçəyə ötürürdü”.

                – Bax oğlum, sən indi durub yeməyini yesən atan da tezliklə gələcək.

                – Yox. Yemirəm. Mən ancaq atamı istəyirəm. Bəs deyirdin bayramda gələcək?

                – Dedim axı gələcək. Bir az yolu uzaqdır. Az qalıb. Lap az.

                – Mən indi istəyirəm. İndi gəlsin..

                Bir neçə saniyəlik sakitlik yarandı.

                – İndi durub yeməyini yesən, səhər səninlə şəhərə çıxarıq. Bulvara da gedərik. Şaxta baba  bilsə ki, sən yeməyini yemisən səninlə şəkil çəkdirər, hədiyyə verər. Şaxta baba atanı tanıyır.

                Yenidən sakitlik yarandı. Deyəsən, uşaq ağlamağını kəsmişdi. Ola bilsin, Şaxta baba söhbəti  ağlına batmışdı.

                “Görəsən. bu bayram axşamı hardadır bu uşağın atası? Niyə bu evin işığı yoxdur, görəsən?  Qonşularda yanır axı?”  Beynində yaranan suallardan sıxıldı. Ayaqları getmirdi. Qapının  arxasında çox dayana bilməzdi. İlk dəfə idi  ki, əsl Şaxta baba olmanın zamanı gəlmişdi, deyəsən. Yadına uşaq evində keçirdiyi ilk yeni il bayramı düşdü bu dar macalda. O axşam   Şaxta babanın ona verdiyi kiçik tankı hələ də saxlayırdı. Snayper gözündən vuranda  belə,  o tank cibindəidi. Deyəsən, bu evdə nəsə yerində deyil. Ola bilsin, uşağın atası heç bu axşam  gəlmədi evə! Bəs onda bu balaca?  Qəfildən qərarını verdi. 

                Yüyürərək küçənin tininə çıxdı. Maşına doğru qaçdı. Tanıdığı ən yaxın marketlərin birinin qarşısında düşdü maşından. Marketdəkilər ona qəribə baxırdılar. O anda onun üçün Şaxta baba kimi bazarlıq etməyin ləzzəti başqa idi. Əlinə keçən şirniyyatı, oyuncaqları doldururdu arabaya. Hələ üstəlik kiçik yolka da almağı unutmadı. Marketdən çıxan kimi maşına sarı qaçdı. Tələsirdi. Elə bil o evdə ən əzizini qoymuşdu. Yadına yaxşı xatırlaya  bilmədiyi atası düşdü.  Atası heç vaxt ona hədiyyə almamışdı. Bəlkə də, almışdı, amma o xatırlaya bilmirdi. Kaş indi atası yanında olaydı. Heç vaxt belə arzulamamışdı atasını. Hətta  uşaq evində olanda bəzi uşaqların ataları arabir övladlarını görməyə gələndə belə indiki kimi arzulamamışdı. Marketdən çıxanda necə dolmuşdu, İlahı! Bir himə bənd idi...

                Bu dəfə maşını küçənin tinində saxladı. Yük yerində gündüzdən axşamkı bayrama elədiyi bazarlığı da götürdü. Hər iki əli dolu yaxınlaşdı bayaqkı qapıya. Qapının önündə  bığını-saqqalını, eynəyini düzəltdi. Bayaqdan  özünü necə təqdim edəcəyini heç  fikirləşməmişdi. Çətini elə burası idi. Axı onu dəvət edən olmamışdı.

                Qapını döydü. Ürəyi şiddətlə çırpınmağa başladı. Həyacandan əli əsirdi. Deyəsən,  eşitmədilər. İkinci dəfə döydükdə qapının arxasından “kimdir?” sualı eşidildi. Özünü   itirdi. Cavab verməyə macal tapmamış “atamdır” deyə qapını açan uşaq Şaxta babanı görəndə duruxdu. Bilmədi Şaxta baba olduğuna sevinsin, yoxsa atası olmadığına görə heyifsilənsin.

                – Sizə kim lazımdır? – Deyəsən, ev sahibi təəcübləmişdi əməlli-başlı. – Gecənin bu vədəsində  qapının önündə əlidolu Şaxta Babanı kim görsə, təcüblənərdi də. 

                – Mən Şaxta babayam.

                – Görürəm. Kimi axtarırsınız?

                – Əslində, heç kimi. Daha doğrusu, mən könüllü Şaxta babayam.

                – Axı biz Şaxta baba sifariş etməmişik. Bəlkə, səhv gəlmisiniz?

                – Dedim axı, mən könüllü Şaxta  babayam. Biz uşaqları  sevindirmək üçün evlərə gedirik. Mənə də bu ev düşüb, – öz yalanına özü də  inandı, az qala.

                – Bizim ünvanı sizə kimsə verib?

                – Yox, xanım. İcazə verin içəri keçim. Sonra başa salaram.

                – Buyurun. Heç nə başa düşmədim, amma.

                – Ana, qoy keçsin. Şaxta baba, mənə nə gətirmisən?

                – Hər şey. Əvvəlcə gəl tanış olaq.

                Balaca ilə dil tapmaq çox  çəkmədi. Uşağın sevinci, qəhqəhəsi bir anda otağı doldurdu. Birlikdə yolkanı qurdular. Oyuncaqlarını asdılar. Amma işıq olmadığından ulduzları yandıra  bilmədilər. Torbasından çıxartdığı oyuncaqları evin ortasındakı köhnə xalçanın üstünə  tökəndə uşağın gözləri kəlləsinə çıxdı.

Başını qaldıranda mətbəxin qapısına söykənmiş evin sahibəsini gördü. Gəlin gözləri   yaşarmış, əlini isə ağzına tumuşdu. Başı ilə uşağı göstərib “olmaz”  işarəsini verdi. Vəziyyətdən çıxmaq üçün içməyə su istədi. Gəlin su üçün arxadakı otağa keçəndə tez gətirdiyi  bazarlığı stolun üstünə boşaltdı. Əlində su ilə qayıdan  gəlinin etiraz dolu  baxışlarına sualla cavab verdi:

                – Niyə işığınız yoxdur? Qonşularda yanır axı.

                – Borca görə kəsiblər. İki gündür.

                – Başqa kimsə yaşamır bu evdə?  Elə ikinizsiniz təkcə?  –  Heç özü də bilmədi bu sualı niyə verdi?

                – Hə, ikimiz. Yeddi aydır ikimizik artıq. 

                – Bəs atası.

                – Apreldə şəhid olub. Tərtər tərəfdə. Zabit idi. Yeddi aydır hər gün aldadıram atan gələcək deyə. Şəhid olduğunu bilmir. Əvvəllər inanırdı. İndi hər gün soruşur. Bilmirəm nə deyim? – Qadın ağlamsındı.

                –  Nə vaxta qədər aldadacaqsan? Əksinə, şəhid olduğunu bilib bir ömür fəxr etsə yaxşıdır. Məni Allah saxladı. – Eynəyini çıxardaraq  gözünü  göstərdi.

                – Deyə bilmirəm. 

                – Başqa kimsəniz yoxdurmu bu şəhərdə? Niyə bayram günü ikilikdə qalmısınız bu işıqsız  evdə?  Nənəsi, babası yoxdumu bu uşağın?

                – Yoxdur. Heç kimimiz yoxdur. Nə bu şəhərdə, nə də başqa yerdə. Hər  ikimiz uşaq evində  böyümüşük. Ordan tanıyırdıq bir-birimizi. Yaxşı insan idi. Heyif ondan.

                Susdular. Təsadüfə bax, ilahi. Qaçmaqla deyil ki... Görəsən, bu şəhərdə nə qədər oxşar taleyi yaşayan insanlar var?

                Çay süfrəsi ətrafında uşaqla əməlli-başlı dostlaşdı. Söhbətləri alınırdı. Balacanın suallarına  o ki var güldü. Necə də şirin, istiqanlı uşaq idi. Ondan olsaydı, heç getməzdi bu evdən. Balaca  hələ də   Şaxta babanın qucağında   oturduğuna inanmırdı. Tez-tez altdan yuxarı ona baxır, əli  ilə xəlvətcə saqqalına toxunurdu.

                Getmək vaxtı çatanda balaca qollarını boynundan ayırmaq bilmədi.

                – Şaxta baba, getmə. Bu gecəni bizdə qal. Bax yeməyimizi yesək, anam bizi səhər gəzməyə aparacaq. Nooolar getmə. Atam gələndə səni onunla tanış edəcəm. O erməniləri öldürüb gələcək. Sən mənim atamı tanıyırsan, Şaxta baba?

                – Əlbəttə,  tanıyıram.  Sənin atan əsl qəhramandır.

                Uşağın üzündəki ifadəni görəndə öz  yalanından xoşu gəldi.

                –  İndi getməliyəm. Başqa uşaqlar mənim yolumu gözləyir. Axı onların da hədiyyəsi var. Səhər gələcəm. Mütləq gələcəm. Söz verirəm. Birlikdə gedərik  gəzməyə. Oldumu?

                – Oldu. Gözləyəcəm. Gəl ha..

                Qapıdan çıxanda gözü divardan asılmış leytinantın şəklinə sataşdı. Gözləri doldu. Nə  yaxşı eynək vardı. Balaca görmədi gözlərinin yaşardığını.

                Küçədə telefonuna baxdı. Səssizdə imiş. Dostları dəfələrlə zəng etmişdilər. Onlara  demədiyinə görə özünü qınadı. Düz etməmişdi. Gec idi artıq. Saat 3-ə   qalırdı. Artıq  evə getməyə həvəsi qalmamışdı. Yəqin, hamısı yatıblar, deyə düşündü. Maşına oturaraq bulvara  tərəf istiqamət aldı. İçində sözlə ifadə edilməyəcək bir xoşbəxtlik vardı. Heç vaxt belə olmamışdı. Heç vaxt Şaxta baba olmağın sevincini bu qədər yaşamamışdı. Yadına balaca dostu düşdü. Sabah  11-də görüşəcəkdilər. Kamilə mesaj yazaraq sabahkı tədbirə qatıla bilməyəcəyini bildirdi. İndi sabaha onun daha vacib tədbiri var idi. Səhərə çox qalırdı. Darıxdı balaca   üçün. Hava elə gözəl idi ki...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)